Məhkəmə qərarları › İş №2-1(103)-4416/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4416/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4416/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” Şirkəti işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: çıxarışın və texniki pasportun verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Vəkil2 və üçüncü şəxs “X3” Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Kadastrı və Reyestri X2rşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(112)-176/2025 nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərara əsasən ona Binəqədi qəsəbəsi ərazisində 150 kv.m torpaq sahəsinin və üzərndə yerləşən 150 kv.m fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərara əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində 150 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan sonra “Torpaqların alqı-satqısına dair Akt”a əsasən ona həmin torpaq sahəsi satılmışdır. Həmin torpağın ona satılması barədə qərarın və alqı-satqı aktının mövcud olması barədə bələdiyyə tərəfindən arxiv arayışı verilmişdir. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi tikilmişdir. Tikilmiş evin layihəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpağa və fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə etibarnamə üzrə nümayəndəsi müraciət etsə də, heç bir cavab verilməmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi-vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərarına əsasən Binəqədi qəsəbə ərazisində ona ayrılmış 150 kv.m torpaq sahəsi və üzərində layihəyə uyğun inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən “X5” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(112)-176/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərarına əsasən Binəqədi qəsəbə ərazisində İddiaçı ayrılmış 150 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair layihəyə uyğun onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edlməsi qərara alınmışdır.

7. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Göstərilənlər ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X3” Şirkətinin nümayəndəsi R.Məmmədov apellyasiya şikayətininin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

15. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvaviq ərizə ilə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır.

16. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsini alq-satqı qaydasında ayrılması haqqında” 1913 nömrəli, 30 dekabr 2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 150 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.

17. Mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında “Torpaqlarına alqı-satqısına dair akt” tərtib edilmiş, kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri ödənilmiş və torpaq sahəsinin cizgisi Bələdiyyə tərəfindən təsdiq edilmişdir.

18. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı istifadəsinə 150 kv.m torpaq sahəsi ayrılması barədə Bələdiyyənin 1913 saylı, xx.xx.2005-ci il tarixli qərarı Bələdiyyənin arxivində qorunub saxlanılır.

19. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 29 dekabr 2022ci il tarixli, 03/13-11-11/M-313/091 nömrəli məktubla bildirilmişdir ki, inşa edilmiş mövcud 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəsi ("xxxx" MMC-nin işi) (İ mərtəbə: qonaq otağı – 20.47 kv.m, giriş – 3.60 kv.m, holl – 6.72 kv.m, mətbəx – 11.70 kv.m, yataq otağı -17.85 kv.m, 10.91 kv.m, s/q- 2.720 kv.m) təsdiqlənərək təqdim edilmişdir. Məktuba qoşma olaraq layihə əlavə edilmişdir.

20. Məhkəmənin 2-1(112)-6469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 29 noyabr 2024-cü il tarixli, 10/3295 nömrəli ekspert rəyinə əsasən bildirilmişdir ki, baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 45508/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 160 kv.m təşkil edir. Sahə üzərində kürsü mərtəbəsi olan bir mərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsi bir tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə, üç tərəfdən isə mişar daş hasarla sərhədlənib. Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə heç bir dövlət müəssisə və təşkilata aid deyil. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oyl). Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” katoriyasına aiddir.

21. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 07 may 2025-ci il tarixli 3- 21-3-30/2-18371/2025 nömrəli və 08 iyul 2025-ci il tarixli 3-21-3-30/2-28434/2025 nömrəli məktublarla iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklara dair İdarənin arxivində olan ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bəzilərinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində 2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş sərəncamlar, bəzilərinə dair isə 2001-ci ildən sonra bələdiyyələr tərəfindən verilmiş qərarlar olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

26. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1913 saylı qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürmüşdür.

27. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1913 saylı qərarı və ona əlavə edilmiş sənədlər bələdiyyənin arxivində mövcuddur.

28. İnzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri kimi torpaq sahəsinə dair təsdiq edilmiş alqı-satqı aktın ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməməsinə istinad edilsə də, iş materiallarından göründüyü kimi, vətəndaşın ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt bu günkü günədək qüvvədədir və inzibati aktın və ona əlavə edilmiş sənədlərin arxiv nüsxəsi dövlət arxivində mövcuddur.

29. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

30. İş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 29 noyabr 2024-cü il tarixli, 10/3295 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsi faktiki olaraq 160 kv.m təşkil edir. Sahə üzərində kürsü mərtəbəsi olan bir mərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsi bir tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə, üç tərəfdən isə mişar daş hasarla sərhədlənib. Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə heç bir dövlət, müəssisə və təşkilata aid deyil. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oyl). Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” katoriyasına aiddir. Göründüyü kimi, əldə edilmiş ekspert rəyi və həmin ekspert rəyində ekspertin istinad etdiyi və cavabdeh qurumun elə özü tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi torpaq sahəsi heç bir dövlət, müəssisə və təşkilata aid deyildir və torpaq sahəsinin kateqoriyasının onun ayrılma təyinatına uyğun, yəni “Yaşayış məntəqələrinin torpaqları”na aid olması, öz təsdiqini tapmışdır.

31. Bundan əlavə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş ekspert rəyi ilə torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış neft-qaz əməliyyatlarının aparılması üçün kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi öz təsdiqini tapsa da, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə dair fiziki şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Qonşuluqda yerləşən torpaq sahələrinə dair çoxsaylı çıxarışlar mövcuddur.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.

34. Həmçinin cavabdeh etirazında iddia olunan ərazinin sənaye təyinatlı torpaq sahəsi olması və ilə bağlı dəlilləri, elə cavabdeh qurumun özünün həmin ərazi üzrə verdiyi çıxarışlarda torpaq sahəsinin katerqoriyası kimi “yaşayış məntəqələrinin torpaqları” göstərməsi ilə təkzib olunur.

35. Eləcə də, cavabdeh tərəfindən etirazda torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçüsünün 92.21 kv.m təşkil etməsinə istinad edilmişdir ki, iddiaçının nümayəndəsi-vəkili tərəfindən bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək fərdi yaşayış evi üzərində hüquqların təqdim edilmiş layihədəki ölçülərə (layihədə fərdi yaşayış evini ölçüsünün 92.21 kv.m olması qeyd edimişdir) müvafiq olaraq qeydiyyata alınması xahiş edilmişdir. Məhkəmə tərəfindən sözügedən ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi, fərdi yaşayış evi ilə bağlı cavabdehin etirazındakı arqumentlər bununla da, aradan qalxmışdır.

36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

40. Məhkəmə kollegiyası üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Həmçinin hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin – Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1913 saylı Qərarının qanunvericiliklə müəyyən edilmiş müddətdə üçüncü şəxs tərəfindən mübahisələndirilmədiyi və belə imkanın da artıq itirildiyi nəzərə alınmalıdır. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, həmin inzibati aktlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli qərarları). 41.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 42.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

43. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 44.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(112)-176/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar