Məhkəmə qərarları › İş №2-1(103)-4405/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4405/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4405/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Üçüncü şəxs Əliyev Oruc İsa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Əliyev Oruc İsa oğlu üçüncü şəxs qismində göstərilməklə “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-9859/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamın Əliyev Oruc İsa oğluna aid olan hissədə və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li orderin, torpaq sahəsinin cizgisinin ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1994cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında 2005ci il tarixli JN-26766D (kod 0050003) Şəhadətnamə ilə onun mülkiyyətinə hər iki təşkilat (X2 Komitəsi və Bağlar təsərrüfatı idarəsi) tərəfindən yerində göstərilməklə 5976 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin sərhədlərini Dövlət Reyestri Xidmətinin Sabunçu rayon Ərazi idarəsinin nümayəndəsi tərəfindən müasir texniki vasitələrlə bir daha yerində göstərilməklə Dövlət Reyestr Xidməti tərəfindən hüquqlarını qoruduğu şəxsə 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir (Seriya RX № 0749395). xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2- 1(82)-129/2017 saylı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edərkən ona məlum olmuşdur ki, Əliyev Oruc İsa oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə etdiyi müraciətinə imtina cavabı aldığı üçün həmin idarəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 20/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Əliyev Oruc İsa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan tərəflər yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyindən adı çəkilən qərar qanuni qüvvəyə minmişdir. Əliyev Oruc İsa oğlunun torpaq üzərində istifadə hüququnun bərpa edilməsinə dair iddia ərizəsi ilə bağlı 2019-cu ilin fevralında Sabunçu Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuş və məhkəmə prosesində məlum olmuşdur ki, iddiaçının bağ sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi orderinə mütləq əlavə edilməli olan torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi yoxdur. Belə sxemin olmadığı halda orderdə qeyd olunmuş torpaq sahəsini yerində göstərmək qeyri mümkündür. Bütün bu və digər dəlilləri nəzərə alaraq, iddiaçının tələbi Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(008)-931/2019 nömrəli Qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən iddiaçı Əliyev Oruc İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(103)-8201/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Əliyev Oruc İsa oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 6290/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. İddia üzrə məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarlardan narazı olan Əliyev Oruc İsa oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışının etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla rədd edilmişdir. Qərardaddan narazı qalan Əliyev Oruc İsa oğlu şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-9186/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadından Əliyev Oruc İsa oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, Əliyev Oruc İsa oğlu ona məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququ ilə bağlı müxtəlif məhkəmə instansiyalarına 1995-ci il tarixli, torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi olmayan orderi təqdim etməklə və praktiki olaraq eyni tərəflər arasında, eyni predmet üzrə (İddiaçı verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın ləğvi haqqında) eyni məzmunlu iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciət edərək və öz iddia ərizələrində ona dövlət orqanları tərəfindən verilmiş sənədlərin saxta olmasını əsassız olaraq qeyd edərək, hüquqi baxımdan qanunsuz olan məqsədinə nail olmaq niyyətindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-285/2023 saylı Qərarı ilə Əliyev Oruc yuxarıda qeyd etdiyi niyyətinə çatmışdır. Bu iddiasının əsasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncam (Ləhişdəki 5931 №-li bağ 248 №-li BTK tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilməsi) və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li order dayanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4596 nömrəli məktubu ilə göndərilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X2 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planölçüsü verilmiş faktiki sahənin qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyini nəzərə alaraq həmin şəhadətnamə və “Torpaq sahəsinin planı və ölçüsü”-nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. Belə ki, 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməsi 57,0 metr şimal-şərqdə yerləşən qeydiyyata alınmayan torpaq sahəsinə uyğun gəlir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında sözügedən əmlak hüquqlarını qoruduğu şəxsin mülkiyyətinə və istifadəsinə verilmişdir. Əliyev Oruc İsa oğlu isə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (Ləhişdəki 5931 №-li bağ 248 №-li BTK tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilməsi) və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li orderi əsasında əmlaka mülkiyyət hüququ almış, amma mülkiyyətdən heç istifadə etməmişdir, bu zamanadək onun istifadəsində olmuşdur. Əliyev Oruc İsa oğlu 5931 sıra nömrəsi olan torpaq sahəsini qonşulardan soruşa-soruşa müəyyən etmişdir. Mübahisələndirilən qərardan 27 il sonra həmin əmlak Əliyev Orucun “yadına düşüb”. Əks tərəfdə isə İddiaçı artıq 29 ildir ki, sözügedən əmlaka mülkiyyət- sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Göründüyü kimi Əliyev Orucdan 1 il öncə onun sözügedən əmlaka hüquqları yaranıb və qarşı tərəfin əksinə onun hüquqları sadəcə inzibati aktlarda əks olunmayıb, eyni zamanda o öz hüquqlarından, əmlakından istifadə etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-9859/2025 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-9859/2025 saylı qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsi e-2-1(112)-9859/2025 nömrəli iş üzrə qərardad qəbul edərkən mübahisə predmeti olan bağ sahəsinə dair xx.xx.1994-cü il tarixində 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında 2005-ci iltarixli JN-26766D (kod 0050003) şəhadətnamə ilə İddiaçı mülkiyyətinə hər iki təşkilat (X2 Komitəsi və Bağlar təsərrüfatı idarəsi) tərəfindən yerində göstərilməklə 5976 saylı bağ sahəsi ayrılması, müvafiq çıxarışın olması, Əliyev Oruc İsa oğlunun iddia tələbinin-Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin edilməməsi həmçinin tərəflərin yuxarı instansiya məhkəmələrinə şikayət verməməsi ilə qərar qanuni qüvvəyə minmişdir. Daha sonra Əliyev Oruc İsa oğlu torpaq üzərində istifadə hüququnun tanınması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, bağ sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi orderinə mütləq əlavə edilməli olan torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi yoxdur. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü də əlavə olunur) Belə sxemin olmadığı halda orderdə qeyd olunmuş torpaq sahəsini yerində göstərmək qeyri mümkünlüyü nəzərə alınaraq iddiaçının tələbi Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(008)-931/2019 nömrəli Qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən iddiaçı Əliyev Oruc İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(103)-8201/2019 saylı Qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Əliyev Oruc İsa oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6290/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddia üzrə məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarlardan narazı olan Əliyev Oruc İsa oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışının etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla rədd edilmişdir. Qərardaddan narazı qalan Əliyev Oruc İsa oğlu şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsininxx.xx.2020-ci il tarixli, 2(103)-9186/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadından Əliyev Oruc İsa oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməmişdir. Bütün bu prosesslərdən və dəlillərdən aydın olur ki, İddiaçı məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququna Əliyev Oruc İsa oğlu müdaxilələr etmiş və müxtəlif predmetlər üzrə müxtəlif məhkəmələrdə iddia qaldırmış və nəticə etibari ilə iddia tələbi rədd edilmişdir. Ona görə ki, İddiaçı Dövlət ReyestrXidməti tərəfindən 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir(Seriya RX№ 0749395). Lakin Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələbləri baxımından yuxarıda qeyd olunan xüsusatları hərtərəfli, tam və obyektiv araşdırmadan iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-1(112)- 9859/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2-1(103)-4405/2025 saylı iş üzrə xx.xx.2026-cı il tarixdə saat 10:30-da məhkəmə iclası təyin edilmişdir. Lakin həmin tarixdə saat 11:15-də Tərtər Rayon Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclası olduğundan sözügedən məhkəmə iclasında iştirakı mümkün olmayacaq. Bu səbəbdən sözügedən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının hüquqi marağı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamın Əliyev Oruc İsa oğluna aid olan hissədə və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li orderin, torpaq sahəsinin cizgisinin ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququna Əliyev Oruc İsa oğlu müdaxilələr etmiş və müxtəlif predmetlər üzrə müxtəlif məhkəmələrdə iddia qaldırmış və nəticə etibari ilə iddia tələbi rədd edilmişdir. Ona görə ki, İddiaçı Dövlət ReyestrXidməti tərəfindən 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir(Seriya RX№ 0749395). Lakin Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələbləri baxımından yuxarıda qeyd olunan xüsusatları hərtərəfli, tam və obyektiv araşdırmadan iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bunu belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı eyni cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən xx.xx.1995-ci il tarixli Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinin Əliyev Oruc İsa oğluna ayrılması ilə bağlı 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (qərarına) əsasən Əliyev Oruc İsa oğluna aid olan hissədə və 12 №-li orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4248/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1348/2025 №-li qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4248/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra, iddiaçı tərəfindən sözügedən qərardad mübahisələndirilərək kassasiya şikayəti verilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1348/2025 №-li qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının eyni predmet barəsində eyni cavabdehə qarşı iddia ərizəsi olmuş və məhkəmələr ona hüquqi qiymət vermişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci bəndində qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni zamanda həmin qərarın 15.6cı bəndində qeyd edilmişdir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-9859/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-9859/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar