Məhkəmə qərarları › İş №2-1(103)-441/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-441/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-441/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndələri-vəkilləri Vəkil və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Bakı Nəqliyyat Agentliyi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçınə dair “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı; xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli, 302 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Nəqliyyat Agentliyi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixli, 04/1 saylı müraciəti və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.1997-ci il tarixli, 003217 saylı şəhadətnaməni nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində İddiaçınə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsinin 0.5022 ha torpaq sahəsində əlavə edilməklə ümumilikdə 1.4797 ha torpaq sahəsinin iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 12/94 saylı ayrıc aktı verilmişdir. xx.xx.2012-ci ildə isə xx.xx.2012-ci il tarixli, 311 saylı sərəncam ilə 12/94 saylı ayrıc aktına əlavə edilmişdir. xx.xx.2013-cü il tarixdə iaşə obyektinin təqdim olunmuş işçi layihəsinə baxılaraq, 3 ədəd 7 mərtəbəli, 1 ədəd, 3 mərtəbəli tikintinin memarlıq hissəsi razılaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi X1sı Baş İdarəsi tərəfindən 24162 saylı rəy verilmişdir. xx.xx.2018-ci il tarixdə obyektin tikintisinə 08 saylı icazə verilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinə başlanması üçün əsas olan 248 saylı xüsusi nişan verilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 saylı sərəncamı ilə İddiaçınə obyektin tikintisinə icazə verilmişdir. xx.xx.2018-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı sərəncamı ilə ““Dərnəgül” metro stansiyası ətrafında “X6” yaradılması ilə əlaqədar İddiaçınə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin layihələndirilməsi və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə isə həmin sərəncam rəsmi qaydada İddiaçınə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinin başlanması üçün əsas olan xx.xx.2018-ci il tarixli, 248 saylı xüsusi nişan verilməsindən sonra əvvəlki tarixə yəni, xx.xx.2018-ci il tarixdə ləğv edilmiş qanunsuz inzibati akt (sərəncam) ləğv olunmalı və əvvəlki yəni qanunsuz və əsassız ləğv edilən inzibati aktın bərpa edilməsi öhdəliyi Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Üçüncü şəxs Bakı Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, mübahisə predmeti olan 302 saylı sərəncam həmin ərazidə X4 yaradılması ilə əlaqədar qəbul edilmişdir. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi Agentlik tərəfindən 17 mart 2017-ci il tarixdən etibarən X9 kimi istifadə edilir. Eyni zamanda X9 yaradılması planlaşdırılarkən bu məqsədlə həmin ərazidə yolun hərəkət hissəsinin, “cib”lərinin və piyada səkilərinin daimi olaraq X4 ərazisi kimi istifadə edilməsi məqsədilə ayrılması üçün 24 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər X11 Təhlükəsizliyi Komissiyasına müraciət edilmişdir. Bu məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti, "xxxx" ASC (hazırki Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi), Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cavab məktublarında həmin ərazidə X4 yaradılmasına etirazın olmadığı bildirilmişdir. Digər tərəfdən “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə Prezidentinin 02 aprel 2018-ci il tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə görə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X4 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən 06 aprel 2018-ci il tarixli, 237 s nömrəli sərəncam qəbul edilmiş və sərəncamda digər məsələlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinə 4 X4 yaradılması ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı tapşırıq verilmişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən 4 X4 yerləri dəqiqləşdirilmiş və aidiyyəti qurumlara bu barədə təkliflər irəli sürülmüşdür. Nazirlər Kabinetinin 04 mart 2019cu il tarixli 73 nömrəli qərarında X9 üçün zəruri olan tələblər müəyyən edilmiş, buraya sərnişin axınının nisbətən sıx olması, bir neçə şəhərdaxili marşrut xəttinin kəsişməsi, eləcə də ictimai nəqliyyatın digər növlərinə, o cümlədən metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar, taksilərə keçidin rahat və əlverişli olması aid edilmişdir. Bundan əlavə həmin “Tələblər”də X9ndə pavilyonların, dispetçer məntəqəsinin olması imperativ qaydada göstərilmiş, kiçik ticarət və iaşə xidmətləri köşkləri, sanitar qovşağının yerləşdirilməsi isə mümkün hesab edilmişdir. Agentlik tərəfindən də, 4 X4 yerləri dəqiqləşdirilərkən həmin ərazilərin ictimai nəqliyyatın axını baxımından rahat və əlverişli olması, habelə ərazinin sahəsi baxımından isə sərnişinlərə və sürücülərə xidmət göstərilməsi üçün müvafiq tikililərin inşası üçün kifayət qədər sahəyə malik olması əsas götürülmüşdür. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi də, həm sərnişin axınının nisbətən sıx olması, həm bir neçə ictimai nəqliyyatın (avtobus, metro, şəhərətrafı qatar və s.) kəsişməsində yerləşməklə mövcud “Tələblər”ə cavab verdiyindən həmin ərazi X4 yaradılması üçün təklif edilmişdir. Qeyd edilən ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən baş plan və koordinatlar təqdim edilmiş və verilmiş baş plandan mərkəzin əhatə edəcək ərazisinin sahəsi 7,3578 ha olacağı göstərilmişdir. Baş plandan da, aydın görünür ki, Dərnəgül X4 inşası üçün nəzərdə tutulan torpaq sahəsi ilə "xxxx" KM-nə iaşə obyektinin inşası üçün ayrılmış 1,4797 ha sahəsi isə tam üst-üst düşür. Digər tərəfdən yaradılması nəzərdə tutulan mərkəzdə nəqliyyat vasitələri və sərnişinlərin axınının yüksək olacağı diqqətə alındıqda 6 ədəd 7 mərtəbəli iaşə obyektinin, habelə idman mərkəzinin inşası həmin mərkəzin fəaliyyətini iflic edər. Belə bir vəziyyət isə normal X4 inşasını, son nəticədə isə ölkə Prezidentinin Fərmanın müvafiq hissəsinin icrasını mümkünsüz edir. Bu səbəbdən hesab edirlər ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının torpaq sahəsinin ayrılması, eləcə də, məişət və iaşə obyekti, idman mərkəzinin tikintisinə icazə verilməsi barədə sərəncamları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyindən ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarı ilə (hakim: A.Abdullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli sərəncam qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qərar qəbul edərkən inzibati məhkəmə icraatına cəlb edilmiş 3cü şəxs Bakı Nəqliyyat Agentliyinin İddiaçı KM tərəfindən qaldırılmış iddia ərizəsinə qarşı verdiyi etirazına, yəni Dəməgül metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsindən guya xx.xx.2017-ci il tarixdən Agentlik tərəfindən istifadə edilməsinə və həmin ərazədə nəqliyyatın mübadilə məntəqəsinin yaradılmasına dair BNAnın xx.xx.2017-ci il tarixli məktubu ilə X12 Hərəkət Təhlükəsizliyi Komissiyasına müraciət etməsinə, Bakı Şəhər İcra Hakimiyyəti, Azəryol ASC, Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Nəqliyyat Agentliyi tərəfindən qaldırılmış məsələyə etirazlarının olmadıqlarını bildirmələrinə, Ölkə Prezidentinin 02 aprel 2018-ci il tarixli 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə görə Bakı şəhərində ilkin olaraq 4 nəqliyyatın mübahdilə mərkəzinin yaradılması ilə bağlı torpaq sahələrinin ayrılmasına, həmin fərmanın icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən xx.xx.2018-ci il tarixli 237 nömrəli sərəncamın qəbul edilməsinə, ƏMDK-nə torpağın ayrılmasına dair təklif verməsinə, həmin Komitəsi tərəfindən yəni iddia veriləndən sonra BNA-nin təklifi əsasında xx.xx.2018-ci il tarixdə qeyri-rəsmi tərtib edilmiş baş planda mərkəzi əhatə edəcək sahənin 7,3578 ha olacağına və bu sahənin İddiaçı KM-nə iaşə obyektin inşası üçün 2011-2018-ci il tarixli 109, 311,46 saylı sərəncamlarla ayrılmış 1,4797 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə və 6 ədəd iaşə obyektinin, 1 ədəd idman mərkəzinin, nəqliyyatın mübadilə mərkəzinin işini guya iflic edəcəyini və bu baxımdan “İnzibati İcraat haqqında” Qanunun 67.1 -ci maddəsinin guya düzgün tətbiq edilməməsinə istinad etməsi olmuşdur. Həmçinin məhkəmə qərar qəbul edərkən adları yuxarıda göstərilən orqanlar arasındaki yazışmaları İnzibati orqanın, yəni Bakı şəhər İcra Hakimiyyətinin qanuni əsaslarla 10 il əvvəl Konstitusiyanın 148-ci maddəsinin 5-ci bəndinə uyğun qəbul etdiyi və sonradan heç bir səbəb olmadan 302 saylı sərəncamla əsassız ləğv etdiyi, inzibati aktdan üstün tutaraq iddianı təmin etməmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə qaldırılmış iddiaya sübutlar və faktlar əsasında mahiyyə üzrə deyil, özünü qulluq mövqeyinə görə irəli sürdüyü dəlillər əsasında qiymət vermişdir. Bundan başqa məhkəmə prosesinin gedişatında 3-cü şəxs BNA ilə iddiaçı arasında barışıq sazişi bağlanmış və həmin xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən 3,6,7 saylı iaşə obyektlər NMM-nin tikilməsi üçün BNA-nə verilmiş, BNA isə iddianın təmin edilməsinə etiraz etməməsinə dair məhkəməyə rəsmi məktub və barışıq sazişinin bir nüxsəsini təqdim etmişdir. Barışıq sazişi və arayış məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilsə də məhkəmə qərar qəbul edərək bunlara istinad etməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə 3-cü şəxsin etirazına istinad edərək göstərmişdir ki gələcəkdə ayrılmalı olacaq torpaq sahəsindən guya 17 mart 2017-ci ildən BNA müvəqqəti istifadə edir. Baxmayaraq ki, bu günədək səlahiyyətli inzibati orqanlar tərəfindən BNA-nə “Dəməgül” metro stansiyasnın ətrafından və digər ərazilərdən Nəqliyyatın mübadilə məntəqəsinin inşası üçün 7,3578 kv.metr torpaq sahəsinin ayrılmasına dair sərəncam, nə də ki, Baş plan verilməmişdir. Ümumiyyətlə isə göstərilən 7,3576 kv.metr torpaq sahəsi “Dərnəgül” metro stansiyasının ətrafında yoxdur. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-487/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, əvvəlki qanunsuz ləğv edilmiş sərəncamların və onların icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin bərpasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1446/2022 saylı 23 avqust 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-487/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına adi cəbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi öz izahatında bildirdi ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılması nəzərdə tutulan 7,3 ha torpaq sahəsi ilə bağlı rəy verilməsi üçün müraciət edilmişdir. Məktuba əsasən də koordinatların müəyyən edilməsi və ölçmə işlərinin aparılması məqsədilə orqan tərəfindən müvafiq aidiyyəti qurumlara tapşırıqlar verilmişdir. Həmçinin yerli baxış keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir, lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin yerli baxışda nümayəndənin iştirakı təmin edilməmişdir. Həmçinin yerquruluşu planının tərtib edilməsi və digər sənədlərin tərtib edilməsi üçün sifarişçi tərəfindən vəsait ayrılmalı idi, lakin ayrılmadığı üçün rəy verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 öz izahatında sərəncamın ləğvi ilə bağlı hər hansı başqa bir icraatın aparılmadığını, həmçinin qeyd edilən ərazidə X4 yaradılması ilə bağlı da hər hansı bir inzibati icraatın mövcud olmadığını qeyd edərək mübahisənin həllinin məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X14 öz izahatında hal-hazırda ayrıc aktının olmadığını, sadəcə layihə olduğunu və layihənin də təsdiq edilmədiyini qeyd edərək, mübahisənin həllinin məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 06 aprel 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati iş üzrə üçüncü şəxs statusuna xitam verilmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri-vəkilləri apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 302 saylı sərəncam qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsinin araşdırılması; - Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı torpaq sahəsinin hansı həcmdə, harada, o cümlədən məhz iddiaçının istifadəsində olan torpaq sahəsinin olduğu yerdə (koordinatları daxilində) nə qədər ayrılması ilə bağlı səlahiyyətli dövlət orqanlarının qərarının (razılaşmaları) olub-olmamasının araşdırılması; - Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı ayrılmalı torpaq sahəsinin ayrıc aktında göstərilən hər bir (hansı) sahə üzrə üst-üstə düşüb-düşməməsi barədə araşdırma aparılması; - İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış barışıq sazişi ilə bağlı cavabdehin münasibətinin öyrənilməsi və üçüncü şəxsə ayrılan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi; - Bakı Nəqliyyat Agentliyinin cavabdehə ünvanlandığı 03 sentyabr 2019-cu il tarixli məktubla bağlı da araşdırma aparılması, Fərmanın icrası ilə bağlı mübahisə olunan ərazidə Agentliyin fəaliyyətinin təmin edilməsi üçün nə qədər torpaq sahəsinin ayrılmasının zəruriliyinin müəyyən edilməsi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq araşdırma apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki iş üzrə mübahisələndirilən inzibati aktın iddiaçıya məhz hansı tarixdə təqdim edilməsi məlum olmadığından cavabdeh tərəfindən də buna dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün müddət ötürülməmişdir. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “İnzibati İcraat haqqında” Qanunun: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. - 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; - 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 68-ci maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Apellyasiya şikayətinin dəlilinə münasibət: Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlərə uyğun istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə işdə olan aşağıdakı sübutları nəzərə çatdırır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 109 nömrəli “iaşə obyektinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropoliteninin V növbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən və "xxxx" Kiçik Müəssisəsi tərəfindən istifadədə olan 9775 kv.m torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 311 nömrəli, xx.xx.2012-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamı ilə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsinə 0.5022 ha torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1.4797 ha torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 311 saylı sərəncamına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin Şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının Qərb hissəsində iaşə obyektinin tikintisi üçün ayrılan torpaq sahəsinə dair iddiaçının adına 2012-ci il tarixli, 12/94 saylı “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı” və ona əlavə tərtib olunmuşdur. - Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsi tərəfindən təsdiq edilmiş 24162 nömrəli, xx.xx.2017-ci il tarixli rəylə sifarişçi "xxxx" KM-nin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində məişət və iaşə obyektləri” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 46 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ilə iddiaçıya Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə icazə verilmişdir. “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Tikinti İşlərinə Başlanılması üçün əsas olan” tikinti obyektinin sifarişçisi kimi "xxxx" Kiçik Müəssisəsinə “Dərnəgül” metro stansiyasının qərb hissəsindəki ərazidə yerləşən, məişət və iaşə obyektlərinin /6 ədəd 7 mərtəbəli (-8.40 m səviyyəsində yeraltı avtodayanacaq, - 4.20 m səviyyəsində xidməti sahə)/; idman mərkəzinin (3 mərtəbəli, zirzəmi mərtəbəsi, köməkçi sahə və avtodayanacaq) tikinti işlərinə başlanılmasına 248 nömrəli, xx.xx.2018-ci il tarixli Xüsusi nişan, həmçinin X-403305, Y-4475576 tikinti koordinatlarında tikinti işləri aparılmasına icazə verilmişdir. Yuxarıda sadalanan sənədlərdən aydın olur ki, mübahisəli ərazinin iddiaçıya ayrılması və iddiaçı tərəfindən tikinti işlərinin aparılması istiqamətində inzibati icraat aparılmışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı, xx.xx.2018-ci il tarixli "xxxx" Kiçik Müəssisəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamın surətindən görünür ki, “Dərnəgül” metrostansiyası ətrafında X4 yaradılması ilə əlaqədar, "xxxx" X7 rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhz torpaq sahəsinin ayrılması istiqamətində qəbul edilmiş inzibati aktların ləğv edilməsi zamanı inzibati icraatın aparılıb-aparılmaması araşdırılmış və aidiyyəti inzibati orqanlara müvafiq sorğular ünvanlanmışdır. İş materiallarında olan: - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli 7-4568 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” xx.xx.2018-ci ıl tarixli 1902 nömrəli Fərmanının 6.6cı bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında 4 X4 yeri dəqiqləşdirilmişdir ki, bunlardan biri də “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi olmuşdur. "xxxx" ASC və Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsininin Azərbaycan Respublikasının Baş Nazirinin müavininə ünvanlanladıqları məktublara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən “Dərnəgül” metro stansiyasının yaxınlığında X9 yaradılmıması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 302 saylı Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamları ləğv edilmişdir. Eyni zamanda, məhkəmənin müvafiq sorğusu əsasında “Dərnəgül” metro stansiyasının qərb hissəsində “X4 yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində olan bütün inzibati icraat materialları tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-2071/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının ətrafında yerləşən 7,3578 hektar torpaq sahəsinin X4 tikintisi üçün Bakı Nəqliyyat Agentliyinə ayrılmasına rəy bildirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-3217/17 nömrəli məktubu keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə daxil olmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar aparılmış yerquruluşu işlərinə görə sifarişçi tərəfindən müqaviləyə əsasən müvafiq ödəniş edilmədiyindən, tərtib edilmiş yerquruluşu planı aidiyyəti üzrə təhvil verilməmiş, habelə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin ayrılmasına münasibət bildirilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 7- 3217/17 nömrəli məktubdan görünür ki, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi 03.09 2019cu il tarixli, 09-xx-xx/1423 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2 aprel 2018-ci il tarixli 1902 nömrəli Fərmanının 6.6-cı bəndinin icrası ilə əlaqədar yeni X4 tikintisi məqsədilə Binəqədi rayonu, S,S.Axundov küçəsinin şərq, “Dərnəgül metro stansiyasının isə qərb hissəsində yerləşən 7.3578 ha torpaq sahəsinin agentliyin istifadəsinə verilməsini xahiş etmişdir. Qeyd edilən məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsindən rəy bildirməsi xahiş olunmuşdur. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2019cu il tarixli, ********* nömrəli məktubdan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş 7,3578 ha ərazinin hüdudlarında əvvəllər dövlət balansında olan müəssisə yerləri olub və Agentliyinin və Komitənin sifarişləri üzrə ölçülər aparılıb. Məhkəmə kollegiyası yuxarıda göstərilmiş xüsusatları nəzərə alaraq qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli, 302 saylı sərəncamı qəbul edilən zaman “İnzibati icraat haqqında” Qanunun müddəalarına əməl edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 1902 nömrəli Fərmanının icrası ilə bağlı dövlət orqanları arasında aparılmış yazışmalardan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının ətrafında yerləşən 7,3578 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmiş, çöl-ölçmə işləri aparılmış, yerquruluşu planı tərtib edilmişdir. Lakin sifarişçi tərəfindən müvafiq ödəniş edilmədiyi üçün tərtib edilmiş yerquruluşu planı təqdim edilməmiş və Əmlak Məsələləri Dövlət Komitəsi rəy verilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» AR Qanununun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının birbirini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İPM-in «Sübut etmə vəzifəsi» adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminat imkanlarından biridir. Məhz sözügedən tarazlığın qorunması tələbi fərdin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının müraciəti əsasında təqdim edilmiş “X13 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 136 nömrəli mütəxəssis rəyindən görünür ki, İbrahim-Xan” Kiçik Müəssisəsinə ayrılmış naturada göstərilən torpaq sahələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və aync aktına əsasən dəqiqləşdirilmiş dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi 7 hissədən 3005 kv.metr, 2272 kv.metr, 2305 kV.metr, 2,400 kv.metr, 2400 kv.metr, 1227 kv.metr və 1188 kv. metrdən ibarət olmaqla ümumi sahəsi 1,4797 hektar təşkil edir. Lakin Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı ayrılmalı torpaq sahəsinin ayrıc aktı təsdiqlənmədiyi üçün iddiaçı və üçüncü şəxsin iddia olunan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək göstərişi aradan qalxmışdır. Həmçinin, məhkəmə kollegiyası nəzərə çatdırır ki, məhkəmə prosesi gedişində iddiaçı ilə üçüncü şəxs Bakı Nəqliyyat Agentliyi arasında bağlanmış 27 mart 2021-ci il tarixli barışıq sazişində iddiaçı ilə üçüncü şəxs razılığa gəlmişlər ki, cavabdehin 30 yanvar 2018-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş bu razılaşmanın əlavəsi olan planda göstərilən (1, 2, 4 və 5 saylı obyektlər istisna olmaqla) 3, 6 və 7 saylı obyektlərin tikintisindən imtina edir, həmin obyektlərin yerləşdiyi ümumi sahəsi 5.825 kv.m olan torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına və orada müvafiq tikinti işlərinin aparılmasına etiraz etmir. Kassasiya instansiya məhkəməsinin iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış barışıq sazişi ilə bağlı cavabdehin münasibətini öyrənilməsi barədə göstərişlərinə müvafiq olaraq məhkəmə iclaslarında bu məsələ araşdırılmış, iddiaçı həmin barışıq sazişinə qiymət verilməməsini xahiş etmiş və mübahisəli ərazidə qanuni olaraq ona ayrılmış torpaq sahəsinə dair inzibati aktın ləğv edilməsinə dair inzibati aktın əsassız olduğundan tamamilə ləğvini tələb etmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı; xx.xx.2012ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli, 302 saylı sərəncamı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar