Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4353/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Xətai Rayonu Xətai Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3999/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və Tərtər Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin hər biri tərəfindən 7500 manat kompensasiya ödənilməsi yaxud mənzil növbəsi saxlanılmaqla Tərtər rayonunun Suqovuşan qəsəbəsində 2 otaqlı bağ evi və 15 sot torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən cavabdehlərdən Bakı şəhəri İcra Hakimiyyətinin təqsiri üzündən 1999-cu ildən növbədənkənar torpaq sahəsi ilə təmin edilməməsi səbəbindən, Xətai Rayon Bələdiyyəsinin isə torpaq sahəsi ilə təmin etmədiyi səbəbindən hər birindən 75.000 manat kompensasiya tutulması, 75.000 manat əldən çıxmış faydanın və eyni məbləğdə həm də cavabdehlərdən mənəvi ziyanın əvəzinin tutulması öhdəliyinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, sığınacaq yeri olmayan məskunlaşdırılmamış Ermənistan qaçqınıdır, 2-ci qrup əlil kimi müavinətləri 1992-ci ildən ödənilmir, pasport qeydiyyatı yoxdur, pasportu qüvvədən düşüb, asan nömrə ala bilmir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya dair hər hansı bir münasibət bildirməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3999/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının 1355 nömrəli razılıq məktubuna əsasən Bakı Bağlar İdarəsində bağ yeri torpaq sahəsi növbəsinə durmuşdur. Bakı Bağlar İdarəsi 2007-ci ildə ləğv olunduqdan sonra torpaq sahəsi iddiaçının qeydiyyatda olduğu Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilməli idi. Lakin, Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi verilməmişdir. İddiaçı 25 il ərzində hər il 5 min manat olmaqla, 1999-cu ildən növbədənkənar pulsuz verilməli 15 sot torpaq sahəsindən 75000 manat dəyərində gəlir götürə bilərdi. Cavabdehlərin hər biri tərəfindən 80.000 manat olmaqla, cəmi vurulmuş 160.000 manat ziyan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3999/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ləğv olunmalı və iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı 1999-cu ildən torpaq sahəsi ilə təmin edilmədiyindən cavabdehlərin hər birindən 75.000 manat kompensasiya tutulması, 75.000 manat əldən çıxmış faydanın və eyni məbləğdə həm də cavabdehlərdən mənəvi ziyanın əvəzinin tutulmasını tələb edir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının həmin tələbi ilə bağlı müraciətinə ünvanladığı 12 sentyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Xətai Rayon Xətai Bələdiyyəsinin mülkiyyətində fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün torpaq sahəsi olmadığı üçün iddiaçının mülkiyyətinə bələdiyyə torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 22 dekabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara fərdi ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işin hallarından göründüyü kimi cavabdeh orqanlar tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqazidd mövqe nümayiş olunmamışdır. Belə ki, iddiaçı ilk növbədə səlahiyyətli orqanlar tərəfindən torpaq sahəsinin verilməsindən imtinanı mübahisələdirməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı iddia tələbində bir neçə cavabdeh təşkilata qarşı iddia qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. İddiaçı tərəfindən bir iddia ərizəsində bir necə müxtəlif inzibati orqanlara qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3999/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4353/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4353/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver