Məhkəmə qərarları › İş №2-1(103)-432/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-432/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-432/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib ooğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “VÖEN-in və qərarların ləğv olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4783/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi, vergi orqanının əməkdaşı barəsində tədbir görülməsi, vəkilə ödənilən xərcin cavabdehdən tutulması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********785000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Mülkiyyətində olan avtomobillərin satışına görə cavabdeh tərəfindən vergi uçotuna alınmış və xx.xx.2022-ci il tarixli qərarla gəlir vergisi hesablamışdır. Həmin qərardan verdiyi şikayət qismən təmin edilmişdir. Hesab edir ki, qərarın qüvvədə qalan digər hissəsi də ləğv edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “İddiaçının adına açılmış ********** №-li VÖEN-in ləğv edilməsi, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********919300 nömrəli qərarının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********692000 nömrəli qərarı ilə dəyişdirilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********785000 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 138414,0 manat dəyərində malların təqdim edilməsi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli **********772800 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2023-cü ildən qüvvədə olan Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 138414,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4783/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına açılmış vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********919300 nömrəli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********692000 nömrəli qərarı ilə dəyişdirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********785000 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4783/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılmalıdır. Belə ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsinin əsası kimi iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olması və həmin fəaliyyətin uçotda durmadan həyata keçirilməsini göstərir. Məhkəmə hesab edir ki, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.37-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçının fəaliyyətini avtomobil satışı barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirsə də, iddiaçının avtomobil satışı əsası ilə vergi uçotuna alınması vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın qəbul edilməsi şəxsin vergi uçotunda olması ilə birbaşa bağlı olduğundan iddiaçının sahibkar olub-olmaması, qərarın düzgün olubolmamasının müəyyənləşdirilməsi üçün onun barədə vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməlidir. İlk öncə qeyd edilməlidir ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün vergi ödəyicisinin özünün müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İş materiallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qanunvericilik normalarından göründüyü kimi qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, Vergi Məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1186/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da həmin mövqe bir daha təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilməlidir ki, şəxsin vergi uçotunda olması, onun sahibkarlıq fəaliyyəti həyata keçirməsini təsdiq etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir; - 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur; - 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 102.1 və 102.1.7-ci maddələrinə əsasən, fiziki şəxslərin qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəliri gəlir vergisindən azaddır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vergi uçotuna alınmış olsa da, reallıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4783/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4783/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar