Məhkəmə qərarları › İş №2-1(103)-438/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-438/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-438/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərovdan və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10, X2, X8, X4) «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X12 Massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində 0,12 ha bağ torpaq sahəsi ayrılmış, həmin vaxtdan o, bağ sahəsindən mütəmadi istifadə edir. İddiaçı cavabdehə həmin bağ sahəsinin özəlləşdirilməsi üçün müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcud olduğunu bildirsə də, onun adına İdarənin arxivində məlumatın olmadığını, daha sonra isə ona ünvanladığı xx.xx.2021-ci il tarixli növbəti məktubunda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 120b və 120 q saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyini, 120q saylı bağ sahəsinin isə digər fiziki şəxsin adına qeydiyyata alındığını bildirərək, qeydiyyatdan imtina etmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən “120q” saylı bağ sahəsi (“120t” kimi) digər fiziki şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair hüquqlarının onun adına qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə ziddir. Birinci instansiya məhkəməsi formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarının tətbiq olunmasında səhvə yol vermiş habelə prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X12 massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair İddiaçı adına plan-ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-2124/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi kimi qeyd edilmişdir ki, “İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman ... ziddiyyətli hallar – iddiaçının adına olan (həm özü, həm də cavabdeh tərəfindən təqdim edilən) 26 və 120n nömrəli orderlərin mötəbər olub-olmaması araşdırılmalı, iddiaçının tələb etdiyi bağ sahəsinin naturada yerləşməsi müəyyən edilməli, bu zaman həmin bağ sahəsinə digər şəxslərin hüququnun olub-olmamasına və iddiaçının ona ayrılmış bağ sahəsindən X1 xeyrinə imtina etməsinə hüquqi qiymət verilməli, bununla bağlı iddiaçıya verilmiş “120n” saylı bağ sahəsinə dair 120n nömrəli orderin ləğv edilib-edilməməsi, həmin bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamının və ya hər hansı digər inzibati aktın mövcudluğu yoxlanılmalı, hüququna toxunulduğu müəyyən edilən digər şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən digər üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X12 massivində yerləşən, 0,12 ha bağ sahəsinə dair onun adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, onun iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “iddiaçı iddialı olduğu bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən sübut (hüquqmüəyyənedici sənəd) təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Sadalanan qanununvericilik normalarından görünür ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar da həmçinin bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya mübahisəli bağ sahəsi Bakı şəhər X5 İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı əsasında ayrılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi göstərişlərinə uyğun olaraq işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X10, X2 və X8) «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə X4 üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin, iş materiallarında olan “Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli orderi”nin mötəbərliliyinin müəyyən edilməsi məqsədi ilə məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1) İş materiallarında əlavə edilmiş (i/v 208 və 238) Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli order hansı üsul ilə (mətbəə üsulu ilə, ofset çap üsulu ilə və ya printerdən, surətçıxarandan çapetmə üsulu ilə) hazırlanıb? 2) Qeyd olunan orderin məzmununda sonradan hər hansısa dəyişiklik edilmişdirmi? 3) Qeyd olunan order ilk dəfə verilmişdir, yoxsa itirilmiş orderin dublikatıdır? 4) Göstərilən orderin ilk dəfə verildiyi təqdirdə onun tərtib olunması (hazırlanması) 1991-ci ilə uyğun gəlirmi?” Qərardadın icrası ilə əlaqədar məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1738 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki;

1. Təqdim edilmiş İddiaçı və X1 adlarına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli orderləri reproqrafik surətlər olub, çoxaldıcı qurğu vasitəsi ilə surətləri çıxarılmışdır.

2. İcra vaxtını müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə ekspert qarşısında qoyulmuş “göstərilən orderin ilk dəfə verildiyi təqdirdə onun tərtib olunması (hazırlanması) 1991-ci ilə uyğun gəlirmi?” sual üzrə tədqiqat aparılmadı.

3. Təqdim edilmiş ekspert qarşısında qoyulmuş “Qeyd olunan order ilk dəfə verilmişdir, yoxsa itirilmiş orderin dublikatıdır?” sual ekspertin həll etdiyi suallar dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı.” Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə sənədlərin məhkəmətexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında yuxarıda qeyd edilmiş suallar qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/584-5/592 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki; “1. Təqdim edilmiş İddiaçı adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli orderin (əsli i.v 168) blankı ofset çap üsulu ilə hazırlanmışdır.

2. Təqdim edilmiş İddiaçı adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli orderin (əsli i.v 168) üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi.

3. 16 may 2024-cü il tarixdə ekspertiza mərkəzinə daxil olmuş qərardaddakı suallar ilə tanış olduqda müəyyən edildi ki, ilk dəfə təyin edilmiş 2-1(103)-3615/2024 nömrəli mülki iş üzrə ekspert qarşısında eyni sual yəni “Qeyd olunan order ilk dəfə verilmişdir, yoxsa itirilmiş orderin dublikatıdır?” qoyulmuşdur. Qeyd olunan suala ekspert cavab olaraq bildirmişdi ki, bu sual ekspertin həll etdiyi suallar dairəsinə aid deyildir. Hər hansı bir sənədin saxta olub-olmaması, eləcə də sənəd üzərində saxtalaşdırma aparılıbaparılmaması, rəsmi orqan tərəfindən verilməsi və orada olan məlumatların doğruluğunun aydınlaşdırılması sənədlərin məhkəmə texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Sənədlərin məhkəmə texniki ekspertizası sənədlərin çap olunma üsullarını, üzərlərində olan imza, əl yazıların icra edilmə üsullarını, möhür və ştamp əkslərinin vurulma üsullarını, möhür və ştamp əkslərinin eksperimental, sərbəst əks nümunələri ilə eyni olub-olmamasını müəyyən edir. Eyni zamanda, sənədlərdə hər hansı bir saxtalaşdırılmanın eləcə də sənədin ilkin və ya dublikat olub-olmamasının müəyyən edilməsi və ona hüquqi qiymətin verilməsi ekspertizanı təyin edən orqan tərəfindən qiymətləndirilir.

4. İcra vaxtını müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə ekspert qarşısında qoyulmuş “Göstərilən orderin ilk dəfə verildiyi təqdirdə onun tərtib olunması (hazırlanması) 1991-ci ilə uyğun gəlirmi?” sual üzrə tədqiqat aparılmadı.” Təqdim edilmiş ekspert rəylərindən görünür ki, iddiaçının adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli order ofset çap üsulu ilə hazırlanmış, orderin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. Eyni zamanda, qeyd olunan orderin ilk dəfə verilmiş order olması və ya dublikat olması müəyyən edilməmişdir. Göründüyü kimi həmin orderin mötəbər sənəd olmaması (saxta olması) ilə bağlı hallar öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə:

1. yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş;

2. ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi;

3. həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Göründüyü kimi, qanunverici ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin təhvil verilməsini dövlət orqanına həvalə etmişdir və həmin arxivin tam şəkildə təhvil verilməməsi, hazırkı halda isə iddiaçı ilə bağlı verilmiş orderin təhvil verilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilə, dövlətin öz vəzifə yükü vətəndaşın üzərinə qoyula bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il tarixli BA-01620-2021 saylı məktubu ilə təqdim olunmuş arxiv arayışından görünür ki, Bakı şəhər X5 İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə - Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı Şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli sərəncamına müvafiq olaraq X3, 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarı və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli sərəncamı isə onu nəzərdə tuturdu ki, 1988-ci ildən sonra vətəndaşlara verilən bağ sahələrinin ölçüsü 0,12 ha ölçüdə olmalıdır. Qeyd olunmalıdır ki, cavabdeh idarə işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda da bildirmişdir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı sərəncamı -«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, iddiaçının qanuni istifadəsində olan 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində yerləşən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 saylı 07 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X12 massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair İddiaçı adına plan-ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar