Məhkəmə qərarları › İş №2-1(103)-4351/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4351/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4351/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1943/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 074 nömrəli sərəncamına və Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, X5nda yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinə İddiaçı adına cizginin tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 074 nömrəli sərəncamından çıxarışa uyğun olaraq Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozu üzrə verilmiş 25 mart 1999-cu il tarixli, 05 saylı əmrlə X3 fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsi hasara alınmış və üzərində fərdi yaşayış evi tikilmiş, evin tikilməsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının 708 saylı xx.xx.2010-cu il tarixli sərəncamı ilə icazə verilmişdir. İddiaçıya torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə cizgi verilməmişdir. Cizginin olmaması torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasını mümkünsüz edir. Ona görə də cizginin verilməsi üçün cavabdeh inzibati orqan olan Bakı şəhəri Cavabdehnə müraciət olunmuş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cizginin verilməsindən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-1943/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 074 nömrəli sərəncamına və Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, X5nda yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinə İddiaçı adına cizginin tərtib edilərək verilməsi öhdəliyi Bakı şəhər Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 25 il bundan öncə, yəni 1999-cu ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan-ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 0.10 ha torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə, iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq-aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində digər qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair rayon icra hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən, torpaq sahəsinin koordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planlar və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyindən ona ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyildir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən F-1294 nömrəli xx.xx.2019-cu il tarixli məktubla təqdim edilmiş Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmrinin arxiv çıxarışından görünür ki, Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 074 saylı sərəncamını rəhbər tutaraq, X5nda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən aşağıda adları qeyd edilən 190 nəfər fəhlə və mütəxəssis ailələrinin hər birinə 0.10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin verilməsi əmr edilmişdir: ... 145. X6. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla X5 əmək kollektivi şurasının və həmkarlar komitəsinin xx.xx.1999-cu il tarixli 03 saylı protokolunun və Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 074 saylı sərəncamının arxiv nüsxələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saaylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.1 ha təşkil edir. Sahənin sərhədlərinin iki tərəfi daş hasar, iki tərəfi şərtidir. Torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Sahə üzərində tikili yoxdur. Vahid elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi X2 ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmrinə əsasən X5nda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən 0.10 hektar torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı ayrılmışdır. Hazırda iddiaçı torpaq sahəsinin cizgisinin ona verilməsini tələb edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saaylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin torpaq sahəsi faktiki olaraq 0.1 ha təşkil edir, torpaq sahəsi X2 ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir, sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya ayrılsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Qeyd olunan əmr ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən həmin əmrin surəti məhkəməyə təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1943/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar