Məhkəmə qərarları › İş №2-1(103)-4325/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4325/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4325/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X1 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (X2, X3, X10 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla) pasport qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-7054/2024 saylı qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, ünvan 1 ünvanından X2, X3, X10 və X7 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ev onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər ona məxsus olan evdə qeydiyyatda olmasına baxmayaraq, həmin evdə yaşamırlar. Sonuncuların onun evində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər, onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, üçüncü şəxslərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, də, üçüncü şəxslərin onun evində qeydiyyatda qalması onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarımı məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-7054/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddiа tələbi təmin еdilmiş, üçüncü şəxslər – xx.xx.1940-cı il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.1997-ci il təvəllüdlü X10 və xx.xx.1968-ci il təvəllüdlü X7 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hazırda istifadələrində və sərncamlarındadır. İddiaçı hesab edir ki, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun hüquqlarının pozulmasına səbəb olur. Evə ünvan verilmişdir. Hazırda qeydiyyatdan çıxdıqları ünvanda yaşayırlar. İddiaçı olan İddiaçı tanımırlar və heç bir münasibətləri olmamışdır. Məhkəmə iclaslarından xəbərləri olmamış, müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, iddaçının iddia elədiyi ünvan yaşadıqları ünvanla eynilik təşkil edir və həmin ev ilə bağlı texniki pasportları vardır. Hal-hazırda da həmin ünvanda yaşayırlar və birgə təsərüfat aparırlar. Sadəcə olaraq evin çıxarışı olmasa da, əmlaka gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Evə aid su pulu, qaz pulu, işıq pulu, qəbzlərdə də ünvan həmin ünvan göstərilmişdir. Üçüncü şəxslərin bəziləri pensiya alır, hal-hazırda şəxsiyyət vəsiqələri deaktiv olduğundan pensiyaları dayandırılmışdır. Pensiyalarının dayandırılma səbəbini araşdırarkən məlum olmuşdur ki, tanımadıqları iddaçı İddiaçı əsassız şəkildə məhkəməyə müracət edərək onları qeydiyyatdan çıxarmışdır. Üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinə (ünvan 3) dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport mövcuddur ki, həmin sənəd bilavasitə onların iddia olunan əmlaka münasibətdə legitim gözləntilərinin olduğunu göstərir. Bu səbəbdən də, üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün əsas yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 izahatında məhkəməyə bildirdi ki, hazırda yaşadıqları evin ünvanını ünvan 2 kimi bilirdilər. Hansı ki, yaşadıqları evə dair onların texniki pasportu mövcuddur. Şəxsiyyət vəsiqələrində də qeydiyyat ünvanı kimi bu ünvan qeyd edildiyindən yaranmış vəziyyət müəyyən anlaşılmazlığa səbəb oldu. İndi məlum olduki onlar qonşunun evində qeydiyyatdadırlar. Hazırda iddiaçının evində onların qeydiyyatda qalmaqları ona müəyyən problemlər yaradır. Əlbəttə, üçüncü şəxslər də bunu istəmir. Sadəcə hazırda qeydiyyatsız olmaqları səbəbindən bilmədilər ki, necə etsinlər ona görə apellyasiya şikayəti veriblər. Məhkəmə iclasında iştirak edən X10 izahatında üçüncü şəxs X3 ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətində qeyd olunan Bak-Raboçi küçəsi, ev 8a saylı ünvanlı ev iddiaçının hazırkı mübahisə predmeti olan evi ilə eyni ünvan deyil, yəni fərqli evlərdir. Üçüncü şəxslər sadəcə olaraq evlərinin çıxarışı yoxdur deyə iddiaçının evində qeydiyyatdadırlar, amma onlar həmin evdə yaşamırlar. Onların hazırda yaşadığı evi tanıyır. Dağın üstündə iddiaçı yaşayır, ətəyi-dəmiryoluna tərəf isə üçüncü şəxslərin yaşadığı küçədir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında pasport qeydiyyatındadır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən № **********81-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixdə “Asan 1” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışından görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.1997-ci il təvəllüdlü X10 və xx.xx.1968-ci il təvəllüdlü X11 ünvan 5 ünvanında pasport qeydiyyatındadırlar. - Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-46/2-Q-3710 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” naqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X2, X3, X10, X11 ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-8523/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “.. .xx.xx.1940-cı il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdən, xx.xx.1997-ci il təvəllüdlü X10 xx.xx.2013-cü il tarixdən, xx.xx.1968-ci il təvəllüdlü X11 xx.xx.2003-cü il tarixdən hazıradək Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-46/2-15230 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “... X2 xx.xx.2005-ci il tarixdən, X3 xx.xx.2016-cı il tarixdən, X10 25.01,2013-cü il tarixdən, X11 xx.xx.2003-cü il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadırlar. Vətəndaşların qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün onları təqdim olunması imkanları xaricindədirlər”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********97 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “...Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, döngə 2, 25 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1996-cı il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-335 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir”. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 1 Saylı Bakı Ərazi İdarəsinə aşağıdakı məzmunda sorğu verilmiş: “ ... Yaranmış zərurətlə əlaqədar X4 adına verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportunda qeyd edilmiş Bak-Raboçi küçəsi, ev 2a saylı ünvanın yeni qaydalara uyğun olaraq hazırkı adının və eyni zamanda ünvan 9 ünvanın əvvəlki adının necə olmasına dair məlumatı sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Qeyd olunan sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktublardan müyyən edilir ki, “ ... Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1013 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonunda Məmmədyarov küçəsinin adı dəyişdirilərək İlham Hacıyev küçəsi, xx.xx.1998-ci il tarixli, 694 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonunda Bakı Fəhləsi (Bak-Raboçi) küçəsinin adı dəyişdirilərək Füzuli Orucov küçəsi adlandırılmışdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxslərin yaşayış yerindən qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilər və ya ünvanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına müvafiq olaraq qeyd oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxslər tərəfindən Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)- 7054/2024 saylı qərarından verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-7054/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar