Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4389/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə2 Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh Azəbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi “İnkişaf-2” kiçik müəssisəsində fəhlə işlədiyi dövrlərin iş stajı sığorta stajına daxil edilməklə Allahqulu Nəcəfqulu oğlunun pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasının cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)-2216/2015 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı “xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi “İnkişaf-2” kiçik müəssisəsində fəhlə işlədiyi dövrlərin iş stajı sığorta stajına daxil edilməklə Allahqulu Nəcəfqulu oğlunun pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2-1(82)- 2216/2015 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı qəyyumu olduğu Allahqulu Nəcəfqulu oğlunun xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi “İnkişaf-2” kiçik müəssisəsində fəhlə işlədiyi dövlərin iş stajı sığorta stajına daxil edilməklə onun pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 noyabr 2015-ci il tarixli, 2-1(103)-1967/2015 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2- 1(82)-2216/2015 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2016-cı il tarixli, 2-1(102)-453/2016 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2-1(82)- 2216/2015 saylı qərarı qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə göndərilmişdir. Daha sonra yuxarıda qeyd edilən məhkəmə qərarı icra edilmədiyi üçün Bakı İnzibati Məhkəməsi tərəfindən icra vərəqələri bir il fərqlə hələ iki dəfə Xəzər rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarına əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-2216/2015 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. İddiaçı icra məmurunun istinad edilən qərarını xx.xx.2023-cü il tarixdə qəbul etmiş və xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair ərizə ilə müraciət etmişdir. Eyni zamanda o, qardaşının pensiyasının yenidən hesablanaraq ona ödənilməli olan pul məbləğinin hesablanaraq birdəfəlik ödənilməsinə köməklik göstərilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən icra məmurunun qərarına hər hansı münasibət bildirilmədən, ikinci ərizə üzrə bir neçə il davam edən araşdırmaya başlanılmışdır. Nəticə etibarilə Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)- 2216/2015 saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) ərizə təmin edilərək, Allahqulu Nəcəfqulu oğluna əmək pensiyası ödənilməyən dövr (2009-2016) üzrə yaranmış fərq məbləğinin hazırda onun vərəsəsi İddiaçı ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)-2216/2015 saylı qərardadından iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müvafiq iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(82)-2216/2015 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın icrası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın təyin edilməsinin üstündən 2 ilə yaxın müddət keçsə də, ekspertiza rəyi əldə edilməmişdir. Bunun əsas səbəbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəxəssis rəyinin verilməməsi olmuşdur. Belə ki, sözügedən mütəxəssis rəyi vaxtında verilmədiyi üçün məhkəmə prosesi də süni süründürməçiliyə məruz qalmışdır. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova xx.xx.2024-cü il tarixdə, 2-1(82)-2216/2015 saylı icra vərəqəsi vermişdir. İcra vərəqəsində qeyd edilmişdir: "İş üzrə qəbul edilmiş məhkəmə qərarının tam və düzgün icrasının təmin edilməsi məqsədilə Allahqulu Nəcəfqulu oğluna aid aşağıdakı işlərin əsillərinin təqdim edilməsi tələb olunsun: 1. əlilliyə görə müavinət işi 2. Məhkəme qərarı əsasında təyin edilmiş pensiya işi. Sübutların təqdim edilməsi üçün Azərbaycan Respublikasinın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 20 gün müddət müəyyən edilsin". Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döviət Sosial Müdafiə Fondu icra vərəqəsinə əməl etməmiş və müvafiq sübutları məhkəməyə təqdim etməkdən boyun qaçırmışdır. Yekunda məhkəmə ekspertiza rəyi olmadan qərar verməyə məcbur qalmışdır. İş materiallarında olan, qardaşının işlədiyi "xxxx" ASC-dən verilən arayışlar da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən saxtalaşdırılmışdır. Belə ki, həmin ASC-dən alınmış və qoşmaya əlavə ediləcək xx.xx.2021-ci il tarixli arxiv arayışı və xx.xx.2018-ci il tarixli arxiv arayışı iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən məhkəməyə təqdim edilən və "xxxx" ASC tərəfindən verildiyi iddia edilən xx.xx.2020-ci il tarixli arxiv arayışı saxtalaşdırılmışdır. "xxxx" ASC tərəfindən qardaşının işi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna hər hansı bir arayış verilməmişdir. Bunu təsdiq edən sənəd isə "xxxx" ASC tərəfindən vəkil sorğusuna verilən xx.xx.2025-ci il tarixli, 12 saylı cavab məktubudur. Həmin cavab məktubunda mərhum qardaşının işi ilə bağlı iddiaçıdan başqa heç kimə arayış verilmədiyi qeyd edilmişdir. Burada əsas məsələ arxiv arayışlarında mərhum qardaşımın əmək haqları arasında fərqlərin olması və bunun işin yekun nəticəsinə təsir etməsi olmuşdur. Bununla əlaqədar "xxxx" ASC-yə sözügedən məsələ ilə bağlı sorğu verilməsi üçün məhkəməyə vəsatətlə müraciət etsə də, məhkəmə bu vəsatətə münasibət bildirməmişdir. Bununla yanaşı sözügedən məsələ ilə bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi üçün məhkəməyə müraciət etsə də məhkəmə bu məsələni də diqqətdən kənarda qoymuşdur. Beləliklə, cinayət məsuliyyəti daşımalı olan şəxslər cinayət məsuliyyətindən kənarda qalmışlar. Saxta yollarla hazırlanan arayış əsasında məhkəmə özü hesablama aparmış və ortaya iddiaçının haqqı çatandan aşağı rəqəmlər çıxmışdır. Əgər məhkəmə özü hesablama aparacaqdısa o halda ekspertiza təyin etməyə nə ehtiyac vardı. Hesablama 1992-ci ildən aparılmalı idi. Orada olan rəqəmlər həqiqəti əks etdirmir və heç bir əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)-2216/2015 saylı qərardadından cavabdeh də apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ... Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)- 2216/2015 saylı qərardadında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən məhkəmə qərarı icra edilərkən Ali Məhkəmənin qərarında ifadə edilmiş mövqe nəzərə alınmamış, nəticədə yanlışlığa yol verilmişdir. Belə ki, xx.xx.2009-cu il tarixdə Allahqulu Nəcəfqulu oğluna İİ qrup əlilliyə görə sosial müavinət deyil, əmək pensiyası təyin edilməli idi. Məhkəmə qərarının tam və düzgün icra edilməsi üçün Allahqulu Nəcəfqulu oğluna xx.xx.2009-cu ildən xx.xx.2016-ci il tarixindək aldığı əlilliyə görə sosial müavinət ilə xx.xx.2016-ci il tarixdə müəyyən edilmiş əlilliyə görə əmək pensiyası məbləği arasında olan fərq məbləği ödənilməlidir. Lakin bildirilir ki, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsi 18 iyul 2025-ci il tarixli 2-1(82)-2216/2015 saylı qərardadı ilə 2009-2016-cı illər üzrə yaranmış fərq məbləğinin İddiaçı ödənilməsi vəzifəsini cavabdehə həvalə etməklə iddianın mahiyyəti üzrə qərar qəbul etmiş, məhkəmə qərarının icra edilib-edilməməsinə münasibət bildirməmiş, həmçinin məhkəmə qərarının icra edilmədiyi təqdirdə qanunvericiliyin tələbinə müvafiq olaraq hər hansı bir məcburi icra tədbirini tətbiq etməmişdir. xx.xx.2016-cı il tarixində qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2216/2015 saylı qərarı cavabdeh tərəfindən icra edilmişdir. Fondun keçmiş Xəzər rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 1969 saylı qərarına əsasən Allahqulu Nəcəfqulu oğlunun xx.xx.1980-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixinden xx.xx.1993-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək cəmi 11 il 7 ay əmək fəaliyyəti dövrləri sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2016-Cı il tarixindən 171,99 manat məbləğində İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-c tarixinədək ödənilməyən vəsait aylıq əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Teyyub qızı izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı işə baxılanda hakim tərəfindən ekspertiza təyin edilmiş və s. hərəkətlər edilmişdir, halbuki qərarın icrası və yaxud izahı tipli işlərdə artıq mübahisə olmamalı və yeni bir hal araşdırılmamalıdır. Məhkəmənin 2015-ci il tarixli qərarında müəyyən staj nəzərə alınmaqla pensiyanın yenidən hesablanması qaydası göstərilmişdir. Vətəndaş həmin prosedurdan narazı qalmışdırsa müvafiq qərardadan şikayət verə bilərdi. Yaxud qərarın icrası zamanı - 8 indeksli icraat əsasında pensiyanın yanlış hesablanması və yaxud icrasını mübahisələndirməli idi. Eyni zamanda icra şöbəsinin xitam qərarı mübahisələndirilməmişdir. İş materiallarında ərizə olsa da, ayrıca 8-indeksli icraat ürə iş açılmamışdır. Yekun qərar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qərardadını, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, mübahisələndirilən qərardad prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, icra sənədi üzrə aparılmış icra icraatına icra məmuru tərəfindən xitam verilməsi barədə qərar qəbul edilmiş, həmin qərar iş materiallarına əlavə edilmiş, eyni zamanda həmin xitam qərarının ləğvi barədə hətta məhkəməyə ərizə də təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi nə ayrıca prosessual aktda, nə də hazırda mübahisələndirilən qərardadın əsaslandırma hissəsində həmin xitam qərarının hüquqi qüvvəsinə, qanuniliyinə və ya onun mübahisənin predmeti baxımından əhəmiyyətinə dair hər hansı hüquqi mövqe bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra icraatına xitam verilməsi haqqında qərar icra münasibətinin hüquqi statusunu müəyyən edən mühüm prosessual aktdır və bu akt qüvvədə qaldığı müddətdə icra icraatının davam etməsi, icra tədbirlərinin dəyişdirilməsi və ya icranın istiqaməti üzrə yeni araşdırmaların aparılması hüquqi baxımdan mümkün hesab edilə bilməz. Bu səbəbdən məhkəmə tərəfindən icranın davamına yönəlmiş hər hansı prosessual göstəriş verilməzdən əvvəl həmin xitam aktının hüquqi taleyinin müəyyən edilməsi zəruri idi. Birinci instansiya məhkəməsi isə bu ilkin hüquqi məsələni həll etmədən birbaşa icranın mahiyyəti üzrə nəticəyə gəlmiş, beləliklə də iş üzrə mövcud hüquqi vəziyyəti müəyyən etmədən qərar qəbul etmişdir. Bu yanaşma prosessual ardıcıllıq prinsipinə uyğun deyil, çünki məhkəmə əvvəlcə icra icraatının mövcud olub-olmamasını müəyyən etməli, yalnız bundan sonra icra tədbirlərinə dair tələbləri qiymətləndirməli idi. Xitam qərarı – icra icraatının bitməsi haqqında prosessual aktdır. O qüvvədə qaldığı müddətdə iki nəticə yaranır: (1) icra icraatının davam etməsi üçün əsas aradan qalxır; (2) tərəflərin həmin icraat daxilində əlavə icra hərəkətləri tələb etmək imkanları ya tam, ya da ciddi şəkildə məhdudlaşır (çünki icra məmurunun səlahiyyət dairəsində görüləcək iş artıq bitmiş icraat üzərində qurula bilməz). Məhkəmənin icra nəzarəti mexanizmləri isə, prinsip etibarilə, davam edən icra münasibətinə tətbiq edilir: məhkəmə icra tədbirlərini müəyyənləşdirir, icra vərəqəsini icraya yönəltməyə dair göstəriş verir, icranın təmin edilməməsi hallarını aradan qaldırmaq üçün hüquqi mexanizmləri işə salır və s.. Cavabehin apellyasiya şikayəti də qeyd olunan arqumentlər üzərində qurulub. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, icra icraatının mövcudluğu icranın təmin edilməsinə yönəlmiş ərizələrin mümkünlüyünün zəruri ilkin şərtidir. İcra icraatı xitamla başa çatdırılmış və həmin xitam aktı qüvvədə qaldığı halda icranın davam etdirilməsi və ya bu istiqamətdə əlavə araşdırma aparılması barədə tələb hüquqi predmet baxımından uyğun sayıla bilməz. Belə halda ərizə mahiyyəti üzrə baxılmalı olan tələb deyil, prosessual baxımdan mümkün olmayan tələb xarakteri daşıyır. Birinci instansiya məhkəməsi isə bu prosessual maneəni aradan qaldırmadan ərizəni təmin etməklə faktiki olaraq mövcud olmayan icra icraatı çərçivəsində hüquqi nəticə yaratmışdır ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir və icra münasibətlərində ziddiyyətli hüquqi vəziyyət yaradır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmənin xitam qərarına münasibət bildirməməsi tərəflərin müdafiə hüquqlarına da mənfi təsir göstərmişdir. Tərəflər icra icraatının hüquqi statusunun müəyyən edilmədiyi şəraitdə öz prosessual mövqelərini adekvat şəkildə formalaşdırmaq imkanından məhrum olmuşlar. Bu isə məhkəmə araşdırmasının çəkişmə və bərabərlik prinsiplərinin təmin edilməsinə maneə yaradan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan və mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyan xitam qərarının hüquqi qüvvəsini müəyyən etmədən icranın davamına yönəlmiş nəticə çıxarmaqla prosessual hüquq normalarını pozmuş, ərizənin mümkünlüyü məsələsini qiymətləndirmədən onu təmin etmişdir. Bu səbəbdən mübahisələndirilən qərardad qanuni və əsaslı hesab edilə bilməz, çünki məhkəmə tərəfindən ərizənin mümkün olub-olmaması məsələsi araşdırılmadan faktiki olaraq mahiyyət üzrə yeni qərar qəbul edilmişdir. Halbuki xitam qərarının qüvvədə olduğu şəraitdə icranın istiqaməti üzrə yeni araşdırma aparılması barədə ərizə hüquqi baxımdan mümkün sayılmamalı idi və birinci instansiya məhkəməsi bu prosessual maneəni nəzərə almamaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.6-cı maddəsinə görə, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)- 2216/2015 saylı qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin Bakı İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(82)-2216/2015 saylı qərardadı ləğv edilsin. Ərizə mümkün mümkün sayılmasın. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4389/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4389/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver