Məhkəmə qərarları › İş №2-1(103)-4350/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4350/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4350/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 4944/2024 saylı qərarın ləğv edilməsi, iddiaçıya 50 yaşından xx.xx.2008-ci il tarixində təyin edilən pensiya məbləğinin ödənişlərinin bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən yaranmış pensiya məbləğinin ödənişində fərq hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11821/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən qəbul edilən pensiya ödənişlərin azaldılmasına və tutulmasına səbəb olan qərarların ləğv edilməsi, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008ci il tarixində təyin olanan pensiya məbləği ödənişlərinin bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən yaranmış pensiya məbləği ödənişində fərqin hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 4944/2024 nömrəli qərarın ləğv edilməsi, iddiaçıya 50 yaşından, xx.xx.2008-ci il tarixində təyin edilən pensiya məbləğinin ödənişlərinin bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən yaranmış pensiya məbləğinin ödənişində fərq hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə 50 yaşı tamamında güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin olunan pensiya üzrə ödənişləri 2024-cü ilin aprel ayına qədər almışdır. Cavabdeh iddiaçıya heç bir məlumat vermədən 2024-cü ilin aprel ayında pensiya ödənişlərin məbləğini kəskin şəkildə azaltmışdır. İddiaçı pensiya azaldılması ilə bağlı cavabdeh orqana yazılı şəkildə xx.xx.2025-ci il tarixində müraciət edərək pensiya ödənişlərin azaldılmasına və tutulmasına səbəb olan qərarları ləğv edilməsini, 50 yaşından təyin olunan pensiya məbləğinin ödənişlərin bərpa edilməsini və xx.xx.2024-cü il tarixindən yaranmış pensiya məbləğin ödənişində fərqi hesablanaraq ödənilməsini cavabdeh orqandan xahiş etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinə cavab verməmişdir. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsasızdır. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının bütün sənədlərini yoxlayaraq qanuna uyğun olaraq xx.xx.2008-ci il tarixində 50 yaşı tamamında güzəştli şərtlərlə əmək pensyası təyin etmişdir və 16 il müddətində qeyd olunan təyinat üzrə ödənişləri həyata keçirmişdir. Bu müddət ərizində cavabdeh tərəfindən iddiaçıya səhv pensiya təyinatı ilə bağlı hər hansı bildiriş və ya məlumat verilməmişdir, baxmayaraq ki, hər il iddiaçının pensiyası indeksasiya olaraq hesablanın ödənilmişdir. İddiaçı xx.xx.1997-ci il tarixinədək 25 il ümumi stajı və 12 il 6 ay güzəştli stajı vardır, bu faktı əmək kitabçasındakı qeydlər sübut edir. Hesab edir ki, pensiyanın təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda hazırkı mərhələdə müəyyən edilmişdir. İddiaçı hazırkı mərhələdə hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Bundan əlavə qeyd etmişdir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. İddiaçı cavabdehin göstərilən hərəkətlərini qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ile ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında“ Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 və 2 saylı Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında’ Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 saylı siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 saylı siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 avqust 2030-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 saylı Siyahı üzrə isə 57) yaş və 47 (2 saylı Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 saylı Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 saylı Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Lakin xx.xx.1997-ci il tarixinədək 1 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslər onlara 52 yaşdan deyil, 50 yaşdan (əvvəlki Qanunun xx.xx.1997-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətbiq edilməklə), 2 saylı Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplanış şəxslər isə müvafiq olaraq 57 yaşdan deyil, 55 yaşdan pensiya təyinatı və ya yenidən hesablanması qanunauyğun deyil. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yeni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 saylı Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 saylı Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005- ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı" haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında" Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nömrələrın tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əwəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir, iddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, "Vətəndaşların pensiya təyinatı" haqqında Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 saylı Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində İddiaçı əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Mərkəzi Filialda mövcud olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Belə ki, 16 fevral 2009-cu il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Binəqədi rayon şöbəsinə müraciət edərkən iddiaçının təqdim etdiyi AZE № 00966647 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri 7-ci mikrorayon, ev 40, mənzil 3A.3B, məhəllə 123, vəsiqəni verən orqanın adı Bakı-Binəqədi RPİ və verilmə tarixi 2004-cü il olduğu göstərilsə də, müvafiq altsistemde mövcud olan məlumatlarda iddiaçının AZE № 00966647 seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yeri Müşviqabad qəsəbəsi, Şamaxı yolu, ev 6, mənzil 59, vəsiqəni verən orqanın adı Qaradağ RPİ QVŞV şöbəsi, vəsiqənin verilmə tarixi 20 iyun 2003-cü il olduğu müəyyən edilmişdir. Həmçinin, şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzanın fərqli olduğu aşkar edilmişdir. Bundan başqa, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı 5 noyabr 2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 5 noyabr 2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur.Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırmışdır. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 28 il 11 ay 25 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,22 manat (28,99 il x 170 manat: 14 ay) hesablanaraq 5 noyabr 2010-cu il tarixinə indeksləşdirilib 53,03 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4203,36 manat pensiya sığorta kapitalına uyğun 29,19 (4203,36:144) manat və 85 manat baza hissəsi əlavə edilərək 5 noyabr 2010-cu il tarixinə pensiyası 167,22 (53,03+29,19+85) manat (indeksləşdirilərək 31 mart 2024-cü il tarixinə 441,01 manat) məbləğində müəyyən edilmişdir. Həmçinin, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən İddiaçı vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün İddiaçı 28 mart 2024-cü il tarixində məktub göndərilməklə 8 aprel 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir, iddiaçı mülahizəsinin dinlenilməsi üçün Mərkəzi Filiala 5 aprel 2024-cü il tarixində gəlmiş, tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.2008-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə 126730,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Həmin pul vəsaiti 2024-cü ilin iyul ayından etibarən hissə-hissə (hər ay 47.67 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin rədd olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11821/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat X1 “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4944/2024 saylı qərarının ləğv edilməsi, İddiaçı 50 yaşından, yəni xx.xx.2008ci il tarixində təyin edilən pensiya məbləğinin ödənişlərinin bərpa edilməsi və xx.xx.2024cü il tarixindən yaranmış pensiya məbləğinin ödənişində fərq hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat X1 nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, hazırda iddiaçıya münasibətdə həm əmək pensiyasının təyin olunmalı olduğu yaşın 50 yox 52 olması halını, həm də pensiya işində olan şəxsiyyət vəsiqəsi ilə alt sistemdəki şəxsiyyyət vəsiqəsi arasında müəyyən fərqliliklərin olmasını mübahisələndiririk. Belə ki, 16 fevral 2009-cu il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Binəqədi rayon şöbəsinə müraciət edərkən iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri 7-ci mikrorayon, ev 40, mənzil 3A.3B, məhəllə 123, vəsiqəni verən orqanın adı Bakı-Binəqədi RPİ və verilmə tarixi 2004-cü il olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda iddiaçının həmin seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yeri Müşviqabad qəsəbəsi, Şamaxı yolu, ev 6, mənzil 59, vəsiqəni verən orqanın adı Qaradağ RPİ-nin şöbəsi, vəsiqənin verilmə tarixi 20 iyun 2003-cü il olduğu müəyyən edilmişdir. Həmçinin, şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzanın fərqli olduğu aşkar edilmişdir. Yəni şəxsin sənədlərində tam fərqliliklər aşkar oluinduğudan cavabdeh orqan inventarlaşdırmaya başlamışdır. Yaş məsələsi ilə bağlı olaraq isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 28 mart 2024-cü il tarixində məktub göndərilməklə 10 gün müddətinə Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 05 aprel 2024-cü il tarixində gəlmiş, tərtib edilmiş aktı imzalayaraq, pensiyasından 10% tutmanın aparılmasına razılığnı bildirmişdir. Daha sonra 05 aprel 2024-cü il tarixində bununla bağlı qərar qəbul edilərək, pensiyanın təyini tarixi 05 noyabr 2008-ci il tarixindən 05 noyabr 2010-cu il tarixinə dəyişdirilmişdir. Bunula şəxsin pensiya təyini yaşı 50 yaşından 52 yaşına keçirilmişidr. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2008-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə 126730,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Həmin pul vəsaiti 2024-cü ilin iyul ayından etibarən hissə-hissə (hər ay 47,67 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Nəticədə şəxsin pensiyası azalmışdır. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, şəxsiyyət vəsiqəsində ziddiyyət təşkil edən məlumatlar əslində pensiya təyininatı üçün önəmli mıəlumatlar olmasa da, aşkar olunmuş bu qeyri-dəqiqliklər deməyə əsas verir ki, vaxtı ilə iddiaçı pensiyaya çıxmaq üçün sənəd saxtalaşmasına yol vermiş ola bilər. ... Hər iki vəsiqədə təvəllüd eyni idi. ... 10% tutulma vətəndaş vuna razılığını bildirənədək başlanılmışdır. Həmin qərar 5 aprel tarixlidir, vətəndaş isə imzanı 14 iyunda çəkmişdir. Bu əsasla demək olar ki, vətəndaş aktı imzlayarkən artıq onun pensiyasından 10 % tutulmaya başlanılmışdır. ... Hazırda pensiya təyinatı mərkəzləşdirilmiş qaydada aparılır, amma mübahisələndirilən dövr 2008-2010-cu illəri - yəni vətəndaşın ilkin pensiya təyinatı dövrünü əhatə edir, həmin vaxt isə bu proseslər mərkəzləşdirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, cavabdeh tərəf birinici instanasiyada da eyni məzmunlu izahatlarla iddiaya münasibətini ifadə etmişdir. Qeyd edirlər ki, vətəndaş aktı imzalayaraq 10% tutulmaya razılığını ifadə etmşdir, halbuki vətəndaş imzalayarkən cavabdeh qurum tərəfindən şəxsin əmək pensiyasından 10% tutulma artıq icra edilirdi. Yəni qanunsuz inzibat akt qəbul edilərək, vətəndaşın hüquqlarını pozaraq pensiyanı azaltmışdırlar. Hətta vətəndaşa izaha edilmişdir ki, onun əvəlki aldığı 1641 manatdan 10% çıxılaraq əmək pensiyası alacaq ,hansı ki, həmin dövrdə vətəndaş pensiyasını artıq azaldılmış məbləğlə - 441 manat aldığından düşündü ki, 441 manat almaqdansa, 1641 manatın 10 faiz azaldılmış məbləğ ilə alması daha qənaətbəxşdir və bu səbəbdən də aktla razılaşaraq imzalamışdır. Bu isə əksinə oldu, 441 manatdan 10 faiz çıxılmaqla vətəndaşa pensiya ödənilir. Eyni zamanda qarşı tərəfin vurğuladığı vətəndaşın şəxsiyyət vəsiqəsində olan qeyri dəqiqlikləri ilə bağlı olaraq qeyd edilməlidir ki, bu vətəndaşın iradəsi xaricində olan bir məsələdir. Ola bilər problem sistemdə olub, hər hansı texniki səhv olub. Əsas odur ki, qeyd edilən mılumatların heç biri şəxsin pensiya təyin edilməsində mühüm əhəmiyyətə malik məlumatlar hesab edilmir, yəni qeyd olunan məlumatların dəyişdirilməsində şəxsin nə kimi marağı ola bilər. Məsələn təvəllüdündə nəsə dəyişiklik etsə idi qarşı tərəf iradlarında haqlı ola bilərdi, hazırda elə bir saxtalaşdırma halı mövcud olmadığından, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4944/2024 saylı qərarına əsasən, İddiaçı xx.xx.2010-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (hazırki məbləği 1641.33 manat) yenidən hesablanmış (səbəb: İnvertar (atıqvermə) ünvanı saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə təyinat aparıldı, xx.xx.2008xx.xx.2010 tarixləri arasındakı dövr tam tululmalı) və pensiya məbləği 441 manat təyin edilmişdir. Fonda ödənilməli olan 126730,21 manat artıq ödəmə müəyyən edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 159251/2025 saylı məktubundan görünür ki, İddiaçı dair pensiya işinə aid sənədlərdə ona 5 noyabr 2008-ci il tarixindən Fondun keçmiş Binəqədi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilib. Vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə İddiaçı əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD saylı Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 1 saylı Siyahı üzrə 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, İddiaçı pensiya işinə aid olan sənədlərində mövcud olan şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Belə ki, 16 fevral 2009-cu il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun keçmiş Binəqədi rayon şöbəsinə müraciət edərkən təqdim etdiyi AZE № 00966647 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yerinin 7-ci mikrorayon, ev 40, mənzil 3A.3B, məhəllə 123 olduğu, vəsiqəni verən orqanın adı Bakı Binəqədi RPİ və verilmə tarixi 2004cü il olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun AZE № 00966647 seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Müşviqabad qəsəbəsi, Şamaxı yolu, ev 6, mənzil 59, vəsiqəni verən orqanın adı Qaradağ RPİ QVŞV şöbəsi, vəsiqənin verilmə tarixi 20 iyun 2003-cü il olduğu müəyyən edilmişdir. Həmçinin, İddiaçı şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzanın fərqli olduğu aşkar edilib. Bundan başqa, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı 5 noyabr 2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 5 noyabr 2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanmışdır: İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 28 il 11 ay 25 gün təşkil edir. Bununla əlaqədar, 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,23 manat (28,99 il x 170 manat:144 ay) hesablanaraq 5 noyabr 2010-cu il tarixinə indeksləşdirilmişdir 53,03 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4203,36 manat pensiya sığorta kapitalına uyğun 29,19 (4203,36:144) manat və 85 manat baza hissəsi əlavə edilərək 5 noyabr 2010-cu il tarixinə əmək pensiyası 167,22 (53,03+29,19+85) manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 441,01 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2008-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 126730,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 126730,21 manatın İddiaçı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilib. Həmçinin İddiaçı iştirakı ilə 5 aprel 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 1 yanvar 2025-ci tarixindən hesablanmaqla 476,73 (441,01+8,1%) manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə hüququn tətbiqi ilə bağlı məsələyə, yəni onun pensiya hüququnun 50, yoxsa 52 yaşdan yaranması ilə əlaqədar məsələyə aiddir. Kollegiya nəzərə alır ki, sözügedən məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Belə ki, həm iddiaçıya pensiya təyinatının aparıldığı tarixdə, həm də ondan sonra uzun illər ərzində davam edən və hazırda da mövcud olan məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı ilə bağlı faktiki hallar nəzərə alındıqda qanunvericiliyin tələblərinə görə ona məhz 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Təsadüfi deyildir ki, iddiaçıya münasibətdə də cavabdeh inzibati orqan xx.xx.2008-ci ildə, həmin dövrdə mövcud olmuş inzibati praktikasına uyğun olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Uzun müddət çoxsaylı məhkəmə işləri üzrə də inzibati orqanın əleyhinə məhz bu mövqe rəhbər tutulmaqla qərarlar qəbul edilmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət şərti ilə bağlı tələbi də pozmaqla ~16 ildən sonra iddiaçıya münasibətdə özünün əlverişli inzibati aktını ləğv etmişdir. Halbuki, o, həmin aktı, onunn ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi. İş materiallarında iddiaçıya 50 yaşdan pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. Cavabdehin dəlilləri yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmamasından ibarətdir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərarında “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47.Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.

48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.

49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində şəxsiyyət vəsiqəsində yaşayış yeri və imza uyğunsuzluğu ilə əlaqədar "əsaslı şübhələr" yarandığını göstərir, lakin bu uyğunsuzluğun pensiya hüququnun yaranmasına hansı formada həlledici təsir etdiyini və ən əsası, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində sadalanmış istisnaları işə salacaq səviyyədə (məsələn, aldadıcı davranış, saxtakarlıq və s.) olubolmamasını əsaslandırmır. “Şübhələrin yaranması” tipli bəyanatlar isə, xüsusən də 16 illik hüquqi sabitlik fonunda, əlverişli inzibati aktın ləğv edilməsi üçün lazım olan ciddi standartı təmin etmir. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçının inzibati orqana müraciət edərək ərizə yazmasını və bu əsasla aparılan icraatla “razılaşmasını” xüsusi olaraq vurğulayır. Lakin bu hal nə maddi-hüquqi, nə də prosessual baxımdan cavabdehin mövqeyini möhkəmləndirən hüquqi nəticə doğurmur. Belə ki, inzibati hüquqda vətəndaşın ərizə ilə müraciəti inzibati icraatın başlanması üçün formadan irəli gələn şərt ola bilər, lakin bu müraciət mövcud hüquqdan imtina, qazanılmış hüququn itirilməsi və ya əlverişli inzibati aktın ləğvinə razılıq kimi şərh edilə bilməz. İddiaçının müraciəti onun əvvəlki hüquqi vəziyyətindən imtina etməsi deyil, inzibati orqanın başladığı prosesə məcburi cəlb olunmasının nəticəsi kimi qiymətləndirilməlidir. İş materiallarından da görünür ki, icraat məhz inzibati orqanın təşəbbüsü ilə başlanmış, qərar iddiaçının razılığı alınadək qəbul edilmiş, tutulmalar razılıq verilənədək başlanılmış və iddiaçı faktiki olaraq artıq icrada olan prosesə öz iradəsinə zidd daxil edilmişdir. Qazanılmış hüquqdan imtina yalnız o halda hüquqi nəticə doğura bilər ki, imtina aydın, birmənalı və şübhə doğurmayan iradə ifadəsi ilə edilsin, imtinanın hüquqi nəticələri şəxsə aydın şəkildə izah edilsin, imtina könüllü və məlumatlı olsun. Hətta nəzəri olaraq iddiaçının razılığı mövcud olsaydı belə, bu razılıq qanuna zidd inzibati aktı hüquqa uyğun hala gətirmir. Belə ki, qanunauyğunluq prinsipi iradə muxtariyyətindən üstündür. Başqa sözlə, inzibati orqanının səlahiyyəti qanunla müəyyən edilir, bu səlahiyyət vətəndaşın razılığı ilə genişləndirilə və ya dəyişdirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11821/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar