Məhkəmə qərarları › İş №2-1(103)-439/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-439/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-439/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür.

2. НЗ ******* №-li hərbi biletə əsasən iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il, 1 ay 9 gün).

3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı:

4. xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Şin zavodunun İxtisaslaşdırılmış Təmir-Tikinti sexində fəhlə işləmişdir (3 il 5 ay 17 gün).

5. xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Təmir-Tikinti sexində betonçu işləmişdir (12 il 3 ay 15 gün).

6. xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin TəmirTikinti sexində dülgər işləmişdir (xx.xx.2006-cı il tarixədək- 1 il 27 gün).

7. 23.04.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində dülgər işləmişdir.

8. 03.11.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Neftqaztikinti” tresti 4 saylı Tikinti Quraşdırma İdarəsində dülgər işləmişdir.

9. 06.08.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində dülgər işləmişdir.

10. xx.xx.2017-ci il tarixdən 7 saylı Tikinti Quraşdırma Bölümünün 5 saylı tikinti quraşdırma sahəsində dülgər işləyir.

11. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

12. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair 15 fevral 2024-cü il tarixli 01/18 nömrəli arayışında xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmir-tikinti sexində betonçu vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi işlədiyiniz Təmir-tikinti sexinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı sovet ordu sıralarında xidməti və müxtəlif vəzifələrdə çalışaraq 25 il ümumi sığorta stajı və 15 il 08 ay 29 gün güzəştli iş stajını tamamlayaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, qeyd etməy izəruri hesab edir ki, X1 Təmir-tikinti sexində zərərli sahədə betonçu kimi tam 8 saat işləmiş və həmin Təmirtikinti sexinin fəhlə-betonçuları da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş yuxarıda göstərilən və cavabdehin məktubunda istinad olunan Siyahının 29-cu bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” vəzifə koduna uyğundur. Bu kateqoriyaya aid işlər, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahı”sının “XXVİİ” bölməsində nəzərdə tutulmuş, 22900000 və 2290000a- 11140 kodlarına uyğundur. Bu səbəbdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. İşəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, X7 şirkətdə xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Bakı Şin zavodunun İxtisaslandırılmış Təmir-tikinti sexində İ dərəcəli fəhlə, xx.xx.1985-cil tarixdən xx.xx.1998-ci il tarixədək isə Təmir-tikinti sexində İİ dərəcəli betonçu vəzifələrini icra etmiş, Göstərilən işlər üzrə X5 əmək stajı 15 il, 8 ay, 29 gün təşkil etmişdir.

15. Cavabdeh tərəfindən iddiaya Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur.

16. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5.08.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı tələbi üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması və ya fərdi hesabrn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 2) güzəştli iş stajının 12 il 6 ay olması; 3) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması. İş materiallarına əsasən iddiaçı A.X8 təqdim etdiyi "xxxx" ASC-nin ona dair 15 fevral 2024-cü il tarixli 01/18 nömrəli arayışında xx.xx.1985-xx.xx.1998- ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmir-tikinti sexində betonçu vəzifəsində işlədiyi qeyd olunmuşdur.Göründüyü kimi, İddiaçı işlədiyi Təmir-tikinti sexinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçı A.X8 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 34 il 4 ay 2 gün (01.01,2006-cı il tarixədək 19 il 3 ay 2 gün (xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət), xx.xx.1982-xx.xx.1998-ci il, xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 1 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Eyni zamanda bildirirlər ki, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2024-cü i' tarixli e-2-1(112)- 9586/2024 nömrəli qərarının əsaslandırma hissəsində iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli olduğu qeyd olunsa da, həmin qərarın nəticəvi hissəsində İddiaçı 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5.08.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qeyd olunmuşdur. Göründüyü kimi. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli e-2-1(112)- 9586/2024 nömrəli qərarının əsaslandırma və nəticəvi hissələrinin arasında ziddiyyət vardır. Məhkəmənin gəldiyi nəticə ilə əsaslandırma hissəsi arasında ziddiyyət olduğundan hesab edirlər ki, 05 avqust 2024-cü il tarixli e-2-1(112)-9586/2024 nömrəli qərar ləğv edilməlidir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, məhkəmə Kollegiyasının əvvəlki məhkəmə iclasında iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına birinci instansiya məhkəməsi tərəfindən ümümiyyətlə münasibət bildirilmədiyini qeyd etmişdir.

22. Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının sonuncu məhkəmə iclasında məhkəmənin tələbinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına dair xx.xx.2024-cü il tarixli Xidməti məktubu məhkəməyə təqdim edərək bildirmişdir ki, qanunvericiliyə əsasən iddiaçıya münasibətdə 40.300,0 manat pensiya kapitalı tələb olunur, iddiaçının 51.216,62 manat məbləğində pensiya kapitalı mövcuddur.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır

25. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

26. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsivəödənilməsiQaydaları”(xx.xx.2022-dəkqüvvədəolan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:

33. Məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; d) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin halları ilə təsdiqini tapır.

35. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, nümayəndə məhkəmə Kollegiyasının əvvəlki məhkəmə iclasında iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına birinci instansiya məhkəməsi tərəfindən ümümiyyətlə münasibət bildirilmədiyini qeyd etmişdir.

36. Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının sonuncu məhkəmə iclasında məhkəmənin tələbinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına dair xx.xx.2024-cü il tarixli Xidməti məktubu məhkəməyə təqdim edərək bildirmişdir ki, qanunvericiliyə əsasən iddiaçıya münasibətdə 40.300,0 manat pensiya kapitalı tələb olunur, iddiaçının 51.216,62 manat məbləğində pensiya kapitalı mövcuddur.

37. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına dair qanunvericiliyin şərti də ödənilir və odur ki, bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır.

38. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının yaşı və ümumi iş stajı barədə mübahisə yoxdur.

39. İddiaçının güzəştli iş stajının olmaması ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına əsasən iddiaçı A.X8 təqdim etdiyi "xxxx" ASC-nin ona dair 15 fevral 2024-cü il tarixli 01/18 nömrəli arayışında xx.xx.1985-xx.xx.1998- ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmirtikinti sexində betonçu vəzifəsində işlədiyi qeyd olunmuşdur.Göründüyü kimi, İddiaçı işlədiyi Təmir-tikinti sexinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.

40. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

41. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir..

42. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işə qəbul xx.xx.1982-ci il (Əmr- 21k, xx.xx.1982) tarixindən xx.xx.1985-ci il tarixinədək Bakı Şin zavodunun İxtisaslaşdırılmış Təmir-tikinti sexində 1 dərəcəli fəhlə, xx.xx.1985-ci il (əmr 43-k, xx.xx.1985) ildən xx.xx.1998-ci il (əmr 02-k, xx.xx.1998) tarixinədək Təmir-tikinti sexində 2 dərəcəli betonçu işləmişdir. X7 işlədiyi vəzifə üzrə social sığorta (əmək) stajı 15 il, 8 ay, 29 gün təşkil edir. İxtisaslaşdırılmış Təmir-tikinti sexinin fəhlə-betonçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahının 29 bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulan “XXVİİ” bölmə, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” 22900000 və 2290000a-11140 kodların uyğundur. X2 Təmir-tikinti sexində zərərli sahədə tam 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Bu isə ona zərərli sexdə işlədiyinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.

43. Təqdim edilən arayışa əsasən iddiaçının 15 il 08 ay 29 gün güzəştli stajının olması müəyyən edilir.

44. Odur ki, məhkəmə Kollegiyası yuxarıda göstərilən apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir və qeyd edir ki, İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir.

45. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2041/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19- cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-90/2024 nömrəli, 2-1(102)1844/2023 nömrəli, 2-1(102)-945/2023 nömrəli, 2- 1(102)- 954/2023 nömrəli və 2-1(102)1551/2023 nömrəli qərarları).

46. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, apellyasiya şikayətinin digər dəlili olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2024-cü i' tarixli e-2- 1(112)-9586/2024 nömrəli qərarının əsaslandırma hissəsində iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli olduğu qeyd olunsa da, həmin qərarın nəticəvi hissəsində İddiaçı 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5.08.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qeyd olunmuşdur. Göründüyü kimi. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli e-2-1(112)- 9586/2024 nömrəli qərarının əsaslandırma və nəticəvi hissələrinin arasında ziddiyyət vardır. Məhkəmənin gəldiyi nəticə ilə əsaslandırma hissəsi arasında ziddiyyət olduğundan 05 avqust 2024-cü il tarixli e-2-1(112)-9586/2024 nömrəli qərar ləğv edilməlidir.

47. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilinin birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmədiyini qeyd etməklə yanaşı bildirir ki, iddiaçının tələbi ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi olmuşdur.

48. Həmçinin, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5.08.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

49. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hеsаb еdir ki, iddiaçıya “xx.xx.2021-ci il tarixi” əvəzinə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qeyd olunmasının texniki səhv olması nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən məhkəmə Kollegfiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar