Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-433/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil İddiaçı Mehdi oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4408/2021 saylı 09.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Mehdi oğlu cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.1987-ci ildə doğulmuş Baş leytenant X2 “Şəhid” adı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə X3 26.11.1987- ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində doğulmuşdur. Avqust 2006-cı il tarixdən Abşeron rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə getmişdir. 2 il Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, sonra Heydər Əliyev adına Ali hərbi məktəbi oxumuşdur. 29.07.2011-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə 5-ci tabor 14-cü bölükdə tağım komandiri vəzifəsində xidmət etmiş və hərbi rütbəsi baş leytenant olmuşdur. 11.01.2013cü il tarixindən 22.01.2013-cü il tarixədək “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və 04.02.2013-cü il tarixdən 10.02.2013-cü il tarixədək “diskogen mənşəli bel-sma radikuliti” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Təkrar xəstəliyi ilə əlaqədar olaraq 10.06.2013-cü il tarixdə “sol tərəfli Sakroileit” diaqnozu ilə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında stasionar müalicəyə qəbul edilmişdir. Vəziyyəti ağır olduğundan 15.07.2013-cü il tarixdə Türkiyə Respublikası Gülhanə Tibb Akademiyasına göndərilmiş, əməliyyat olunmuş, müalicəsi bitdikdən sonra 24.10.2014-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinikasında yerləşdirilmişdir. Hospitalı tərəfindən verilmiş “Xəstəlik haqqında şəhadətnaməyə görə xəstəliyi «Diskogen soltərəfli L5,sağtərəfli Sİradiokulopatiyası, natamam remissiya mərhələsində xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır.» X3 26 iyun 2015-ci il tarixdə ölmüşdür. Onun aldığı xəsarət hərbi xidmət dövründə aldığından şəhid adı və ailəsinə “şəhid ailəsi statusu” verilməli idi. Ona şəhid adı və ailəsinə “şəhid ailəsi statusu” verilməsi barədə cavabdehə müraciət olunsa da, sonuncu 1/A-l 1605 saylı, 01 sentyabr 2020-ci il tarixli məktubu ilə imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsaszız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etimiş və bunu onunla əsaslandırmışdır ki, mərhum Y.Abdullayevin xəstəliyi hərbi xidmət dövründə alınsa da, ölümü döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində təsbit edilən “şəhid” statusunun verilməsinə dair əsaslar mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4408/2021 saylı 09.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı tərəfindən apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, tələbin mübahisə edilməyən halı budur ki, mərhum Y.Abdullayev xəstəliyi hərbi xidmət dövründə almışdır. Bu iş materialları ilə, həm də yazılı etirazla təsdiq olunmuşdur. Xəstəliyi yarandığı dövrdə mərhum xidmət yerində düşmənlə birbaşa üz-üzə olan N saylı hərbi hissədə –yəni ön cəbhədə yerləşən hərbi hissədə olmaqla, döyüş tapşırığına əsasən vəzifəsi 24 saat ona təhkim edilən ərazidə gecə və gündüz tabeçiliyində olan tağımla döyüş növbətçiliyinin təmin edilməsi olmuşdur. Eyni zamanda, mərhumun xidmət etdiyi döyüş tapşırığını yerinə yetirdiyi hərbi hissəsinin N saylı hərbi hissənin həmin dövrdə düşmənlə bilavasitə təmas şəraitində dislokasiyası da mübahisəli deyildir. Cavabdehin məhkəmənin sorğusuna ünvanladığı 04.03.2021-ci il tarixli 11/1007 saylı sorğuya cavabında bildirmişdir ki, 1994-cü ilin may ayında atəşkəsə nail olunduqdan sonra dinc dövrdə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə düşmənlə üzbəüz səngərlərdə və döyüş postlarında döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirmiş sayılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 1.2.6-cı bəndinə əsasən, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi məlumat verilmiş və gəlmədiyi halda onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında iddianı rədd edərkən qeyd etmişdir ki, «…işin araşdırılan halları ilə iddiaçının mərhum oğlu X1 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması iş materialları ilə təsdiq olunmur. Belə ki, iş materiallarından da göründüyü kimi, mərhum baş leytenant X3 24 iyun 2011-ci il tarixdən N fevral 2014-cü il tarixədək hərbi hissədə xidmət keçmiş, N fevral 2014-cü il tarixdən istefaya buraxılmış və 26 iyun 2015-ci il tarixdə ölmüşdür…» İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi və onun iddia tələbinin rədd olunması barədə gəldiyi nəticə ilə razılaşmayaraq mübahisələndirir ki, mərhum Y.Abdullayevin xəstəliyi – atəşkəs dövründə, düşmənlə bilavasitə üzbəüz təmas şəraitində yerləşən N saylı hərbi hissədə xidməti zamanı döyüş tapşırığı vəzifəsinin yerinə yetiriləməsi ilə bağlı ona təhkim edilən ərazidə gecə və gündüz tabeçiliyindəki tağımla döyüş növbətçiliyinin təmin edilməsindən irəli gəlmiş, hətta cavabdehin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyi “hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmiş ki, bütun bunlar da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 1.2.6-cı bəndinin qeyd olunan tələbi baxımından mərhuma “şəhid adı, ailəsinə isə şəhid ailəsi” statusu verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qanunun qeyd olunan normasının mənasından göründüyü kimi, hərbi qulluqçu statusu - Silahlı Qüvvələrə çağırıldıqları və ya könüllü qaydada və yaxud bağlaşma üzrə də xidmətə və ya hərbi təhsil müəssisələrinə daxil olduqları gündən əldə edilir, başa çatdırıldığı gündən isə bu status itirilir. İddia ərizəsində şərh olunan hallardan göründüyü kimi, mərhum Y.Abdullayev 2006cı ilin avqust ayından tarixdən hərbi xidmətə çağrılmış, iki il Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, sonra isə Heydər Əliyev adına Ali hərbi məktəbi təhsil almış, 29.07.2011ci il tarixdən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində tağım komandiri kimi baş leytenant rütbəsində həqiqi hərbi xidmətdə olmuş, 11.01.2013 - 22.01.2013-də “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə hərbi hospitalda müalicə almış, 10.06.2013-cü il tarixdə təkrar stasionar müalicəyə qəbul edilmiş, hərbi-həkim komisiyasının 27 noyabr 2013-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”si ilə xəstəliyi “hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmiş,15.07.2013-cü il tarixində, vəziyyəti ağırlaşdığından, X5 Akademiyasına göndərilərək əməliyyat olunmuş, müalicəsi bitdikdən sonra 24.10.2014-cü il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmiş, 26 iyun 2015-ci il tarixində isə o, vəfat etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunun 27.1ci maddəsinə əsasən Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə — şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Qanunun qeyd olunan normasının müddalarından göründüyü kimi, hərbi qulluqçuların hərbi xidmət vəzifələrinin icrası başında sayıldığı hallar bir-birindən fərqləndirilir. O cümlədən, döyüş əməliyyatlarında iştirak edərkən, döyüş növbəsini apararkən, hərbi vəziyyət dövründə daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, döyüş növbəsini apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən və s. İddiaçının şikayətinin dəlillərindən göründüyü kimi, mərhum Y.Abdullayevin ölümünü hərbi vəzifəsini təmas xəttində yerləşən hərbi hissədə gecə və gündüz döyüş növbəsində olması ilə əlaqələndirilir. Lakin mərhumun xidmət dövrü üzrə hadisələrin yuxarıda qeyd olunan xronoloji ardıcıllığından aydın olur ki, 2006-cı ildə hərbi xidmətə çağırılaraq hərbi xidmətə başlamış, daha sonra hərbi təhsil müəssisələrində təhsil almış, 2011-ci ildə təmas xəttində yerləşən hərbi xidmətini zabit rütbəsini davam etdirmiş, 2013-cü ildə xəstələnərək hərbi hospitalda müalicə almış və hərbi-həkim komissyissı tərəfindən onun xəstəliyi “hərbi xidmət dövründə almışdır” kimi şəhadətləndirilmiş, daha sonra 2015-ci ildə xəstəliyi üzündən vəfat etmişdir. Başqa sözlə, qeyd olunanlardan göründüyü kimi, mərhum, məhz, xidmətdə olduğu təmas xəttində yerləşən hərbi hissədə döyüş növbəsində xidməti vəzifsinin icrası başında həlak olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”n 1.2.6-cı yarımbəndinə əsasən: - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin “Qaydaları”n 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qaydaların qeyd olunan müddəlarının mənasından göründüyü kimi, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçunun həlak olması, məhz, döyüş tapşırığının icrası zamanı və anında baş verməli və bu həlak olma hərbi hissənin arayışı ilə öz təsdiqini tapmalıdır ki, “şəhid” adı verilsin. Konkret halda isə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə müəyyən edilən belə həlak olma faktı baş verməmişdir. Göründüyü kimi, mərhum Y.Abdullayevə şəhid statusu və onun ailəsinə şəhid ailəsi satutusu verilməsini zəruri edən faktiki şərtlər mövcud deyil. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin olunmasından imtina olunması qanuni və əsaslıdır.Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddiaçıya şəhid statusu verilməli olduğunu və dolayısı ilə qərarın maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4408/2021 saylı 09.09..2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı Mehdi oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4408/2021 saylı 09.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-433/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-433/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver