Məhkəmə qərarları › İş №2-1(103)-440/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-440/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-440/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Balami oğlunun Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)- 1577/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Balami oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun razılığı olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi zərərə görə 45000 manat kompensasiya məbləğində pulun Cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 11 avqust 2000-ci il tarixli, 759 saylı Sərəncamı ilə, Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 343 saylı sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “İlham-1” kiçik müəssisəsinə ayrılmış 24,0 kv.m torpaq sahəsi etibarsız hesab edilmiş və həmin torpaq sahəsi mağaza tikintisi üçün ünvan 4-də yaşayan İddiaçı verilmişdir. Qeyd olunan sərəncam əsasında Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyekti İddiaçı tərəfindən tikilmişdir. Həmin qeyri-yaşayış sahəsi müqavilə əsasında qaz sayğacı ilə təchiz edilmişdir. Qeyd olunan qeyri-yaşayış obyekti 2017-ci ilin oktyabr ayında Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. Lakin həmin qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınarkən kompensasiyası ödənilməmişdir. Bununla bağlı, Cavabdehnə yazılı formada müraciət edilib, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, toxunduğu məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. Qeyriyaşayış sahəsinin onun razılığı olmadan sökülməsi nəticəsində onun həm mülkiyyət hüquqları pozulmuş, həm də ona külli miqdarda ziyan dəymişdir. Mülkiyyətində olan qeyriyaşayış sahəsinə onun razılığı olmadan söküldüyünə görə 45000 manat məbləğində ziyan dəymişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, həmin zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmamış və torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Tikili və ya torpaq sahəsi dövlət ehtiyacları üçün alınmayıb, belə ki, ərazinin dövlət ehtiyacları üçün alınması qərarı, müvafiq təsdiqedici sənədlər Maliyyə Nazirliyinə təqdim olunmayıb. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiasında Cavabdeh xx.xx.1994-cü il tarxili 343 saylı sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “İlham-1” kiçik müəssisəsinə ayrılmış 24,0 kv.m torpaq sahəsi etibarsız hesab edilmiş və həmin torpaq sahəsi mağaza tikintisi üçün ünvan 4-də yaşayan İddiaçı verilmişdir. İddiada qeyd olunan sərəncam əsasında Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı tərəfindən qeyri-yaşayış obyekti inşa olunduğu və 2017-ci ildə Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınması və kompensasiyanın ödənilməməsi bildirilmişdir. Məlumat üçün bildirlmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq: Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2.sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3.müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4.dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5.dəniz limanının ərazisinin artırılması. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Bununla əlaqədar olaraq İddiaçı istifadəsində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmadığından, dövlət ehtiyacları üçün alınmasına dair qərarın və daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatın olmadığından məhkəməyə təqdim edilməsi mümkün deyil. Belə ki, 2010-cu ildə Bakı-Ələt-Qazax magistral avtomobil yolu genişləndirdərkən həmin tikili yolun mühafizə zolağında olmuşdur, tərəfimizdən heç bir tikinti sökülməmişdir və kim tərəfindən sökülməsi də məlum deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında» 18 saylı, xx.xx.2004-cü il tarixli qərarından görünür ki, Respublika əhəmiyyətli avtomobil yollarında 60 metr, yerli əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı 25 metrdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla aparılan mühəndis qurğuları istisna olmaqla avtomobil yollarının mühafizə zolağında aparılan bütün tikinti işləri dərhal dayandırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddia olunan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması barədə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) təqdim olunmamışdır. İşin materialları ilə tikilinin ilkin olaraq kim tərəfindən aparılması və qanuni əsaslarla inşa edilib-edilməməsi müəyyən edilmir. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-1577/2022 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manatın tutulması, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan 300 manat prosessual xərcin 33 manat hissəsi İddiaçı, 267 manat hissəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə aid edilməklə tərəflərdən tutulması (VÖEN: **********; H/h: AZN AZ30GUNA********************; Bank: GUNAYBANK ASC; VÖEN **********; M/h: AZ25NABZ********************; Kod:505594; SWİFT:GUNAAZ22) qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarı ləğv edib mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun razılığı olmadan Cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi zərərə görə İddiaçı 45000 manat kompensasiya məbləğində pulun Cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəyə görə 5.000 manat məbləğində kompensasiya ödənilməsi məhkəmə tərəfindən öz qərarında ümumiyyətlə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə öz qərarında bildirir ki, “iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün deyil” əgər vurulmuş maddi zərərin müəyyən etmək mümkün deyildirsə, onda hansı səbəbə görə, məhkəmə yekun qərar qəbul edilməsi üçün müşavirəyə gedir, daha sonra müşavirədən qayıtdıqdan sonra sökülmüş əmlakın dəyərini müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin edir və yekun məhkəmə qərarı qəbuledən zaman həmin metəxəssis rəyinə ümumiyyətlə əsaslanmır və əsaslanmamasının səbəbini göstərmir. Bundan başqa, məhkəmə iş materiallarını ümumiyyətlə araşdırmamışdır, belə ki, iş materiallarında təqdim edilmiş AR Maliyyə Nazirliyi tərəfindən Qaradağ RİH-nə ünvanlanmış məktubundan görünür ki, Qaradağ RİH həmin əmlakın sökülməsi nəticəsində AR Maliyyə Nazirliyinə 45.000 manat məbləğində kompensasiyanın ayrılmasını xahiş etmiş və AR Maliyə Nazirliyi cavab məktubunda bu xahişin icra edilməsi üçün müvafiq sənədlər tələb etmişdir. Dolayısı ilə Qardağ RİH İddiaçı 45.000 manat məbləğində ziyan dəyməsini qəbul etmişdir. Bundan başqa, məhkəmə öz qərarında bildirir ki, ziyanla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbu ki, iş materiallarından görünür ki, tərəfimizdən əmlakın qiymətləndirilməsinə dair hesabat təqdim edilmiş və həmin hesabatda əmlakın dəyəri 45.000 manat müəyyən edilmişdir. Əlavə olaraq, "xxxx" MMC tərəfindən mütəxəssis rəyi alınmış və həmin rəy ilə əmlakın dəyəri 34.000 manat müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qaradağ rayon İH Başçısının xx.xx.2000-ci il tarixli, 759 saylı sərəncamının 1.3-cü bəndinə əsasən, Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 343 saylı sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “llham-1 kiçik müəssisəsinə ayrılmış 24,0 kv.m. torpaq sahəsi etibarsız hesab edilmiş; Həmin torpaq sahəsi mağaza tikintisi üçün ünvan 4-də yaşayan İddiaçı verilmişdir. Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 344 nömrəli Sərəncamına əsasən, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarındakı dayanacağa bitişik yerdə rayonun baş memarının təqdim etdiyi cizgiyə əsasən “İlham-1” kiçik müəssisəsinə 6x4 m ölçüdə kommersiya mağazasının tikintisinə və açılmasına icazə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, aparılmış hesablamara və təhlillərə əsasən Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə torpaq sahəsinin 1 kv.m.-nin xx.xx.2021-ci il tarixinə dəyəri 1900 manat təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən vət. İddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 759 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı və “İlham 1” kiçik müəssisəsi barədə xx.xx.1994-cü il tarixli 343 deyil, 344 saylı sərəncamda olmaqla təsdiq edilmiş edilmiş kserosurəti təqdim edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış cavab məktubda bildirilmişdir ki, Qaradağ rayonun ünvan 3ləşmiş Şəhər Xəstəxanasının yenidən qurulması ilə əlaqədar ünvan 4 ünvanda yaşayan İddiaçı məxsus 24 m2 və onun anası X2 məxsus 400 m2 torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədilə 45000 manat məbləğində vəsaitin ayrılması barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, torpaq sahələrinin dövlət ehtiyackarl üçün alınmasına dair, habelə həmin sahələrin yuxarıda adları çəkilən vətəndaşların xüsusi mülkiyyətində olmasını təsdiq edən sənədlər, daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlar, xəstəxana tikintisinin həmin sahəyə düşməsini təsdiq edən sənəd, fotoşəkillər və digər təsdiqedici sənədlər məktuba əlavə edilmədiyi üçün qaldrılan məsələyə münasibət bildirilməsi imkan xaricindədir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Qobustan qəsəbəsi, 4-cü massivdə Bakı-Salyan şossesinin kənarında yerləşən 24 kv.m. olan qeyri-yaşayış obyektinin əvəzinə kompensasiya ödənilməsi barədə müraciətinə baxılmışdır. Toxunduğu məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. AİHM qərarlarında qeyd edir ki, Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X1rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X4rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). Qeyd edilməlidir ki, iddiaçının Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı Salyan şossesinin kənarındakı qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tikiliyə münasibətdə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin bununla belə, iddiaçıya aid olan həmin tikili özbaşına tikili omamış, Qaradağ RİHB-nin Sərəncamı əsasında inşa edilmişdir, odur ki, iddiaçının həmin tikiliyə, eləcə də inşaat materiallarına olan maddi marağını onun mülkiyyəti kimi qiymətləndirir. Torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından, eləcə də üzərindəki qeyriyaşayış sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kompensasiya məbləği tikilinin bazar qiymətinə uyğun olaraq hesablanması hüququ yoxdur. Lakin qeyd edildiyi kimi həmin tikili özbaşına olmadığından, tikilidən istifadəyə münasibətdə mümkün maddi marağı olduğundan müəyyən məbləğdə kompensasiya ödənməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün olmamışdır. İddiaçı Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarındakı 24 kv.m. tikilinin 2017-ci ildə, icra hakimiyyəti isə etirazında 2010-cu ildə söküldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. sahəsi olan qeyri-yaşayış binasının 26 may 2022-ci il tarixinə bazar dəyəri 34.000 manat təşkil edir; obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. sahəsi olan qeyri-yaşayış binasının 26 may 2022-ci il tarixinə 1 kv.m. bazar dəyəri 1414,0 manat təşkil edir; obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı- Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. sahəsi olan tikilinin inşasına çəkilən xərcləri müəyyən etmək məqsədilə çəkilçuş xərcləri müəyyən etmək məqsədilə iş materiallarına olan fotoşəkillər təhlil olunmuşdur. Foto şəkillərə əsasən tikilinin bünövrə, kommunikasiya xətləri və eləcə də digər konstruktiv elementlərinin texniki vəziyyəti təsbit edilmədiyindən əmlakın inşasına çəkilən xərcləri hesablamaq mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci, ikinci və dördüncü sualları ilə bağlı qeyd olunur ki, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında yerləşən, qeyri-yaşayış sahəsinin 1 m 2-in 2017-ci il üzrə və mövcud orta bazar dəyəri təqribən 1420,00 manat olmaqla ümumi dəyəri 34000,00 məbləğində müəyyən olundu. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, mülki iş materiallarında mübahisəli tikilinin fotoşəkilləri mövcud olsa da, faktiki tikili söküldüyünə görə və mülki iş materiallarında tikilinin texniki göstəriciləri və digər göstəricilər barədə tam məlumat olmadığına görə, fotoşəkillərə əsasən tikilinini inşasına çəkilən xərci müəyyən etmək mümkün olmadı. İstər iddiaçı tərəfindən, istərsə də təqdim edilmiş mütəxəssis rəyləri sadəcə təqribi məbləğləri əks etdirmiş və tikilidən istifadəyə münasibətdə mümkün maddi maraqdan irəli gələn maddi zərəri ifadə etməmişdir. İddiaçı tərəfindən dəymiş zərərə dair hər hansı sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat kompensasiya təyin olunması barədə gəldiyi nəticə ədalətli olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-1577/2022 saylı qərarı mübahisələndirilən hissədə-iddia tələbinin rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar