Məhkəmə qərarları › İş №2-1(103)-437/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-437/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-437/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, X3 Khalilin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi barədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5184/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X3 Khalil cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxx 2020-ci il tarixli DMX Vİ-13/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə X3 Khalilin xx xxxx 2020-ci il tarixli vəsatətini təmin edərək, iddiaçı X1çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar şıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi vasitəsilə iddiaçı onun xx xxxx 2020-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə iddiaçı X2çqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx xxx 2020-ci ildə DMX Vİ-13/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. Ərizəçi Əfqanıstan vətəndaşıdır və Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Tabqos kəndində dogulmuşdur. O, etnik olaraq şiə həzaradır, dini etiqadına görə müsəlmandır (şiə). Ərizəçi 1-8-ci sinifləri Sənge şandəh kəndində yerləşən “Liseye Hedayət” məktəbində, 9-12-ci sinifləri Kabil şəhərində yerləşən “Şəhid Əbdülrəhim” liseyində oxuduğunu, 2014-cü ildə məktəbi bitirdiyini, 2016-cı ildə Kabil şəhərində yerləşən ibn Sina universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olunduğunu, 2 il oxuduqdan sonra, dərslərini maliyyə problemlərinə görə davam etdirə bilmədiyini bildirmişdir. O, Kabildə əmisioğlu Əzimin yanında 6 ay ərzində elektrik işini öyrəndiyini və Azərbaycana gələnə qədər müstəqil olaraq bu işlə məşğul olduğunu qeyd etmişdir. O, 2017-ci ildə Kabil şəhərinin Dəşti Bərçi məntəqəsində ingilis dilini öyrənmək məqsədilə 8 ay “New Star” adlı kursa getdiyini, orada Sima Mohammadi adlı qızla tanış olduğunu, onunla evlənmək istədiyini, 2019-cu ilin iyul-avqust aylarında həmin qızın evinə elçi getdiklərini, lakin qızın dayısının bu evliliyə etiraz etdiyini bildirmişdir. Ərizəçi qızın atası taliblərlə müharibədə həlak olduğu üçün dayısının himayəsində yaşadığını bildirmiş, dayısının da evliliyə etiraz etməsinin səbəbini onu (Simanı) öz oğlu Abdullaha ikinci arvad olaraq almaq istəməsi ilə əlaqələndirmişdir. O, Sima ilə evlənməkdə israrlı olduğu üçün Abdullahın onu küçədə saxlayaraq döydüyünü, belə vəziyyətdə Sima ilə birlikdə ölkədən qaçmağı planlaşdırdıqlarını, lakin pulu az olduğu üçün 2019-cu ilin sentyabr ayının 7-də Simanı və anasını bilet alıb təyyarə ilə İrana göndərdiyini, 3 gün sonra özü də İrana getmək istəyərkən hava limanında Abdullahın bir neçə nəfərlə onun qabağını kəsdiyini, əlindən telefonu alaraq mesajlara baxdığını, Sima ilə yazışmaları oxuduqdan sonra məsələdən xəbərdar olduğunu, onun (ərizəçinin) telefonu ilə Simaya zəng edərək geri dönməyəcəkləri təqdirdə onu öldürəcəkləri ilə təhdid etdiyini qeyd etmişdir. X6 geri dönməsindən sonra Abdullahın onu azad buraxdığını, lakin ölkədə qalacağı təqdirdə Abdullahın onu öldürəcəyindən ehtiyat etdiklərini, bu barədə Simanın ona ölkəni tərk etməyi məsləhət gördüyünü söyləmişdir. Ərizəçi bu səbəbdən də ölkəni tərk etmək qərarına gəlmiş və Özbəkistandan keçməklə xx.xx.2020-cu il tarixdə Azərbaycana gəlmişdir. xx xxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Xidmət onun vəsatətini 35-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi həzara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və Abdullah tərəfindən həyatı üçün təhlükə olduğundan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. xx xxx 2020-ci ildə DMX Vİ-13/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. Xidmət qərarını onunla əsaslandırıb ki, ərizəçinin söylədikləri mötəbər deyil. Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. İPM-in 73.1ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5184/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5184/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, X3 Khalil xx.xx.1994-ci ildə Əfqanıstan İslam Respublikasında doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. X3 Khalil xx.xx.2020-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-cu il tarixli Vİ-13/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Qərarda iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqlarının müəyyən edildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Əfqansıtan vətəndaşıdır. xx xxxx 2020-ci ildə o, sığınacaq verilməsi barədə vəsatətlə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 35-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, həzara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və Abdullah tərəfindən həyatı üçün təhlükə olduğundan qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi Əfqanıstanda ancaq Abdullah tərəfindən təhdid edildiyini, başqa heç bir təhdid və ya təzyiqə məruz qalmadığını bildirmişdir. İddiaçın İrana getmək üçün viza almağa getməsi, qızın qohumu Abdullah tərəfindən girov götürülməsi, girovluqdan azad edilməsi, həmçinin qızın və anasının İrandan qayıtması tarixləri arasında uyğunsuzluq aşkar edilmiş, lakin o bu uyğunsuzluqlara əsaslı izah verə bilməmiş və bu onun xeyrinə həll edilməmişdir. İddiaçın müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün yetərli olmadığını nəzərə alaraq, hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5184/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar