Məhkəmə qərarları › İş №2-1(103)-441/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-441/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-441/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4125/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın dayandırılması qanunsuz hesab edilməklə, ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılmasının qanunsuz hesab edilərək, oktyabr, noyabr və dekabr aylarının bərpa olunması və oktyabr, noyabr, dekabr aylarının məbləğinin İddiaçı qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Ünvanlı Yardım» altsisteminə əsasən təmsilçi olmaqla ailəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2023-cü il tarixdən 624,06 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçıya və ailə üzvlərinə təyin olunmuş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. Ünvanlı dövlət sosial yardımının dayandırılmasına səbəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 № li qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan çox olduğu əsas gətirilmişdir. Lakin ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği haqqında heç bir məlumat verilməmişdir və bu məbləğin nə qədər olması belə göstərilməmişdir. Mənzilə daxil olan qaz xəttində sızma olduğuna görə limit həddi keçilmiş və bu barədə xəbərdar olunca əraziyə nəzarət edən «Azəriqaz» İB-nin əməkdaşına müraciət olunmuş və «Azəriqaz» İB-nin əməkdaşları dərhal sızmanın qarşısını almışlar. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2-1(112)-4125/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təmsilçi olmaqla ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın oktyabr, noyabr və dekabr ayları üzrə ödənişinin bərpa olunması və oktyabr, noyabr, dekabr aylarının məbləğinin iddiaçı (təmsilçi) İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli müraciəti əsasında iddiaçının ailəsinə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixdən 624,06 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyinatdan sonra ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə - muzdlu işlə əlaqədar ailənin gəlirlərində dəyişiklik baş verdiyinə görə ailəyə sosial yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən dayandırılmış və bu barədə VEMTAS tərəfindən onun müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən VEMTAS-a daxil edilmiş “Ərizə-bəyannamə”də iddiaçının əvvəlki 12 ayda muzdlu işdən gəliri olduğu - işəgötürən X5 ilə əmək müqaviləsi bağlayaraq aylıq 250 manat olmaqla 2789,94 manat əməkhaqqı aldığı, həmçinin hazırda da muzdla çalışdığı qeyd edilmişdir. Lakin bu məlumat Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sığorta (Hesabat) - Baxış Altsistemində öz təsdiqini tapmadığından, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sözügedən əmək müqaviləsinin ailəyə ünvanlı sövlət sosial yardımı təyin edilməsi üçün formal olaraq bağlanmasına əsaslı şübhələr yaradır, həmçinin sosial yardım təyin edildikdən sonra iddiaçının işləməsi faktını təkzib edir. Cavabdehin hərəkətləri qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Belə ki, təmsilçinin işləməsi, əldə etdiyi gəlir və s. hallar birbaşa olaraq əmək müqaviləsi əsasında ödənilən məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırki işdə ailəyə təyin ediləcək ünvanlı sosial yardımın məbləği və hər bir ailə üzvü üçün müəyyən edilmiş ehtiyac meyarından aşağı olan məbləğ təmsilçi tərəfindən bəyan edilmiş əməkhaqqı əsasında müəyyən edildiyindən daha sonra sözügedən işləmə faktının təsdiqini tapmaması imtina əsasıdır və dayandırmaya əsas verən hal kimi nəzərə alınmalıdır. Qanunvericiliyə əsasən ailənin aztəminatlı hesab olunaraq ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün orta aylıq gəlir məhz onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. Yəni iddiaçı əmək qabiliyyətsiz, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və digər kateqoriyaya aid olmadığından işləməli və gəlirləri olmalıdır. Şəxsin işləyib gəlirlər əldə etməsi isə məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırki halda isə iddiaçı tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş əmək müqaviləsi üzrə gəlirləri yuxarıda qeyd edilənlərdən göründüyü kimi, müvafiq qaydada öz təsdiqini tapmamışdır. “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Göründüyü kimi, iddiaçı tərəfindən Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan - ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə, muzdlu işlə əlaqədar ailənin gəlirlərində dəyişiklik baş verdiyinə görə sosial yardımın ödənilməsi Qaydaların 4.4-cü bəndinə əsasən dayandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə əsasən təmsilçi İddiaçı olmaqla ailəyə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 624,06 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir və həmin altsistemdə X2 ünvanlı dövlət sosial yardım alan ailənin üzvü kimi qeyd edilmişdir. İş materiallarında olan Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişdən görünür ki, iddiaçının xx.xx.2023 tarixli, **********92701 nömrəli müraciətinə əsasən sosial yardımın təyin olunmasından ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0-cı maddəsinə əsasən bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra - sosial yardım) - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı. 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 10.1-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2-ci maddəsinə əsasə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3-cü maddəsinə əsasən bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 4.10. Sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixli elektron müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, ailəsinə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixindən 624,06 manat məbləğində sosial yardımın təyin olunması barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə “Ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh orqan ünvanlı dövlət sosial yardım ilə bağlı məsələləri tənzimləyən normaları, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda ünvanlı dövlət sosial yardımın dayandırılması əsaslarının dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçının ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması halı həmin Qaydalarda ünvanlı dövlət sosial yardımın dayandırılması üçün əsas kimi nəzərdə tutulmamışdır. İddiaçının adına xx.xx.2020-ci il tarixindən əmək müqaviləsi mövcud olmuş və xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçının fərdi hesabında 2023-cü ilin yanvar-dekabr ayları üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər olmuşdur. Ümumiyyətlə, iddiaçının fərdi hesabında məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin qeydə alınmaması onun iradəsindən asılı olan hal deyil, o, buna görə məsuliyyət daşımır. Belə ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Əmək müqaviləsi qüvvədə olduğu halda, işəgötürən tərəfindən işçiyə münasibətdə məcburi sosial sığorta haqlarının ödənilibödənilməməsinə nəzarət funksiyası aidiyyəti inzibati orqanın səlahiyyətlərinə aiddir. İstənilən halda, iddiaçının fərdi hesabında məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin həyata keçirilməsi istiqamətində əsas məsuliyyət işəgötürənin özünə və buna nəzarət funksiyası isə aidiyyəti inzibati orqana aiddir. Yəni, iddiaçının əmək haqqından məcburi sosial sığorta haqlarının ödənilməməsində təqsirli hərəkətləri olmamışdır. Bununla da, cavabdeh tərəfindən iddiaçının ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırılması əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4125/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar