Məhkəmə qərarları › İş №2-1(103)-440/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-440/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-440/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə qarşı əlilliyə görə pensiya təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-445/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi) məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. İl qrup əlil kimi ona 230 manat Prezident təqaüdü və 130 manat məbləğdə müavinət təyin edilmişdir. Lakin göstərdiyi hərbi xidmətlərə görə ona çox aşağı, minimum təqaüd hesablanmışdır. Hərbi xidmətə 18 yaşında çağırılmış və hərbi xidmət zamanı yaralanmışdır. İş stajına imkan tapmamışdır, lakin ona pensiya təyin ediləndə əmək stajı tələb edilir. Ona bu günkü gündə təyin edilmiş pensiya anadangəlmə mülki əlillərin pensiyası qədərdir. Halbuki, onun əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Bakı İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, “... məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı ikinci qrup əlildir və hazırda pensiyaçı deyildir. Onun hazırki tələbi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə pensiyanın yenidən hesablanması ilə bağlı olsa da, lakin işdə olan sənədlərdən görünür ki, iddiaçıya İİ qrup əlilliyə görə bu günədək ümumiyyətlə pensiya təyin edilməmişdir. O, İİ qrup əlilliyə görə 130 manat sosial müavinət və 230 manat məbləğində Prezident təqaüdü alır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi pensiyanın yenidən hesablanması ilə bağlı deyil, ona İİ qrup əlilliyə görə pensiya təyin edilməsindən ibarətdir və iddiaçının tələbinə həmin əsaslar üzrə baxılmalıdr. ... Beləliklə, iddiaçının ona İİ qrup əlilliyə görə pensiya təyin olunması üçün qanunvericilikdə tələb olunan sosial sığorta stajı olmadığından tələbi əsassızdır və rədd edilməlidir.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, 2016-cı ilə qədər “Əmək pensiyaları haqqında” AR Qanununun bu sahəni tənzimləyən aidiyyəti maddi-hüquq normalarına əsasən əlilliyə görə pensiya hüququ qazanan hərbi quluqçulara müavinət yox, minumum məbləğdə pensiya hesablanırdı. Onunla bir yerdə əlillik dərəcəsi alan neçə-neçə hərbi qulluqçu ondan çox hərbi pensiya alırlar. Onun da hərbi pensiyası 2016-cı ilə qədər qüvvədə olan qanunla hesablanmalıdır. Ona görə də apellyasiya şikayəti ilə bərabər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə yazaraq apellyasiya şikayətinə əlavə edir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. tələb bilavasitə buna cavab verməli inzibati orqana yönəldilməli; 3. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 6. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün şərtlər iş üzrə yerinə yetirilmir. Birincisi, əgər iddiaçı ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin olunmasını tələb edirsə, o halda iddia cavabdeh kimi DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filiala qarşı qaldırılmalı idi. Çünki hərbi qulluqçuların pensiya təminatı adıçəkilən qurum tərəfindən həyata keçirilir. Bunun əksinə, əgər iddiaçı mülki şəxs kimi ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını tələb edirsə, o halda “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi ilə nəzərdə tutulan 5 ildən artıq sığorta stajı şərtinə onun tərəfindən əməl olunmur və bunu əvvəlcədən bildiyi, başa düşdüyü iddia ərizəsindən anlaşılmasına baxmayaraq, yenə də, başdan mümkünsüzlüyü ona bəlli olan iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, o, sığorta stajının olmadığını bilir, sığorta stajı olmadan ona əmək pensiyasının təyin edilməsinin qanunən mümkün olmadığını başa düşür. İkincisi, iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciəti əlilliyə görə təqaüdünün yenidən hesablanması ilə bağlı olduğu halda, iddia pensiyanın yenidən hesablanması barədə olmuşdur. Üçüncüsü, məhkəmədə iddia qaldırmazdan əvvəl iddiaçının özünün cavabdehə müraciət etməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, onun təqaüdünün yenidən hesablanması ilə bağlı cavabdehə, bu barədə müvafiq səlahiyyətə malik olması barədə iddiaçının etibarnaməsi Məhkəməyə təqdim olunmayan, ictimai birlik müraciət etmişdir. Dördüncüsü, pensiyanın yenidən hesablanması iddiası o vaxt mümkün olur ki, iddiaçı iddia qaldırılan anda əmək pensiyaçısı olsun. İddiaçı isə pensiyaçı deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisənin mahiyyəti ilə bağlı dəlillərini qəbul etməsə də, şikayətlə qərarın ləğvi hissədə qismən razılaşır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxaraq, qəbul etdiyi qərar ləğv edilməli (İPM-in 87.6cı maddəsi), iddia mümkün sayılmamalı (İPM-in 35.1-ci maddəsi), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-445/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə qarşı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar