Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-435/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4396/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanları məhdud olan övladları Qəribova Səbinə Vahid qızına anadan olduğu müddətdən 18 yaşadək qulluq edilən müddətin sığorta stajı kimi tanınması, Vəlizadə (Qəribli) Leyla Vahid qızına İ qrup əlillik təyin edilən müddətdən pensiya yaşının tamam olan müddətə kimi 3 il 3 ay qəyyumluq stajının ona aid edilməsi və bunun sığorta stajı kimi tanınıb xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq imkanı məhdud olan xx.xx.1986-cı il təvəllüdlü, hazırda İİ dərəcə əlilliyə görə müavinət alan Qəribova Səbinə Vahid qızı və xx.xx.1993-cü il təvəllüdlü, hazırda İ dərəcə əlilliyə görə pensiya alan Vəlizadə (Qəribli) Leyla Vahid qızı adlı övladları vardır. 01 fevral 2021-ci ildə iddiaçının 57 yaşının tamam olduğunu nəzərə alaraq güzəştli şərtlər daxilində pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət edərək tələb olunan müvafiq sənədlərin surətlərini, o cümlədən Sabunçu 3 saylı TSEK-nin arayışlarını ərizə ilə birlikdə təqdim etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının övladlarına qulluq etdiyi müddət də daxil olmaqla sığorta stajının 10 il 2 ay, tələb olunan müddətdən (25 ildən) az olduğu, iddiaçının pensiya kapitalının isə cəmi 4149,20 manat, yəni tələb olunan 28.800,00 manat məbləğdən az olduğu əsas gətirilərək minimum 200 manat pensiya təminatına imkan verilmədiyi qeyd edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Belə ki, iddiaçının qızı Səbinə Qəribova uşaqlıqdan həkim qeydiyyatında olmuşdur. Ona uşaqlıqdan «debillik» əqli gerilik (oliqofreniya) diaqnozu qoyulmuşdur. Bu xəstəlik uşaqlarda anadangəlmə olur. İddiaçının qızı Səbinə Qəribova məktəb yaşı çatanda Bakı şəhəri 268 saylı orta məktəbdəki sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi komissiyanın təyinatına əsasən əvvəlcə S.Qəribovanı Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin köməkçi sinfinə, sonra isə Sabunçu rayonu 170 saylı orta məktəbin köməkçi sinfinə təyin etmişlər, 2-ci sinifdən sonra isə iddiaçının qızı evdə təhsil almışdır. 2001-ci ildə iddiaçının qızının 15 yaşı tamam olmuşdur və ona İİ qrup əlillik təyin edilmişdir. Həmin vaxta kimi isə iddiaçı hər ay müavinət almışdır. Əvvəlki illərdə iddiaçıya hər ay 30 manat, sonrakı illərdə isə 50-60 manat müavinət verilirdi. 18 yaşı tamam olanda isə Səbinəyə əlillik arayışını müddətsiz vermişlər. Arayışların hamısında əlilliyin səbəbi qrafasında uşaqlıqdan sözləri qeyd edilmişdir. İddiaçının kiçik qızı Leyla da eyni ilə uşaqlıqdan həkim qeydiyyatında olmuş, eyni diaqnozla müalicə edilmiş, 170 saylı məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş sinifdə bir neçə il təhsil almış və sonradan təhsili ev şəraitinə keçirilmişdir. İddiaçının kiçik qızı Leylanın 15 yaşına qədər hər ay iddiaçı dövlətdən müavinət almışdır. 2008-ci ildə 15 yaşı tamam olanda isə iddiaçının qızı Leylaya İİ qrup əlillik, xx.xx.2017-ci ildə isə İ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin vaxt rayon qeydiyyatında olduğundan iddiaçını qəyyum kimi qəbul etməmişlər. Qəyyum kimi iddiaçını deyil, onu – yəni iddiaçının həyat yoldaşını seçmişlər. O, həmin müddətdə və hazırda işləyir, xəstəyə iddiaçı özü qulluq etmişdir. Qeyd edilən tarixdən iddiaçının pensiyaya çıxmaq hüququ yaranan xx.xx.2021-ci tarixədək olan 3 il 3 aylıq müddət üzrə qəyyumluq stajı iddiaçıya aid edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2 və 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi olaraq cavabdehə müraciət edərək sağlamlıq imkanları məhdud övladlarına qulluq etdiyi müddətin sığorta stajı hesab edilməsi ilə bağlı aktın verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı eyni məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə nümayəndəliyinə müraciət etmişdir. İddiaçının həmin kənddə şəxsi evi vardır və iddiaçı 2021-ci il tarixədək həmin ünvanda pasport qeydiyyatında olmuşdur. İddiaçının qızı Səbinə məktəbə gedənə qədər, yəni 1994-cü ilədək iddiaçı kənddə yaşamışdır. Mirzəbəyli kəndi üzrə nümayəndəliyin arayışına əsasən iddiaçının sağlamlıq imkanı məhdud olan qızı Səbinə Qəribova iddiaçı tərəfindən 8 yaşınadək tərbiyə edilmişdir. 1994-cü ildə isə iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Psixoloji-Tibbi-Pedaqoji Komissiyasına müraciət etmişdir. Belə ki, iddiaçının qızını adi məktəbə qəbul etməmişlər, İddiaçıya qeyd edilən komissiyaya müraciət edib 27 saylı forma göndərişi almaq lazım olduğunu bildirmiş, göndərişi almaq üçün isə iddiaçıdan qızının xəstəliyini təsdiq edən müvafiq sənədlər, arayışlar tələb etmişlər. İddiaçı həmin sənədləri təqdim etdikdən sonra iddiaçıya Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən 53 saylı məktəbə göndəriş vermişlər. Lakin həmin məktəbdə iddiaçının qızı cəmi dörd ay təhsil almışdır. İddiaçı Sabunçu rayonuna köçdüyündən yenidən qeyd edilən komissiyaya müraciət etmişdir. Yenə də iddiaçıdan qızının xəstəliyini təsdiq edən sənədləri tələb etmişlər və iddiaçıya Sabunçu rayonunda fəaliyyət göstərən 170 saylı orta məktəbə göndəriş vermişlər. Cəmi bir il iddiaçının qızı məktəbə getmiş, sonra isə təhsilini Tibbi Komissiyanın rəyinə əsasən ev şəraitində almışdır. İddiaçının qızının 9-cu sinfi bitirmək barədə şəhadətnaməsi vardır. Beləliklə, Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə Nümayəndəliyinin arayışı ilə təsdiq olunarsa iddiaçının qızı Səbinə Qəribovaya etdiyi qulluq müddəti: anadan olduğu müddətdən 8 yaşadək olan müddət, 2 saylı Psixoloji Tibbi-Pedaqoji Komissiyasının 27 saylı rəyləri, Bakı şəhəri 170 saylı orta məktəbin İX (köməkçi) sinfini bitirməsi barədə şəhadətnamə və 2001-ci ildən Sabunçu rayonu 3 saylı TSEK-nin arayışları ilə təsdiq olunarsa 1994-cü ildən 2004-cü illərdə köməkçi məktəbdə təhsil aldığı müddət iddiaçının stajına aid edilməlidir. İddiaçının qızı Leyla (Qəribli) Vəlizadəyə xx.xx.2017-ci il tarixdə İ qrup əlillik təyin edilmiş, həmin dövrdə iddiaçı rayon qeydiyyatında olduğundan qəyyum kimi əri olaraq onu qeyd etmişlər. Lakin xəstəyə iddiaçı qulluq etmişdir, qəyyumluq stajı iddiaçıya aid edilməlidir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilə kimi 3 il 3 ay staj hesablanarsa və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək 5 il 3 ay stajının olduğu nəzərə alınarsa iddiaçının stajı 26 il 6 ay edir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı övladı sağlamlıq imkanları məhdud olan Qəribova Səbinə Vahid qızına 1986-cı il tarixdən və İ dərəcə əlilliyi olan X3 2017-ci il tarixdən qulluq etdiyini iddia edir. İddiaçı övladları Qəribova Səbinə Vahid qızına 18 yaşınadək (1986-2004) və X3 2017-ci il tarixdən 2021-ci il tarixədək qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunan, İ dərəcə əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrlər ümumilikdə 25 ildən az olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsindən də göründüyü kimi, qeyd olunan dövrlər yalnız şəxsin İ dərəcə əlilliyi olduqda və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olduqda sosial sığorta stajına daxil edilə bilər. Sabunçu Rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayışlar əsasında isə Qəribova Səbinə Vahid qızına İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, S.Qəribovaya münasibətdə qeyd olunan tələblərdən heçbiri ödənilmir. Belə olan halda iddiaçının 1986-cı il tarixdən 2004-cü il tarixədək (18 yaşadək) İİ dərəcə əlilliyi olan övladına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının İ dərəcə əlilliyi olan qızı X3 (xx.xx.2017-xx.xx.2021 – 3 il 3 ay 26 gün) və digər qızı 18 yaşınadək sağlamlıq imkanları məhdud olan Qəribova Səbinə Vahid qızına (18 il) qulluq dövrü sığorta stajına daxil edilməlidir. Beləliklə, əmək kitabçasında qeyd olunan əmək stajı (3 il 11 ay), İ dərəcə əlilliyi olan şəxsə (3 il 3 ay 26 gün) və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti də (18 il) daxil olmaqla, iddiaçı pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 ildən çox staja malikdir. İddiaçı 25 ildən çox sığorta stajına malik olduğundan və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağını tərbiyə etməsi müəyyən olunduğundan onun 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsində qeyd olunan dövrlər aşağıdakı halda sosial sığorta stajına daxil edilə bilər. 1) Şəxsin İ dərəcə əlilliyi olmalı 2) Və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olmalıdır. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər: 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. (Ali Məhkəmənin 2-1 (102)-195/2021 nömrəli qərarı) Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsindən də göründüyü kimi qeyd olunan dövrlər yalnız şəxsin İ dərəcə əlilliyi olduqda və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olduqda sosial sığorta stajına daxil edilə bilər. Sabunçu RayonTibbi-Sosial Ekspert Komissiyası (indiki adı Dövlət Tibbi-Sosial Reabilitasiya Agentliyi) tərəfindən verilən arayışlar əsasında X2 İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, hazırki işdə S.Qəribovaya münasibətdə qeyd olunan tələblərdən heç biri ödənilmir. Belə olan halda, İddiaçı 1986-cı il tarixdən 2004-cü il tarixədək ( 18 yaşadək) İİ dərəcə əlilliyi olan övladına (S.Qəribovaya) qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Lakin, birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 2- 1(103)-538/2023 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1655/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023cü il tarixli, 2- 1(103)-538/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, mübahisəsiz haldır ki, iddiaçının qızı Səbinə 15 yaşında sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, iddiaçı ən azından 15 yaşından 18 yaşınadək, yəni 3 il qızı Səbinəyə qulluq etmiş və bu 3 il iddiaçının sığorta stajına daxil edilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan bütövlükdə Səbinənin 18 yaşa qədər olan bütün 18 il dövrünü iddiaçının sığorta stajına daxil etmiş, bunun səbəbini qərarında əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iddiaçının qızının xəstəliyinin dəqiq hansı yaşdan yaranmasına dair hər hansı sübuta istinad etmədən səhv nəticəyə gəlmiş, Qəribova Səbinə Vahid qızının sağlamlıq imkanlarının məhdudluğunun hansı yaşdan yaranması ilə bağlı heç bir araşdırma aparmamış, onun qeydiyyatda olduğu xəstəxanaya, poliklinikaya sorğular verməmiş, cavabdehdən əlilliyin müəyyən olunmasına əsas olan tibbi sənədləri tələb etməmişdir. Apellyasiya məhkəməsi tərəfindən “uşaqlıqdan” dedikdə, Qəribova Səbinə Vahid qızının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun nə zaman yaranması istiqamətində heç bir araşdırma aparılmamışdır. Belə ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasını təyin edilməsi üçün onun qızının sağlamlıq imkanlarının məhdudluğunun nə zaman yaranmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; -6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. -67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. -67-ci maddəsinin 3-cü hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: -3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. -4.1.5-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun: -2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. -38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kresloarabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. Apellyasiya şikayətinin dəlilinə münasibət: Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1985-ci ildə Azərbaycan SSR Qutqaşen MİB.V.İ. Lenin adına Meyvə Sovxozu 2 nömrəli briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Klaypeda tara zavodu “Proqress” 28 nömrəli uşaq bağçasına yardımçı işçi kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə öz istəyi ilə işdən azad olunmuş (8 yaşına çatana qədər uşağa qulluq səbəbilə), xx.xx.1988-ci ildə “Zapremrıbflot GTB. Qərb gəmi təmiri zavodu. Lit. SSR, Klaypeda ş. 35 nömrəli uşaq bağçası-körpələr evinə sanitardayə işinə qəbul olunmuş (əsas işçinin dekret məzuniyyəti müddətinə), xx.xx.1989-cu ildə 35 nömrəli uşaq bağçasıkörpələr evinə daimi əsaslı tərbiyəçi köməkçisi keçirilmiş, xx.xx.1990-cı ildə öz istəyi ilə işdən azad olunmuşdur (digər şəhərə köçmə səbəbilə). İddiaçının övladları - Qəribova Səbinə Vahid qızı xx.xx.1986-cı il tarixdə, X5 xx.xx.1993-cü il tarixdə doğulmuşlar. xx.xx.2004-cü ildə verilmiş 000895 nömrəli ümumi orta təhsil haqqında şəhadətnaməyə əsasən 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızı 2004-cü ildə Bakı şəhəri 170 saylı tam orta məktəbinin İX (köməkçi) sinfini bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qəribova Səbinə Vahid qızına xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Qəribova Səbinə Vahid qızına məxsus 002271 saylı vəsiqənin surətindən görünür ki, Qəribova Səbinə Vahid qızı uşaqlıqdan ikinci qrup əlildir. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 225317 saylı X7 məxsus vəsiqənin surətindən görünür ki, X6 18 yaşadək xəstə uşaq, əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 382398 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2002-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 514571 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2004-cü ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 572698 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2005-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 857480 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2006-cı ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-01 seriyalı, 068091 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızına əlilliyin səbəbi uşaqlıqdan olmaqla müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7-ci, 8.2-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən övladlarına qulluq illəri də daxil olmaqla ümumi sığorta stajı 10 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 4 il 11 ay sığorta stajına əsasən 3.746,84 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 402,36 manat olmaqla, ümumilikdə 4.149,20 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Sabunçu rayon filialına müraciət etməsi tövsiyə olunmuşdur. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 8.2-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 5 il 3 ay 27 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək (3 il 11 ay 27 gün) sığorta stajına uyğun 2.287,93 manat, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 402,36 manat olmaqla, ümumilikdə 2.690,29 manat təşkil edir ki, bu məbləğ əmək pensiyası hüququnuz yaranan tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Sözügedən akt 2 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, sağlamlıq imkanları məhdud olan övladları Qəribova Səbinə Vahid qızına anadan olduğu müddətdən 18 yaşadək qulluq edilən müddətin- 18 ilin sığorta stajı kimi tanınması, Vəlizadə (Qəribli) Leyla Vahid qızına İ qrup əlillik təyin edilən müddətdən pensiya yaşının tamam olan müddətə kimi 3 il 3 ay qəyyumluq stajının ona aid edilməsi və bunun sığorta stajı kimi tanınıb xx.xx.2021ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının qızı xx.xx.1993-cü il təvəllüdlü X3 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışlarından görünür ki, iddiaçının digər qızı xx.xx.1986-cı il təvəllüdlü Qəribova Səbinə Vahid qızının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əlilliyin səbəbi uşaqlıqdan olmaqla ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qəribova Səbinə Vahid qızına xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Hər iki uşaq analarının (iddiaçının) himayəsində olmuş və iddiaçı hər iki uşağa qulluq etmişdir (İ dərəcə əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti). Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla AR Səhiyyə Nazirliyi 21 nömrəli Şəhər Poliklinikasına, 12 nömrəli Şəhər Poliklinikasına, X15 Dispanserinə, Psixi Sağlamlıq Mərkəzinə, X1, Qəbələ Mərkəzi Rayon Xəstəxanasına, 11 nömrəli Şəhər Poliklinikasına sorğular ünvanlanaraq xx.xx.1986-cı ildə anadan olan Qəribova Səbinə Vahid qızının əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu barədə məlumatların olub-olmaması barədə, məlumat olduğu təqdirdə həmin məlumatların (sənədlərin) və tibb tarixçəsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin müvafiq məlumatlat təqdim edilə bilinməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması və İddiaçı xx.xx.1986-cı il təvəllüdlü qızı Qəribova Səbinə Vahid qızında olan əlilliyin səbəbinin anadan gəlmə olubolmamasının, uşaqlıqdan hansı yaş həddində yaranmasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 həkim ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 1653 nömrəli rəyində ekspert aşağıdakı nəticələrə gəlmişdir: 1-ci sual üzrə cavab: Mülki işdə təqdim olunmuş tibbi sənədlərə əsasən Qəribova Səbinə Vahid qızına xx.xx.2006-cı il tarixli müayinə zamanı “Kəskin debillik dərəcəsində oliqofreniya” diaqnozu ilə xx.xx.2022-ci il tarixli müayinə zamanı nevroloji diaqnozlarla yanaşı “Orta dərəcəli əqli gerilik davranış pozğunluğu” diaqnozları ilə əlillik təyin edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı müayinə zamanı Qəribova Səbinə Vahid qızında “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” aşkar olunub. Hər iki diaqnoz - “kəskin debilllik dərəcəsində oliqofreniya” və “orta dərəcəli əqli gerilik” anadangəlmə əqli geriliyi (kəmağıllığı) göstərir. Anadangəlmə əqli gerilik, yaxud oliqofreniya psixi inkişaf prosesinin ləngiməsi ilə xarakterizə olunur və əqli inkişafın natamam olması ilə özünü büruzə verir. 2-ci sual üzrə cavab: Qəribova Səbinə Vahid qızında müəyyən edilmiş anadangəlmə əqli gerilik, yaxud oliqofreniya psixi inkişafın ləngiməsi olaraq körpəlik vaxtından (həyatının ilk aylarından) özünü büruzə verməyə başlayır. Beləliklə, apellyasiya instansiya məhkəməsində icraat zamanı İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasını təyin edilməsi üçün onun qızı Qəribova Səbinə Vahid qızının sağlamlıq imkanlarının məhdudluğunun nə zaman yaranmasının müəyyən edilməsi istiqamətində araşdırma aparılmış və ekspert rəyi ilə Qəribova Səbinə Vahid qızında aşkar olunmuş “kəskin debilllik dərəcəsində oliqofreniya” və “orta dərəcəli əqli gerilik”-in anadangəlmə əqli geriliyi (kəmağıllığı) göstərməsi və anadangəlmə əqli gerilik, yaxud oliqofreniyanın psixi inkişafın ləngiməsi olaraq körpəlik vaxtından (həyatının ilk aylarından) özünü büruzə verməyə başlaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır. Cavabdeh tərəfindən də həmin rəydə qeyd olunanların əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bir daha diqqətə çatdırır ki, hamıya bəlli olan haldır ki, əqli gerilik məhz uşaq anadan olan kimi deyil, bir müddət gecdikdən sonra uşaq inkişaf etməyə başladıqda özünü biruzə verən bir xəstəlikdir. Məhz hazırki işdəki materiallardan da görünür ki, Q.Səbinə artıq məktəb yaşına çatanda onda olan əqli geriliyə görə xüsusi təhsil almağa başlamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının İ dərəcə əlilliyi olan qızı X3 (xx.xx.2017-xx.xx.2021 – 3 il 3 ay 26 gün) və digər qızı 18 yaşınadək sağlamlıq imkanları məhdud olan Qəribova Səbinə Vahid qızına (18 il) qulluq dövrü sığorta stajına daxil edilməklə, onun pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 ildən çox staja malikdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, cavabdeh etiraz-şikayətlərində Q.Səbinənin 18 yaşından sonra 2-ci dərəcə əlil olmasını, qanunvericilikdə isə 1-ci dərəcə əlilə qulluqla bağlı güzəştin mövcud olmasını qeyd etsə də, Q.Səbinəyə münasibətdə məhz onun 18 yaşınadək sağlamlıq imkanının məhdudluğu nəzərə alınmalıdır. Həmçinin, Q.Səbinənin məhz 15 yaşdan 18 yaşınadək sağlamlıq imkanının məhdudluğu isə mübahisəsiz haldır. Apellyasiya icraatı zamanı da araşdırmalar onu göstərir ki, Q.Səbinənin həmçinin 15 yaşınadək sağlamlıq imkanının məhdud olması həm təhsillə bağlı sənədlərlə, həm də ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 25 ildən çox sığorta stajına malik olduğundan və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağını tərbiyə etməsi müəyyən olunduğundan onun 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4396/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-435/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-435/2024
01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver