Məhkəmə qərarları › İş №2-1(103)-4404/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4404/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4404/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha, 1310A saylı torpaq sahəsinin X7 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1074.0 kv. metrdən ibarət 1310 A saylı bağ torpaq sahəsinin mərhum X7 məxsusluğu barədə arayışın ona yəni, İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1310A saylı 0.12 hektar bağ sahəsinin icarəyə verilməsi haqqında keçmiş Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə həmin orqan tərəfindən X11 (qərarda Muqib kimi yazılmışdır) oğluna xx.xx.1990-cı il tarixdə order verilmişdir. Həmin qərarın və orderin surəti arxiv nüsxəsi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Qeyd edilən qərarda şəxsin ata adında düzəliş edilməsi ilə bağlı qeyd mövcuddur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində olan notariat ofisində onun müraciəti əsasında onun xx.xx.2014-cü ildə vəfat etmiş atası - X6 vərəsəliyi açılmışdır. Elə həmin tarixdə də miras kütləsinə daxil olan yuxarıda qeyd edilən əmlak barədə çıxarış və ya forma 37-nin iddiaçıya verilməsi barədə notarius tərəfindən cavabdehə məktub ünvanlanmışdır. O, torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərlə birlikdə müxtəlif tarixlərdə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin müraciətlərə heç bir cavab verilməmiş, torpaq sahəsinə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Cavabdehin iddiaçının mülkiyyət hüquqlarını qeydə almağa dair öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina etməsi mülkiyyət hüquqlarının kobudcasına pozulmasıdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş “1” nömrəli orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, idarənin arxivində saxlanılan siyahıda və təqdim edilmiş Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarın arxiv çıxarışında hüquq sahibinin ata adı “Muqib” kimi qeyd edilsə də, notariat ofisinin məktubunda və ölüm haqqında şəhadətnamədə isə “Muqbil” kimi göstərildiyindən sənədlər arasında uyğunsuzluq mövcud olmuşdur. Həmçinin torpaq sahəsinin faktiki yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müraciət olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyatı yoxdur, 1420 və 1430 saylı bağ sahələrinin ərazisidir. Həmçinin, eyni sahəyə dair digər şəxslərin- X3 və X2 müraciətləri İdarəyə daxil olmuşdur. Habelə, arxiv qeydinə əsasən Ləhiş bağ massivində 33108 nömrəli müqavilə əsasında 1310 nömrəli bağ sahəsi digər şəxsin X1 adına qeydiyyata alınmışdır (**********84). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək, X3, X2 və X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, eyni sahəyə dair digər şəxslərin- X3 və X2 müraciətləri İdarəyə daxil olmuşdur. Habelə, arxiv qeydinə əsasən Ləhiş bağ massivində 33108 nömrəli müqavilə əsasında 1310 nömrəli bağ sahəsi digər şəxsin X1 adına qeydiyyata alınmışdır(**********84). Bu səbəbdən qeyd edilən inzibati iş üzrə - X3, X2 və X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka (bağ torpaq sahəsi) dair məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-12376/2025 saylı inzibati iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin X3, X2 və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti vəsatətlə oxşar əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in: 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər; 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz; 50.0 və 50.0.6-cı maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında məhkəmə icraatına cəlbetmə məsələlərini həll edir və bu barədə qərardad çıxarır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 №li xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Həmin Qərardadın 44.-cü bəndinə əsasən İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir. 45.-ci bəndinə əsasən həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur. Göründüyü kimi, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin X3, X2 və X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinin təmin olunmamasından apellyasiya şikayəti nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar