Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4320/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmməd Məmmədov Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-8059/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək imtinanın əsassız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçıya torpağın mülkiyyətə verilməsinə dair JN-16187H nömrəli 00500066 kodlu Şəhadətnamə ilə verilmişdir. Həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində ümumi sahəsi 132 kv.metr fərdi yaşayış evini 2004-cü ildə inşa etdirmişdir. Həmin 0,12 ha torpaq sahəsi daş hasarla əhatə olunmuş, torpaq sahəsində müxtəlif meyvə və bəzək ağacları əkmiş, torpağa kultivasiya və aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə iddiaçı vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Bundan başqa, torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağın münbit qatını qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. İddiaçı qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla xahişini təmin etməkdən imtina etmiş, imtinasını, torpağın mülkiyyətə verilməsinə dair JN-16187H nömrəli 00500066 kodlu Şəhadətnamə barədə İdarənin arxivində hər hansı məlumatın aşkar edilməməsi ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********80 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan JN – 16187H (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-8059/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə onlar məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə aid Forma 1 saylı arayışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
11. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-13-0618-8/2024-**********80 nömrəli cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma 1) verilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış və müraciətə əlavə edilmiş JN-16187H (kod********) nöçrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barəsində İdarənin arxivində hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-8059/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
13. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
15. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçının iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olduğu halda, cavabdehə müraciəti həmin əmlak üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma 1) verilməsi ilə bağlı olmuş və müraciətin məzmununa uyğun cavablandırılmışdır. Həm imtina məktubunda, həm də etirazda iddiaçının ancaq ********** daxil olma nömrəli müraciətinə istinad edilmiş, cavabdehin nümayəndəsi iddiaçının bundan sonra hazırkı tələbi ilə bağlı heç bir müraciətinin olmadığını bildirmişdir. İddiaçı tərəf göstərilənlərin əksini təsbit edən hər hansı əlavə sübut təqdim etməmişdir. Hazırkı iddia tələbi öhdəliyin icrası növünə aid olduğundan əvvəlcə müvafiq tələb üzrə cavabdehə müraciət edilməsi şərtinə tabedir. Başqa sözlə, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bu mənada, indiki vəziyyətdə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi belə, işə mahiyyəti üzrə baxılması üçün əsas yaratmayacaq. Çünki, bu halda dəqiqləşdirilmiş tələb üzrə cavabdehə ilkin müraciət şərtinin ödənilməsi tələb olunacaqdır. Belə bir müraciətin mövcudluğu isə işin araşdırılan halları ilə müəyyən edilməmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur”.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
18. Məhkəmə kollegiyası İPM-nin 13-cü maddəsini nəzərə alaraq qeyd edir ki, həmin maddə məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsini müəyyənləşdirir. Məhkəmə proses iştirakçılarına formal çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərməlidir. Tərəflərin bu və ya digər hüquqi vasitələri seçdikləri halda, hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını məhkəmə onlara açıqlamalıdır. Bunun üçün ilk növbədə məhkəmə iddia tələblərinin düzgün yazılmasında, ərizələrin, vəsatətlərin düzgün tərtib edilməsində yardımçı olmalıdır. Məhkəmə bu vəzifəni tək bir tərəfə münasibətdə deyil, prosesin bütün iştirakçılarına münasibətdə həyata keçirməlidir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan İddiaçı verilmiş JN – 16187H (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə barədə İdarənin arxivində hər hansı məlumatın aşkar edilməməsi hüquqmüəyyənedici sənədin mövcud olmaması kimi qiymətləndirilə bilməz.
20. Belə ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-810/2024 saylı (üç ulduzlu) qərarında aşağıdakılar qeyd edilmişdir: “40. Qeyd edilən dəlilləri kollegiya aşağıdakılara əsasən əsassız hesab edir. Yuxarıda da göstərildiyi kimi həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. İddiaçının hərracda iştirak etməsi də, vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, qeyd edilən hərrac reyestr kitabında iddiaçının adına qeydiyyat olduğu halda aparılmışdır. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda, iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır.
41. Kollegiya hazırkı mübahisəyə münasibətdə həmçinin aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
42. Qeydiyyat orqanı maraqlı şəxsin adına müvafiq reyestr kitabında olan qeydiyyatın qanunsuz və ya əsassız aparıldığını sonradan aşkar etdikdə, prinsipcə, həmin qeydiyyatın ləğvi və ya onun düzəlişlər etmək hüququna malikdir. Lakin bu zaman inzibati orqan həm də, qanunvericilikdə nəzərdə tutulmuş tələbələrə və təminatlara riayət etməlidir. Həmin məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun normaları nəzərə alınmaqla həll edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar inzibati orqanların faktiki xarakterli hərəkətlərini təşkil edirlər. Odur ki, inzibati aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müddəalar müvafiq olaraq inzibati orqanların faktiki xarakterli hərəkətlərinə münasibətdə də eyni qaydada şamil olunmaqla tətbiq edilməlidir.
43. İnzibati orqan, reyestrdə aparılmış qeydiyyatı ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində aparılmış qeydiyyatın ləğvi əsaslarının və şərtlərinin, eləcə də ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qeydiyyatı ləğv edərək həmin qeydiyyatın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsləri icraata cəlb etməyə və onların dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qeydiyyat aparmağa borcludur. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və dəyişdirilməsi məsələsi qeydin əsasını təşkil edən hüquq müəyyənedici sənədlərin mübahisələndirilib-mübahisələndirilmədiyi də nəzərə alınmaqla “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada həll olunmalıdır. Qeydin ləğvi və ya dəyişdirilməsi ilə bağlı məsələyə baxarkən həm də “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrinin normaları da nəzərə alınmalıdır”.
21. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.
22. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh iddia tələbinə qarşı etirazında artıq iddia tələbinə münasibətini bildirmişdir. Odur ki, birinci instansiya məhkəməsi bütün formal xətaların aradan qaldırılmasına hüquqi yardım göstərməlidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-8059/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov