Məhkəmə qərarları › İş №2-1(103)-432/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-432/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-432/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu dövrdə xx.xx.2020-ci ildə belə bir əmr qəbul edilmişdir. Yaxın günlərdə ona təyinat vərəqəsi verilmişdir. 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasına Lor həkim təyin edilmişdir. İşlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. İşinə vicdanla yanaşmışdır. Sərəncamda olduğu dövrdə belə bir əsassız əmr qəbul edilmişdir. Müdafiə Nazirliyinə müraciət etmişdir. Nəticəsi olmamışdır. xx.xx.2022-ci ildə qəbul edilmiş əmri istəmiş, lakin verməmişlər. Belə bir əmrin olmasını yaxın günlərdə təyinat vərəqəsini alarkən bilmişdir. Hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-1881/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarını qanunsuz hesab edir. Məhkəmənin qərar qəbul edərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 40.1-ci maddəsinə istinad etməsi əsassızdır. “Hərbi xidmət keçmə haqqında əsasnamə”nin 156-cı maddəsinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu dövrdə əmr qəbul edilmişdir. 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali Hərbi Məktəbin Poliklinikasında Lor həkim təyin edilmişdir. İşlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. Həmişə işinə vicdanla yanaşmışdır. O, həkimdir, vəzifəsi insanların sağlamlığının qayğısına qalmaqdır. Ona qarşı haqsızlıq edilmişdir. Əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və cəza çəkmişdir. Həm cavabdeh qurum tərəfindən, həm də məhkəmə tərəfindən Konstitusiyada təsbit edilmiş hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə iddianı rədd edərkən əsassız olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci, 40.3-cü, 41-ci maddələrinə istinad etmişdir. Bu normalara istinadən xidmətə uyğunsuz hesab edilməsi qanunsuzdur. Xidmətə uyğunsuz hesab edilməsi həm cavabdeh, həm də məhkəmə tərəfindən əsaslandırılmamışdır. Məhkəmə 03 oktyabr 1997-ci il tarixli “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 162-ci maddəsinə istinad edir. Yəni hansısa fərdi söhbət aparılmasını qeyd edir. Bu halın da hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Məhkəmə sadəcə onu qeyd edir ki, məhkum olduğuna görə hərbi xidməti davam etdirə bilməz. İddiaçının məhkum edilməyi onun xidmətə uyğunsuz olduğu mənasını ifadə etmir. Sərəncamda olduğu dövrdə işdən azad edilməyi barədə əmrin verilməsi də kobud qanun pozuntusudur. Məhkəmə qərarda göstərir ki, əmrdə xidməti uyğunsuzluğa dair sübutlar sadalanmasa da, bu sübutlar iş materiallarına əlavə edilmişdir. Yanlış fikirdir. Cavabdeh qurum tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 saylı, 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(103)- 393/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(098)-187/2018 nömrəli hökmü ilə xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü maddələri ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1 və 341.2.3 maddələri ilə təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə İddiaçı qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, İddiaçı 18 iyun 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün müddət nəzərə alınmaqla cəza çəkməsinin əvvəlinin 05 avqust 2017ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarından görünür ki, İddiaçı təqsirli bilindiyi AR CM-nin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 341.2.1 və 341.2.3 maddələrinə AR CM-nin 62ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı 18 iyun 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün bir günə bir gün hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) 2 (ay) 27 (iyirmi yeddi gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən verilən 12 may 2022-ci il tarixli təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin poliklinikasının lor həkimidir, 29 may 2020-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. G.X8 adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət etdiyi dövrdə özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır, xəstələrə təxirəsalınmaz tibbi yardım göstərməyə çalışır. Zabit heyətinin genişləndirilmiş tibbi müayinəsininin aparılmasında iştirak edir, ehtiyacı olanları dispanser-dinamik müşahidəyə götürür və onlara təyin olunmuş müalicə-profilaktika tədbirlərinin yerinə yetirilməsinə nəzarət edir. G.X4 Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)- 43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının 71 Az №li arayışına əsasən xx.xx.2019-cu il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilmişdir. Göstərilənlərə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı Silahlı Qüvvələrdə xidmət illəri təqvim ilə 15 il 09 ay 01 gün, güzəştlə 08 il 00 ay 05 gün, ümumi 23 il 09 ay 06 gün təşkil edir. Nəticə: Xidməti uyğunsuzluğa görə həqiqi hərbi ximətdən ehtiyata buraxılması barədə vəsatət qaldırıram. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmrindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Poliklinikasının həkimi-lor, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ehtiyatda olan tibb xidməti kapitanı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra xidmətə bərpa edilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1985-ci il təvəllüdlü İddiaçı şəxsi işinin xidmət dəftərçəsi, şəxsi heyət üzrə əmrdən çıxarışları və təqdimatlarının təsdiq olunmuş surətləri göndərilir. Qeyd olunan iş üzrə hərbi vəzifəli İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində saxlanılan şəxsi işində ona aid azadlıqdan məhrumetmə cəzasının çəkdikdən sonra hərbi xidmətə qəbul edilməsi, hərbi xidmət dövründə onun barəsində intizam tədbirinin görülübgörülməməsi barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən tibb xidməti kapitanı İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilmişdir. Tibb xidməti kapitanı İddiaçı 3 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək N nömrəli hərbi hissədə təşkil olunan Hərbi-təlim toplanışında iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa).

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.

163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır.

165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə uyğun olaraq müvafiq sorğular verilmiş, məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0420 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə Mərkəzi Hərbi Poliklinikada cərrahiyyə bölməsinin otorinolarinqoloji kabinetinin rəisi vəzifəsinə təyin edilmiş, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası müdafiə nazirinin İ müavininin xx.xx.2017-ci il tarixli 0391 nömrəli əmri ilə xx.xx.2017-ci ildən (həbsə alındığı tarixdən) tutduğu vəzifədən azad edilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin sərəncamına keçirilmişdir, xx.xx.2020-ci ildə isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndində (bərabər vəzifəyə) əsasən həqiqi hərbi xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin sərəncamına göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(098)-187/2018 nömrəli hökmü ilə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü maddələri ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1 və 341.2.3 maddələri ilə təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 18 iyun 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün müddət nəzərə alınmaqla cəza çəkməsinin əvvəlinin 05 avqust 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarına əsasən İddiaçı təqsirli bilindiyi AR CM-nin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 341.2.1 və 341.2.3 maddələrinə AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı 18 iyun 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün bir günə bir gün hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) 2 (ay) 27 (iyirmi yeddi gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə cəzasının bitməsi əsası ilə həbsdən azad edilmişdir. İddiaçı Əkbərov X3 nazirinin birinci müavininin xx.xx.2020-ci il tarixli 0235 nömrəli əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Poliklinikanın həkim-lor vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən verilən 12 may 2022ci il tarixli təqdimatdan görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının 71 Az №li arayışına əsasən xx.xx.2019-cu il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilmişdir, göstərilənlərə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Poliklinikasının həkimi-lor, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası müdafiə nazirinin İ müavininin xx.xx.2017-ci il tarixli 0391 nömrəli əmri ilə o, xx.xx.2017-ci ildən (həbsə alındığı tarixdən) tutduğu vəzifədən azad edilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin sərəncamına keçirilmişdir, xx.xx.2020-ci ildə isə (artıq cəzasını çəkib qurtardıqdan sonra) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndində (bərabər vəzifəyə) əsasən həqiqi hərbi xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin sərəncamına göndərilmişdir. İddiaçı xx.xx.2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Poliklinikanın həkim-lor vəzifəsinə təyin edilərkən onun məhkumluğu götürülməmişdir. İddiaçının barəsində verilmiş təqdimat da onun qeyd olunan qərarla azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və cəzası bitdiyi üçün həbsdən azad edilməsi ilə əsaslandırılmışdır. Belə ki, iddiaçı hər hansı bir bəraətverici əsas olmadan cəzasının bitməsi əsası ilə həbsdən azad edilmişdir. İddiaçının məhkumluğu məhz onun xidmət etdiyi həkim vəzifəsi ilə əlaqədar olmuşdur, daha sonra iddiaçı həmin vəzifədə xidmətini davam etdirsə də, onun məhkumluğu götürülməmiş olmuşdur. Belə olan halda iddiaçıya münasibətdə xidməti uyğunsuzluq halı mövcud olmuşdur və qeyd olunan əsasla iddiaçının hərbi xidmətini davam etdirməsi mümkün olmamışdır. Çünki xidməti uyğunsuzluq hərbi qulluqçunun hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu ehtiva edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə görə ehtiyata buraxılma üçün əsasdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar