Məhkəmə qərarları › İş №2-1(103)-4411/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4411/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4411/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinə qarşı icra hərəkətlərinin davam etdirilməsi və s. tələbinə dair işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü; mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinə qarşı icra hərəkətlərinin davam etdirilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(112)-14596/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinə (əvvəlki adı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(112)-14596/2025 nömrəli (hakim G.C.Tanrıverdiyeva) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisə mahiyyət etibarı ilə Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi ilə bağlıdır ki, bu da mülki məhkəmə qətnaməsinin icrasından irəli gəlmişdir. Başqa sözlə, qeyd olunan mübahisə cavabdehin mülki məhkəmə qətnaməsinin icrasına yönəlmiş qərarı ilə bağlı olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Məhkəmənin predmet üzrə aidiyyəti məhkəmə hesab olunması üçün, onun həmin mübahisəyə dair qərar qəbul etmə səlahiyyətinə malik olması şərti ödənilmiş olmalıdır. İnzibati prosesdə bu şərt o zaman ödənilmiş sayılır ki, mübahisə inzibati və ya ümumi (publik) hüquq münasibətləri ilə bağlı və həmin münasibətlərdən yaranmış olsun. Bu şərt ödənilmədiyi təqdirdə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati (publik) – hüquqi xarakteri həmin mübahisəyə (iddia və ya ərizəyə) inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə bu şərt ödənilmədiyi üçün iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət, həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və icra sənədi üzrə tədbirlər yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin və ya qərarının hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən və qərardan müdafiə olunmaq üçün icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə məhkəmə araşdırması prinsipinın tərkib hissəsi sayılmalı və onun davamı kimi qəbul edilməlidir. Bu mənada hazırkı iş üzrə iddiaçı bu qaydaya uyğun olaraq, icra sənədini vermiş və icraya nəzarət edən mülki məhkəməyə müraciət etməli idi. Belə ki, cavabdehin mübahisə olunan hərəkəti məzmun etibarı ilə mülki hüquq normalarına əsaslanan müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlıdır. Məhkəmə qətnaməsinin icrasının həmin qətnamə ilə müəyyən olunmuş həddə həyata keçirilməsinə nəzarət, icraya möhlət vermə və ya qətnaməni hissə-hissə icra etdirmə, onun icra üsulunu və qaydasını dəyişdirmə həmin işə baxmış və qətnaməni çıxarmış məhkəmənin səlahiyyət sferasına aiddir. Məhz bu səbəblərdən icra məmurunun məhkəmə qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası üzrə qərarı və ya hərəkəti ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların davamı və təsdiqi olaraq bir daha vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Məhkəmə kollegiyasının bu qənaəti həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2017-ci il 10 oktyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqe ilə də uzlaşır. Belə ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi baxımından tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2015-ci il 2 sentyabr tarixli qərarında müəyyən edilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə baxırlar. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, konkret mübahisəyə münasibətdə isə əsas iş üzrə qətnamə çıxarmış mülki məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, mülki məhkəmə qətnaməsinin icrası üzrə həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarına və ya hərəkətinə dair mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı və həll edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(112)-14596/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar