Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-438/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı “əmrin ləğv edilməsi və iddiaçının xidmətini davam etdirmək üçün başqa işə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-4353/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı cavabdehin x xxxx 2019-cu il tarixli 71 ş/h nömrəli əmrinin ləğv edilməsi, iddiaçının xidmətini davam etdirmək daha yüngül işə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4353/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına baxdıqda görünür ki, iddia qaldırdığı vaxt belə cavabdeh tərəfindən əmrin surəti və digər sənədlər verilməmişdir. Həmin sənədlərin məhkəmə tərəfindən təqdim edilməsi təmin edilmişdir. İş üzrə ərizə geri götürüldükdə isə yenidən daxil edilərsə müddət axımı dayanır. Bu səbəbdən də qərardad ləğv edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx xxxx 2019-cu il tarixli 71 ş/h nömrəli əmrinin ləğv edilməsini və xidmətini davam etdirmək daha yüngül işə keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin xx xxxx 2019-cu il tarixli 71 şh nömrəli nömrəli əmrindən görünür ki, Azərbyacan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hospital Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə ilə sıradankənar hərbi xidmətə yararlı hesab olunmuş 2-ci Şöbənin əməkdaşı baş çavuş İddiaçı xx xxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilməklə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və hərbi qeydiyyata Bakı şəhəri Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmr onun xidmət etdiyi inzibati orqandan xidmətdən ehtiyata buraxılması, başqa sözlə işdən xaric edilməsi barədədir. Yəni ki, iddiaçı xidmətdən buraxılma əmrinin qanunsuz olduğuna istinad edərək onun ləğvini və yenidən həmin xidmətə bərpa olunmasını istəyir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı xx xxxx 2019-cu il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, onun işdən çıxma barədə əmri xx xxxx 2019-cu il tarixdə verilsə də, əmri məhkəməyə müraciət etdikdən sonra əldə etmişdir. Ərizə geri götürüldükdə isə müddət dayanır. Bu səbəbdən də iddiaçı hesab edir ki, iddia müddəti ötürülməmişdir. İddiaçının bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik X2 qarşı “xx.xx.2019-cu il tarixli 71ş/h saylı əmrin və həmin əmrin verilməsinə əsas olan sənədlərin məhkəmə qaydasında tələb olunaraq alınmasına və məhkəmə araşdırması nəticəsində xidmətdən azad olunmağının qanuna zidd olduğu müəyyənləşdirildiyi halda əvvəlki işinə qaytarılması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx xxxx 2019-cu il tarixdə ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə geri qaytarılmış, daha sonra iddiaçının cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı “iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə cavabdehin xx.xx.2019-cu il tarixli, 71 ş/h saylı əmrinin əsassız və qanunsuz olması səbəbi ilə ləğv edilməsi və xidmətini davam etdirmək üçün Cavabdeh Milli Qvardiyasının nəzdində fəaliyyət göstərən X1 “sıradankənar hərbi xidmətə”, yəni daha yüngül işə keçirilməyi“ tələbinə dair iddiası iddiaçının xx xxxxxxxx 2019-cu il tarixli ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə geri götürülmüş hesab edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə iddiaçının mübahisəli əmrdən məlumatlı olması təsdiq olunur. Lakin iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin əmri mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Kollegiya həmçinin qeyd edir ki, tələbindən görünür ki, iddiaçı iddiasında iki məsələni- işdən çıxarılma barədə əmrin ləğvini və işə bərpa olunmasını istəyir. İddiaçının iddiasının ikinci hissəsi birinci hissəyə bağlı olduğundan, birinci hissədə isə iddia mümkün sayılmadığından, kollegiya iddiaçının işə bərpa ilə bağlı tələbinə münasibətdə araşdırma apararaq onun mümkünlüyü və əsaslılığı üzrə dəyərləndirmə aparmağı zərurət görmür. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4353/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-438/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-438/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver