Məhkəmə qərarları › İş №2-1(103)-441/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-441/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-441/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1342/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə pensiyanın təyin olunmasına kifayət qədər əsaslar olduğundan bu hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 dekabr 1956-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1973-cü ildə əmək fəaliyyətinə başlamaqla 1973-cü ildən 1979-cu ilə kimi Şamaxı rayonu Dərəkənd kənd Telman adına kolxozda işləmişdir. Həmin illər ərzində 1974-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Plan-Uçot texnikumuna daxil olmuş və 1978-ci ildə həmin texnikomun mühasibat ixtisasını bitirmişdir. 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu ildə “Azneft” X1 Nəqliyyat İdarəsinə bölgələrlə işləyən avtomaşınların yükləyicisi peşəsinə işə qəbul edilmiş, xx.xx.1979-cu ildə 2-ci dərəcəli yanacaqdolduran peşəsinə keçirilmiş, xx.xx.1980-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 30 oktyabr 1980-cı ildə Şamaxı rayonu Qaqarin adına sovxozda briqadir təyin edilmişdir. 02 avqust 1982-ci ildə işdən azad edilmişdir. Bu barədə dövlət arxivindən arayışları vardır. xx.xx.1982-ci il tarixli əmrlə X12 kombinatına 3-cü dərəcəli dəzgahçı qəbul edilmiş, 1983-cü ildə həmin kombinata tovaraved, 1985-ci ildə ukladçik,1990-cı ildə mühəndis keçirilmiş və xx.xx.1990-cı ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan sonra naməlum səbəbdən əmək kitabçasını itirmiş və əmək kitabçasının dublikatını almışdır, orada isə 1982-ci ildə olan iş yerləri qeyd edilmişdir. xx.xx.1990-cı il tarixli əmrləri ilə Ələt avtobus təmiri zavoduna işə qəbul edilmiş və xx.xx.1992-ci ildə təhçizat şöbəsinə tovaraved təyin edilmişdir, xx.xx.1996-cı ildə zavod səhmdar cəmiyyətinə çevrildiyindən orada gözətçi təyin edilmiş, xx.xx.2001-ci il tarixdə işdən azad edilmişdir. Göründüyü kimi, onun 21 il 2 ay iş stajı, iki il təhsili və iki il hərbi xidmətdə olmağı nəzərə alınmaqla 25 ildən artıq əmək stajı vardır. O, yaşa görə pensiya təyin olunması üçün müraciət etsə də, onun əmək kitabçasında qeyd edilmədiyi üçün Telman adına kolxozda, “Azneft” X1 Nəqliyyat İdarəsində və Şamaxı rayon Qaqarin adına sovxozda işlədiyi müddətlər nəzərə alınmamışdır. Onun əmək stajı təhsil aldığı və hərbi xidmətdə olduğu müddət də daxil olmaqla 25 ildən artıqdır və ona yaşa görə pensiya təyin edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının işlədiyi müəssisələrin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliklərin olubolmaması, hüquqi varisliyinin müəyyən edilib-edilməməsi, özəlləşdirilməsi, özəlləşdirilərkən öhdəliklərinin hüquqi varisə ötürülməsi və balansındakı əmlaklar barədə ətraflı məlumatın təqdim edilməsinə göstərişin verilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Şamaxı rayon Dövlət Arxivinə sorğular göndərilmişdir. Göndərilən sorğulara müvafiq olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 1990-2001-ci illər üzrə işlədiyi "xxxx" və “Avtomobil təmiri” zavodunun sənədləri nazirliyin Mərkəzi arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, dövlət reyestrində “X12” kombinatının xx.xx.1994-cü il tarixdə KOL-1269 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Bu isə iddiaçının orada işlədiyi dövrlə üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən xx.xx.1997-ci il tarixdə “X12” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Beləliklə, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1342/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1342/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Щ seriyalı, 034187 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1974-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı Plan-Uçot texnikumuna daxil olmuş və 1978-ci ildə Kənd təsərrüfatı istehsalatında Mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - SOCAR-ın 21 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979-cu ildə (əmr № 11-k, xx.xx.1979-cu il) “Azneft” X1 Nəqliyyat İdarəsinə bölgələrlə işləyən avtomaşınların yükləyicisi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə (əmr № 49-k, xx.xx.1979-cu il) yanacaq sürtkü materialları üzrə 2-ci dərəcəli yanacaqdolduran peşəsinə keçirilmişdir. xx.xx.1980-cı ildə (əmr № 67-k, 21,10.1980-cı il) Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 11 aprel 2022-ci il tarixli, 110 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən 1973-1979-cu illərdə Şamaxı rayonu Dərəkənd kənd Telman adına kolxozda işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 11 aprel 2022-ci il tarixli, 110 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu Qaqarin adına sovxozunun direktorunun müvafiq əmri ilə İddiaçı 30 oktyabr 1980-cı il tarixli 126 nömrəli əmrlə briqadir vəzifəsinə təyin edilmiş, 02 avqust 1982-ci il tarixli 90 nömrəli əmrlə işdən azad edilmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının dublikatından görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1990-cı il tarixlərdə X12 kombinatında dəzgahçı, tovaroved, ukladçik, mühəndis vəzifələrində işləmişdir. X12 kombinatı “X12” X11 Cəmiyyətinə çevrilmişdir - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1990xx.xx.2001-cı il tarixlərdə Ələt avtobus təmiri zavodunda normalaşdırıcı, tovaroved, gözətçi vəzifələrində işləmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi 2021-ci ilin dekabr ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus sənədlərə əsasən onun 65 yaşının tamam olduğu tarixə cəmi 27 il 8 ay 7 gün ümumi iş stajı olması öz təsdiqini tapır. Lakin cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina haqqında **********4 nömrəli qərarında monitorinq nəticələrinə əsasən vətəndaşın xx.xx.1982-ci ildən xx.xx.1990-cı ilədək "xxxx" ASC-də və xx.xx.1990-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" SC-də olan iş stajları öz təsdiqini tapmadığından həmin illərin sığorta stajında nəzərə alınmasını mümkün hesab etməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işin hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1990-cı ilədək "xxxx" ASC-də işlədiyi dövrlər ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının dublikatında öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən: - 3.10. Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. - 7.1. Bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. - Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. - 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. - 7.3. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 iyul 2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 606 nömrəli sərəncamı ilə, ləğv edilmiş “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olmuş X12 Kombinatının bazasında “X12” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 69,98 faizi özəlləşdirilmişdir. İşin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya verilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının dublikatında qeydlərin yazılmasına əsas olan sənədlərin təqdim edilməsi məqsədilə iddiaçının işlədiyi X12 Kombinatının hüquqi varisi “X12” ASC-yə müvafiq sorğu verilmiş, “X12” ASC tərəfindən məhkəməyə təqdim edilmiş 25 nömrəli, xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1982-ci ildən (əmr №215k) xx.xx.1990-cı ilə qədər (əmr №74) X12 Kombinatında işləmişdir. Mövcud olan sənədləri şəxsi hesab vərəqəsindən ibarətdir. Qeyd: xx.xx.1997-ci ildə “Ağac Emalı” Kombinatı “X12” X11 Cəmiyyətinə çevrilmişdir. (Sərəncam № 606, xx.xx.1997-ci il). X12 Kombinatı xx.xx.1997-ci ildən X12 ATSC-nə çevrilməsi ilə əlaqədar xx.xx.1999-cu ildən möhür dəyişmişdir. Nazirlər Kabinetinin 476s nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən X12 ASC–nin X2 qəsəbəsinə köçürülməsi zamanı İddiaçı və bir çox işçilərin şəxsi dosyeləri itmişdir. Həmçinin Bakı şəhəri X4 Sovetinin 17 may 1985-ci il tarixli qərarı ilə, 20 may 1985-ci il tarixli, 1 saylı orderə əsasən X12 Kombinatının balansında olan Bakı şəhəri, Qaradağ rayonu ünvanında yerləşən 23 saylı evin yaşayış sahəsi 47,53 kv.metr olan üç otaqlı 32 saylı mənzili 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və oğlu) İddiaçı verilmişdir. Göründüyü kimi, iddiaçının X12 Kombinatında işləməsi ona verilmiş əmək kitabçasının dublikatı, iş yerinin arayışı, müəssisənin əməkdaşı kimi mənzillə təmin edilmə barədə orderlə öz təsdiqini tapmışdır. Həmçinin işdə olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1990-xx.xx.2001-ci il tarixlərdə Ələt avtobus təmiri zavodunda işlədiyi müəyyən olunmuş, həmin qeydlər müvafiq vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan həmin dövrləri iddiaçının sığorta stajına salmasa da, bu halı əsaslandıracaq heç bir mötəbər dəlil təqdim etməmişdir “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1990- 2001-ci illərə aid sığorta stajını qəbul etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 iyul 2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, X7 Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 160 nömrəli sərəncamı ilə, ləğv edilmiş “Azəravtonəqliyyat” X8 avtobus təmiri zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan “X12” və "xxxx" açıq səhmdar cəmiyyətləri yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri X12 Kombinatı və ya Ələt avtobus təmiri zavodu olmuş işçilərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri X12 Kombinatı və ya Ələt avtobus təmiri zavodu olmuş işçilərin siyahısında İddiaçı adının aşkar edilməməsi, iddiaçının təqdim etdiyi sənədlərin mübahisələndirilməsi üçün kifayət deyil. Çünki həmin müəssisələr özəlləşdirilən vaxt iddiaçı orada işləməmiş, həmin tarixlərdən daha əvvəl işdən azad edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sadalananlara əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1342/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1342/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar