Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4359/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin üzərinə ünvan 2 ünvanında yerləşən 22,5 kvadratmetr sahəsi olan 2 otaqlı mənzillə əlaqədar onunla daimi kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən 22,5 kv.m sahəsi olan 2 otaqlı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Sözügedən ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan SSR Oktyabr rayon X2 İcraiyyə Komitəsinin indiki Yasamal rayon İcra Hakimiyyəti) ##.##.1991-ci il tarixli **/* saylı qərarı əsasında müvəqqəti yaşamaq üçün ayrılmışdır. Həmin qərarın surəti Dövlət Arxivinin Bakı filialı tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı mənzil hüququnun rəsmiləşdirilməsi məqqsədi ilə Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığı çoxsaylı müraciətlərə baxmayaraq, ##.##.2025-ci il tarixli rəsmi məktubla cavab verilmiş və kirayə müqaviləsinin bağlanmasından imtina edilmişdir. Bu imtina inzibati hərəkətsizlik və qanunsuz imtina kimi qiymətləndirilməlidir. İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Yasamal rayon İcra Hakimiyyəti apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oktyabr rayon X2 İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli **/* nömrəli “Müvəqqəti yaşamaq üçün mənzil verilməsi haqqında” Qərarına əsasən, Abbas Səhhət küçəsi, ** nömrəli evdə sahəsi 22,5 kv.m olan 2 otaqlı mənzil keçmiş kirayəçi növbəsi çatana qədər yaşamaq üçün ailə tərkibi 3 nəfər olmaqla İddiaçı verilməsi qərara alınmışdır.1991-ci il tarixdən iddiaçı qeyd olunan üvnada yaşayır və qərara əsasən həmin mənzil müvəqqəti yaşamaq üçün verilmişdir.Həmin mənzillə bağlı kirayə müqaviləsinin bağlanması öhdəliyinin Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması xüsusi təyinatlı yaşayış sahəsi olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhət küçəsi, ** saylı evi gələcəkdə özgəninkiləşdirilməsinə səbəb olacaqdır. Eyni zamanda onu da qeyd etmək istərdik ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid olub-olmamasını araşdırmamışdır.Həmçinin, nəzərə alsaq ki, qeyd olunan mənzil Yasamal rayonunda deyil, Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisində yerləşir və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin balansındadır o zaman iddia cavabdeh olmayan şəxsə qarşı verilmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında digər tərəflər iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyasının sorğularına Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli məktubundan və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, mübahisə predmeti olan mənzil Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin balansındadır və Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisində yerləşir. Beləliklə, müəyyən olunur ki, iddia cavabdeh olmayan şəxsə qarşı verilmişdir. Yəni Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti iddiaya cavab verməli olan şəxs deyildir, odur ki, həmin cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmçinin, iddiaçı və onun nümayəndəsi bildirmişlər ki, hazırkı tələblə bağlı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə rəsmi müraciətləri olmamışdır.Bu səbəbdən məhkəmə Kollegiyası cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsini həll etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4359/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4359/2025
21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver