Məhkəmə qərarları › İş №2-1(103)-4348/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4348/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4348/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” bаrədə iddiа tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2- 1(112)-2910/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AT-İV seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1986-xx.xx.1987-ci illərdə F.E.Dzerjinski adına Volqoqrad traktor zavodunda Qaynaq-yığma sexində 2-ci dərəcə ilə yapışdırıcı işləmiş, xx.xx.1987-xx.xx.1987-ci illərdə Ərgren vilayətarası tədris kombinatında “Montajçı-qaçnaqçı” kurslarında təhsil almış, xx.xx.1987-xx.xx.1988-ci illərdə Özbəkşaxtostroy trestinin tikinti-montaj idarəsidə 2-ci dərəcə ilə elektrik qaynaqçısı xx.xx.1988-xx.xx.1988-ci illərdə “Anqren” sovxozunda 2-ci bölmədə çilingər vəzifəsində, xx.xx.1989-xx.xx.1990-cı illərdə 26 Bakı komissarları adına sovxozda fəhlə peşəsində, xx.xx.1990-xx.xx.1991-cı illərdə Bakı Taxıl Məhsulları Kombinatından dəmirçi (1-ci və 2-ci dərəcə ilə) peşəsində, xx.xx.1991-xx.xx.1998-ci ilədək “Azərneftyağ” İB-də dəmirçi (2 ci, 3-cü və 4-cü dərəcə) vəzifəsində, xx.xx.1998xx.xx.2015-ci illərdə “Azərneftyağ” X7 (“Azərneftyağ” X8 xx.xx.2015-ci il tarixindın Heydər Əliyev adına X10 qoşulmaqla fəaliyyətinə xitam verilməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixli təhvil aktına əsasən “Azərneftyağ” net emalı zavodu işəgötürənin öhdəlikləri Heydər Əliyev adına X8 direktoruna verilmişdir) sobaçı (3-cü 4-cü və 5-ci dərəcə) vəzifəsində, xx.xx.2015-xx.xx.2016-cı illərdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.2016-xx.xx.2021-ci illərdə 5-ci dərəcəli dülgər peşəsində, xx.xx.2021-xx.xx.2021-ci illərdə 5-ci dərəcəli betonçu-armaturçu peşəsində, xx.xx.2021-hal-hazırda 5-ci dərəcəli dülgər peşəsində işləyir. Heydər Əliyev adına X11 tərəfinfən verilmiş 14-2-7/2-338/2024 nömrəli 17 iyul 2024cü il tarixli “zərərli iş şəraiti haqqında arayış”dan görünür ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrdə çalışmışdır: 1. xx.xx.1998-xx.xx.2008-ci illərdə 9 N-li sexdə sobaçı – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 23200000-13162, XXXİİİ ümumi peşələr bölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının

35. Ümumi peşələr bölməsi. 2. xx.xx.2008-xx.xx.2014-cü illərdə 9 №-li sexdə tikinti sahəsi sobaçı) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi 3. xx.xx.2014-xx.xx.2015-ci illərdə 9 №-li sahədə, tikinti üzrə xidmət sahəsi sobaçı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi 4. xx.xx.2015xx.xx.2016-cı illərdə 13 №-li sahədə, texnoloji qurğuların təmiri və quraşdırılması sahəsinin 1-ci xidmət sahəsi, elektrik qaz qaynaqçısı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi Qeyd: Heydər Əliyev adına X7 mövcud ştat cədvəlində olan sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının XXXİİİ bölməsinin 23200000-13162 kodu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi ilə təsdiq olunmuş əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqları peşəsi ilə eynilik təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 15 avqust 2024-cü il tarixli 3-17-1/2-J-195432/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, "SOCAR” Heydər Əliyev adına X8 İddiaçı dair xx.xx.2024-cü il tarixli 14-2-7/2-388/2024 nömrəli arayışında xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 7 gün (xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İddiaçı 1986-cı ildən müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1998ci il tarixindən isə “SOCAR”ın Heydər Əliyev adına X7 müxtəlif peşələrdə çalışır. O, xx.xx.1998 – xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008 – xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014 – xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində, xx.xx.2015 – xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Belə ki, ümumilikdə iddiaçı fasiləsiz olaraq 18 il 1 ay 21 gün zərərli peşələrdə çalışmışdır. Halhazırda iddiaçı həmin zavodun təmir tikinti üzrə 18 nömrəli sahəsinin dülgəri peşəsində çalışır. “SOCAR”ın Heydər Əliyev adına X8 iddiaçıya təqdim etdiyi “Zərərli iş şəraiti haqqında arayış”da da iddiaçının yuxarıda qeyd edilən dövrlər ərzində zərərli peşələrdə çalışması əks olunmuşdur. Həmçinin arayışın qeyd hissəsində iddiaçının işlədiyi və Heydər Əliyev adına X8 ştat cədvəlində olan sobaçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının XXXİİİ bölməsinin, 23200000-13162 kodu və xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsində qeyd olunmuş əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi ilə eynilik təşkil etdiyi vurğulanmışdır. İddiaçı 25 iyul 2024-cü il tarixində sözügedən arayışı təqdim etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyinatı üçün müraciət etmişdir. Lakin cavabdeh “SOCAR”ın Heydər Əliyev adına X8 “Zərərli iş şəraiti haqqında arayış”ının qeyd hissəsinə münasibət bildirmədən iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə imtina vermiş və əsas kimi iddiaçının işlədiyi peşənin, yəni sobaçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun olmamasını göstərmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın imtina məktubunu iddiaçı xx.xx.2024-cü il tarixində rəsmi olaraq qəbul etmişdi. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İistinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 59 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. İddiaçı qanunla müəyyən edilmiş yaş həddini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Bundan əlavə, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ış müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyıb-işləmədiyı mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın ümumi peşələr bölməsində (35) əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə "SOCAR" Heydər Əliyev adına X8 iddiaçıya dair xx.xx.2024-cü il tarixli 14-2-7/2-388/2024 nömrəli arayışında 16.01 1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008xx.xx.2014-cu il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində işlədiyi qeyd olunmuşdur Göründüyü kimi, İddiaçı işlədiyi və sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya münasibətdə hesablanmış güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 7 gün (xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

Bakı İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-1(112)-2910/2025 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək, iddiaçı X2 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2- 1(112)-2910/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 59 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2024-cü il tarixdə əldə etmişdir. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə “SOCAR” Heydər Əliyev adına X8 iddiaçıya dair xx.xx.2024-cü il tarixli 14-2-7/2- 388/2024 nömrəli arayışında xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi və sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya münasibətdə hesablanmış güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 7 gün (xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Tərəflərin izahatları, prosessual məsələlər

Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-1(112)- 2910/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2- 1(112)-2910/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı": XXXİİİ. Ümumi peşələr 23200000—13162-əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda maşğul olan texnoloji sobaların ocaqçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı": Bölmə 35. Ümumi peşələr - qaz qaynaqçıları - əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları - əl ilə qaynaq aparan elektrik qaynaqçıları

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 60 yaşının tamam olması; - 25 il ümumi və 12 il 6 ay güzəştli stajının olması. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının 60 yaşına, yəni pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Cavabdeh apellyasiya şikayətində yalnız iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasını, yəni 9 ay 07 gün (xx.xx.2015-xx.xx.2016-ci il tarixləri arasındakı dövrlər) göstərir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2015-ci ilədək indiki Heydər Əliyev adına X7 sobaçı vəzifəsində işləmişdir ki, həmin müddət 17 il 04 ay 18 gün təşkil edir. Həmin müddətdə iddiaçının işlədiyi sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsində göstərilən “əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları” peşəsi ilə eynilik təşkil edir. Belə ki, Heydər Əliyev adına X11 tərəfindən verilmiş arayışdan görünür ki, Heydər Əliyev adına X7 mövcud ştat cədvəlində olan sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi ilə təsdiq olunmuş əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək elektrik qaz qaynaqçısı peşəsində çalışmışdır. Həmin müddətdə də iddiaçının işlədiyi peşəsi elektrik-qaz qaynaqçısı olmaqla Azərbaycan Respublikkası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz qaynaqçıları peşəyə aiddir. Cavabdeh inzibati orqan iddiaçının elektrik qaz qaynaqçısı işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul edir və bu hal mübahisələndirilməmişdir. Belə olan halda iddiaçının güzəştli stajı 18 il 01 ay 26 gün təşkil edir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... hazırkı iş üzrə “SOCAR” Heydər Əliyev adına X8 iddiaçıya dair xx.xx.2024-cü il tarixli 14- 2-7/2-388/2024 nömrəli arayışında xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi və sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya münasibətdə hesablanmış güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 7 gün (xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Yuxarda qeyd olunanlardan müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İddiaçının işlədiyi müəssisə Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli "zərərli iş şəraiti haqqında arayış"ın qeyd hissəsində bildirilmişdir ki, ştat cədvəlində olan "sobaçı" peşəsi Nazirlər Kabinetinin 320 nömrəli qərarının siyahılarında göstərilən "texnoloji sobaların ocaqçıları" peşəsi ilə eynilik təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının işlədiyi “sobaçı”, “sexdə tikinti sahəsi sobaçı”, “tikinti üzrə xidmət sahəsi sobaçı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın “XXXİİİ Ümumi peşələr” bölməsində nəzərdə tutulan “əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda maşğul olan texnoloji sobaların ocaqçıları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci bölməsində nəzərdə tutulan “əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları” vəzifələrinə uyğundur. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1998-xx.xx.2008-ci illərdə 9 N-li sexdə sobaçı, xx.xx.2008-xx.xx.2014-cü illərdə 9 №-li sexdə tikinti sahəsi sobaçı, xx.xx.2014xx.xx.2015-ci illərdə 9 №-li sahədə, tikinti üzrə xidmət sahəsi sobaçı vəzifəsində işlədiyi müddətlər də onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan iş stajına malik olduğundan onun 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli e-2-1(112)-2910/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar