Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-436/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN – **********; Hüquqi ünvanın - AZ1110, ünvan 1silçisi – X1; dövlət qeydiyyatına alındığı tarix – 04.05.2018-ci il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1915/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC 19.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 22.10.2019-cu il tarixli **********191952 nömrəli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsi nümayəndə və Vəkil (Gəncə şəhəri 1 saylı Vəkil Bürosu) tərəfindən imzalanmışdır) İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyətinə başlamış və qanunvericiliklə müəyyən olunmuş vergiləri həmişə vaxtı-vaxtında ödəmişdir. 22 oktyabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********91952 nömrəli Qərar qəbul edilmişdir. Cəmiyyət qərarla razılaşmır və qərar qanunsuz və əsassızdır. Çünki səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş bu qərar nəticə etibarı ilə hər hansı faktiki sübut və dəlil əsasında deyil, güman və ehtimal əsasında qəbul edilmişdir. Hansı ki, şəxsin məsuliyyətə cəlb edilməsi kimi mühüm hüquqi inzibati akt kifayət qədər əsaslı və hər hansı şübhəyə yer qoymayan sübutlar və dəlillər əsasında qəbul edilməli olduğu halda, cavabdeh inzibati orqan hər hansı sübut və dəlil olmadan, sadəcə ehtimallar əsasında belə qərara gəlmişdir. 22.10.2019-cu il tarixli Qərarda 217,075.56 manat məbləğində əlavə hesablanmış vergi məbləğinin hesablanması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır və inzibati aktda (qərarda) göstərilənləri isbat edən heç bir hal mövcud deyildir. Daha sonra cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 22.09.2020-ci il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək, İddiaçı MMCnin iddia tələbləri üzrə məhkəmə baxışının, həmin iş üzrə başlamış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş təhqiqat idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi Anar Rzayevin 20.05.2019-cu il tarixli qərarı ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Qərarın icrası məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 07.06.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 09.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 22.10.2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama nəticəsində iddiaçının 185.006,07 manat məbləğində ƏDV və 32.069,49 manat mənfəət vergisi (2018) olmaqla, ümumilikdə 217.075,56 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığı müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı aşkar edilmiş vergidən yayınma faktı ilə əlaqədar hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2020-ci il tarixli 9/1707 nömrəli rəyi ilə səyyar vergi yoxlaması zamanı müəssisəyə hesablanmış əlavə vergilər öz təsdiqini tapmışdır (rəy vəsatətə əlavə edilir). Göstərilənlərə uyğun olaraq qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyrimümkündür. Belə ki, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq ifadələr əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1915/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı 22.10.2019-cu il tarixli **********191952 nömrəli inzibati aktın ləğv edilməsi tələbi barədə 2-1(112)-1915/2020 saylı iş üzrə icraat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı 23.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1915/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin başlanması haqqında qərarın o cümlədən cinayət işi üzrə ibtidai istintaqın aparılmasının və ibtidai istintaqın yekununda qəbul edilən qərarın məhkəmə üçün hər hansı preyudisial əhəmiyyəti yoxdur. Bu şəxsin konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququnun qanunsuz məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş cavabdehin 22.09.2020-ci il tarixli vəsatətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Məhkəmə belə qənaətə gəlir ki, hazırkı işə baxılması VCİABİ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekin qərar qəbul edilənədək mümkün deyil. Odur ki, iş üzrə icraatın dayandırılması məqsədəuyğundur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, AR İPM-in cavabdehin vəsatətinin prosessual-hüquqi əsası kimi çıxış edən 7.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, AR İPM-in 7.2-ci maddəsi MPM-in 254.1.4-cü maddəsi ilə, demək olar ki, eyni qaydaları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli Qərarında açıq göstərilmişdir ki, “İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. Həmçinin iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu baxımdan, həm İPM-in 7.2-ci maddəsində, həm də MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi belə bir asılılığın nədən ibarət olmasını müəyyən etmədən əsassız olaraq, cavabdehin vəsatətini təmin etmişdir. Belə ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisəli qərarı, inzibati orqan (cavabdeh) tərəfindən ümumi hüquq (vergilərin müəyyən edilməsi və ödənilməsi) sahəsinə aid olan məsələni (vergiləri azaldan vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsini) həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün hüquqi nəticələr (müəyyən miqdarda əlavə vergilər və maliyyə sanksiyaları) yaradan qərar növündə hakimiyyət tədbiri olmaqla, “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. İnzibati orqanların hakimiyyət tədbirlərindən narazı qalan şəxslərin məhkəmə müdafiəsi hüququ isə normativ-hüquqi müstəvidə ən yüksək səviyyədə təminat altına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir, 10-cu maddəsinə əsasən, hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir. Bu müddəa, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində də təsbit olunmuşdur. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun: 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər; 72.1-ci maddəsinə görə, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər; 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) İPM-lə müəyyən olunmuş qaydada verilir. Adıçəkilən Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Eyni Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanların təhlili göstərir ki, Azərbaycan Respublikasının inzibati icraat və inzibati prosessual qanunvericiliyi ilə şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlardan məhkəmə qaydasında şikayət vermək, yəni inzibati məhkəmələrdə inzibati aktın ləğv olunması və dəyişdirilməsi haqqında inzibati iddia qaldırmaq hüquqları aydın təsbit olunmuş, bu hüquq heç bir istisnaya tabe tutulmamış, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdir. Bu kontekstdə, İPM-in 7.2-ci maddəsinə istinadən indiki məhkəmə baxışı o halda dayandırıla bilər ki, 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud, 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Lakin, bu iki haldan heç biri iş üzrə mövcud deyil. Bu hallar mövcud olmadan İPM-in 7.2-ci maddəsini tətbiq edərək məhkəmə baxışının dayandırılması müstəqil iki növ mühakimə icraatından birinin o birindən asılılığı demək olardı. Doğrudur, məhkəmə baxışının dayandırılması baxımından inzibati mühakimə icraatının İPM-in 7.2-ci maddəsində nəzərdə tutulan qaydada cinayət mühakimə icraatından asılı olduğu hallar vardır, ancaq sözügedən hallar cavabdehin vəsatətində əks olunanlardan fərqlənir. Həmin hallara misal kimi, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahəsinin hüquqi qeydiyyata alınmasından inzibati orqanın imtinasının mübahisələndirildiyi inzibati işdə sərəncamın saxta sənəd olması ilə əlaqədar başlanmış cinayət təqibi barədə məhkəməyə rəsmi məlumatın daxil olması göstərilə bilər. Beləliklə, məhkəmə kollegiyasının məsələyə dair yekun qənaəti bundan ibarətdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi ilə hazırkı inzibati iş arasında inzibati işin baxılmasına mane olan halları müəyyən etmədən əsassız olaraq, cavabdehin vəsatətini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı hazırkı inzibati iş üzrə mübahisənin həllinə təsir edə biləcəyi hallar, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallar tam olaraq araşdırılmalı və cavabdehin vəsatətinə yenidən hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli, inzibati iş cavabdehin 22.09.2020-ci il tarixli vəsatətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1915/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 22.09.2020-ci il tarixli vəsatətinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-436/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-436/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver