Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4383/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Nizami Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Çobanzadə küçəsi 22, 2405-ci məhəllədə yerləşən 25 fevral 2005-ci il tarixli Bələdiyyə Əmlakının İcarəyə verilməsi haqqında müqaviləyə əsasən torpaq istifadəsində 150 kv.m olan torpaq sahəsi üzərində mükiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyə əmlakının icarəyə verilməsinə dair müqavilə əsasında ona 150 kv.m torpaq sahəsi ayrılmış, hüququn dövlət qeydiyyatı ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh onun şəxsi və xüsusi mülkiyyətinə olan hüquqların qeydiyyatından əsassız olaraq imtina etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
4. Qərardan narazı qalan iddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun icarə hüququna əsaslanan tələblərini düzgün qiymətləndirməmiş, torpaq sahəsinin istifadəsi ilə bağlı təqdim etdiyi hüquqi əsasları nəzərə almamışdır.
III. Məhkəmənin mövqeyi
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir.
7. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
8. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
9. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
10. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2)
11. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5)
12. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6)
13. Sadalanan normalardan görünür ki, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair “ərizə” ilə müraciət etməli, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
14. Hazırda iddiaçı apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etmiş, əsas kimi müddətin buraxılmasını sağlamlıq vəziyyəti ilə əlaqələndirmişdir.
15. Lakin məhkəmə kollegiyası ərizədə göstərilənlərlə razılaşmayaraq, bildirir ki, iş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan şəxsi kabinetinə yerləşdirilmiş, iddiaçı isə yalnız xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir.
16. Beləliklə, iddiaçı qərarı aldıqdan təqribən 5 aydan sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində göstərdiyi dəlil (kəskin tənəffüs yolları infeksiyası keçirməsi və müalicə alması) həmin müddətin bərpası üçün əsas qismində çıxış edə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilən səbəblər prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmuş, onun tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmamışdır.
19. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
Nəticə hissəsi
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.4, 89, 90.1-90.2 və 94.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.