Məhkəmə qərarları › İş №2-1(103)-436/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-436/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-436/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının” verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası mərhum X4 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinin sxematik xəritəsinə və müqavilədə qeyd olunmuş bağ nömrəsinə düzəliş olunaraq, texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, atası mərhum X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla arayışın verilməsi məqsədi ilə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinin mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası mərhum X4 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinə texniki pasportun və çıxarışın verilməsi məqsədi ilə Bakı şəhəri, 19 saylı notariusu tərəfindən 31 may 2021-ci il tarixdə 494 nömrəli məktubu ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya xx.xx.2021-ci il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab verilərək bildirilmişdir ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsinə düzəliş edilmişdir (1848 düzəliş olunduqdan sonra 1843 saylı), düzəliş olunan hissəyə isə səlahiyyətli şəxsin imzası və möhürü vurulmamış, həmçinin göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yəni digər bağ nömrəsinin ərazisinə uyğun gəlir. Atası mərhum X8 məxsus bağ sahəsi həmin vaxt sənədləşdirilərkən əsas müqavilədə səhvən bağın nömrəsi 1848 qeyd olunmuşdur. Bundan sonra atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin əsas müqaviləsinə düzəliş olunaraq 1843 edilmişdir, lakin həmin düzəliş olunarkən həmin düzəlişin üzərinə möhür vurulmamışdır. Hal-hazırda bu xırda səhvlərin nəticəsində atasından ona miras qalmış bağ sahəsini öz adına sənədləşdirə bilmir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair İddiaçı atası mərhum X6 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərdiyi-torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi barədə bildirdiklərinə gəldikdə isə bu iddiaçıların iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilmişdir, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yerləşməsi digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1495/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-805/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehin ikinci dəlili apellyasiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır, belə ki, yuxarıda göstərilmiş bağ sahələrinin sənədləri və sxemləri tələb edilməmişdir, digər tərəfdən məhkəmə göstərilən bağ nömrələrindən yalnız 1681-lə bağlı cavabdehə sorğu edilmiş, cavabdeh də həmin nömrəli bağa aid cavab vermişdir, 1680, 1682, 1684 bağları barədə məhkəmə sorğu verməmiş, cavabdeh də məlumat verməmişdir, məhkəmə cavabdehdən həm onlarda olan ərazinin sxematik xəritəsini, həm də faktiki vəziyyət (yerləşmə) barədə müayinə aktı, (hazırkı yerləşmə barədə) cizgi olmamışdır, beləliklə, apellyasiya məhkəməsi bağın başqalarının mülkiyyətində, istifadəsində olmasını, cavabdehin dəlilini yoxlamayıb, üst-üstə düşmə varsa, 3-cü şəxs kimi cəlb edilməni müzakirə etməyib. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi”nə dair xx.xx.1969- cu il tarixli 16904 №-li müqavilənin surətindən görünür ki, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq (20 oktyabr 1967-ci il; protokol №18; sıra № 46) vaxtilə atalarına ayrılmış torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsində düzəliş edilməsi, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməməsi.

2. İddiaçı tərəfindən bağ sahəsinin ərazisinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil etməsi, yerləşməsinin digər bağ nömrələrinin (1680, 1681, 1682, 1684) ərazisinə uyğun gəlməsi.

Kassasiya instansiya məhkəməsinin göstərişləri məhz imtinanın 2-ci dəlili ilə bağlı araşdırmanın aparılmasından ibarət olmuşdur. Buna baxmayaraq, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən qeyd edilmiş bütün imtina əsaslarını yoxlayır. Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kasssiya instansiya məhkəməsi də cavabdehin sözügedən birinci dəlilinin əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Tresti ilə X9 arasında bağlanmış “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi”nə dair xx.xx.1969- cu il tarixli 16904 №-li müqaviləyə baxış keçirilərkən, mübahisəli bağın nömrəsinin “1848” kimi qeyd olunduğu və həmin qeydə hər hansı bir düzəliş edilmədiyi müəyyən olunur. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərin arasında sözügedən torpaq sahəsinin əl ilə çəkilmiş planı mövcuddur ki, adıçəkilən sənədin yuxarı sağ küncündə bağ sahəsinin nömrəsi 1848/1686 kimi göstərilmiş və idarənin ştampı ilə təsdiq edilmişdir. Eyni zamanda işin 41-ci səhifəsində olan inventarizasiya aktında bağın nömrəsi yenə də 1848/H1686 kimi qeyd edilmişdir. Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********75 №li məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1848/1686, 1686, 1843/1681 və 1681 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Ləhiş bağ sahəsi, 186 saylı BTK-nın 1843 saylı bağ sahəsi 18 nömrəli order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 saylı bağ sahəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2941/11 saylı, xx.xx.2012-ci il tarixli qərardadı əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə 2126 saylı bağ sahəsi kimi Əlixan Əmircan oğlunun adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Qeyd olunan məktuba əlavə olunmuş; - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 186 saylı BTK-nın 1843 saylı bağ sahəsi (0.1117 ha) Daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 19114 nömrəli vərəqində xx.xx.2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə X5 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2126 saylı bağ sahəsi (0,25 ha) xx.xx.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 555 nömrəli reyestr kitabının 52567 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə Əlixan Əmircan oğlunun adına qeydiyyata alınmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlər nəzərə alınmaqla 1 saylı Bakı Ərazisinə sorğu ünvanlanaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1680, 1681, 1682 və 1684 saylı bağ sahələrinə dair arxiv qovluğunun əslinin, Ləhiş bağ masivinə dair ümumi sxematik xəritənin, həmin bağ sahələrinin qeydiyyatdan keçməsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətlərinin, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinə dair müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab məktubunda qeyd edilmişdir ki, hazırda istinad edilən mövcud bazada (baza məhduddur) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1680,1681 və 1682 saylı bağ sahələrinə dair sənəd, həmçinin həmin bağ nömrələri ilə qeydiyyata alınmış torpaq sahələrinə dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin sorğunun icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinə dair müayinə aktının, Ləhiş bağ massivində yerləşən dövlət reyestrində qeydiyyata alınmış 1684 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti, eləcə də Ləhiş bağ massivinə dair sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinə dair müayinə aktında qeyd edilmişdir ki, vətəndaş tərəfindən göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir, bağda bir mərtəbəli köhnə bağ evi, köməkçi həyət tikilisi, bağlı su hovuzu və su quyusu mövcuddur, 1848 bağ sahəsinin köhnə nömrəsidir, arxiv cizgisinə əsasən bağın nömrəsi 1848/1686 olmalıdır, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur, təqdim edilən müqavilədə bağın nömrəsində düzəliş edilib, arxiv qovluğundakı akta əsasən müqavilənin müddəti artırılmayıb, torpaq sahəsi 1081 kv.m artıqdır. Təqdim edilən sənədlərə əsasən qeyd olunan bağ sahələrindən yalnız 1684 nömrəli bağ sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Daha sonra işin obyektiv araşdırılması məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1848/1686 və 1684 saylı bağ sahələrinin faktiki vəziyyətinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, 1684 nömrəli bağ sahəsi 4 tərəfdən hasar daxilindədir və hasarla iki hissəyə bölünmüşdür. Torpaq sahəsi 970.0 kv.m artıqdır, artıq torpaq sahəsində 1 mərtəbəli ev və köməkçi tikili inşa edilmişdi, ərizəçi Natavan Novruzlu artıq torpağı özəlləşdirmək istəyir. Göründüyü kimi cavabdehin istinad etdiyi bağ sahələrindən 1680, 1681, 1682 nömrəli bağ sahələrinə dair sənəd, həmçinin həmin bağ nömrələri ilə qeydiyyata alınmış torpaq sahələrinə dair məlumat İdarənin arxivində aşkar edilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçən yeganə 1684 nömrəli bağ sahəsi ilə iddiaçının arayışın verilməsini tələb etdiyi 1848/1686 saylı bağ sahəsinin üst-üstə düşməsini təsdiq edən sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya həmçinin apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi bağların bölgüsünə dair sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərdə tutulmuş xəritələrdir. Faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, şəxsin istifadəsindəki bağın yerləşdiyi torpağın dövlət qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Göründüyü kimi torpaq sahəsinin mərhum X8 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X8 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, hazırkı inzibati mübahisəyə baxıldığı zaman birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmişdir. Belə ki, işdə olan iddiaçının ərizəsindən göründüyü kimi, iddiaçı İPM-in 54-cü maddəsinə əsaslanaraq, tələbini dəqiqləşdirmiş və onu “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848/1686 saylı bağ sahəsinin mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi göstərmiş, həmin ərizə də icraata qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış və qəbul etdiyi 13 sentyabr 2022-ci il tarixli qərarının nəticə hissəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair İddiaçı atası mərhum X6 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsini cavabdeh inzibati orqana həvalə etmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun İddiaçı mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1848/1686 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququnun İddiaçı mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar