Məhkəmə qərarları › İş №2-1(103)-4399/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4399/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4399/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Miryusif oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7009/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları.

1. X6nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********45200 nömrəli Qərara əsasən İddiaçınə (VÖEN **********) məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X6 həyata keçirilməsi qərara alınmışdır.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024cü il tarixli, KY242154209 nömrəli Çıxarışa əsasən İddiaçınə məxsus AZ1001 ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plandankənar (növbədənkənar) X6 həyata keçirilməsi qərara alınmışdır.

3. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, DVX 042798 seriya nömrəli Akta əsasən xx.xx.2024cü il tarixindən saat 16:39-da keçirilən X6 zamanı müştəri tərəfindən daşınma xidmətinə görə (1 bağlama üçün) nağd qaydada 14,30 AZN ödənildi. Ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmadı. Aparılan araşdırma zamanı müştərinin nağd qaydada ödənişinin ciddi hesabat blanı olan mədaxil qəbzinə mədaxil olunmadığı (qəbzin yazılmadığı) aşkar olunmuşdur. Yayındırılmış məbləğ xx.xx.2024cü il tarixində 083501 nömrəli mədaxil qəbzi ilə bərpa olunmuşdur. Bərpa qəbzi akta əlavə olunmuşdur.

4. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********3678 nömrəli Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

5. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli **********09400 nömrəli Qərarına əsasən İddiaçı X6nin nəticəsində Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli şikayəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 042798 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3678 qərar dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı MMC-nin əməkdaşı Məhərrəmova Rəqsanə tərəfindən həmin şirkətin rəhbəri Nümayəndə təqdim edilən izahatda qeyd edilmişdir ki, “dünən xx.xx.2024 tarixində kassirimiz Aynur Şahverdiyeva xəstələndiyi üçün müştəri xidmətləri təmsilçisi olaraq, mən əvəz edirdim. Elnarə Xanların bağlamasını götürməyə gələn vətəndaş məndən kömək istədi, onlayn və ya posterminal ilə ödəmə lazım olduğunu bildirdim. Vətəndaş bağlamanın onun yaxınına aid olduğunu bildirərək, kartın üstündə olmadığını və məndən bu əməliyyatı öz kartımla edərək, kömək etməyimi istədi. Mən də vətəndaşa bağlamasını təqdim edib, daşınma haqqına aid 14.26 AZN məbləğində ödənişi öz kartımla ödədim. Nağd pulu özümə götürməmişəm, niyyətim sadəcə vətəndaşa kömək etmək olub. Qoşmada sizə posterminal qəbzini göndərirəm, vergi məmurunun qəflətən pəncərəyə yaxınlaşaraq məndən müştərilər içərisində sənədi sərt tonda tələb etməyi məndə panika vəziyyəti yaratdı, daha sonra heç bir sənəd təqdim etmədən, qapını açmağımı tələb etdi. Lakin qapını açmağımı gözləmədən özü içəri basqın etdi. Yaranmış panikaya görə sizdən üzr istəyirəm, kassir olmadığımı nəzərə alaraq, daha diqqətli olacağımı və sənədlərin təqdim etmədən heç kimi qapıdan içəri buraxmayacağıma söz verirəm”.

7. Cavabdehin nümayəndəsi dövlət vergi müfəttişi X3 məhkəmə iclasında iştirak edərkən iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin qərarı əsasında başlanılmışdır. X6nin həyata keçirilməsi barədə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış mövcuddur. X6 zamanı vergi ödəyicisinə məxsus təsərrüfat obyektində müştəri ilə pul hesablaşmalarının aparılması qaydası dövlət vergi müfəttişi X3 tərəfindən müşahidə olunmuşdur. Belə ki, müştəri 14,30 manat məbləğində karqo xidmət müqabilində kassirə nağd qaydada 20 manat təqdim etmiş və ona 5,70 manat qaytarılmışdır. Lakin müştəriyə ödənişi təsdiq edən qəbz təqdim edilməmişdir. Dövlət vergi müfəttişi X3 qeyd edilən faktı aşkar etdikdən sonra təsərrüfat obyektindən kənarda dayanan böyük dövlət vergi müfəttişi X4 bu barədə məlumat vermişdir. Daha sonra hər iki dövlət vergi müfəttişi təsərrüfat obyektinə daxil olaraq xidməti vəsiqələri təqdim etmiş, X6nin həyata keçirildiyini bildirmiş və X6 barədə qərarı vergi ödəyicisinin nümayəndəsinə təqdim etmişdirlər. X6 zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı yoxlanılmışdır. Dövlət vergi müfəttişləri ilkin olaraq təsərrüfat obyektində işləyən fiziki şəxslərin əmək müqavilələrini yoxlamış və daha sonra mədaxil qəbzlərinin təqdim edilməsini tələb etmişdirlər. Dövlət Vergi müfəttişi X3 tərəfindən aşkar olunmuş 14,30 manat məbləğində xidmətə görə qəbzin müştəriyə təqdim olunmaması halına münasibətdə vergi ödəyicisinin nümayəndəsi tərəfindən bildirilmişdir ki, məbləğ müştəridən nağd qaydada alınır və daha sonra müəyyən kart hesabından müəssisənin kassasına ödənilir. Belə olan təqdirdə, vergi ödəyicisinə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu bildirilmiş, 14,30 manat məbləğində yayındırılmış məbləğ bərpa olunmuş və bu barədə akt tərtib olunmuşdur. Dövlət vergi müfəttişi X3 tərəfindən müşahidə aparılarkən kameradan istifadə olunmamışdır. Lakin böyük dövlət vergi müfəttişi X5 ilə təsərrüfat obyektinə daxil olarkən hər iki dövlət vergi müfəttişi kameradan istifadə etmişdir. X6 ilə bağlı video-görüntülər idarəyə təhvil verilmişdir. Lakin idarədə yaranmış texniki nasazlıqla bağlı hazırda həmin video-görüntülərə baxılması mümkün deyil. Eyni zamanda bildirilir ki, X6 aparılarkən vergi ödəyicisinə məxsus təsərrüfat obyektində nəzarət-kassa aparatı mövcud olmamışdır. Lakin vergi nəzarəti zamanı verilən təkliflər nəzərə alınaraq hazırda vergi ödəyicisinə məxsus təsərrüfat obyektində nəzarət-kassa aparatı quraşdırılmışdır.

8. Cavabdehin nümayəndəsi böyük dövlət vergi müfəttişi X5 məhkəmə iclasında iştirak edərkən iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, xx.xx.2025-ci il tarixində saat 16:30 radələrində İddiaçı MMC-yə məxsus təsərrüfat obyektində X6 aparılarkən müştəri tərəfindən kassaya pul ödənişi edildiyi, buna baxmayaraq, qəbz təqdim edilmədiyi aşkar olunmuşdur. Müvafiq fakt dövlət vergi müfəttişi X3 tərəfindən aşkar edilmişdir. Həmin anda böyük dövlət vergi müfəttişi X5 vergi ödəyicisinə məxsus təsərrüfat obyektinin daxilində olmamışdır. Dövlət vergi müfəttişi X3 əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulması barədə məlumat verdikdən sonra təsərrüfat obyektinə daxil olaraq xidməti vəsiqələri təqdim etmiş, X6 keçirilməsi barədə məlumat vermişdirlər. X6 zamanı təsərrüfat obyektində işləyən fiziki şəxslərin əmək müqavilələrini yoxlanılmış, eləcə də nəzarət-kassa aparatı quraşdırılmadığından mədaxil qəbzlərinin təqdim edilməsi tələb edilmişdir, 14,30 manat məbləğində qəbz aşkar olunmamışdır. Ödəniş müştəridən nağd qaydada alınmış, daha sonra post terminaldan MMC-nin hesabına ödənilmişdir. Lakin müştəriyə ödənişi təsdiq edən sənəd təqdim olunmamışdır. Müvafiq qəbz vergi orqanının əməkdaşları tərəfindən bərpa olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat.

9. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3678 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı bildirir ki, "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmin ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çekisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu online şəkildə və ya post terminal vasitəsi ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşı tərəfindən kameralı və səs qeydiyyatı ilə keçirilən operativ vergi yoxlanışı zamanı xx.xx.2024 tarixli, 042798 nömrəli akt tərtib edilmiş, həmin aktın tərtib olunma əsası kimi keçirilmiş X6 tədbiri zamanı müştəri tərəfindən daşıma xidmətinə görə 14,30 manat nağd şəkildə ödənildiyi, ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmadığı, həmin məbləğin 083501 nömrəli mədaxil qəbzi ilə bərpa olunduğu qeyd olunmuşdur. Daha sonra həmin akta əsasən xx.xx.2024-cü il tarixli, **********3678 saylı qərarla Vergi Məcəlləsinin 58.7.1 maddəsinə əsasən : 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. 2. xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilsin. Sözügedən əsassız qərardan inzibati orqana şikayət ünvanlamağına baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********209400 saylı, 21 yanvar 2025-ci tarixli qərarı ilə İddiaçı X6nin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli şikayətlərimiz təmin edilməmiş, xx.xx.2024-cü il tarixli DVX seriyalı 042798 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3678 qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2024-cü il tarixdə əsas fəaliyyət növü "Özəl firmalar tərəfindən poçtun və banderolların götürülməsi, daşınması və çatdırılması” olmaqla dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra - Baş İdarə) "X6nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5200 nömrəli qərarı əsasında xx.xx.2024-cü il tarixdə saat 16:39-da Cəmiyyətin ünvan 2 ünvanda yerləşən obyektində keçirilmiş X6 tədbiri zamanı müştəri tərəfindən daşıma xidmətinə görə (1 bağlama üçün) 14,30 manat ödənildiyi, ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmadığı, həmin məbləğin 083501 nömrəli mədaxil qəbzi ilə bərpa olunduğu, nəzarət tədbirinin nəticəsinin xx.xx.2024-cü il tarixli DVX seriyalı 042798 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Cəmiyyətin rəhbəri aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmiş, bu barədə aktda müvafiq qeyd aparılmış, akt xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-95861/2024 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, xx.xx.2024-cü il tarixdə elektron qutuda oxunmuşdur. Bundan başqa Cəmiyyətə xx.xx.2024-cü il tarixli 3-21-2-4/2- 99182/2024 nömrəli bildiriş göndərilərək, rəhbəri və ya səlahiyyətli nümayəndəsi Vergi Məcəlləsinin 49-cü maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 10:00-da vergi orqanına dəvət edilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi tərəfindən elektron qutuda oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3678 nömrəli qərar qəbul olunaraq Cəmiyyətə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-194674/2024 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, xx.xx.2024-cü il tarixdə elektron qutuda oxunmuşdur. İddiaçı tərəfindən qərardan xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********075400 və **********545900 nömrəlilər) inzibati qaydada şikayət verilmiş və vergi orqanının 21 yanvar 2025-ci il tarixli **********209400 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İddiaçı iddia ərizəsində vergi orqanının əməkdaşının xx.xx.2024-cü il tarixdə ofisə kamera ilə gələrək heç bir sənəd təqdim etmədən sanki basqın edirmişcəsinə ofisə qəflətən daxil olduğunu, müştəri tərəfindən saat 17:26 da plastik kartla ödənişi edilmiş 14,26 manat məbləğində əməliyyatın çekini həm OVN tədbiri həyata keçirən əməkdaşlara təqdim edilməsinə, həm də onlayn kargüzarlıqdan göndərilməsinə baxmayaraq, keçmiş tarixə 14,30 manat məbləğində əməliyyatın olmasına dair bərpa qəbzinin onların icazəsi olmadan özbaşına doldurulduğunu qeyd etmişdir. İşin inzibati qaydada araşdırılması zamanı rəhbər izahatında X6nin həyata keçirilməsi haqqında qərarın işçilər ofisə daxil olduqdan 40 dəqiqə sonra təqdim edildiyini, yoxlama zamanı vergi orqanı əməkdaşlarına müvafiq çekin təqdim edildiyini, buna baxmayaraq ondan mədaxil orderinin tələb edildiyini və keçmiş tarix və saata bərpa qəbzinin doldurulduğunu, vergi orqanı əməkdaşlarının pəncərəyə yaxınlaşaraq kartında balans olmayan müştəriyə kömək edən Cəmiyyətin əməkdaşına təzyiq edərək, sanki qanunsuz nəsə edirmişcəsinə təzyiq etməyə çalışdıqlarını, halbuki, vətəndaş onlayn ödəyə bilmədiyini ona kömək olunmasını istədiklərini bildirmişlər. İzahatda həmçinin Cəmiyyətin əməkdaşlarından hadisəyə aid müvafiq izahatlar və sanitar qovşaqdan əməkdaşların gedib çağırmağın görüntüsünü araşdırmaya təqdim etdiyini, X6 tədbiri zamanı saat 17:50-də bərpa qəbzinin onun otağında tərtib edildiyini, bu zaman posterminal qəbzi olduğu halda bərpa qəbzinin tərtib edilməməsi barədə dəfələrlə xəbərdarlıq etdiyini, vergi orqanı əməkdaşının bərpa qəbzindəki məbləği özündən yazdığını, doğru məbləğin 14,26 manat olduğunu, X6 barədə aktın Cəmiyyətə məktubla göndərilmədiyini, obyektdə quraşdırılmış müşahidə kameraların səs yazmadığını, görüntüdə sadəcə sanitar qovşaqdakı əməkdaşların çıxmasını və sənədlərin təqdim etməsini istədiyi, vergi orqanı əməkdaşlarında video çəkiliş aparıldığını, X6 tədbiri zamanı saat 16:39-da 14,3 manat məbləğində heç bir əməliyyat olmadığını, həmin zaman həyata keçirilmiş əməliyyatın 14,26 manat olduğunu, Posterminal qəbzinin vergi orqanı əməkdaşlarına təqdim edildiyi bildirilmiş və Cəmiyyətin barəsində tətbiq edilmiş 1000,0 manat maliyyə sanksiyasının ləğv edilməsi xahiş edilmişdir. X6 tədbirini keçirmiş vergi orqanı əməkdaşları araşdırmaya təqdim etdikləri xx.xx.2024-cü il tarixli izahatlarında xx.xx.2024-cü il tarixli **********5200 nömrəli "X6nin həyata keçirilməsi haqqında” qərara əsasən vergi ödəyicisi "KoliPlus” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Səbail rayonu, Mixail Lermontov 113/117 ünvanda yerləşən ofisində "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və "Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yütirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” mövzularında X6 tədbirinin həyata keçirilməsinin onlara həvalə edildiyini, qeyd edilən qərar əsasında xx.xx.2024-cü il tarixdə keçirilən X6 tədbiri zamanı saat 16:39-da ofisə yaxınlaşan müştərinin aldığı xidmət müqabilində nağd qaydada 14,3 manat məbləğ üçün 20,0 manatlıq pul əskinazı ilə ödəniş etdiyini, ödəniş etdikdən sonra qalıq məbləğin və sifariş verdiyi bağlamanın ona təqdim olunduğunu, müşahidə bitdikdən sonra nağd qaydada olan ödənişin ciddi hesabat blankına qeyd edilib edilmədiyi və obyektdə olan işçilərin Cəmiyyət ilə əmək müqaviləsi bildirişlərinin olub-olmaması hallarını yoxlamaq məqsədilə obyektə daxil olduqlarını, obyektə daxil olarkən obyektdə olan işçiyə xidməti vəsiqələrini təqdim edərək Cəmiyyətin rəhbərini soruşduqlarını və müvafiq qərara əsasən işçilərin şəxsiyyətlərini dəqiqləşdirməyə başladıqlarını, bu zaman Cəmiyyətin rəhbəri Nümayəndə onlara yaxınlaşdığını, Cəmiyyətin rəhbəri olduğunu və nə baş verdiyini soruşduğunu, bu zaman ona xidməti vəsiqələrini və Baş İdarənin "X6nin həyata keçirilməsi haqqında” qərarını ona göstərərək nəzarət tədbirinə davam etdirdiklərini, obyektin bütün ərazində müşahidə apararaq obyektdə olan işçilərin şəxsiyyətlərini müəyyən etdiklərini və Nümayəndəla birlikdə ofisin ikinci mərtəbəsinə qalxdıqlarını, bu zaman sonuncunun Baş İdarə tərəfindən qəbul edilmiş "X6nin həyata keçirilməsi haqqında” Qərarla və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla "tanış oldum” qeydi yazmaqla imza etdiyini bildirmişlər. İzahatlarında həmçinin araşdırma zamanı müştəri tərəfindən ödənilmiş nağd məbləğin müqabilində mədaxil qəbzini soruşduqda Cəmiyyətin rəhbəri Nümayəndə şifahi olaraq müştərilər tərəfindən nağd ödəniş olan zaman həmin məbləği sonradan Pos-terminal vasitəsilə nağdsız şəkildə Cəmiyyətin hesabına mədaxil etdiklərini bildirdiyini, bu zaman ondan Cəmiyyətə məxsus ciddi hesabat blanklarına baxmaq üçün onları təqdim etməsini xahiş etdiklərini, ciddi hesabat blankları onlara təqdim edildikdən sonra 14,3 manat məbləğin mədaxil edilməsi barədə ciddi hesabat blankının mövcud olmadığını, yəni həmin məbləğ üçün ciddi hesabat blankı olan mədaxil qəbzinin tərtib edilmədiyini və müştəriyə təqdim edilmədiyini aşkar etdiklərini, həmin məbləğin saat 17:00 - da ĞLM seriyalı 083501 nömrəli ciddi hesabat blankı ilə bərpa edildiyini və bərpa barədə məlumatları həmin ciddi hesabat blankının üzərində də qeyd etdiklərini, bundan sonra X6 tədbirinin nəticələrinə dair DVX seriyalı xx.xx.2024-cü il tarixli 042798 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt və eyni zamanda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin mövcud olması vəziyyətinin yoxlanılmasının nəticələri barədə pozuntu aşkar edilməməsi ilə bağlı DVX seriyalı xx.xx.2024-cü il tarixli 004930 nömrəli aktı tərtib etdiklərini bildirmişlər. İzahatlarında həmçinin X6 tədbiri zamanı onlara heç bir ödəniş çeki göstərilmədiyini, sonradan özlərinə məxsus daxili proqram təminatı vasitəsilə həmin sifariş barədə məlumatı çap edərək yoxlamaya təqdim etdiklərini, çap edilmiş həmin sənədin üzərində (Print date: xx.xx.2024-cü il tarix saat 17:30) qeydləri olunduğunu və bu da həmin sənədin çap edilmə tarixinin göstəricisi olduğunu, yoxlamaya təqdim edilmiş həmin sənədi xx.xx.2024-cü il tarixli **********55296 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar əsasən götürərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 010261 nömrəli protokolla rəsmiləşdirdiklərini, Nümayəndə həmin protokola imza etməkdən imtina etdiyi üçün xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Cəmiyyətin hüquqi ünvanına göndərildiyini, Nümayəndə "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla tanış olmaqdan, imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etdiyini, lakin nöqsan aşkar edilməməsi haqqında əmək müqaviləsi mövzusu üzrə tərtib edilmiş DVX seriyalı xx.xx.2024-cü il tarixli 004930 nömrəli aktı imza etməklə bir nüsxəsini qəbul etdiyini, "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla tanış olmaqdan, imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi üçün tərtib olunmuş akt və digər zəruri sənədləri xx.xx.2024-cü il tarixli bildirişlə Cəmiyyətə göndərildiyini bildirmişlər. İzahatlarında həmçinin X6 tədbiri zamanı heç kəsə, o cümlədən Cəmiyyətin əməkdaşlarına qarşı heç bir təzyiq göstərmədiklərini, X6 zamanı müştəri tərəfindən ödənilmiş 14,3 manat nağd məbləğ xanım əməkdaş tərəfindən qəbul edilməsinə baxmayaraq müştəriyə mədaxil qəbzi təqdim edilmədiyini, bu ödənişin həmin zaman Pos-terminal vasitəsilə deyil, nağd olaraq xanım əməkdaş tərəfindən qəbul edildiyini, müştəri tərəfindən ödənilən faktiki məbləğin 14,26 manat deyil, 14,30 manat təşkil etdiyini, bu səbəbdən bərpa qəbzinin həmin məbləğə uyğun olaraq tərtib edildiyini və bu barədə mədaxil qəbzində müvafiq qeydlər aparıldığını, Cəmiyyətin rəhbəri tərəfindən yoxlamaya X6 tədbiri zamanı Posterminal qəbzi təqdim edilmədiyini, Cəmiyyətin rəhbərinin onlara yalnız daxili proqram təminatı vasitəsilə həmin sifariş barədə məlumatı təqdim etdiyini bildirmişlər. Bundan əlavə izahatlarında onlara təqdim edilmiş video görüntü ilə tanış olduqlarını, həmin görüntüdə qərarın icrası ilə bağlı ofisdə olan bütün işçilərin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi vəziyyətini müəyyənləşdirmək məqsədi ofisdə olan təxminən 3 ya 4 sayda olan bütün otaqlara baxış keçirdiklərini, video görüntüdə qeydə alınan açılmış qapının sanitar qovşaq qapısı olmadığını, sanitar qovşağa girişin həmin qapıdan sonrakı hissədə yerləşdiyini, həmin qapıdan daxil olarkən sanitar qovşaq üçün nəzərdə tutulmuş sahəyə deyil, ayrıca otağa daxil olduqlarını, həmin qapıdan içəri keçdikdən sonra heç kəsi çağırmadıqlarını və ya otaqdan çıxmasını tələb etmədiklərini bildirmişlər. İzahatlarında həmçinin X6 tədbiri zamanı vergi ödəyicisinə və ya digər şəxslərə qarşı heç bir qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Bundan əlavə, Cəmiyyətin rəhbəri tərəfindən araşdırmaya xx.xx.2024-cü il tarixdə WhatsApp vasitəsi ilə təqdim edilmiş 26 saniyədən ibarət olan, səs yazısı qeydə alınmamış video görüntüyə baxış keçirilərkən vergi orqanı əməkdaşlarının qanunsuz və ya etik qaydalardan kənar hərəkətlərə yol vermələrinin müşahidə edilmədiyi, video çəkilişin xx.xx.2024-cü il tarixdə saat 16:49 dəqiqədə həyata keçirildiyi müəyyən edilmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş X6 tədbirini tam müşahidə etmək məqsədi ilə həmin gün üçün saat 16:00-dan 17:30-dək olan dövr üzrə müşahidə kameralarının yaddaş məlumatlarını araşdırmaya təqdim edilməsi xahiş edilməsinə baxmayaraq həmin görüntülər araşdırmaya təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.9-cu maddələrinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, "KoliPlus” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə göstərilmiş xidmətin dəyəri olaraq qəbul edilmiş 14,3 manat məbləğ üçün alıcıya ciddi hesabat blankı təqdim edilməmişdir. Bundan əlavə, X6 tədbiri saat 16:39-da həyata keçirilməklə 14,3 manat yayındırılmış məbləğ həmin gün saat 17:00da bərpa edildiyi halda, şikayətə əlavə edilmiş Terminal İD: R1061297, TRAN NO: **********19 nömrəli qəbz üzrə 14,26 manat məbləğ xx.xx.2024-cü il tarixdə saat 17:24 dəqiqədə X6 tədbrindən sonra pos-terminala mədaxil edilmişdir. Göründüyü kimi araşdırmaya təqdim edilmiş izahatlar, tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 042798 nömrəli aktın göstəriciləri və video görüntündəki zaman ölçüləri vergi orqanı əməkdaşları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilmiş hüquqi hərəkətlərin tarixi, Cəmiyyətin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətindən yayınmaq məqsədi xx.xx.2024-cü il saat 16:39-da aşkar edilmiş vergi hüquq pozuntusunun guya ki, xx.xx.2024-cü il tarixdə saat 17:24 dəqiqədə həyata keçirildiyi görüntüsünü yaratmağa çalışılmışdır. İddiaçının foto və video-görüntü ilə bağlı fikirlərinə münasibətdə isə bildirilir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Göründüyü kimi maddədə vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ norma kimi nəzərdə tutulmuşdur. İndiki halda isə xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 042798 nömrəli aktdan da göründüyü kimi vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsinə zərurət yaranmamış, bu səbəbdən də OVN tədbiri zamanı video və foto çəkiliş də həyata keçirilməmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən OVN tədbiri tamamilə qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş və vergi ödəyicisi sadəcə ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7009/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

13. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdehin X6nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********3678 saylı qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilmədiyindən, cavabdeh X6nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmadığından, aparılmış operativ vergi yoxlaması və yoxlama nəticəsində qəbul edilmiş qərar əsassız və qanunsuz hesab edilməlidir. Digər tərəfdən ödənişlərin nağd şəkildə qəbul edilməsi daxili hesabatlarda çətinlik yaratdığı üçün əməkdaşlara nağd əməliyyatın aparılmaması barədə göstəriş verilmişdir. Bundan başqa 0% ƏDV-yə tabe olan cəmiyyətin (“KoliPlus MMC”-nin) hazırki dövriyyəsində hər hansı bir ödəniş üzrə kassaya çekin mədaxil edilməməsi həm gülünc həmdə abssurddur. Belə ki, vergi məmuruna həmin bağlamanın dəyərinin ödənilməsi barədə müştəri tərəfindən saat 17:26 da plastik kartla edilmiş 14.26 manat məbləğində əməliyyatın kargüzarlıqdan müvafiq çekini göstərməyimizə baxmayaraq, keçmiş tarixə 14.30 manat məbləğində əməliyyatı olduğunu öz zənni ilə bildirərək bərpa qəbzini doldurmuşdur. Lakin, 14.26 manat məbləğində ödənişin xx.xx.2024-cü il saat 17:24-də plastik kartla həyata keçirildiyini təsdiq edən çek təqdim edilməsinə baxmayaraq, vergi orqanı 14.30 manat məbləğində nağd əməliyyatın baş verdiyini yalnız öz əməkdaşlarının müşahidəsi və izahatları ilə əsaslandırmışdır. Birinci instasniya məhkəməsi həmin izahatların mümkünlüyünü və mötəbərliyini işin halları ilə əlaqələndirməyərək birtərəfli mövqe sərgiləmişdir. Eyni zamanda birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən videgörüntülərin tələb edilməsi zamanı verilmiş izahatlarda (qərarın 10-cu bəndi) cavabdeh orqanın nümayəndəsi vergi müfəttişləri tərəfindən X6 kameralar vasitəsilə çəkilmiş və video-görüntülər idarəyə təqdim edildiyi vurğulanmışdır. Lakin idarədə baş vermiş texniki nasazlıq səbəbilə hazırda video-görüntülərə baxılması mümkün olmamışdır. Yazılmış iddia tələbinə etirazlarda video foto çəkilişlərin həyata keçirilməməsi ilə məhkəmə araşdırıması zamanı verilmiş izahatlarda videoçəkilişin aparılması lakin texniki nasazlığın olması faktlarının ziddiyətli olması aşikardır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək,birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, cavabdehin nümayəndəsi verilmiş etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X6ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X6 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. X6nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3678 qərarın ləğv edilməsini tələb edir.

25. Cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırır ki, xx.xx.2024cü il tarixindən saat 16:39-da keçirilən X6 zamanı müştəri tərəfindən daşınma xidmətinə görə (1 bağlama üçün) nağd qaydada 14,30 AZN ödənildi. Ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmadı. Aparılan araşdırma zamanı müştərinin nağd qaydada ödənişinin ciddi hesabat blankı olan mədaxil qəbzinə mədaxil olunmadığı (qəbzin yazılmadığı) aşkar olunmuşdur. Yayındırılmış məbləğ xx.xx.2024cü il tarixində 083501 nömrəli mədaxil qəbzi ilə bərpa olunmuşdur. Bərpa qəbzi akta əlavə olunmuşdur.

26. İşin faktiki hallarından göründüyü kimi İddiaçı (VÖEN **********) barəsində ona məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X6 həyata keçirilməsi qərara alınmış, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3678 nömrəli Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

27. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilir ki, adıçəkilən qurumun xx.xx.2024-cü il tarixli müraciətinə əsasən Reyestrdə KY242154209 kodu ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinə X6 tədbirləri qeydiyyata alınmışdır.

28. Belə ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarına əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur.

29. Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarı: 1.3. NKAnın istismarında, o cümlədən uçotu və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator); 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi); 1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs; 1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya); 1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik); 1.3.6. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik). 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; 8.3. İstifadəçinin vəzifələri: 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;

30. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, işdə olan bərpa mədaxil qəbzi, müştəri barədə məlumat, yerində alınmış izahatlar iddiaçı barəsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024cü il tarixli, **********3678 qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edir.

31. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7009/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7009/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar