Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-435/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-105/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-105/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya İ və ya İİ qrup ömürlük əlillik öhdəliyi ilə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1919/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli yazılı vəsatətləri nəzərə alınaraq iddia tələbinin “İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi və əlilliyin birinci göndərişdən, xx.xx.2019-cu il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı diffuz toksiki ur, ağır zəhərli zob diaqnozu ilə iddiaçı 2014-cü il may ayından əziyyət çəkirdi və 2014-cü ilin may ayından iyulun sonunadək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində birinci dəfə müalicə və müayinə olunmuşdur. Axırıncı dəfə 2017-ci ilin avqustundan 2018-ci ilin may ayınadək xəstəxanada müalicə almış və həmin dövrdə yəni fevral ayında cərahiyyə əməliyyatı ilə həyati vacib orqan (qalxanabənzər vəz) tamamilə götürülmüşdür və artıq diffuz toksiki ur qalxanabənzər vəz orqanının olmaması ilə əlaqədar həkimlər tərəfindən həmin orqanı əvəz edən ömürlük dərman preparatları təyin edilmişdir. İddiaçı müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh imtina etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyşdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyşdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkumdur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, 2014-cü ilin may ayında İddiaçı ürək döyünmə, təngnəfəslik yarandığı üçün Müalicə müəssisəsinə (MM) köçürülmüş və “diffuz toksiki ur” xəstəliyi ilk dəfə aşkar edilmişdir. O, həkimendokrinoloqda konsultasiya olunmuş, qalxanabənzər vəz instrumental müayinədən keçirilmiş və endokrinoloqun təyinatı ilə müalicə aparılmışdır. Sonrakı dövrdə İddiaçı səhhətinə Tibb-sanitar hissəsində (TSH) və 2015- 2017-ci illərdə MM-də olduğu 3 (üç) halda aparılan müayinələrlə nəzarət edilmiş, bir neçə dəfə endokrinoloqun konsultasiyası olmuş, təyinatlarına korreksiyalar edilmişdir. Qalxanabənzər vəzin funksiyası ilə bağlı narahatçılığı yenidən təzahür etdiyinə görə 2017-ci ilin avqust ayında İddiaçı MM-nə köçürülmüş, endokrinoloqun nəzarəti altında müalicə kursu həyata keçirilmiş, lakin qalxanabənzər vəzin funksiyasını tənzimləmək mümkün olmadığından 2017-ci ilin noyabr ayında Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin endokrinologiya şöbəsinin rəisi ilə konsultasiya edilmiş və o, İddiaçı müalicə kursu təyin etmişdir. Həmin ilin dekabr ayının ikinci on günlüyündə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı cərrahendokrinoloq İddiaçı bir daha konsultasiya edilərək müalicənin gedişini və nəticələrini qiymətləndirilmiş və konservativ müalicənin gözlənilən effekt vermədiyi səbəbindən cərrahi müdaxilə məqsədəuyğun saymışdır. Məhkum cərrahi əməliyyat öncəsi ümumi möhkəmləndirici müalicələrə cəlb edilmiş və xx.xx.2018-ci il tarixdə cərrahendokrinoloq tərəfindən “Total tireoidektomiya” (qalxanabənzər vəzin cərrahi əməliyyatla çıxarılması) əməliyyatı icra olunmuşdur. Cərrahi əməliyyat və ondan sonrakı dövr fəsadsız keçmiş, yaralar tam sağalmışdır. Sonrakı müddətlərdə İddiaçı səhhətinə həkim nəzarəti davam etdirilmiş, digər xroniki xəstəlikləri ilə bağlı verilmiş mülaicələrlə yanaşı endokrinoloqun təyinatı icra edilmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayının ortalarına qədər MM-də olduğu dövrdə İddiaçı əlilliyi ilə bağlı məsələ qaldırmış və səhhətinin hazırki durumu, müayinələrin nəticələri Tibbi Sosial Ekspertiza X4 (TSERAS) daxil edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası (TSEK) məsələyə baxaraq əlavə müalicəyə ehtiyacın olmasını əsas götürmüş, ətraflı ixtisaslı müalicə və müayinələrin aparılmasını tövsiyə etmiş, əlilliyin təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququnu pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində nəzərdə tutulmadığından, iddiaçıya 2-ci dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-105/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-435/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-435/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver