Məhkəmə qərarları › İş №2-1(103)-439/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-439/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-439/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərovdan və X14 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, üçüncü şəxslər X8, X11, üçüncü şəxslər X6 və X3 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı “qərarın qismən etibarsız və onun hüquqi nəticələrinin həmin hissələrdə qanunsuz sayılması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “vətəndaş X1 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsinin ayrılması barədə 041 saylı xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№ 420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin 25/347 saylı xx.xx.1976-cı il tarixli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 5.0 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İKnin xx.xx.1989-cu il tarixli qərarı ilə həmin İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış torpaq sahəsindən 4.0 ha kooperativ bağların tikintisi üçün ayrılmışdır. Bu məqsədlə qeyd olunan nazirliyin struktur bölməsi olmuş “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində İddiaçı BTK təsis edilmiş və keçmiş Şaumyan rayonu XDS İK-nin xx.xx.1989-cu il tarixli 81/58 saylı qərarı ilə İddiaçı BTK qeydiyyata alınmışdır. Eyni zamanda, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində kooperativ bağların tikintisi üçün ayrılmış 4.0 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini F.Cəfərov tərəfindən xx.xx.1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı BTK ona ayrılmış torpaq sahəsinə istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən plan və ölçüsünün alınması üçün müvafiq sənədlərlə xx.xx.2013-cü il tarixdə cavabdeh quruma müraciət etsə də, cavabdehin xx.xx.2013-cü il tarixli **********604 saylı məktubu ilə əsassız olaraq guya istifadədə olan 1.29 ha torpaq sahəsinin olması və həmin sahədə digər şəxslərə aid iki mərtəbəli evin tikilməsi səbəbi ilə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. Ayrılmış torpaq sahələrinin İddiaçı BTK-nın istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli 2in(82)-372/2012 saylı qərarı ilə də təsdiq edilmiş və Azərbaycan Respublikası DT və XK Bakı şəhər şöbəsi tərəfindən İddiaçı BTK-ya ayrılmış torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə A№420054 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci, 2.1-ci, 8.0.5-ci və 15.1-ci maddələrinə, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci, 20.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 35.1-ci və 39.1-ci maddələrinə istinad edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı BTK-ya Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış 4.0 ha torpaq sahəsinin istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin üzərinə İddiaçı BTK-ya Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış 4.0 ha torpaq sahəsinin istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddianın təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 «vətəndaş X1 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə» xx.xx.2005-ci il tarixli, 041 saylı qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A seriyalı 420054 saylı «torpaq sahəsinin plan və ölçüsü»ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan üçüncü şəxslər tərəfindən də apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin məzmunu eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırma hissəsində sadəcə maddi və prosessual qanunvericilik aktlarının tələbləri sadalanmış, iddianın təmin edilməsinin hüquqi əsaslandırılması sadəcə bu paraqrafda qeyd edilənlərlə aparılmış, işdə mövcud olan faktlara və sübutlara hansı əsaslardan qeyd olunan qanunvericilik aktlarının tətbiq edilməsi qeyd edilməmişdir. Məhkəmə tərəfindən bir sıra kobud qanun pozuntusuna da yol verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-12/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və üçüncü şəxslər ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 995/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-12/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında göstərilmişdir ki, “İddiaçı Bağ-Tikinti Kooperativi tərəfindən 4.0 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərə (kooperativin üzvlərinə) ayrılmasına dair işin halları aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır. Halbuki, bu halın araşdırılması hazırkı iddia ilə çıxış etmək hüququ olan şəxs(lər)in dairəsinin müəyyən edilməsi üçün əhəmiyyətlidir. Belə ki, kooperativ üzvlərinə torpaq sahələrinin ayrılması barədə qərarlar və orderlər həmin şəxslərin ayrılan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun yaranmasına əsas verir ki, məhz həmin şəxslər də onlara ayrılmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqularının müdafiəsi ilə əlaqədar iddia qaldırmaq hüququna malikdirlər. Belə olan halda isə başqa şəxslərə (kooperativin üzvlərinə) ayrılmış torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı İddiaçı Bağ-Tikinti Kooperativinin hüquqi marağının mövcudluğundan söhbət gedə bilməz”. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxslər və onların nümayəndə və vəkilləri apellyasiya şikayətinə uyğun izahatlar verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək, həmçinin kassasiya instansiyası məhkəməsinin qərarında öz əksini tapmış göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İş materiallarında olan: -Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4.0 ha hissəsində tikintinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. Torpaq sahəsində tikintinin aparılması üçün İddiaçı Bağ -Tikinti Kooperativi və nizamnaməsi qeydiyyata alınmışdır. - Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının təsisçilərinin bərabər, yəni 1/28 paylarla adlarının sadalanan müxtəlif fiziki şəxslərdən ibarət olması faktı müəyyən edilmiş, kooperativin yeni nizamnaməsi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə (İ cild: iş v.38) Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarına əsasən İddiaçı Bağ - Tikinti Kooperativinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış 4.0 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, məhkəmə qərarının icrası qaydasında xx.xx.2012-ci ildə torpaq sahəsinə plan və ölçü verilmişdir. Həmin qərarının məzmununda qeyd edilmişdir ki, (Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin dəlilləri kimi) 4.0 ha torpaq sahəsi kooperativin 49 üzvünə bölündüyü halda (kooperativ üzvlərinin ümumi iclasında torpaq sahəsi 49 nəfər kooperativ üzvü arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış - order verilmişdir) Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə kooperativ təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvdən ibarət olması faktı müəyyən edilmişdir. Bundan əlavə, kooperativ tərəfindən 1.3 ha torpaq sahəsi zəbt edilmiş, eyni zamanda 23 il ərzində torpaq sahəsi təyinatına uyğun istifadə edilməmiş və orada heç bir iş görülməmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı xx.xx.1991-ci ildən etibarsız hesab edilmiş, həmin qərar əsasında aparılmış sənədləşmələr torpaqdan təyinatı üzrə 2 (iki) il ərzində istifadə edilmədiyi üçün qüvvəsini itirmiş hesab edilmişdir. - Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə (Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı) Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ləğv edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə yenidən Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı xx.xx.1991-ci ildən etibarsız hesab edilmiş, həmin qərar əsasında aparılmış sənədləşmələr qüvvəsini itirmiş hesab edilmişdir - Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ləğv edilmiş, gələcəkdə eyni əsaslarla sərəncamın qəbulu qadağan edilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı). - Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu (1998-ci il tarixli) ilə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 35 saylı ev Zenfira Salahzadəyə məxsus olmuşdur (5.29 ha faktiki torpaq sahəsi, 386.5 kv.m. evin sahəsi) - X5 və Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında fərdi yaşayış evi Kübra Camalovanın adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu onun adına dəyişdirilmişdir. - Cavabdeh2 xx.xx.2005-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 5.29 ha torpaq sahəsi Kübra Camalovanın mülkiyyətinə verilmiş, eyni zamanda torpaq sahəsinin eskiz sxemi və torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. - xx.xx.2005-ci il tarixli vəsiyyətnaməyə əsasən, X20 rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 35 ünvanında fərdi yaşayış evini nəticəsi Maraqlı şəxs vəsiyyət etmişdir. -ünvan 1 ünvanında fərdi yaşayış evi (387 kv.m.) və 5.29 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə Kübra Camalovanın adına qeydiyyata alınmış, fərdi yaşayış evinin texniki pasportu tərtib edilib verilmişdir (İ cild: iş v.50). - xx.xx.2014-cü il tarixdə, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi Maraqlı şəxsnın adına qeydiyyata alınmışdır (İ cild: iş v. 301). - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən 041 saylı xx.xx.2005-ci il tarixli qərarı maddi hüquq normalarının tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 həmin qərarla İddiaçı BTK-nın mülkiyyətinə aid olan torpaq sahəsini qeyd olunan vətəndaşın mülkiyyətinə ayırmaqla mülki və torpaq qanunvericiliyinin tələblərini pozmuş və torpaq sahəsini faktiki olaraq özgəninkiləşdirmişdir. Halbuki, mübahisəli torpaq sahələri iddiaçının mülkiyyətinə aid olmuş və həmin sahələrin Cavabdeh2 mülkiyyətinə verilməsi haqqında müvafiq icra hakimiyyətinin hər hansı bir qərarı mövcud olmamışdır. Nəticədə, Bələdiyyənin müvafiq qərarı İddiaçı BTK-nın istifadəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4.0 ha hissəsində tikintinin aparılması üçün xx.xx.1989cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. İddiaçı hazırkı tələbində Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə “vətəndaş X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 5.3 ha torpaq sahəsinin İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№ 420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilində yerləşdiyini əsas gətirərək, həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş subyektiv hüququ mövcud olmamışdır. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, 4.0 ha torpaq sahəsi kooperativin 49 üzvünə bölündüyü halda (kooperativ üzvlərinin ümumi iclasında torpaq sahəsi 49 nəfər kooperativ üzvü arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış - order verilmişdir) Binəqədi rayon Məhkəməsinin xx.xx.2011- ci il tarixli qətnaməsi ilə kooperativ təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvdən ibarət olması faktı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı BTK-nın üzvü olmuş X12 şahid qismində ifadə verərək bildirmişdir ki, Kooperativə ayrılmış torpaq sahələri Kooperativ üzvləri arasında bölünmüşdür. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X9 izahat verərək, İddiaçı üzvlərinin hamısının torpaq sahəsinin olduğunu və Kooperativə ayrılmış torpaqların bütün üzvləri arasında bölündüyünü bildirmişdir. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsinin Kooperativ üzvləri arasında bölünməsi faktı iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiq olunur. Eyni zamanda iş materiallarında kooperativin üzvlərindən Tahir Qocayev, Elşən Abbasov və Nazim İsmayılovun (İ cild: iş v. 120,133 və 134) iddianın təmin edilməməsinə dair ərizəsi də mövcuddur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, başqa şəxslərə (kooperativin üzvlərinə) ayrılmış torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı İddiaçı Bağ-Tikinti Kooperativinin hüquqi marağı mövcud deyil. Əlavə olaraq qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlaraq İddiaçınə ayrılmış torpaq sahəsinin yanında (ətrafında) yerləşən torpaq sahələrinə (həmin torpaq sahələrinin üzərində tikilmiş fərdi yaşayış evlərinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışların və həmin çıxarışların verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin ərazidə qeydiyyatdan keçmiş bir neçə torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, qeyd edilən ərazidə yerləşən torpaq sahələrinə (həmin torpaq sahələrinin üzərində tikilmiş fərdi yaşayış evlərinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı verilmiş çıxarışların əsası kimi mülki hüquqi əqdlər və bələdiyyə qərarları çıxış etmiş, ümumiyyətlə iddiaçıya məxsus hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması, başqa sözlə, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir (subyektiv hüququn mövcudluğu). Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə, Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, ”subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbi mümkün sayılmadığından Kollegiya iddianın mahiyyəti ilə bağlı digər dəlillərə münasibət bildirilməsini zəruri hesab etmir. Belə ki, məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin qərarındakı İddiaçı BTK-ya və mübahisələndirilən Bələdiyyə qərarı ilə üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin üstüstə düşüb-düşməməsi məsələsinin araşdırılması ilə əlaqəli göstərişin (ilkin ayrıc sənədləri əsasında) icrası məqsədi ilə müvafiq ekspertiza tədqiqatının keçirilməsi üçün qərardad qəbul edilərək iş materialları Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatı ilə (torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə) məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı “qərarın qismən etibarsız və onun hüquqi nəticələrinin həmin hissələrdə qanunsuz sayılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar