Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-439/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, X1 Zamanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-4326/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X1 Zaman cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, iddiaçıya ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İQ- 33/2 saylı x xxxxxx 2020-ci il tarixli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarının ləğv edilməsi, onun üzərinə iddiaçının x xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona və ailə üzvünə qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun arvadı x xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişlər. x xxxxxx 2020-ci il tarixdə iddiaçı sığınacaq vəsatəti ilə hazırkı cavabdehə müraciət etmişdir. Cavabdehin onunla apardığı müsahibə zamanı iddiaçı bildirmişdir ki, milliyyətcə həzaradır, arvadı Səbirə ilə sonuncunun ailəsinin razılığı olmadan evləndiyindən, qaynatası tərəfindən təqib edilir, milliyyətcə hazara olduğuna görə Əfqanıstanda anti-hazara qruplaşmaları tərəfindən təqib olunmaqdan qorxur və bu səbəbdən geri qayıtmaq istəmir. x xxxxxx 2020-ci il tarixdə cavabdehin İQ- 33/2 saylı qərarı ilə iddaçının sığınacaqla bağlı vəsatəti rədd edilmişdir. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırmışdır. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası / 1967-ci il Protokoluna qoşulmuşdur (xx xxxxxx 1993-cü il tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi və prosessual hüquq normalarına bölünür. Hesab olunur ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbulundan imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verilmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm faktlar arvadının ailəsinin razılığı olmadan evləndikləri üçün qaynatası tərəfindən və etnik mənsubiyyətinə görə həzara olduğu üçün anti-hökumət elementləri tərəfindən təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. Mühüm faktların müəyyən edilməsi mərhələsində ərizəçinin (iddiaçının) izahatına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhəsələsində isə, müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə (iddiaçıya) münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən müvafiq amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar birbiri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: ərizəçinin etnik mənsubiyyəti, ərizəçinin arvadının ailəsinin razılıq verilmədiyi halda onların evlənməsi, ərizəçinin arvadının ailəsi tərəfindən özünün və arvadının təqib edilməsi riski, ərizəçi qaçmaq yolu ilə evlənməyə cəhd göstərdiyinə görə arvadının ailəsi tərəfindən təqib edilə biləcəyini iddia edir. İctimaiyyətə açıq olan məlumatlara əsasən sosial normalarını pozan qadın və kişilər yaxın ailə üzvləri tərəfindən ciddi cəzalara məruz qalır: “Xüsusilə müvafiq qaydada müşayət olunmama, evlilikdən imtina və ya evdən qaçma kimi “mənəviyyat cinayətlərinə görə həbs daxil olmaqla adətlərin və şəriət qanunlarının pozulması zamanı qadınlar və qızlar qeyri-mütənasib cəzalara məruz qalır. Geniş yayılmış adətlərə qarşı çıxan kişilər, xüsusilə zina və nikahdankənar cinsi əlaqələrdə günahlandırılanlar pis rəftara məruz qala bilər”.Həmçinin, ərizəçi etnik mənsubiyyətinə görə hazaradır; bu fakt DMX tərəfindən təhlil olunmayıb və qərarda əks olunmayıb. Həzaralarla əlaqədar vəziyyət aşağıdakı kimidir: “Hazaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Hazaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir”. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir.Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair Mənşə Ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir. Ərizəçi etnik və dini mənsubiyyətinə, eləcə müəyyən sosial qrupa mənsubiyyətinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanıstanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən ərizəçiyə və onun ailə üzvünə (arvadı Yavari Sabirəyə) qaçqm statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və cavabdehin 98 saylı xx xxxx 2020-ci il tarixli və İQ-33/2 saylı xx xxxxxx 2020-ci il tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4326/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsinin qismən qəbul edilməsi, iddia tələbinin “cavabdehin xx xxxxxx 2020-ci il tarixli İQ-33/2 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçıya qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək qaçqın statusunun verilməsi” kimi göstərilməsi, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4326/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4326/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (pasport – P 02231512) x xxxxxx 1988-ci il tarixdə doğulmuş hazırkı X1 Zaman ailə üzvü (arvadı Yawari Sabira) ilə birlikdə x xxxxxx 2019cu il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xid-mətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı və arvadı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə hazara olduğunu, olduğu ölkədə təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə x xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona (ailəsi ilə birlikdə) qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunmalıdır ki, iddiaçı sözegedən x xxxxxx 2020-ci il tarixli qərarından inzibati qaydada şikayət vermiş, lakin AR Dövlət Miqrasiya Xidməti tərəfindən şikayət təmin edilməmiş və x xxxxxx 2020-ci il tarixli qərarın dəyişdirilmədən sxlanılması barədə xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Zamanın ona “Qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “Qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də X1 Zaman vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlıq sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin X1 Zamana ailə üzvləri ilə birlikdə “Qaçqın” statusunun verilməsindən imtina olunması barədə x xxxxxx 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Əfqanıstan vətəndaşıdır. xx xxxxxx 2019-cu ildə o, qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O və həyat yoldaşı dini inancına görə təqib ediləcəklərindən qorxduqları üçün ölkələrinə geri qayıtmaq istəmirlər. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının və ailə üzvlərinin vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmadıqları, siyasi fəaliyyətlə məşğul olmadıqları, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadıqları, iddiaçının və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmiş, o, özünün və ailə üzvünün etibarlı pasportunu təqdim edərək yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin və ailə üzvünün vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmadıqları, siyasi fəaliyyətlə məşğul olmadıqları, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadıqları, onun və ailə üzvünün vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün yetərli olmadığını nəzərə alaraq, hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4326/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-439/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-439/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver