Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-434/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı 02 iyun 2022-ci tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün işçilərin hər birinə 0.08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qərara əlavə olunmuş adlı siyahının 20-ci sırasında iddiaçının adı qeyd edilmişdir. İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsini xahiş etmiş, bununla bağlı Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış, təsdiq edilərək ona göndərilmişdir. İddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında ona ayrılmış 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi əsası ilə ərzənin təmin edilməsindən imtina etmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatının aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X6 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun fəhlə və qulluqçularına 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarlara uyğun olaraq Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinə dair cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Daha sonra iddiaçı tərəfindən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair ərizə ilə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki sadalanan hüquqmüəyyənedici sənədlər iddiaçının ərizəsinə əlavə edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir, həmçinin ərazinin 40 m. yaxınlığından orta təzyiqli qaz xətti (219 mm.lik) keçir. Bundan əlavə, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq var. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı 2 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin sovxozdan kənarda yerləşdiyini qeyd etsə də, iddiaçının müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinə hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bundan sonra Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmiş, həmin cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları da qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluğun olması, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır. Qeyd olunan hallar iddiaçının təqsiri deyil, həmin məsələlər cavabdeh tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir. Ərazinin 40 m. yaxınlığından orta təzyiqli qaz xətti (219 mm.lik) keçir. Qeyd olunanlardan əlavə, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2023 nömrəli 3 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı 02 iyun 2022-ci tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1364/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2023 saylı 03 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən iddiaçının iddia müddətini ötürməməsi məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün işçilərin hər birinə 0,08 ha torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda İddiaçı adı 20-ci sırada qeyd edilmişdir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası mhkəməsinin mövqeyi fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinə hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bu səbəbdən də Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək vətəndaşa göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika İstehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq birliyi” Abşeron Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakı işçilərin hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır - İddiaçı. Həmin məktuba əlavə edilmiş cizgi və xəritədən çıxarışdan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmri ilə Binə qəsəbəsində İddiaçı ayrılmış sahənin cizgisi və xəritədən çıxarışı hazırlanaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdi ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991ci il tarixli, 108 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş İddiaçı adı 20 sıra sayı ilə qeyd edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının iddia etdiyi torpaq sahəsinin sovxozun ayrıc aktından kənarda yerləşdiyini qeyd etsə də, iddiaçının müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinə hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bundan sonra Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir, həmin cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları da qeyd olunmuşdur, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1364/2023 saylı 13 iyun 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin “torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi” ilə bağlı dəlilinin hərtərəfli araşdırılmalıdığını, bununla da İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulduğunu hesab edir. Belə ki, ilk növbədə, cavabdeh torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində olmaqla, Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşməsi ilə bağlı dəlil irəli sürsə də, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” iş materiallarına əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin cizgisinə və xəritədən çıxarışına istinadən qeyd etmişdir ki, cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmuş, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır. Mubahisə predmeti olan torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsinin yerli icra hakimiyyətinin səlahiyyətinə aid olub-olmaması məsələsinə apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Bundan əlavə, iş materiallarında sovxozun ayrıc aktı mövcud olmadığı halda, eyni zamanda torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşib-yerləşməməsi ilə bağlı mütəxəssis rəyi verilmədiyi halda, həmçinin Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktublarda da torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi məsələsinə toxunulmadığından (hərçənd ki, həmin məsələyə qiymət verilməsi də yerli icra hakimiyyətinin səlahiyyətinə aid deyildir), məhkəmənin gəldiyi qənaət aydın deyildir və hər hansı mötəbər sübuta əsaslanmır. Odur ki, təkrar apellyasiya baxışında mübahisənin düzgün həlli üçün sovxozun ayrıc aktı tələb edilməli (cavabdeh torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyinə istinad etdiyindən, ayrıc aktının mövcudluğu ehtimal olunur), iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının (yerində baxış keçirilməklə, mütəxəssis tərəfindən müəyyən edilməlidir) sovxozun ayrıc aktının hüdudları daxilində yerləşməsi məsələsinin həlli istiqamətində müvafiq mütəxəssis və ekspert rəyi alınmalı, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlər (Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı əmri) əsasında iddia tələbinin qanuniliyinə qiymət verilməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin adı çəkilən qərarında göstərilənlərlə bağlı bir sıra orqanlara sorğu məktubları göndərilmişdir. Həmin məktublara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş 3-213/2-2454/2024 nömrəli 14 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı subyektləri tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Məktubda qeyd olunan torpaq sahəsinə dair məlumat təqdim edilmədiyi üçün həmin torpaq sahəsi ilə bağlı dövlət əmlakının Registrində qeydiyyat aparılmamışdır. Məhkəmə sorğusu ilə cavabdeh qurumdan iddiaçıya Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmri ilə ayrılmış 0,08 ha torpaq sahəsinin yerində müayinəsi keçirilərək müayinə (baxış) aktının, o cümlədən həmin torpaq sahəsinin ayrıc aktının məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Həmin sorğuya cavab olaraq cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsas torpaq sahəsi Sovxozun ayrıcından kənarda yerləşir, həmçinin 800 kv.m. sahənin 137 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasındadır. Sorğuya cavab məktubuna daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı da əlavə olunmuşdur. Həmin müayinə aktında qeyd olunmuşdur ki, torpaq sahəsinin ölçüsü 800 kv.m. olmaqla, ümumi hasarlanmış sahənin bir hissəsidir, iki tərəfi mişar daş hasar iki tərəfi şərtidir, sahədə icazəsiz tikililər mövcud deyil, torpaq sahəsinin 2 m məsafəsindən 6 kv elektrik xətti keçir. Digər məhkəmə sorğusuna əsasən cavabdeh orqanın verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, keçmiş sovxoz ərazilərinə dair xəritə məlumatlarının kağız nüsxələri 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılmır (elektron baza xəritəsinə uyğun olaraq istinad edilməkdədir), məktuba daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və ortofoto görüntüsü əlavə olunmuşdur. Beləliklə, iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iddiaçıya torpağın ayrıldığı Donuzkökəltmə sovxozunun ərazisinin kağız daşıyıcıda ayrıc aktı mövcud olmadığından (dəfələrlə tələb olunsa da, mövcud olmadığı üçün məhkəməyə təqdim olunmamışdır, cavabdeh yalnız elektron kadast baza məlumatlarına istinad edir) iddiaçıya ayrılmış torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun ayrıc aktından kənarda yerləşməsi faktı cavabdeh qurum tərəfindən sübuta yetirilə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası müvafiq ekspertizanın keçirilməsinə də zərurət görmür. İddiaçının iddia etdiyi həyətyanı torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmri ilə verildiyi və həmin əmrin etibarlı olduğu nəzərə alındıqda, iddiaçının tələbinin birinci instansiyası məhkəməsi tərəfindən təmin olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə uyğun olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırki işdə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı yuxarıda qeyd olunduğu kimi, hüquqmüəyyənedici sənəd qismində Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmri çıxış edir və həmin əmr Sovxoz direktoru tərəfindən imzalanmışdır. Bu fakt iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydlərin reyestrdə aparılması üçün birmənalı əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Belə olan halda iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinin təmin olunmasından cavabdeh orqan imtina etməkdə haqlı sayıla bilməz. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında hüquqi mbvqeyi yuxarıda göstərilən qaydada əsaslandırılmışdır (2- 1(102)-799/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). Göründüyü kimi, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas verən lazımi hüquqmüəyyənedici sənədlər təqdim olunduğu üçün və həmin hüquqmüəyyənedici sənədlər əsasında hüququn qeydə alınmasından imtinanın əsasları sübuta yetirilmədiyindən tələb olunan inzibati aktın verilməsi üçün şərtlər tam ödənilmiş sayılır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyi üçün bu hal onun iddiasının təmin olunmasını mümkün edir. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, bu hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6845/2022 saylı 02 iyun 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı 02 iyun 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-434/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-434/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver