Məhkəmə qərarları › İş №2-1(103)-4325/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4325/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4325/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci dərəcə əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə cavabdeh tərəfindən təqdim edilən qərara izah verilməsi barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)-3838/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında təyinat tarixinin (xx.xx.2019 və ya xx.xx.2020) hansı tarixdən təyin olunması aydın olmadığından izah verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, qərara alınmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3838/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı 1-ci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il olması nəzərə alınsın. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, “iş materiallarından görünür ki, iddiaçı barəsində sonuncu, 3 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF saylı göndəriş əsasında xx.xx.2020-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Lakin üç instansiya məhkəmə tərəfindən həmin, 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi və müalicə olunmayan xəstəliklərə aid olması müəyyən edildiyindən iddiaçı barəsində birinci dərəcə əlillik təyinatı aparılması nəticəsinə gəlinmişdir. Başqa sözlə, hazırkı icraatda 3 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF saylı göndəriş üzrə cavabdeh inzibati orqanın hərəkətlərinə qiymət verilmişdir. Belə olan halda iddiaçı barəsində birinci dərəcə əlilliyin təyinatı da xx.xx.2020-ci il tarixdən aparılmalı olması nəzərə alınmalıdır”. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayətində bildirirlmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərardadı düzgün olmadığından ləğv edilməli və yeni qərardad qəbul edilərək 1-ci dərəcə əlilliyin təyinat tarixinin, xx.xx.2019-cu il tarixindən hesablanması barədə qərardad qəbul edilməlidir. Tərəflərin izahatı : Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini və tələbinə uyğun olaraq yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinini mövqeyi : Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il tarixdən əlilliyinin bərpa olunması və almadığı 7305 (yeddi min üç yüz beş) manat pensiyasının alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsini, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsi, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması şəklində qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş/v 64) İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, iddia təmin edilərək, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnziabti kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya şikayətində 1-ci dərəcə əlilliyin təyinat tarixinin, xx.xx.2019-cu il tarixindən hesablanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərarında iddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi ilə bağlı deyil, ona birinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı nəticəyə gəlmişdir və birinci instansiya iddiaçının sonuncu dəqiqləşməsində qeyd etdiyi tələbə uyğun olaraq qərar qəbul etmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi “1-ci dərəcə əlilliyin təyinat tarixinin, xx.xx.2019-cu il tarixindən hesablanması” tələbi isə onun birinci instansiya məhkəməsinə təqdim etdiyi dəqiqləşmə ərizəsində qeyd edilən tələbə uyğun deyil. Bir daha qeyd edilir ki, Bakı İnzibati Məhkəməsinə araşdırma davam edərkən iddiaçı ona 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuş və daha sonra həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin qərara izahla bağlı ərizəsinə gəldikdə isə, birinci instansiya məhkəməsi haqlı olaraq qərara izahda qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı barəsində sonuncu, 3 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF saylı göndəriş əsasında xx.xx.2020-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Lakin üç instansiya məhkəmə tərəfindən həmin, 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi və müalicə olunmayan xəstəliklərə aid olması müəyyən edildiyindən iddiaçı barəsində birinci dərəcə əlillik təyinatı aparılması nəticəsinə gəlinmişdir. Başqa sözlə, hazırkı icraatda 3 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF saylı göndəriş üzrə cavabdeh inzibati orqanın hərəkətlərinə qiymət verilmişdir. Belə olan halda iddiaçı barəsində birinci dərəcə əlilliyin təyinatı da xx.xx.2020-ci il tarixdən aparılmalı olması nəzərə alınmalıdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar