Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4391/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X11 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X4 nümayəndəsi (qızı) X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X6, X13 və X14 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(112)- 5514/2025 nömrəli qərarından üçüncü şəxslər X6 və X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və onun xx.xx.2008-ci il təvəllüdlü övladı X2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1 K) saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü övladı X2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1/1K” ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən X6, X13 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ailə quranadək atası X18 məxsus ünvan 2 ünvanda yerləşən mənzildə yaşamışdır. O, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində 296 saylı nikah qeydinə əsasən nikaha daxil olmuşdur. xx.xx.2008-ci il tarixdə qızı X7 dünyaya gəlmişdir. Ailə qurduqdan 6 ay sonra əri nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddiaçı atasına məxsus evə gəlmişdir. Ailədə 4 bacı olublar, digər bacıları ailəli olduqları üçün iddiaçı atası və anası ilə birlikdə yaşamışdır. Atası ağır onkoloji xəstəlikdən xx.xx.2022-ci il tarixdə vəfat edəndən sonra anası Samayə Kərimova ilə münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçının anası Samayə Kərimova onu və azyaşlı qızını əşyaları ilə birlikdə küçəyə atmışdır. O, mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü övladı X7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1K) saylı mənzilə köçürülmə tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3259/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvədə qalmışdır. xx.xx.2024-cü il tarixdə qətnamə icra olunmuş və iddiaçı azyaşlı övladı X7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1K) saylı mənzilə köçürülmüşdür. Lakin, qeyd olunan ünvanda pasport qeydiyyatına alınma ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(112)- 5514/2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslər X6 və X14 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1 k) saylı mənzil X15 və onun qızı X1 həyat yoldaşı olan X16 məxsusdur. İddiaçı onlarla olan ailə münasibətləri çox pisdir və heç bir formada yola gedə bilmirlər. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan qızı ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1 k) saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Belə ki, iddiaçı sözügedən mənzildə heç vaxt yaşamamışdır. Hal-hazırda da İddiaçı istifadə hüququ aldığı bu mənzildə yaşamır. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən Bakı İnzibati Məhkəməsinin № 2-1(112)- 5514/2025 saylı xx.xx.2025-ci il qərarı ilə üçüncü şəxsin mənafeyi və qanuni maraqları pozulmuşdur. Bildirilir ki, İddiaçı həm X15, həm də digər ailə üzvəri ilə düşmənçilik münasibəti yaşayır. Onunla bir evi bölüşmək mümkün deyil. Həmçinin bildirilir ki, İddiaçı həm özünün, həm də qızının Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1 k) saylı mənzilə qeydiyyata alınması üçün Bakı İnzibati Məhkəməsinə müraciət edən zaman üçüncü şəxs qismində sadəcə olaraq X15 və qızı X6 işə cəlb edilmişlər. Halbuki evin sənədlərində qızının həyat yoldaşı X9 da adı var. Lakin Bakı İnzibati Məhkəməsi işə baxarkən onlarla birlikdə digər mülkiyyətçi olan X17 üçüncü şəxs qismində işə cəlb etməmişdir. Bu səbəbdən də X19 mülkiyyətçi olduğu halda üçüncü şəxs qismində işə cəlb edilmədiyi üçün Bakı İnzibati Məhkəməsinin № 2- 1(112)-5514/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verə bilmir. Sözügedən mənzildə həm X15, həm də X19 ailəsi ilə birlikdə yaşayır. X19 mülkiyyətçi olduğu halda üçüncü şəxs qismində işə cəlb edilməməsi özü də Bakı İnzibati Məhkəməsinin № 2-1(112)-5514/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini göstərir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı atası X24 tərəfindən 2003-cü il tarixində alınmışdır. İddiaçı 2003-cü ildən 2007-ci ilin aprel ayına qədər həmin evdə yaşamışdır. Ailə qurduqdan 6 ay sonra həyat yoldaşı nikahı pozulması tələbi ilə məhkəməyə müraciət etdiyi üçün atasına məxsus evə gəlmiş və 2009-cu ildən 2022-ci ilin may ayına kimi həmin ünvanda yaşamışdır. 2022-ci ildə iddiaçının atası dünyasını dəyişdikdən sonra mənzildən məcburi şəkildə qovulmuşdur. Qeyd olunan mənzilin iddiaçının atası X18 məxsu solduğunu Xətai rayon məhkəməsində mənzilə köçürülmə tələbinə dair məhkəmə mübahisəsi gedən zaman cavabdeh X15 öz izahatında təsdiq etmiş və Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1/1K saylı mənzilin həyat yoldaşı X24 tərəfindən Şabran şəhərində yerləşən mənzilin satışından əldə etdiyi vəsait hesabına əldə etdiyini bildirmişdir. Əlavə olaraq iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 2009-cu il tarixli mənzilə qeydiyyatda olanların durumu haqqında arayışda mənzilin mülkiyyətçisi kimi iddiaçının atası X24, həmin mənzildə yaşayanlar siyahısında isə İddiaçı və onun azyaşlı övladı X7 qeyd olunmuşdur. Göstərilən izahat Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində öz əksini tapmışdır. X5 bildirdiyi Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1/1K saylı mənzilin yeznəsi X16 məxsus olması tamamilə yanlış məlumatdır. Əlavə olaraq X15 apellyasiya şikayətində İddiaçı sözügedən mənzildə yaşamadığını bildirmişdir. Qeyd olunan hala münasibət olaraq bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni qaydalarla “1/1K”) saylı mənzilə köçürülməsi və həmin mənzildə sərbəst yaşayışı ilə bağlı Xətai rayon Məhkəməsinin iki qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin bir qətnaməsi mövcuddur. Qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsinin həm evə, həm də yaşayış şərtlərinin müəyyən edilməsinə dair qətnamələri icra olunmuşdur. Bununla bağlı icraata xitam verilməsinə dair Xətai rayon İcra Şöbəsinin hər iki icra sənədinin qərarı etiraza əlavə edilmişdir. Əlavə olaraq mənzildən istifadə şərtlərinin müəyyən edilməsinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1804/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi icra olunan zaman cavabdeh X10 Xətai rayon İcra Şöbəsində verdiyi izahatı sorğu ilə Xətai rayon İcra Şöbəsindən alınmış izahatda cavabdeh X20 icra sənədinin icra olunması ilə bağlı suala icra olunmuşdur deyə cavab verərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni qaydalarla “1/1K”) saylı mənzildən sərbəst istifadəsinin təmin olunduğunu təsdiq etmişdir. Əlavə olaraq etiraza əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 727 saylı arayışı da İddiaçı Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1/1K” saylı mənzildə qeydiyyatsız yaşadığını təsdiq edir. Qeyd olunanlara əlavə olaraq xx.xx.2025-ci il tarixində CityNet internet provayderi ilə bağlanmış qeyd olunan ünvana internet verilməsi ilə bağlı müqavilə, kommunal ödənişlərlə bağlı qəbzlər, sözügedən mənzilin təmiri zamanı və həmin evdə digər vaxtlarda çəkilmiş şəkillər iddiaçının həmin mənzildə yaşadığını tam olaraq sübut etməklə bərabər, X15 tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının həmin ünvanda yaşamadığına dair fikirlərinin doğru olmadığını sübut edir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətlərinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Digər üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Apellyasiya şikayətinin dəlillərinə münasibət. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda sadalanan maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilimişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədardır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbayan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyanın 53-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında hesab etmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarının nəticə hissəsinin 2-ci bəndində qərara almışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz və 3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunmuşdur ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil etsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55s nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan qızı ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 1 Q (Yeni qaydalarla 1K) saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3259/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti sürməyən üçüncü şəxs X10 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə ilə bağlı məhkəmələrin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçı, onun azyaşlı qız övladı tərəfindən evdən çıxarılanadək istifadə olunmuş, həmçinin, hazırda da cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. İddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehityacı olduğuna dair də məhkəməyə sübutlarını təqdim etmişdir. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin doğma qızıır və köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacı vardır. Başqa sözlə, iddiaçının köçmək istədiyi ünvanda yaşadığı açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcud deyil və yaşadığı özbaşına tikiliyə köçürülməsi zərurəti də olmuşdur. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından müəyyən edilir ki, tələbkar İddiaçı və övladı xx.xx.2008-ci il təvəllüdlü X7 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni qaydalarla “1K”) saylı mənzilinə köçürüldüklərindən və bu barədə müvafiq akt tərtib edildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/20224-053 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1804/2025 nömrəli xx.xx.2025- ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X8 və X16 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunmasına dair iddia tələbi qismən təmin edilməklə İddiaçı və qızı xx.xx.2008-ci il təvəllüdlü X3 ünvan 5 ünvanında yerləşən mənzildən istifadə qaydaları müəyyən edilmiş və ümumi sahədə olan mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələrinin təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 6 ünvanında xx.xx.1998-ci il təvəllüdlü X13 və xx.xx.1949-cu il təvəllüdlü X14 qeydiyyatdadırlar. İş materiallarında olan 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 431 nömrəli, xx.xx.2025-ci il tarixli forma 2 arayışına əsasən İddiaçı həqiqətən Nazim Şükürov küçəsi 1/1K ünvanında yerləşən özbaşına tikilidə yaşayır. Əvvəlki küçə Nazim Şükürov 1K olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 01 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-12158/2025 nömrəli məktubla ünvan 8rla 1 K) saylı yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilmədiyini bildirmişdir. İnzibati işin araşdırılmış hallarından müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” (yeni adla 1/1K) ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla iddiaçının mərhum atasına məxsus olmuşdur. Sonradan iddiaçı ilə ailə üzvləri arasında mübahisə yarandığından, iddiaçı anası X8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının tələbi təmin edilməklə yetkinlik yaşına çatmayan qızı ilə birlikdə X8 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 1 Q (Yeni qaydalarla 1K) saylı evə köçürülməsi qət edilmişdir. İddiaçı hazırda sözügedən ünvanda övladı ilə birlikdə yaşamaqla, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onların həmin fərdi yaşayış evindən istifadə qaydaları da təsdiq edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, qətnamənin icrası həyata keçirilmiş və iddiaçı və qızının həmin mənzildən istifadə qaydaları müəyyən edilmiş və ümumi sahədə olan mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələri təmin edilmişdir. Göründüyü kimi, iddiaçının və onun yetkinlik yaşına çatmayan qızının hazırda sözügedən ünvana köçürülməsinə əsas verən sənəd – qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur ki, sözügedən sənəd də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan yaşayış sahəsinə köçməyə əsas verən sənəd qismində qiymətləndirilməlidir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnamələri əsasında İddiaçı və onun qızı yaşayış sahəsinə köçürülmüş və yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilən icra işi materiallarından da müəyyən edilir ki, həm köçürülmə, həm də yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair verilmiş icra sənədlərinə xitam verilmişdir. Apellyasiya şikayətlərinin iddiaçının və qızının həmin ünvanda yaşamaması dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti Xətai Rayon MənzilKommunal Təsərrüfatı Birliyinin 66 sayh Mənzil-Kommunal istismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 727 saylı arayışla İddiaçı Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1/1k saylı mənzildə qeydiyyatsız yaşadığı təsdiqlənir. Eyni zamanda apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərdən (CityNet internet provayderi ilə bağlanmış qeyd olunan ünvana internet verilməsi ilə bağlı müqavilə, kommunal ödənişləri təsdiq edən qəbzlər, həmin mənzilin təmiri və mənzildə çəkilmiş fotoşəkillər) görünür ki, iddiaçı və qızı həmin mənzildə yaşayır. Apellyasiya şikayətlərinin evin mülkiyyətçisinin həm də X10 olması və onun üçüncü şəxs qismində icraata cəlb edilməsi dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Məhkəməyə ünvanlanmış sorğuya cavabla ünvan 8rla 1 K) saylı yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi təsdiqlənmişdir. Beləliklə, iddiaçının və onun yetkinlik yaşına çatmayan qızının hazırda sözügedən ünvana köçürülməsinə və yaşayış sahəsindən istifadə qaydalarına əsas verən sənədlər – qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X6 və X14 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(112)- 5514/2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4391/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4391/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver