Məhkəmə qərarları › İş №2-1(103)-4336/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4336/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4336/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9149/2024 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 60 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmağı vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Hazırda Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. 1983-1985-ci İİ tarixlərində hərbi xidmətdə olmuşdur. xx.xx.1986-xx.xx.1986-cı il tarixə kimi Fizuli rayon 9 saylı Tikinti İdarəsində elektrik qanaqçısı, xx.xx.1986-xx.xx.2004-cü illərdə Fizuli rayon Dəmir Beton zavodunda elektrik qaynaqçı, xx.xx.2004-xx.xx.2006-ci illərdə "xxxx" MMC-də elektrik qaynaqçı vəzifələrində işləmişdir. xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Altay-A İKF” da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı işləmişdir. 1980-1983-cü il tarixlərdə Peşə Məktəbində təhsil almışdır. Bu vəzifələrdə işlədiyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-579/2016 saylı qərarı ilə də təsdiqlənmişdir. Həmin məhkəmənin qərarı hazırda qanuni qüvvəsini almış qərardır. Onun işlədiyi elektrik qaynaqçısı vəzifəsi Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapıb. Həmçinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, işlərdə işlədikdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə uyğun güzəştli şərtlərlə yaşa qörə əmək pensiyas ı hüquqlarına malik olurlar. Qadınlar da isə 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığortası ilə bağlı yuxanda qeyd etdiyimiz- hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Bildirilmişdir ki, onun güzəştli işlərdə işlədiyi illər məhkəmənin qanuni qüvvəsini almış və ləğv olunmamış qərarı ilə artıq sübuta yetmişdir. Həmin işlədiyi vəzifənin meyarları isə Nazirlər Kabinetinin qərarında güzəştli peşə kimi öz əksini tapmışdır. Qaldı ki, onun 25 il iş stajının olmamasını imtinada qeyd ediblər. Bu hissədə bildirilmişdir ki, onun 1986-cı il tarixdən 2016-cı il tarixə kimi iş stajı vardır və bu işlədiyi illərin də hamısında zərərli işlərdə işləmişdir. Belə ki, 30 il zərərli işlərdə olmuşdur. Həmçinin də 2 il hərbi xidmət, həmçinin də Fizuli rayon 162 saylı orta texniki Peşə məktəbin 01,09.1985-xx.xx.1986-cı illərdə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə tam kursu oxuyub bitirmişdir. Bu illər də onun stajına əlavə olunsa ümumilikdə onun 33 il iş stajı vardır. Bu cür düzgün olmayan imtinanın ona verilməsi onun hüquqlarının cavabdeh orqan tərəfindən pozulması deməkdir. Onun işlədiyi dövrlər hətta əmək kitabçasında da qeyd olunaraq öz əksini tapmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9149/2024 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Mərkəzi Filiala təqdim olunmalı sənədlərdən güzəştli arayışın olması zəruridir. Göründüyü kimi qanunvericilklə birbaşa olaraq şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin xüsusi formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İlkin olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.1964-cü il tarixində doğulmuş və xx.xx.2024-cü il tarixində 60 yaşı tamam olmuşdur. Belə ki, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciəti üzrə işə Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə baxılarkən, qanunvericiliklə tələb olunan güzəştli iş stajının müəyyən edilə bilməməsi, eləcə də, iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulan ümumi iş stajının tam həcmdə mövcud olmaması səbəbilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. Eyni zamanda, Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndi (a) nəzərdə tutulub. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin 7 fevral 2025-ci il tarixli 06 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Altay-AİKF” da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid deyil, eyni zamanda çalışdığı peşə qazma bəndində nəzərdə tutulmayıb. Bundan başqa, İddiaçı iddia ərizəsində istinad etdiyi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-579/2016 nömrəli qərarında “qaynaqçı” vəzifəsində fəaliyyət göstərməsi ilə əlaqədar olaraq nəzərə alınan staj məhkəmə tərəfindən ümumi sığorta stajı kimi qiymətləndirilsə də, güzəştli iş stajı hesab edilməsi ilə bağlı hər hansısa müddəa qeyd olmadığından iddiaçının buna istinad etməsi hər hansısa hüquqi əhəmiyyət kəsb etmir. Eləcə də, iddia tələbinə əsasən, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin təqdim etdiyi əmək kitabçasında müxtəlif müəəsisələrdə fəaliyyət göstərdiyi “elektrik qaynaqçısı” vəzifəsinin 1 nömrəli siyahıda öz əksini tapmaması səbəbilə iddiaçıya 01 nömrəli siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Mərkəzi Filiala təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az müddət (24 il 1 ay 16 gün (xx.xx.1980- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajının olub-olmamasını isə müəyyən etmək mümkün deyil. Bildirilmişdir ki, müəssisə tərəfindən təqdim edilmiş güzəştli arayışda hər hansı yanlışlıq mövcud olduqda, yeni və qanunvericiliyin tələblərinə uyğun güzəştli arayış təqdim edilə biləcəyi hala, məhkəmə yeni arayışın təqdim ediməsi ilə bağlı araşdırma aparmadan vəzifələri uyğunlaşdıraraq iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi bildirmişdir ki, tərəflərindən verilmiş apellyasiya şikayətində iddiaçının ümumi iş stajının mübahisələndirildiyi qeyd olunsa da, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, iddiaçının 60 yaşı tamam olan tarixə ümumi iş stajı 25 ildən artıqdır, yalnız iddiaçının güzəştli iş stajı mübahisələndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 25 il sığorta stajına malik olması; - 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunu ilə həmin maddə yeni redaksiyada verilərək pensiya kapitalı ilə bağlı tələb çıxarılmışdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən İddiaçı verilmiş Д seriyalı 402458 nömrəli diplomun surətindən görünür ki, o, 01 sentyabr 1980-ci il tarixdə geniş profilli traktorçu peşəsinə qəbul olmuş, 19 iyul 1983-cü il tarixdə isə traktorçu-maşınçı geniş profilli peşəsi üzrə orta texniki peşə məktəbini bitirərək ümumi orta təhsil almışdır. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 23 noyabr 1983cü il tarixdə hərbi hissəyə qəbul edilmiş, N noyabr 1985-ci il tarixdə isə tərxis olunmuşdur. Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən İddiaçı verilmiş 782381 nömrəli diplomun surətindən görünür ki, o, 01 sentyabr 1985-ci il tarixdə Füzuli rayon 162 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 14 iyul 1986-cı il tarixdə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Füzuli SU-9-da 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək X7 Zavodunun 6 nömrəli Trestində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “Altay-A” İKF (sonradan "xxxx" MMC) müəssisəsinin mexaniki təmir sexində qaynaqçı, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də qaynaqçı peşəsində çalışmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsiniin 2-1(85)- 579/2016 nömrəli xx.xx.2016-ci il tarixli qərarına əsasən iddia təmin edilmiş və İddiaçı 21 avqust 1986-cı ildən 28 oktyabr 1986-cı ilədək Fizulu 9 saylı Tikinti İdarəsində qaynaqçı, 01 dekabr 1986-cı ildən 12 may 2004-cü ilədək X8 zavodunda qaynaqçı, 01 dekabr 2004cü ildən 01 yanvar 2006-cı ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı işlədiyi dövrlərin ona sosial sığorta stajı sayılmaqla İİ qrup əlilliyə görə 02 fevral 2016-cı il taridən əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə qarşı “iddiaçının 21 avqust 1986-cı il tarixdən 28 oktyabr 1986-cı il tarixədək Fizuli 9 saylı Tikinti İdarəsində qaynaqçı, 1 dekabr 1986-cı il tarixdən 12 may 2004-cü il tarixədək X8 zavodunda qaynaqçı, 1 dekabr 2004-cü il tarixdən 1 yanvar 2006cı il tarixədək "xxxx" MMC-də qaynaqçı işlədiyi dövrlərin ona sosial sığorta stajı sayılmaqla İİ qrup əlilliyə görə 2 fevral 2016-cı il tarixdən əmək pensiyasının təyin edilməsi barədə inzibati akt qəbul edilməsinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2016-cı il tarixli, 2-1(85)-579/2016 saylı qərar qanuni qüvvəyə minmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi tərəfindən icra olunmuşdur. İddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan: - Azsement-LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 07/10 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay-A İKF-da mexaniki təmir sexində qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2006 cı il tarixindən "xxxx" MMC, xx.xx.1995-ci il tarixdə 23227 nömrəli deydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 6 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay-A İKF da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən “Azsement LTD MMC“, xx.xx.1995-ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir. xx.xx.2009 cu il tarixində ƏQM-nin 68 ci maddəsinin 2 ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunub Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007 ci il 23 yanvar tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.1-ci maddəsinin “a” yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş əmək funksiyaları ilə eynilik təşkil edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 6 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay- A İKF- da mexaniki təmir sexində 24% xüsusi zərərli əl ilə ağır elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən Altay-A İKF müəsissəsi adını dəyişərək Azsement LTD MMC adı ilə fəaliyyətinə davam etmişdir. Azsement LTD MMC xx.xx.1995-ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay.- A İKF bazasında yaradılıb və onun hüquqi varisdir. xx.xx.2009-cu il tarixində ƏQM-nin 68-ci maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən işdən azad olunub. İddiaçı Güzəştli şərtlərlə çalışdığı əl ilə ağır elektrik qaynaqçısı peşəsi üzrə 4 il 2 ay (dörd il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12№-li qərarı ilə təsdiq olunmuş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.1-ci maddəsinin "a" yarım bəndində əl ilə ağır elektrik qaynaqçısı siyahısında göstərilmiş əmək funksiyaları ilə eynilik təşkil edir. Qeyd: Azsement LTD MMC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün qaynaq işləri (elektrik qaynağı) əl üsulu ilə aparılıb. Cavabdeh inzibati orqan iddiaçının “Altay-AİKF” da işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı apellyasiya şikayətində qeyd edir ki, "xxxx" MMC-nin 7 fevral 2025-ci il tarixli 06 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Altay-AİKF” da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid deyil, eyni zamanda çalışdığı peşə qazma bəndində nəzərdə tutulmayıb. Bundan başqa, İddiaçı iddia ərizəsində istinad etdiyi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-579/2016 nömrəli qərarında “qaynaqçı” vəzifəsində fəaliyyət göstərməsi ilə əlaqədar olaraq nəzərə alınan staj məhkəmə tərəfindən ümumi sığorta stajı kimi qiymətləndirilsə də, güzəştli iş stajı hesab edilməsi ilə bağlı hər hansısa müddəa qeyd olmadığından iddiaçının buna istinad etməsi hər hansısa hüquqi əhəmiyyət kəsb etmir. Eləcə də, iddia tələbinə əsasən, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin təqdim etdiyi əmək kitabçasında müxtəlif müəəsisələrdə fəaliyyət göstərdiyi “elektrik qaynaqçısı” vəzifəsinin 1 nömrəli siyahıda öz əksini tapmaması səbəbilə iddiaçıya 01 nömrəli siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası işəgötürən tərəfindən verilmiş güzəştli arayışlara nəzər yetirərək istinad olunan peşə kodu ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə iddiaçının çalışdığı 2004-2009-cu illərə dair işəgötürən tərəfindən təfərrüatlı güzəştli arayışın məhkəməyə təqdim edilməsi üçün "xxxx" MMC-yə müvafiq sorğu ünvanlanması qərarına gəlmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 6 nömrəli 11 dekabr 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Altay- AİKF-da mexaniki təmir sexində 24% xüsusi zərərli əl ilə ağır elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən Altay-A İKF müəssisəsi adını dəyişərək Azsement LTD MMC adı ilə fəaliyyətinə davam etmişdir. Azsement LTD MMC xx.xx.1995ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir. xx.xx.2009-cu il (arayışda texniki səhv olaraq xx.xx.2009-cu il qeyd edilib) tarixində ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunub. İddiaçı güzəştli şərtlərlə çalışdığı əl ilə ağır elektrik qaynaqçısı peşəsi üzrə stajı 4 il 2 ay (dörd il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının “XXXİİİ.Ümumi peşələr” bölməsində "xxxx" (kod 23200000-19906) nəzərdə tutulmuş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının “35.Ümumi peşələr” bölməsində "xxxx" Qeyd: Azsement LTD MMC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün qaynaq işləri (elektrik qaynağı) əl üsulu ilə aparılıb. Beləliklə, işəgötürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi müəssisə və peşə barədə ətraflı izah verilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının iş yerindən verilmiş arayışa əsasən Altay-A İKF müəssisəsində (sonradan Azsement LTD MMC-də) işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının peşəsi qaynaqçı olmuş, əmək kitabçası açılan vaxtdan müxtəlif yerlərdə qaynaqçı kimi fəaliyyət göstərmişdir. İddiaçının qaynaqçı vəzifəsində işlədiyi mübahisələndirilən illərdə (1986-cıp ildən başlayaraq) müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Qeyd edilən dövrlərə münasibətdə güzəştli arayış şərtinə gəldikdə isə diqqətə çatdırılır ki, iddiaçının Azsement LTD MMC-dən əvvəl Fizuli 9 saylı Tikinti İdarəsində və X8 zavodunda işlədiyi qaynaqçı peşəsi ilə bağlı həmin müəssislərdən arayışın tələbi mümkünsüzdür. Sonradan da iddiaçı ümumi peşələr kateqoriyasına aid edilən eyni peşə üzrə fəaliyyət göstərmiş və sonuncu təqdim edilən güzəştli arayış həmin dövrlər üzrə fəaliyyətinə münasibətdə də oxşar müəssisədən verilən güzəştli arayış kimi qəbul edilməlidir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - Azsement LTD MMC-nin arayışı ilə təsdiqlənir. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2024-cü ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. İddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9149/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar