Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-442/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Üçüncü şəxslərin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və X6) qarşı “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə və maraqlı şəxs X2 qarşı X1 adına cavabdeh tərəfindən 31 yanvar 2013-cü il tarixdə **********7506101-093003 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 65,8 kv.m olan 1 saylı mənzilinə dair verilmiş texniki pasport və reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsində X1 “maraqlı şəxs” kimi göstərilməsini formal xəta kimi qiymətləndirmiş və onu “üçüncü şəxs” kimi qəbul etmişdir. X6 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, onun inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «üçüncü şəxs Gülzar Ramazanovanın adına Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 1 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) və texniki pasportun 8,12 kv.m mətbəx hissəsində ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək, qanunvericilikdə yardımçı sahələrin vətəndaşlara mülkiyyət hüququ əsasında verilməsi nəzərdə tutulmamışdır. Mübahisəli sahə hələ 1970-ci illərdən üçüncü şəxslərin mülkiyyətçisi olduğu əmlakın əvvəlki mülkiyyətçilərinin müstəsna istifadəsində olmuşdur. Məhkəməyə təqdim edilmiş 1990-cı ilə aid plan-sxemdən də göründüyü kimi, həmin sahə üçüncü şəxslərin mənzilin bir hissəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmin sənədə ümumiyyətlə əhəmiyyət verməmişdir. Üçüncü şəxslərin qeydiyyat vəsiqəsində yalnız əsas sahə nəzərdə tutulmuş, mübahisəli sahə isə texniki pasportda istifadədəki sahə kimi göstərilmişdir. Mübahisəli sahənin iddiaçının mənzilinə yaxın olması ona aid olması və ya ümumi istifadədə olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə bu ehtimal əsasında iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüquqa malik olması qənaətinə gəlməsi qanuna ziddir. Mübahisəli sahə 30 ildən çoxdur ki, üçüncü şəxslərin sahibliyi və istifadəsindədir. İddiaçının həmin sahəyə aidiyyəti və onun istifadəsində olması ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçının özünün ayrıca sanitar qovşağı var. İddiaçının mənzilinin qarşısında yerləşən, biri 1.7 kv.m və digəri 1.9 kv.m olan iki ədəd sanitar qovşaqdan və hazırda iddiaçı tərəfindən zəbt edilərək, ön hissəsi daş divarla hörülmüş dəhlizdən ümumi istifadə edilir. İddiaçı həmin sahəni aldıqdan sonra, kiçik sanitar qovşaqların arasını açaraq, öz əmlakına daxil edib. Üçüncü şəxslərin mübahisəli sahədən istifadəsi iddiaçının əmlakından istifadəsinə maneçilik törətmir. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaq üçün heç bir subyektiv hüquqa malik deyil. Mübahisəli sahə 1994-cü ildə verilmiş texniki pasport və ondan əvvəlki texniki sənədlərdə üçüncü şəxslərin istifadəsində olan sahə kimi göstərilib. DƏDRX qeydiyyat zamanı həmin sahənin üçüncü şəxslərin istifadəsində olmasını təsdiq edən sənədə istinad edib və yeni bir hərəkət etməyib. O sadəcə, mövcud hüququ qeydə alıb. Deməli, əsas mübahisələndirilə bilən məsələ 90-cı illər və ondan da əvvəl hüquqları qeydə alan orqanın hərəkətidir ki, bu halda da, həmin mübahisəyə 2005-ci ildə qüvvəyə minmiş “İnzibati icraat haqqında” Qanun tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi də müəyyən edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət edib və buna görə iddia mümkün sayılmamalıdır. İddiaçı 1996-cı ildə hazırda mülkiyyətində olan mənzili alıb və sənədləşdimə zamanından ona məlum olub ki, hazırda mübahisələndirdiyi hissə Gülzar Ramazanovanın mülkiyyətində olub. Belə ki, həmin 8,12 kv.m sahə hələ o zaman ona verilmiş texniki pasportda mülkiyyətində olan sahə kimi göstərilib. Onu mübahisələndirmək üçün, 1 ay vaxtı olsa da, indiyədək belə iddia qaldırmayıb. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxslərin vəkili apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı və vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əsasən iddiaçının iddia ərizəsində qeyd olunmuş tələblə (inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrası haqqında iddia tələbidir) cavabdehə müraciət etdiyi müəyyən olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili də sədrlik edənin sualına cavab olaraq iddia ərizəsində qeyd olunmuş tələblə cavabdehə müraciət etmədiklərini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, cavabdehin imtinasının olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxslər X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və X6) qarşı “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-442/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-442/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver