Məhkəmə qərarları › İş №2-1(103)-440/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-440/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-440/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Oruczadə Aytən Pənah qızı (sədrlik edən), X4 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında qərarın iddiaçıya münasibətdə ləğv edilməsi” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya aid olan hissədə və antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli Göstərişin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqi şəxs Azərbaycan X1 İctimai Birliyindən xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana daxil olmuş yazılı müraciətə cavabdeh inzibati orqanda aidiyyəti üzrə baxılmış və iddiaçı X6 Məsuliyyətli Cəmiyyəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlamalara başlanılmışdır. Cavabdeh inzibati orqan yoxlamaların nəticəsinə əsaslanaraq xx.xx.2022ci il tarixli, FA-23 nömrəli əmr ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırmış və bunun üçün müvafiq Komissiya yaradılmışdır. Komissiya tərəfindən işə baxılması xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən yoxlama və inzibati araşdırma aparıldıqdan sonra araşdırma yekunlaşdırılmış və xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında müvafiq Qərar qəbul edilmişdir. Həmin Qərara görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 567 974.39 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd manat otuz doqquz qəpik) AZN məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə iddiaçıya göstəriş verilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı təşkilat barəsində xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında, həmçinin Göstəriş verilmişdir. Həmin Göstərişə əsasən, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsinin təmin edilməsi, “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinin 7-ci bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılmasının, gələcək fəaliyyətində digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran yaxud zərər vura bilən eyni və eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməməsinin təmin edilməsi, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü və 7-ci bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 567 974.39 (beş yüz altmış yeddi in doqquz yüz yetmiş dörd manat otuz doqquz qəpik) AZN məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi iddiaçı təşkilatdan tələb edilmişdir. Hazırkı iddia ilə cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında müvafiq Qərarı hissəvi və xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında Göstərişi isə tam olaraq məhkəmə qaydasında mübahisələndirilir. Aşağıdakı faktiki və hüquqi dəlillərə əsasən iddiaçı hesab edir ki, qeyd olunan inzibati aktlar qeyri-qanuni və əsassız olduğu üçün Qərarın iddiaçıya münasibətdə ona aid olan 2-ci bəndi (2.1; 2.2;), Göstəriş isə tam olaraq ləğv edilməlidir. İddiaçı hesab edir ki, o, mövcud iddia ilə inzibati məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar onun hüquqlarını və qanunla qorunan maraqlarını pozur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Qərar iddiaçıya aid hissədə və Göstəriş ləğv edilmədiyi təqdirdə iddiaçı həm maddi hüquq olaraq sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi 567 974.39 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd manat otuz doqquz qəpik) AZN məbləğində pul vəsaitindən məhrum olacaq, həm də qeyri-maddi əmlak neməti olaraq iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxilə olunacaq və işgüzar nüfuzuna xələl gələcəkdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı təşkilat barəsində aparılan sahibkarlıq sahəsində yoxlamalar dövlət reyestrində qeydə alınmadan qanunsuz aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun müddəalarına görə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, Azərbaycan X1 İctimai Birliyinin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində plandankənar (növbədənkənar) yoxlama tədbirləri başladılmış, aparılan yoxlama barədə qərar elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, qeyd edilən yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, iddiaçıya yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh inzibati orqanın prosessual fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması” Qaydalarının 1.3-1-ci bəndi ilə konkret olaraq müəyyənləşdirilmişdir ki, antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olub-olmaması ilə bağlı sahibkarlıq subyektində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Lakin cavabdeh inzibati orqan tərəfindən Qaydaların tələbləri gözlənilmədən aparılan yoxlama qanunla yoxlamaların dayandırıldığı müddətdə həyata keçirilmiş, yoxlama barədə qərar elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, iddiaçıya yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış təqdim edilməmişdir. Həmin Qaydaların 1.3-1-ci bəndinə görə antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olub-olmadığını müəyyən etmək məqsədi ilə antiinhisar orqanı tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Cavabdeh inzibati orqan tərəfindən aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilməsi yoxlamanın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin də ləğv edilməsi üçün birbaşa imperativ əsasdır. Qanunverici orqan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması tələbini müvafiq icra hakimiyyəti orqanları üzərinə sahibkarların qanuni maraqlarının müdafiəsi məqsədilə qoymuş və bu tələbin yerinə yetirilməməsi nəticəsində həyata keçirilən yoxlama tədbirlərinin sahibkarların hüquqlarını və qanunla müdafiə edilən maraqlarını pozduğu üçün onun hüquqi nəticələrinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsini qeyd etmişdir. Məlum olduğu kimi Antiinhisar fəaliyyəti haqqında AR Qanununun 8.4-cü bəndi (qiymət manipulyasiyası etmək) və 8.7-ci bəndi (müqavilələrin bağlanmasında ayrıseçkilik etmək) üzrə inzibati icraat başladılmasının əsas şərti bazar subyektinin bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri olması ilə şərtləndirilmişdir. Yəni bazar subyektləri barəsində antiinhisar qanunvericiliyi ilə nəzərdə tutulmuş neqativ tələblər və məhdudiyyətlər bazarda hökmran mövqe tutan fərdi sahibkarlar və hüquqi şəxslər üçün nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqanın qənaətinə görə iddiaçı bazarda hökmran mövqe tutan təsərrüfat subyekti hesab olunduğu üçün Antiinhisar fəaliyyəti haqqında AR Qanununun 8.4-cü bəndi (qiymət manipulyasiyası etmək) və 8.7-ci bəndi (müqavilələrin bağlanmasında ayrı seçkiliyi etmək) üzrə tələb və məhdudiyyətlər iddiaçıya münasibətdə tətbiq edilməlidir. Həmin Qanunun 8.4-cü maddəsinə görə bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyriqanuni fəaliyyətinə aşağıdakılar daxildir: 4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); 7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi ilə cavabdeh inzibati orqanın üzərinə bəzi vəzifələr (öhdəliklər) qoyulmuşdur. Həmin vəzifələrdən biri də Azərbaycan Respublikasının iqtisadi bazarında hökmran mövqe tutan təsərrüfat subyektlərini müəyyənləşdirmək və bu cür subyektlərin dövlət reyestrini aparmaq vəzifəsidir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin dövlət reyestrinin aparılmasına baxmayaraq, iddiaçı fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt cavabdeh inzibati orqan tərəfindən bu cür dövlət reyestrində qeydə alınmamış, bu barədə iddiaçı hər hansı məlumat və ya bildiriş verilməmiş, iddiaçı Dövlət Statistika Komitəsinə bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri kimi hesabatlar təqdim etməmiş və bu cür hesabatların təqdim edilməsi tələb edilməmişdir. Həmin Əsasnamənin 3.0.5-ci bəndinə görə Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan Respublikasının duz məhsulları bazarında iddiaçı tək olmamaqla onunla bərabər başqa iri şirkətlər (Veysəloğlu, Avrora, Naxçıvan Duz, Bolluq, Tural 191, Vita Trading, Dincer, AL İmport, Reta və s.) və 38 nəfərdən çox fərdi sahibkar mövcuddur. Belə olduğu təqdirdə cavabdeh inzibati orqandan duz məhsullarının istehsalçı və idxalçıları ilə bu cür zəngin olduğu bir bazarda hökmran mövqedə olması ilə bağlı heç bir bildiriş, qərar, reyestrdən çıxarış almayan iddiaçının duz məhsulları bazarında hökmran mövqedə olmasını bilməli olması hər hansı ağlabatan mühakimə ilə izah edilə bilməyəcək bir məqamdır. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan öz qərarında iddiaçının nə üçün bazarda hökmran mövqe tutan təsərrüfat subyekti kimi dövlət reyestrinə alınmaması və hansı əsaslara görə bazarda hökmran mövqe tutmasına dair ağlabatan, mötəbər dəlil və sübutlar təqdim etməmişdir. Hamıya məlum olan faktdır ki, Azərbaycan Respublikası səviyyəsində bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri bu barədə əvvəlcədən cavabdeh inzibati orqan xəbərdar edilməklə dövlət reyestrinə alınır və Dövlət Statistika Komitəsinə bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri kimi hesabatlar təqdim edirlər. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının fəaliyyət müddəti ərzində ona qarşı bu cür tələb irəli sürmədiyi halda iddiaçını antiinhisar qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməsi yolverilməzdir. İddiaçı hərəkətləri ilə cavabdeh inzibati orqanın onu bazarda hökmran mövqe tutan təsərrüfat subyekti kimi tanınmamasına münasibətdə qanunla müəyyənləşdirilmiş etimadın qorunması hüququna malikdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqanın onunla bazarda hökmran mövqe tutan təsərrüfat subyekti kimi davranmadığı davranışına etimad etmək və ona uyğun davranmaq hüququna malikdir. Belə olduğu təqdirdə cavabdeh inzibati orqanın iddiaçını antiinhisar qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməsi yolverilməzdir. Həmçinin cavabdeh inzibati orqan yoxlamalar zamanı iddiaçı tərəfindən təqdim edilmiş və xüsusi bilik tələb edən maliyyəmühasibatlıq xarakterli sənədlər üzərində öz mülahizələrinə əsasən birtərəfli qiymətləndirmələr aparmış, maliyyə hesabatlarını bəzi xüsusi bilik tələb edən metodlarla (Lerner İndeksi; Hirschman-Herfindahl İndeksi; Korrelyasiya əmsalları; Qarışıq məlumat seçili reqressor (MİDAS); Granger Səbəblilik testi və s.) dəyərləndirmiş və qərarda sübut kimi yalnız bu metodlara istinad etmiş, bundan əlavə, bu metodlarla həyata keçirilən test və yoxlamaların nəticələri əlavə sənəd şəklində qərara əlavə edilməmişdir. Halbuki, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın istinad etdiyi metodlar İnzibati icraat haqqında AR Qanunun 45-ci maddəsinə görə sübutetmə vasitəsi kimi nəzərə alınmamışdır. Çünki bu cür metodlar iqtisadi və riyazi sahədə xüsusi bilik tələb edən sualları özündə əks etdirdiyi üçün qanunvericilik bu cür məlumatların ekspert rəyi qismində inzibati icraatda sübut olaraq nəzərə alına biləcəyini qeyd etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının maliyyə-hesabat sənədləri üzrə ortaya çıxan sualların araşdırılması üçün ekspertiza və ya audit yoxlaması təyin etməli olduğu halda bunları etməmiş, heç bir mötəbər sübutla təsdiqlənməyən - sadəcə öz mülahizələrinə əsaslanan xüsusi bilik tələb edən metodlarla ehtimali pozuntuların sübut olunduğunu qeyd etmişdir. İddiaçı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Antiinhisar fəaliyyəti haqqında Qanunun 8-ci maddəsinin 4-cü bəndi düzgün tətbiq edilməmişdir. Belə ki, həmin norma bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsindən bəhs etsə də, cavabdeh inzibati orqan tərəfindən bu şərt nəzərə alınmamış, araşdırma zamanı iddiaçının bazarda əlavə üstünlük əldə edib-etməməsini araşdırmamışdır. Həmin Qanunun 8.4-cü maddəsinə görə bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması). Sözügedən qanunun mətnində qiymətlərlə manipulyasiya anlayışı özündə həm qiymətlərin yüksəldilməsini, həm azaldılmasını, həm də bir səviyyədə saxlanmasını ehtiva edir. Yəni ağlabatan qaydada düşündükdə belə qənaətə gəlmək mümkündür ki, qiymətlərlə manipulyasiyada ittiham olunmaq üçün əsas tövsifedici faktor qiymətlərin yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanması deyil, belə ki, bu üç elementə görə istənilən bazar subyekti hazırki vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən qiymətlərlə manipulyasiyada ittiham oluna bilər, çünki hazırda bazarda qiymətlər ya yüksəldilir, ya azaldılır, ya da sabit saxlanılır və dördüncü yol mümkün deyildir. Belə olduğu təqdirdə aydındır ki, qiymətlərlə manipulyasiyada ittiham olunmaq üçün əsas şərt qiymətləri dəyişdirmək və ya sabit saxlamaq yox, bazarda əlavə üstünlük əldə etməkdir. Qiymətlərlə manipulyasiya “Antiinhisar fəaliyyəti haqqında” AR Qanununun 4-cü maddəsinə görə məhdudlaşdırıcı fəaliyyət vasitəsidir və bu vasitədə əsas məqsəd və üstünlük təsərrüfat subyektlərinin bu və ya digər bazarda öz fəaliyyət sahəsini rəqiblərdən qorumaq və təcrid etmək, bununla da həmin bazarda rəqabəti məhdudlaşdırmaqdır. Lakin iddiaçının belə bir məqsədi və niyyəti olmamış, bazarda digər duz istehsalçılarını və idxalçılarını bazardan çıxarmaq məqsədi güdməmiş və bu qüdrətdə olmamışdır. Hazırkı işdə iddiaçının qiymətlərlə manipulyasiya etdiyi iddia olunaraq bazarda hansı rəqibləri bazardan təcrid etdiyi və nəticədə hansı əlavə üstünlük əldə etdiyi cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Cavabdeh inzibati orqan müvafiq qərarında aşağıdakı kimi qeyd edir: “Qeyd olunanlardan göründüyü kimi ADİB QSC tərəfindən istehsal olunan duz məhsullarının Sun Food MMC tərəfindən digər təsərrüfat subyektləri ilə müqayisədə Bazarstore MMC və Al Market MMC-yə daha ucuz qiymətə satılması nəticəsində həmin subyektlərə birtərəfli üstünlüklər verilmiş və digər təsərrüfat subyektlərinin rəqabət imkanlarına zərər vurulmuşdur”. İddiaçı MMC ilə iri market şəbəkələri arasında bağlanmış müqavilələrin eynişərtli və qiymət dəyişikliyi barədə İddiaçı MMC tərəfindən market şəbəkələrinə göndərilən (e-poçt) qiymət cədvəllərinin mətninin (məzmunu) eyni olmasına baxmayaraq, 2020-ci, 2021-ci və 2022ci ilin yanvaraprel ayları ərzində şəbəkə və digər marketlərə, həmçinin, distributorlara satılan qida üçün yararlı duz məhsullarının qiymətlərində ayrı-seçkiliyə yol vermiş (Əlavə № 2), bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 7- ci bəndinin tələbləri pozulmuşdur". Müqavilələrin bağlanmasında ayrı seçkilikdə ittiham olunmaq üçün əsas tövsifedici faktor ya kontragentlərlə müqavilə bağlanmasından və dolayısıyla onlara mal satışından birtərəfli olaraq imtina edilməsi, ya da kontragentlərin bəzilərinə əsassız olaraq müqavilə şərtlərindən fərqli olan digər şərtlər tətbiq edilməsi və ya bu cür şərtlərin tətbiqindən məhrum edilməsidir. Məhkəmə diqqətə almalıdır ki, cavabdeh inzibati orqan “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 7-ci bəndini doğru tətbiq etməmişdir. Belə ki, cavabdeh inzibati orqan müqavilələrin bağlanmasındakı ayrı seçkilik pozuntusunu qiymətlərlə manipulyasiya kimi qiymət prizmasından dəyərləndirmişdir. Halbuki burada diqqət yetirilməli olan məqam qiymət yox, iddiaçı tərəfindən kontragentlərin hamısına bərabər imkanların, yəni müqavilə üzrə bərabər şərtlərin tanınıb-tanınmamasıdır. Məsələn, iddiaçı A marketinə malların onun anbarına daşınması şərtini təklif edir, lakin B marketinə bu cür şərt təklif etmirsə və yaxud da iddiaçı A marketinə malların hissə-hissə nisyə qaydada ödənilməsini təklif edib, lakin B marketinə bu şərti təklif etmirsə, o zaman bu fakt müqavilə bağlanmasında ayrı seçkilikdə ittiham olunmaq üçün əsas hesab oluna bilər. Göründüyü kimi ayrı seçkilik faktı araşdırılarkən əsas diqqət yetirilməli məsələ malların yekun satış qiyməti yox, iddiaçının bütün kontragentlərə bərabər satış imkanları və satış şərtləri nəzərdə tutub-tutmamasıdır. Lakin cavabdeh inzibati orqan Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 7- ci bəndi üzrə araşdırmanı doğru aparmamış, maddənin təyinatı üzrə bərabər şərtlərin tanınıb-tanınmamasını araşdırmamış, sadəcə iddiaçı tərəfindən cavabdehlərə satılan malların satış qiymətindəki cüzi fərqlərə istinad edərək pozuntunu tanımışdır. Həmin Qanunun 8.4-cü maddəsinə görə bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 7. digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrıseçkiliyə yol verilməsi. İddiaçı bəyan edir ki, Cəmiyyətin kontragentlərlə müqavilələrin bağlanmasında heç bir bazar subyektinə müqavilə bağlanmasından, dolayısıyla, mal satışından imtina etməmiş, bu sahədə kontragentlərlə münasibətlərdə qəti olaraq ayrı seçkiliyə yol verməmişdir. İddiaçı Sun Food MMC bu sahədə fəaliyyət göstərən bütün distributor və market şəbəkələrinə (Araz Market, OBA market, Bravo market, Bazarstore market, Al market, Grand Market, Rahat market, Neptun market, Bizim market) eyni mətndə və eyni şərtlərlə alqı-satqı müqavilələri təklif edilmişdir. Cavabdeh inzibati orqanın ayrıseçkilik kimi istinad etdiyi yekun satış qiymətindəki cüzi fərqlər isə sadəcə hər kontragentlə əməkdaşlıq şərtlərindən asılı olaraq dəyişir. Məsələn, satılan malların dəyərinin əvvəlcədən tam olaraq ödənilməsi, mərkəzi anbar sisteminə çatdırılma şərti, məhsullarımızın ön rəfdə yerləşdirilməsi şərti ilə satış və s. Cavabdeh inzibati orqan tərəfindən müqavilələr bağlanılmasında ayrı seçkiliyin yeganə sübutu olaraq qərara 3 nömrəli Əlavə əlavə edilmişdir. Həmin Əlavə ilə cavabdeh inzibati orqan sübut etmək istəyir ki, iddiaçı satdığı duz məhsullarını "xxxx" və “Al Market”ə münasibətdə digər marketlərə daha baha satmışdır. Lakin 3 nömrəli Əlavəyə nəzər yetirdikdə açıq-aydın görünür ki, iddiaçı tərəfindən bəzi duz məhsulları üzrə ən aşağı satış qiyməti Bazarstore və Al Marketə yox, məhz Bravo marketə (Azərbaycan Supertmarket MMC-yə) satılmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən bu fakta heç bir qiymət verilməmişdir. Belə olduğu təqdirdə iddiaçının müqavilə bağlanmasında Bazarstore və Al Marketə münasibətdə ayrı seçkiliyə yol verməsini qeyd etmək faktiki və hüquqi cəhətdən əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsi hissəsində qeyri-mümkün sayılmışdır Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-507/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarı ilə isə iddia qalan hissədə təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarı qismən - İddiaçınə aid hissədə ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini bu cür əsaslandırmışdır: “... Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki qanunvericilikdə Dövlət Xidmətinin hökmran mövqe tutan təsərrüfat subyektlərini dövlət reyestrində qeydə aldıqdan sonra onun barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə araşdırma aparmasını nəzərdə tutan hər hansı imperativ norma yoxdur. Başqa sözlə qanunvericilikdə hökmran mövqedə olan təsərrüfat subyektinin hökmən inhisarçı müəssisələrin dövlət reyestrinə salındıqdan sonra onlara “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşməsini ehtiva edən normalar nəzərdə tutulmamışdır. Belə ki, sözügedən Qanunda hökmran mövqe bazar payının 35%-dən çox olan vəziyyəti kimi təsbit olunmuş, məhz həmin göstəricidən yuxarı olan təsərrüfat subyektlərinin fəaliyyətinə Qanunun təsirini nəzərdə tutur., "xxxx" QSC-nin ********* kodu altında “insanın qidalanması üçün yararlı olan duz”un istehsalı və topdansatışı bazarında 2020-ci il üzrə bazar payı (47536.97/(74115+160xx.xx- 23648.9)x100%=71,4%) 71,4%, 2021-ci il üzrə isə (44876.95/(64910,3+15150,29- 18336.37)x100%=72,7%) 72,7% olmuşdur. "xxxx" QSC tərəfindən istehsal olunan duz məhsullarının 100% satıcısı İddiaçı MMC olduğundan, "xxxx" QSC duz məhsullarının istehsalı və topdansatışı bazarında, İddiaçı MMC isə duz məhsullarının topdansatışı bazarında həm 2020-ci, həm də 2021-ci illər üzrə hökmran mövqeyə malik olmuşlar.Bunun nəticəsində, Dövlət Xidməti tərəfindən aparılmış təfərrüatlı araşdırmalar, iclaslar zamanı edilən çıxışlar, habelə təqdim edilmiş sənəd və məlumatlara əsasən İddiaçı MMC tərəfindən aşağıdakı hallara yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4 və 7-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir: İddiaçı MMC ilə iri market şəbəkələri arasında bağlanmıış müqavilələrin eynişərtli və qiymət dəyişikliyi barədə İddiaçı MMC tərəfindən market şəbəkələrinə göndərilən (e-poçt) qiymət cədvəllərinin mətninin (məzmunu) eyni olmasına baxmayaraq 2020-ci, 2021-ci və 2022-ci ilin yanvar-aprel ayları ərzində şəbəkə və digər marketlərə, həmçinin disribütorlara satılan qida üçün yararlı duz məhsullarının qiymətlərində ayrı-seçkiliyə yol vermiş, bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 7-ci bəndinin tələbləri pozulmuşdur; İddiaçı MMC tərəfindən təqdim edilmiş məlumatda duz məhsullarının mərkəzləşdirilmiş anbar sistemi ilə çalışan bütün marketlərə fərqli ünvanlarda yerləşən marketlərlə müqayisədə daha ucuz və vahid qiymətə satıldığı qeyd edilsə də belə sistem ilə çalışan OBA marketə AL marketlə müqayisədə baha qiymətə satıldığı, müxtəlif ünvanlarda yerləşən marketlərə çatdırılaraq satıldığı halda da "xxxx" MMC ilə müqayisədə digər şəbəkə marketlərə daha baha qiymətlə satıldığı müəyyən edilmişdir; İddiaçı MMC tərəfindən satılan “SALUTE X.DUZU_1KQ*10_MV KT”, “SALUTE X.DUZU_1KQ*10_QRM KT”, “AZERDUZ S.DUZU_750Q*14_PST”, “AZERDUZ S.DUZU_500Q*20_SLND PLS”, “SALUTE PENDİR-TRS DUZU_3KQ*5”, “SALUTE EXT S.DUZU_1 KQ*14_PST”, “SALUTE MANQAL DUZU_3KQ*5”, “SALUTE MANQAL X.DUZ_900Q*10”, “AZERDUZ S.DUZU_3KQ*5_PST”, “AZERDUZ S.DUZU_1,5KQ*12_PST” və “SALUTE EXT S.DUZU_500Q*22_PST” adlı duz məhsullarının satış qiymətləri maya dəyərinin dəyişməsinə nisbətdə daha çox artırılaraq satılmaqla qiymət manipulyasiyasına yol verilmiş, bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur; İddiaçı MMC tərəfindən ixrac olunan məhsulların qiymətinin daxili bazara satılan oxşar məhsulların qiymətindən ucuz olmuşdur; İddiaçı MMC tərəfindən keçirilən kampaniyalar zamanı duz məhsullarının satışından əldə olunmuş gəlirin qiymət manipulyasiyasına təsir etdiyi, həmin məhsulların kampaniya olmadan satılmış olduğu təqdirdə qiymət manipulyasiyasının səviyyəsinin daha yüksək olacağı, eyni zamanda təqdim edilmiş satış şərtlərinin alqı-satqı müqavilələrində öz əksini tapmadığı və hərhansı müqaviləyə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, inhisarçı müəssisələrin dövlət reyestri bu və ya digər araşdırma nəticəsində bazar subyektinin payının 35%-dən artıq olduğunun müəyyən olunduqdan sonra informasiya bazasının formalaşması məqsədi daşıyır. Bu isə subyektin həmin Reyestrə olmadığı üçün onun məsuliyyətə cəlb edilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Dövlət Xidməti tərəfindən hər hansı bir təsərrüfat subyektinin hökmran mövqedə olduğunu bilmək üçün əvvəlcə araşdırma aparılması zəruridir. Belə ki, ölkə ərazisində minlərlə bazar olduğu nəzərə alınarsa, bütün bazarlar üzrə hökmran mövqenin Dövlət Xidməti tərəfindən müəyyən edilməsi qeyrimümkündür. Xidmətin qeyri-məhdud sayda bazar subyektləri barədə əvvəlcə araşdırma aparıb, daha sonra onları hökmran mövqe ilə əlaqədar reyestrə saldıqdan sonra və Reyestrə salındıqdan sonraki hərəkətlərinə qiymət verilməsi, pozuntuya yol vermiş subyektlərin məsuliyyətdən yayınması ilə nəticələnər, ümumilikdə isə milli iqtisadiyyatın başlıca prioritetlərindən biri olan rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına ciddi təsir etmiş olar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi mübahisələndirmə haqqında iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, xx.xx.2022-cü il tarixli inzibati akt xx.xx.2022-cü il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Həmin inzibati aktın şəxsən iddiaçıya təqdim edilmə vaxtı ilə bağlı məlumat mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, müddət ötürülməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: 15.“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya Maddə 4. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: ... hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur; Maddə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyriqanuni fəaliyyətinə aşağıdakılar daxildir: 1) xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması; 2) süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması; 3) digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması; 4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); 5) məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi; 6) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması; 7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; 8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi; 9) istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan əsassız imtina edilməsi; 10) kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması. Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ ...

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir.

3. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) hesabat təqdim edirlər. 16.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi: (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. ... 3.0.5. rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış və işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə, “Sun Food" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4- cü bəndinin tələblərini pozmaqla hayata keçirdiyi qeyri-qanuni faaliyyətin dayandırılması və duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedəan sui-istifadə etməyərək bazarın rəqabət qabiliyyətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin tələblərini pozmaqla həyata keçirdiyi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində eldə etdiyi 567974 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd) manat 39 qəpik məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə göstərişin verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, tələb olunan məlumatlar, iddiaçı ilə şəbəkə marketləri arasında satılan duz məhsullarının maksimum və minimum qiymətləri ilə bağlı həm imzalı və möhürlü, həm də elektron məlumatlar, satış şərtləri ilə bağlı müqavilələr, qiymət cədvəlləri təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarda istinad edilən “Antiinhisar fəaliyyəti haqqında” 4-cü maddəsində verilən anlayışına görə: “hökmran mövqe” - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətidir. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən qərarla iddiaçını duz məhsularının topdan satışında 35 faizdən yuxarı mövqe tutaraq bu mövqeyindən əsassız sui istifadə edərək qiymət artımına səbəb olduğunu, bununla da antihinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə, həmin fəaliyyət nəticəsində əldə etdiyi mənfəətin dövlət büdəsinə ödənilməsi öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Halbuki, cavabdeh orqan, iddiçının bazarda 35 faizdən yuxarı olmaqla, hökmran mövqe tutan bazar subyekti kimi, Əsasnamənin qeyd olunan 3.0.5-ci bəndinin imperativ tələbinə müvafiq olaraq dövlət reyestrinə daxil etməmişdir və bu hal işin mübahisəsiz haldır. Əslində, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçı qurumun bazarda hökmran mövqe tutan iştirakçı kimi dövlət reyestrinə daxil etmədiyi etiraf olunur. Bununla bağlı cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, hökmran mövqe tutan subyektlərin reyestərə daxil edilməsi ilə bağlı qanunvericilikdə imperativ norma mövcud deyil, bazar iştirakçısı hökmran mövqe tutursa, reyestrə daxil edilmədən yoxlanıla bilər. Cavabdehin qeyd olunan dəlillərinin əsassız olduğu, istinad olunan Əsasnamənin adıçəkilən 3.0.5-ci bəndinin tələbi ilə sübuta yetirilir. Belə ki, yuxarıda qeyd edilən müddəadan aydın görünür ki, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq Xidmətin vəzifəsidir. Cavabdehin gətirdiyi digər bir dəlil ölkə ərazisində minlərlə bazar olduğu nəzərə alındıqda bütün bazarlar üzrə hökmran mövqenin Xidmət tərəfindən müəyyən edilməsi qeyri-mümkün olması ilə bağlıdır. Əgər belədirsə, iddiaçı qurumun bazarda 35 faizdən yuxarı mövqe tutduğunu hansı əsaslardan çıxış edərək müəyyən edildiyi bəlli deyil. Aydın olur ki, cavabdeh inzibati orqan özü qeyd olunan dəlili ilə iddiaçının bazarda hökmran mövqə tutan subyekt olduğunu israrlayan digər dəlilini təkzib edir. Bundan əlavə, əsaslandırılmamış qiymət artımı bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi kimi müəyyən olunduğu zaman “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinin 4-cü bəndində göstərilən tələblərin pozulması kimi qiymətləndirilə bilər. İddiaçının yeni qiymətlər müəyyən etməsində bazarda əlavə üstünlük əldə etmə məqsədi daşıması, bu halın bazarda rəqabəti məhdudlaşdırması və ya istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməsi cavabdeh tərəfindən sübuta yetirilməlidir. Həmçinin, iddiaçının hərəkətləri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması kimi o zaman qiymətləndirilə bilərdi ki, iddiaçının bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etməsi müəyyən edilsin. Lakin cavabdeh inzibati orqan bu halı təsdiq edən sübutları da məhkəmə aradırmaları zamanı təqdim etməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərinin mövcudluğu sübuta yetirilmiş hesab oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlə bağlı xx.xx.2025-ci il tarixli 2-1(102)-1020/2025 nömrəli qərarında da hüquqi mövqeyi bu cür əsaslandırılmışdır. Beləliklə də, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli Qərarın İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə aid olan hissədə ləğv edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar