Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-434/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı “torpaq sahəsinin iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6941/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.metr torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6941/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin üzərinə torpaq sahəsinin iddiaçıya satılması və mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsini müəyyən etmiş qanuni qüvvədə olan məhkəmə qərarı vardır. Lakin Azərbaycan Respublikası X2 Komitəsinin xx xxxxxx 2016-cı il tarixli **********47 saylı bildirişi ilə iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinin dövlət reyestrindəki məlumatlara əsasən qiyməti ******* manat təşkil edir və həmin qiymətə alınması iddiaçıya təklif olunur, əks təqdirdə torpaq sahəsi hərracdan satılacaq. Cavabdeh tərəfindən uzun müddət ərzində qanuni qüvvədə olan məhkəmə qətnaməsi icra edilməmiş qaldığından iddiaçı tərəfindən müvafiq şikayətlə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin x xxx 2018-ci il tarixli qərarı ilə yerli məhkəmə qətnaməsinin 9 il 9 ay müddətində icra olunmaması ilə bağlı Konvensiyanınn 6.1-ci maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulması qərara alınmış və 3 ay müddətində ərizəçinin xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra olunması vəzifəsi Azərbaycan Hökümətinin üzərinə qoyulmuşdur. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə müraciət edilərək, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunaraq, ünvan 2 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m. torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********65 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, keçmiş X2 Komitəsinin xx xxxxxx 2016-cı il tarixli, **********47 nömrəli bildiriş məktubu ilə mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri ******* manat təşkil edən istifadəsində olan dövlətə məxsus 6099.8 kv.metr torpaq sahəsinin satın alınması ona təklif olunmuşdur. Bununla bağlı onun tərəfindən hər hansı münasibət bildirilməmiş və nəticədə adıçəkilən məhkəmə qərarının icrası mümkün olmamışdır. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən iddiaçı torpaq sahəsinin özəlləşdirilməsi üçün 143955 manat ödəməli olduğu halda cavabdeh tərəfindən qanunsuz olaraq ******* manat tələb edilir. Cavabdehin xx xxxxxxxx 2020-ci il tarixli məktubu iddiaçının hüquqlarını pozmaqla yanaşı həm də Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İddia ərizəsində qanuni qüvvədə olan məhkəmə qətnaməsinə istinad edilsə də, mübahisə predmeti bilavasitə məhkəmə qərarının icrası ilə bağlı deyil, iddiaçının özəlləşdirmə hüququ tanınmış torpaq sahəsinin qiymətinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən edilməsi ilə bağlıdır. Hazırkı işdə inzibati orqan kimi cavabdeh X2 Xidməti Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin 7-ci hissəsini tətbiq etməmiş, iddiaçıya verdiyi cavabla onun vəziyyətini ağırlaşdıran və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş hüquqi akta istinad etmişdir. İddia tələbi inzibati orqanın qəbul etməli olduğu, lakin qəbul etmədiyi inzibati aktın qəbul edilməsinə məcbur edilmə, yəni iddiaçının özəlləşdirməli olduğu torpaq sahəsinin yuxarıda istinad edilən normativ hüquqi aktlarla müəyyən edilən qiymətə satılmasına dair hüquqi nəticələr yaradan inzibati aktın qəbul edilməsinə məcburetmə ilə bağlıdır. Birinci instansiya məhkəməsi isə hazırkı iddia tələbinə məhkəmə qərarının icrası müstəvisində baxmışdır. Məhkəmənin daha bir absurd dəlili hazırkı işdə “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə istinad edilməsidir. Belə ki, həmin maddənin tətbiqi tənzimlənən qiymətlərin tətbiq olunduğu halların istisna olunması ilə şərtləndirilmişdir ki, hazırkı işdə də özəlləşdirilən torpaq sahələrinin qiymətinin müəyyən edilməsi qanunla tənzimlənir və hər hansı “qiymətləndirici”nin səlahiyyətinə aid deyil. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildrdi ki, eyni iddia tələbi deyil. Məhkəmə qətnaməsinin çıxarıldığı vaxt özəlləşdirmə üçün təklif olunan məbləği istəyirik. Avropa Məhkəməsi qərarında qeyd edir ki, pozuntunu aşkar etdiyi qərar pozuntuya son qoymaq və pozuntudan əvvəl mövcud olan vəziyyəti mümkün qədər qaytarmaq üçün onun nəticələrini bərpa etmək üzrə hüquq öhdəliyi dövlətin üzərinə qoyur. İnzibati orqan imtina verib. Qətnamənin icra edilməməsi ilə bağlı deyil, orqan deyir qiymət müəyyən etmişəm, mən icra etmişəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6941/2020 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət – bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İcra icraatının gedişində tələbkar icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasını Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrinə uyğun öz hüquqlarından istifadə etməklə mülki məhkəmə qaydasında tələb edə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia (şikayət) vermişdir. Belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi hazırkı iddianın mümkünlük şərtlərini araşdırarkən qərardadı mülki məhkəmə icraatı qaydasında baxılmış məhkəmə qətnaməsinin icrası ilə bağlı icra icraatı qaydasında edilməli olan şikayətlərlə əsaslandırmış, cavabdehin imtinasının məzmununu və iddiaçının nail olmağa çalışdığı məqsədi düzgün qiymətləndirməmiş, bu səbəbdən də iddia ərizəsini mümkünsüz hesab etməklə əsassız nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-1188/2003-cü il nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə ünvan 3 ünvanındakı avtobazanın yerləşdiyi 7504,36 kv.metr torpaq sahəsinin İddiaçı satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2007-ci il tarixli, 1MK-703/2007 saylı qərarına əsasən Xətai Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsi C.Hacıbəy küçəsi 30 saylı ünvanındakı avtobazanın yerləşdiyi sahənin ölçüləri hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikasının Dövlət X1 üzrə Dövlət Komitəsinin üzərinə ünvan 4 ünvandakı avtobazanın yerləşdiyi 6099,8 kv.metr torpaq sahəsinin İddiaçı satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2008-ci il tarixli, 2(102)1231/08 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət X1 Dövlət Komitəsinin və onun vəkili Hüseynova Esmira Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın İK-nin 703/2007 saylı, xx xxxxxx 2007-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən uzun müddət ərzində qanuni qüvvədə olan məhkəmə qətnaməsi icra edilməmiş qaldığından iddiaçı tərəfindən müvafiq şikayətlə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin x xxx 2018-ci il tarixli qərarı (ərizə № 34921/10) ilə yerli məhkəmə qətnaməsinin 9 il 9 ay müddətində icra olunmaması ilə bağlı Konvensiyanın 6.1-ci maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulması qərara alınmış və 3 ay müddətində ərizəçinin xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra olunması vəzifəsi Azərbaycan Hökumətinin üzərinə qoyulmuşdur. Qeyd edilməlidir ki, hazırkı mübahisə predmetini məhkəmə qərarının icrası vəziyyəti deyil, iddiaçının məhkəmə qərarına əsasən özəlləşdirmə hüququ tanınmış torpaq sahəsinin qiymətinin qanunvericiliklə müəyyən edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı hazırda onun istifadəsində olan torpaq sahəsinin qiymətləndirilməsini, qiymətləndirmənin icra sənədi verilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasını mübahisələndirir. İddiaçının müraciətini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti xx.xx.2020-ci il tarixli **********65 saylı məktubu ilə təmin etməkdən imtina edərək qeyd etmişdir ki, keçmiş X2 Komitəsinin xx xxxxxx 2016-cı il tarixli, **********7 nömrəli bildiriş məktubu ilə mülkiyyətinizdə olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri ******* manat təşkil edən istifadənizdə olan dövlətə məxsus 6099.8 kv. metr torpaq sahəsinin satın alınması sizə təklif olunmuşdur. Bununla bağlı tərəfinizdən hər hansı münasibət bildirilməmiş və nəticədə adıçəkilən məhkəmə qərarının icrası mümkün olmamışdır. Cavabdehin iddia ərizəsinə yazılı etirazından göründüyü kimi əsas dəlili iddiaçı ilə Komitə arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt icra sənədinin verildiyi zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Hazırda iddiaçı qeyd olunan torpaq sahəsini özəlləlləşdirmək hüququnun (satın alma hüququ) həyata keçirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmənin xx xxxx 2008-ci il tarixli qərarı olduğunu, odur ki, həmin tarixdən zaman etibarı ilə daha sonra müəyyən edilmiş qiymətin iddiaçıya tətbiqinin onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən ona tətbiq olunmamalı olduğunu, ona görə də cavabdehin imtinasının qanunsuz olduğunu bildirir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən-müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadədə olan torpaqlar nəzərdə tutulur. Əsasnamənin 6-cı bəndinə əsasən isə müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Həmin Əsasnamənin 13 bəndinə əsasən-X3 Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində obyektin mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafıq şəhadətnamə verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti” haqqında Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir. Sözügedən Əsasnamədə xx xxxxxxx 2016-cı il tarixdə dəyişiklik edilərək yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir. Buna görə, torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İş materiallarından da göründüyü kimi, cavabdeh hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icra edilməməsindən imtina etmir, onun imtinasının səbəbi iddiaçının istifadəsində olan torpaq sahəsinin satış qiyməti ilə bağlıdır. Bu hal isə məhkəmə qətnamələri ilə müəyyən edilmədiyindən iddiaçı tərəfindən ayrıca iddia kimi əsaslı olaraq inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6941/2020 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-434/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-434/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver