Məhkəmə qərarları › İş №2-1(103)-433/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-433/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-433/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1006/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 23 iyul 2021-ci il tarixdən 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. Əlillik müddəti bitəndən sonra yenidən qiymətləndirmə zamanı dəfələrlə onu müayinə və müalicələrə yollayaraq incidiblər. İllər boyunca epikrizlərində yazılanlar əlillik meyarlarına uyğun olmasına baxmayaraq, onu yenidən müayinələrə yolladıqda müayinələrdən keçmiş, xx.xx.2022-ci il tarixdə xəstəxanaya qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə xəstəxanadan çıxdıqdan sonra 1923 saylı nömrəyə zəng etdikdə bilmişdir ki, 17 fevral 2022-ci il tarixdə ona əlavə müayinə və müalicə tövsiyə olunmuşdur. Onun nömrəsi səhv qeyd olunduğundan ona heç bir mesaj gəlməmişdir. Onlayn növbə götürərək 11 aprel 2022-ci il tarixdə cavabdehin ünvanına getsə də, onu gözlədərək yola salmışlar. Ertəsi gün nümayəndə yollayaraq 17 fevral tarixində olan cavabı almışdır. O, tövsiyə olunan əlavə müayinə və müalicəni almışdır və diaqnozu əlillik meyarlarına uyğundur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2016cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik ilə əlaqədar əlillik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => 10-15- Qan təzyiqnin yüksək olması ilə səciyyələnən xəstəliklər => 11- Ürəyin hipertenziv xəstəliyi- başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...;) Diaqnozun mətni: Hipertoniya İİ dərəcə, hipertonik krizlərlə. Beyin qan dövranı fəqərələrinin osteoxondrozu. Servikalgiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəncə çatışmazlığı səbəbi ilə beş il müddətinə əlilllik dərəcəsi verilmişdir. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD5S nömrəli göndərişdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160- 170) Hipertonik ensefalopiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı teztez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Bu göndəriş əsasında xx.xx.2021-ci il tarixdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1006/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyənləşdirilməsi üçün müayinə aparılmış və xx.xx.2016-ci il tarixdə ümumi xəstəlik; ürəyin hipertenziv xəstəliyi səbəbi ilə 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlərdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-170) Hipertonik ensefalopiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Həmin göndərişlər əsasında xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi müvafiq olaraq diaqnostik müayinələrin tam aparılmaması, əlavə müayinə və ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. İddiaçı yuxarıda qeyd edilən qərarları mübahisələndirməklə əlilliyinin bərpa olunması, yəni ona ikinci dərəcə əlillik təyin edilməsı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının hazırda mövcud olan xəstəlik və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin 2-1(112)-7909/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 332/2022 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qərara alınmışdır ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya İİ mərhələ, veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopatiya İİ mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstə vaxtaşırı müvafiq dərman preparatları qəbul etdiyindən xəstəlik kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq müvafiq ixtisas sahəsi üzrə (nevropatoloqa) müraciət edə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7909/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin 2-1(112)-7909/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 259/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qərara alınmışdır ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “Vİ sinif - sinir sisteminin xəstəlikləri => G40-G47-epizodik və paroksizmal pozğunluqlar => G46*-serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (160- 170)=>G46.8*, serebrovaskulyar. Diaqnozun mətni: serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya 2-ci mərh. veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopiya İİ-ci mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Tibbi sənədlərdə göstərilənlər həmin diaqnozun qoyulması üçün yetərlidir. Vətəndaş İddiaçınm hazırda əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. Belə ki, bu cür xəstələr sahə poliklinikasında nevroloqun daimi dispanser nəzarətində olmalıdırlar. Göründüyü kimi, sonuncu ekspert rəyi ilə iddiaçı barəsində verilmiş göndərişdə təsbit olunmuş diaqnozun düzgünlüyü öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya imtina verilən tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9). İstinad olunan normadan görünür ki, beynəlxalq statistik təsnifat kodu G46.8 olan xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas olmuş, 5 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş son iki göndərişdə - xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdə iddiaçının xəstəliyinin G46.8 təsnifat koduna uyğun gəldiyi müəyyən edilmiş, ekspert isə həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğunu təsdiq etmişdir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən hazırkı diaqnozunun ağırlaşmalarını təsdiq edən diaqnostik müayinələrin dəqiqləşdirilməsi, əlavə müayinəyə ehtiyacın olması barədə tibb müəssisəsinə göstəriş versə də, hansı diaqnostik müayinələrin, əlavə müalicənin zəruri olmasını qeyd etməmiş, bununla da imtinasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: - 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Göründüyü kimi, qanunverici göndərişdə qeyd olunmalı məlumatları müəyyən etsə də, bu məlumatlar ümumi xarakter daşımaqla, hər bir xəstəliyə münasibətdə konkretləşdirilməmişdir. Buna görə də şəxsə əlillik təyin etmək səlahiyyəti olan Agentlik əgər tərtib edilmiş göndərişi natmam qəbul edirsə, apardığı inzibati icraat çərçivəsində hansı məlumatların əskik olmasını dəqiq göstərməli, zəruri göstərişləri verməlidir ki, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırıla bilsin. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlərdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmiş, lakin sonuncu məhkəmə iclasınadək (xx.xx.2024-cü il tarixədək) inzibati orqan tərəfindən məhkəməyə məlumat təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla birinci instansiya məhkəməsinin iddiaçıya 23 iyul 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1006/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1006/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar