Məhkəmə qərarları › İş №2-1(103)-438/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-438/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-438/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1877/2018 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı onun xx.xx.1978-ci il tarixdən - xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 17 aprel 2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli iş № 2-1(82)-1877/2018 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli iş № 2-1(103)-1597/2018 qərarı ilə birinci instansiya məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1597/2018 saylı iş üzrə 09 avqust 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2245/17 saylı işi üzrə qəbul etdiyi 07 noyabr 2018-ci il tarixli Qərarı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1597/2018 saylı iş üzrə 09 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1877/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə 09 yanvar 2019-cu ildə göndərilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 15/**********4 nömrəli məktubu ilə məhkəmə qərarının icra edildiyi bildirilmişdir. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə 13 fevral 2024-cü il tarixli, 3-17-1/2-31680/2024 saylı ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1877/2017 saylı, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, şəxsin pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı adından yazıldığı ehtimal olunan, imzası olmayan, xx.xx.2018-ci il tarixli ərizəsi qeydiyyatda olduğu ərazi üzrə Fondun Bakı şəhəri Nizami rayon şöbəsində (bundan sonra-şöbə) qeydiyyata alınmış, şöbənin Pensiya üzrə komissiyasının xx.xx.2018-ci il tarixli 399 №-li qərarı ilə Qanunun 9- cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün güzəştli şərtlərlə tələb olunan sosial sığorta stajı olmadığı əsas göstərilməklə İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Şöbənin vətəndaşa ünvanlanmış, pensiya işinə tikilmiş xx.xx.2018-ci il tarixli 15/1335 №-li cavab məktubunun surətində (İddiaçı ərizəsinin şöbəyə daxili olduğu eyni tarixdə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanlar; kişilər 60 yaşına çatdıqda, azə 25 sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu, lakin İddiaçı güzəştli şərtlərlə tələb olunan iş stajı olmadığı səbəbindən müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Pensiya işinə tikilmiş məhkəmə qərarında qeyd olunanlardan məlum olmuşdur ki, imtina məktubu əldə edildikdən sonra İddiaçı şöbəyə qarşı “iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun xx.xx.1978-ci il tarixdən xx.xx.2006cı il tarixədək işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əməkhaqqısı əsasında nəzərə alınmaqla 17 aprel 2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli (İş № 2-1 (82)- 1877/2018) qəbul etdiyi qərarı ilə iddia təmin edilmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 2004-2005-ci illərin əməkhaqqısı əsasında 17 aprel 2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarına qarşı şöbə tərəfindən xx.xx.2018-ci tarixli apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı (İş № 2- 1(103)-1597/2018) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarından xx.xx.2018-ci il tarixli kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə (İş № 2-1(102)- 2245/2018) şöbənin şikayəti təmin olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apellyasiya məhkəməsinin qərarlarında qeyd olunanlara əsasən məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsini məhkəmə iclaslarına göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəmələrə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmələr şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hər iki məhkəmə instansiyasında iddiaçının özü iştirak etmişdir. Pensiya işinə tikilmiş, doldurulduğu tarix “xx.xx.1973” qeyd olunmuş, nömrəsiz əmək kitabçasının notarial qaydada xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1974-xx.xx.1976-cı il dövr ərzində hərbi xidmətdə olmuş. xx.xx.1973xx.xx.1975-ci il dövr ərzində “Sənayetikintimexanikləşdirmə” trestinin 1 №-li xüsusi mexanikləşdirmə idarəsində yardımçı fəhlə, xx.xx.1978-xx.xx.1978-ci il dövr ərzində “Etalon” Bakı təcrübə zavodunda yardımçı fəhlə, xx.xx.1978-01,04.1979-cu il dövr ərzində həmin zavodda buxar qazanının maşinisti, xx.xx.1979-xx.xx.1979-cu il dövr ərzində həmin zavodda yardımçı fəhlə, xx.xx.1979- xx.xx.1980-ci il dövr ərzində həmin zavodda təchizat üzrə mühəndis, xx.xx.1980xx.xx.1981-ci il dövr ərzində həmin zavodda komplektləşdirmə üzrə mühəndis, xx.xx.1981- 01,07.1988-ci il dövr ərzundə həmin zavodun Maddi-texniki təchizat şöbəsində böyük mühəndis, xx.xx.1988-xx.xx.1989-cu il dövr ərzində həmin zavodda avadanlıq və materialların komplektləşdirilməsi üzrə mühəndis, xx.xx.1989-xx.xx.1997-ci il dövr ərzində həmin zavodun Maddi-texniki təchizat şöbəsinin müdiri, xx.xx.1997-xx.xx.2003-cü il dövr ərzində “Suraxanıneft” Neftqazçıxarma İdarəsinin Aparatında Maddi texniki təchizat şöbəsinin müdiri, xx.xx.2003xx.xx.2008-ci il dövr ərzində “28 May” Neftqazçıxarma İdarəsində ümumi məsələlər üzrə rəis müavini, xx.xx.2008- xx.xx.2011-ci il dövr ərzində “Neft Daşlan” Neftqazçıxarma İdarəsində ümumi məsələlər üzrə rəis müavini, xx.xx.2011- xx.xx.2013-cü il dövr ərzində “Azneft” X2 Aparatının Sosial inkşaf şöbəsində 15-ci dərəcəli mühəndis, xx.xx.2013- xx.xx.2017-ci il dövr ərzində “Neftqaztikinti” Trestinin müvafiq olaraq 8, 1 və 6 saylı Tikinti quraşdırma idarələrində idarə rəisinin müavini (2013-2015) və rəisi (2017) vəzifələrində (və ya peşələrində) işləmişdir. Nazirliyin “Məşğulluq” altsistemində İddiaçı adına xx.xx.2013-27.11,2017-ci il dövrlər üzrə əmək müqavilələri öz əksini tapmışdır. Vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi üçün təqdim etdiyi zəruri sənədlərin, o cümlədən əmək kitabçasına əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı 01.01,2006-cı il tarixədək 30 il 8 ay təşkil etmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, İddiaçı xx.xx.1978-ci il tarixdən 01.01,2006-cı il tarixədək işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla, 2004-2005-ci illərin əməkhaqqısı əsasında 17 aprel 2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Fondun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərarlar qəbul edilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, bütün instansiya məhkəmələrində vətəndaşın xüsusilə zərərli və xüsusilə ağır işlərdə işlədiyi peşələrin vaxtilə qüvvədə olmuş Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli siyahı”da göstərilmiş peşələrə uyğunluğu barədə əsaslı sənədlər alınmadan iddia tələbi təmin edilərək vətəndaşın xeyrinə qərarlar qəbul edilmişdir. Birinci instansiyanın qərarının əsaslandırma hissəsində qeyd olunanlardan məlum olmuşdur ki, məhkəmə iddiaçının işlədiyi peşələri Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə “11100000 - Xİ.Metal emalı” bölməsi üzrə (kod 1110200a-19217)” İsti metalın daşınması (aparılması, gətirilməsi) ilə məşğul olan nəqledicilər” və “11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi üzrə (kod 110OOOQOb) “Rəhbərlər və mütəxəssislər” peşələrinə uyğun hesab edərək əsaslandırma aparmışdır. Bakı Apellyasiya Məhkəməsi isə əvvəlki instansiya məhkəməsindən fərqli əsaslandırma apararaq İddiaçı işlədiyi peşələrin 1 №-li siyahıda nəzərdə tutulmuş “10100000 İ. Dağ-mədən işləri” bölməsinin “10103000 2.Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsi üzrə (kod 101Q300a-11717) yeraltı dağ-mədən fəhlələri, (kod 1100000a13969) buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri və “1100000b 2. Neftqaz və qaz kondensatının hasilatı bölməsi üzrə (kod 100000b-24125) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” vəzifələrinə uyğun gəldiyini hesab etmişdir. Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyası isə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən əsaslandırmasını deyil, birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla şöbənin kassasiya şikayətini əsaslı hesab etməyərək vətəndaşın xeyrinə müvafiq qərar qəbul etmişdir. Eyni zamanda, İddiaçı iddiasında qeyd olunanların mətnində heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, məhkəmələrdə vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, nəzərə alınmış dövrün zərərli əmək stajı hesab edilməsi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir.Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa borcludur. Məhkəmə, tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, araşdırma nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmadığı, məhkəmə instansiyalarının qərarlarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci İİ 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, habelə Nazirlər Kabinetinin 320 nömrəli 21,06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və ya 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) uyğunluğunun düzgün əsaslandırılmadığı, vətəndaşın işlədiyi bütün peşə və vəzifələr qeyd olunan siyahılarda ümumiyyətlə nəzərdə tutulmadığı halda qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq məhkəmə qərarlarının qəbul edilməsinə nail olunması müəyyən edilmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajının və hesablanma zamanı əsas götürülmüş əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 10 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qərarları istisna olunmaqla qanunvericiliklə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranmadığı, onun ümumi əsaslarla 65 yaşdan, yəni xx.xx.2021 -ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğu müəyyən edilmişdir. Məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarları və digər sənədlər, o cümlədən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 30 il 8 ay sosial sığorta stajı nəzərə alınmaqla, “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2018-cu il tarixli 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının müdiri - şöbə müdiri və üzvü Pensiya sektorunun müdirinin imza etməklə xx.xx.2018-ci il tarixli 399 №-li qərarı ilə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən 682,97 manat məbləğində müəyyən edilmiş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 01,09.2008-ci il tarixdən 697,97 manat, 01.01,2009-cu il tarixdən 827,54 manat. xx.xx.2010-cu il tarixdən 838,83 manat, xx.xx.2010-cu il tarixdən 848,83 manat, xx.xx.2011-ci il tarixdən 892,37 manat, 01.01,2012ci il tarixdən 956,15 manat, xx.xx.2013- cü il tarixdən 965,73 manat, xx.xx.2013-cu il tarixdən 980,73 manat, 01.01,2014-cü il tarixdən 1001,87 manat, 01.01,2015-ci il tarixdən 1014,50 manat, 01.01,2016-cı il tarixdən 1051,08 manat, 01,02.2016-cı il tarixdən 1061,08 manat, 01.01,2017-ci il tarixdən 1179,01 manat 01.01,2018-ci il tarixdən 1287,75 manat məbləğində müəyyən edilmiş, xx.xx.2019- cu il tarixdən pensiyanın ödənişinə başlanılmış, şöbənin 30.01,2019-cu il tarixli sərəncamı ilə xx.xx.2019-cu il tarixdən aylıq məbləğin 1617,67 manat qeyd edilməsinə baxmayaraq həmin tarixdən 1662,08 manat məbləğ vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Araşdırma ilə müəyyən edilmişdir ki, şöbənin sonuncu qərarı əsasında xx.xx.2008ci ildən 01.01,2019-cu ilədək olan dövr üzrə 124942,68 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən xx.xx.2019-xx.xx.2019-cu il aralığı üzrə 12 ay ərzində cəmi 19570,63 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış 105372,05 manat qalıq hissəsi vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüşdür. 01.01,2019-cu il tarixdən 01.01,2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 19570,63 manat təşkil etmişdir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı əmək pensiyasının təyin edilməsi və 01.01,2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 144513,31 manat (124942,68 +19570,63) təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-122mat-21/2066 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1877/2018 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1877/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi mümkün hesab edilməmişdir. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 100-ci maddəsinə (mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar) əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 103-cü maddəsində göstərilmişdir: ”103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.” Həmin Məcəllənin 106-ci (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: ”106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Qanunvericilik normalarının məzmunundan görünür ki, məhkəmə aktlarının yeni açılmış hallar üzrə yenidən baxılmasının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktı təşkil edir. Lakin bu halda məhkəmə səhvləri araşdırılmır, yeni açılmış hallara əsasən əvvəllər qəbul olunmuş məhkəmə aktının ləğv olunması həll olunur. Məhkəmə aktının qanunsuzluğu və əsassızlığı yeni halların açılmasından asılı olur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərizədə göstərilmiş dəlillər məhkəmə yeni açılmış hallar kimi qiymətləndirilmir. Belə ki, cavabdeh tərəfindən ilkin inzibati məhkəmə icraatı zamanı iddiaçının hüququ barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktları göstərilməmiş, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin ərizəçi tərəfindən qanunvericiliyi ilə müəyyən edilmiş müddət buraxılmışdır. Belə ki, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1877/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı xx.xx.2018-ci ildə qanuni qüvvəyə minmiş, ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə xx.xx.2024-cü il tarixində, yəni 6 ildən çox bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanun tələblərinə görə buraxılmış müddətin bərpasına yol verilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1877/2018 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar