Məhkəmə qərarları › İş №2-1(103)-437/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-437/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-437/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı TS MOTORS” MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı 23 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********329400 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, dekabr 2018-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 5.069,00 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********658900 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, noyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.831,97 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********771300 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, sentyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 3.760,27 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********720100 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, avqust 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1.395,89 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********433100 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat təşkil etmişdir. Hazırda İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsi barədədir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 938779,49 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 910618,39 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 361792,46 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 354037,51 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 354319,64 manat göstərilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 333429,29 manat, xx.xx.2020ci il tarixdə 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904728,05 manat göstərilmişdir. Lakin dövriyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 5069,0 manat, 2019-cu ilin avqust ayı üzrə ƏDV bəyannaməsi üzrə 1395,89 manat, 2019- cu ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 3760,27 manat və 2019-cu ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 15831,97 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********329400, xx.xx.2021-ci il tarixli **********720100 və **********771300, xx.xx.2021-ci il tarixli **********658900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi ödəyicisinə 2018-ci ilin dekabr 2019-cu ilin avqust, sentyabr və noyabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalara yenidən baxılması, eyni zamanda minimum dövriyəsinin dəqiqləşdirilməsi məqsədilə ƏDV qeydiyyatının qüvvəyə minmə (xx.xx.2017-ci il) tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üçün nəzarət kassa aparatlarının “Z” çıxarışları, banklarda açılmış manat və valyuta hesablarından, o cümlədən biznes kart hesablarından bank tərəfindən rəsmi (möhürlü, imzalı) təsdiq edilmiş çıxarışlar, kassa mədaxil-məxaric sənədləri və zəruri hesab etdiyi digər sənədlərin araşdırmaya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli **********764100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən bununla əlaqədar heç bir sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı ƏDV üzrə təqdim edilmiş bəyannamə ilə bağlı cavabdeh tərəfindən uyğunsuzluq aşkar edilmiş və bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********137600 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV üzrə 237,97 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********413600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalmayla bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021-ci il tarixli qərar qəbul edərək iddiaçının 2019-cu ilin fevral ayı ƏDV üzrə 307,55 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı 23 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq Azərbaycan Respublikası Vergilər Məcəlləsinin və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. İddianın mümkün məsələsi cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********329400 saylı xx.xx.2021-ci il tarixli, **********658900 saylı xx.xx.2021-ci il tarixli, **********771300 saylı xx.xx.2021-ci il tarixli, **********720100 saylı xx.xx.2021-ci il tarixli, **********433100 saylı xx.xx.2021-ci il tarixli qərarları ilə MMC-yə 2018 və 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə vergi hesablanmışdır. Hazırda MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “ “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı, “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi”ni tələb edir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsassız olduğu üçün onun rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********329400 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, dekabr 2018-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 5.069,00 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən HW seriyalı 727515 nömrəli vergi-hesab fakturası üzrə (**********)-a 216.72 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. **********4814. Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalara görə 1 sayda “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq təqdim edilmiş bəyannamədə “Müzdlu işlə əlqədar vergi” bölməsində göstərilmiş 0 nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. - **********658900 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, noyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.831,97 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********5847 nömrəli YGB seriyalı yük gömrük bəyannaməsinin nömrəsi düzgün deyil. - **********771300 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, sentyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 3.760,27 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, ƏDV bəyannaməsi 308-ci sətrinin C2, B2 sütünlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 4.488.99 manat, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (Əldə edilmiş hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumatlar) göstərilmş 308-ci sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0.00 manat ƏDV məbləğinə bərabər olmadığına görə. Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalara görə 1 sayda “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq təqdim edilmiş bəyannamədə “Müzdlu işlə əlqədar vergi” bölməsində göstərilmiş 0 nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. - **********720100 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, avqust 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1.395,89 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 308-ci, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən elektron vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 5.549,37 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli əlavəsində əldə edilmiş elektron vergi hesab-fakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlarda göstərilmiş 308-ci sətir kodlu e-VHF-lərin öddənilmiş ƏDV məbləğlərinin cəmi 0,00 manat ƏDV məbləği göstərildiyi üçün kənarlaşma yaranmışdır. Uçot-məlumat bazasının göstəricilərinə əsasən vergi orqanlarında vergi ödəyicisinə məxsus qeydiyyatda olan NKA müəyyən edildiyi halda, təqdim dilmiş bəyannamənin 305.1-ci “Pərakəndə ticarətdən” sətrində dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) əks etdirilmişdir. - **********433100 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarına görə 1 saylı “fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraqtəqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “0” nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. Uçot-məlumat bazasının göstəricilərinə əsasən vergi orqanlarında vergi ödəyicisinə məxsus qeydiyyatda olan NKA müəyyən edildiyi halda təqdim etdiyi bəyannamənin 305.1-ci “Pərakəndə ticarətdən” sətrində dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) əks etdirilməmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı barəsində cavabdeh orqanın kameral vergi yoxlaması qaydasında qəbul etdiyi qərarların qəbul edilməsi üçün əsas olmuş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” (uyğunsuzluq) məktublarının məzmununda qeyd olunanlarla bağlı hər hansı sənəd, sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiasının əsassız olub, onun rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zəruri araşdırmanı aparmadan, mübahisələndirilən inzibati aktların qəbulu üçün zəruri şərtlərin mövcudluğunu aydınlaşdırmadan işə baxıb iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının mübahisələndirdiyi vergi orqanının qərarlarının qəbul edilməsi üçün əsas olan sənədlər cavabdeh inzibati orqanın nümayəndəsindən tələb olunmuşdur. Cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən məlum olmuşdu ki, kameral yoxlama nəticəsində iddiaçıya əlavə vergilərin hesablandığı dövrlər üzrə vergi ödəyicisi tərəfindən bir neçə dəfə əlavə dəyər vergisinin bəyannamələri (dəqiqləşdirilmiş) təqdim olunmuş, bu fakt cavabdeh orqanın təqdim etdiyi elektron sistemdən çıxarışlarla da öz təsdiqini tapır. Aparalın araşdırmalar zamanı müəyyən olundu ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral vergi yoxlaması qaydasında əlavə vergilərin hesablanmasına əsas vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannamələrində müvafiq dövrlər üzrə dövriyyənin az göstərilməsi olmuşdur. Bu halı təsdiq edən sübut qismində məhkəməyə təqdim olunanhəm vergi ödəyicisinin ƏDV bəyannamələri, həm də vergi orqanın həmin dövrlər üzrə kameral bəyannamələri araşdırılarkən məlum oldu ki, vergi orqanı tərəfindən müvafiq vergilər iddiaçıya hesablanarkən vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı üzrə xx.xx.2021ci il tarixdə, 2019-cu ilin fevral ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin avqust ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin sentyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə və 2019-cu ilin noyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannamələrinin məlumatları əsas götürülmüşdür. Halbuki yuxarıda da qeyd olunduğu kimi, vergi ödəyicisinin müvafiq dövrlər üzrə xx.xx.2021-ci il tarixdən əlavə, başqa tarixlərdə də həmin dövrlərlə bağlı dəqiqləşdirilmiş qaydada verdiyi bəyannamələr mövcud olmuşdur. İddiaçı iddia edir ki, cavabdehin istinad etdiyi dəqiqləşdirilmiş bəyannmələr onun qeyd olunan dövrlər üzrə verdiyi yeganə bəyannamələr olmamış, vergi orqanının əsas götürdüyü bəyannamə məlumatları vergi ödəyicisi tərəfindən hüququndan istifadə edilməklə vaxtında verdiyi dəqiqləşdirilmiş bəyannamələrin məlumatlarından biri olmuşdur. Belə olan halda məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsinə dəfələrlə iddiaçı barəsində hesablanmış əlavə vergi məbləğlərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin nümayəndə tərəfindən yalnız yuxarıda qeyd olunan dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur ki, həmin bəyannamələrin də vergi ödəyicisi tərəfindən təqdim olunan sonuncu dəqiqləşdirilmiş bəyannamələr olmadığı müəyyən olunur. Beləliklə, vergi orqanı qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin kameral yoxlama nəticəsində əlavə vergilərin hesablanmasını zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində əlavə vergi hesablanmasının əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, kameral vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktları qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********329400 saylı və “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarları ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar