Məhkəmə qərarları › İş №2-1(103)-442/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-442/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-442/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon 19 saylı Şəhər Poliklinikası) “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3220/2021 nömrəli 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Ttibbi-Sosial Ekspertiza xidmətlərinin təşkili Departamentinin icraçıları X3 oğlu və X1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Yasamal rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində göstərilməklə) iddia ərizə ilə məhkəməyə müraciət edərək, növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar, onun xüsusi nəqliyyat almağı üçün avtomobil növbəsinə, əlilliyi təyin olunan vaxtdan “Forma 88 № 0108003AAC1L, xx.xx.2017-ci ildən” götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon 19 saylı Şəhər Poliklinikası göstərilməklə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-3220/2021 nömrəli 14 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1417/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-702/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixli 0108003AAC1L saylı göndəriş (Forma 88) əsasında ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Diaqnoz: başın travmalarının nəticələri, qapalı kəllə-beyin travması. İş materiallarında olan Bakı şəhər 19 saylı saylı Şəhər poliklinikası tərəfindən İddiaçı barəsində 0108003AAC1L saylı göndərişdə qeyd olunmuşdur: Əsas diaqnoz – Başın travmalarının nəticələri, qapalı kəllə-beyin travması. Ağırlaşmalar – Üzvi mənşəli emosional labil (astenik) pozuntu, asteno nevrotik vəziyyət; Konvergensiya çatmamazlığı (artıq və natamam); Kəllədaxili travmaların nəticələri, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri; Xoşxassəli kəllədaxili hipertenziya, kəllə daxili təzyiqin atması ilə; dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya. İş materiallarında olan Bakı şəhər 19 saylı saylı Şəhər poliklinikası tərəfindən İddiaçı barəsində 0108003AAD56 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda- xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz; 170-Ateroskleroz Ateroskleroz; ağırlaşma 187.0-postrombotik sindrom aşağı ətraf venalarının postrombotik sindromu; 183.0- aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi Hər iki aşağı ətrafların varikoz xəstəliyi. Aşağı ətrafların İİ-İİİ dərəcəli varikoz çatmamazlığı, hər iki baldırın hipermepiqmentasiyası, çapıqları trofiki xorası kimi göstərilmişdir. 0108003AAD56 saylı göndəriş İddiaçı maşın alması üçün TSEK göndərilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron hökümət portalından çıxarılmış 0108003AAD56 saylı Forma 88 üzrə məlumatda qeyd olunmuşdur ki, bu göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə tədiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”nın 1.3.6-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-Sosial ekspert Komissiyasına müraciət etməsi tələb olunur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, minik avtomobilinə tibbi göstərişin verilməsinə köməklik göstəriilməsi barədə iddiaçının müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən imtiyazlı şəxslər tibbi göstəriş olduğu halda Nazirlik tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil ilə təmin edilirlər. İddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0108003AAC1L nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz 2 dərəcə əlillik təyin olunmuşdur. Göndərişdə qeyd edilən əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T34/2023 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı tibbi sənədlərinin qiymətləndirilməsi üçün onun adına Bakı şəhər 19 saylı poliklinika tərəfindən verilmiş 0108003AAD56 saylı göndərişdə qeyd edilmiş “Ateroskleroz, postravmatik sindrom, aşağı ətraf venalarının postrombotik sindromu, aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafın İİ- İİİ dərəcəli varikoz çatmazlığı, hər iki baldırın hiperpiqmentasiyası, çapıqların trofiki xorası, fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-hipertonik angiopatiya, ÜİX, hipertoniya xəstəliyi İİİ mərhələ, aterosklerotik kardioskleroz, qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəllə daxili təzyiqin artması ilə, posttravmatik ensefalopatiya, vertebrobazilyar hövzədə qan dövranı pozulması, dissirkulyator ensefalopatiya, hər iki diz oynağının artrozu, bel-oma fəqərəarası disklərin degenerativ dəyişiklikləri” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”na uyğun olaraq İddiaçı avtomobil verilib-verilməməsi TSEK-in həkim ekspert komissiyasının səlahiyyətlərinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T418/2023 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Ateroskleroz, posttravmatik sindrom, aşağı ətraf venalarının postrombotik sindromu, aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafın İİ-İİİ dərəcəli varikoz çatmazlığı, hər iki baldırın hiperpiqmentasiyası, çapıqların trofiki xorası, fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-hipertonik angiopatiya, ÜİX, hipertoniya xəstəliyi İİİ mərhələ, aterosklerotik kardioskleroz, qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəllə daxili təzyiqin artması ilə, posttravmatik ensefalopatiya, vertebrobazilyar hövzədə qan dövranı pozulması, dissirkulyator ensefalopatiya, hər iki diz oynağının artrozu, bel-oma fəqərəarası disklərin degenerativ dəyişiklikləri” diaqnozu “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”na uyğun olaraq İddiaçı avtomobillə təmin edilib-edilməməsi məhkəmə-tibb ekspertləri tərəfindən deyil, TSEK-in həkim ekspert komissiyasının tərəfindən həyata keçirilir. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı ilkin olaraq xx.xx.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – onurğanın yayılmış osteoxondrozu, vertebro-bazilyra qan dövranı çatmamazlığı, tez-tez baş verən vegeto-vestibulyar krizlər, OU-nagiopatiya. İddiaçıya xx.xx.2016-cı ildə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – onurğanın yayılmış osteoxondrozu, vertebro-bazilyra qan dövranı çatmamazlığı, tez-tez baş verən vegetovestibulyar krizlər, OU-nagiopatiya. İddiaçıya xx.xx.2017-ci ildə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – başın travmalarının nəticələri, qapalı kəllə-beyin travması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin» 5.2.3-cü bəndinə əsasən avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); 5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9); 5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9); 5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9); 5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90,E83.0); 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; 5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); 5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3); 5.2.3.9. hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0); 5.2.3.10. hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1); 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6); 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); 5.2.3.13. baldırın güdülü (S88, Z89.7); 5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65- Q65.9, S73-S73.0); 5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması (M23.5); 5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6); 5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6); 5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0- M21.6); 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5); 5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3); 5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; 5.2.3.22. bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9); 5.2.3.23. hər iki diz oynaqlarının endoprotezi (Z96.6); 5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9); 5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9); 5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; 5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45); 5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9); 5.2.3.29. proqramlı hemodializ (Z99.2,Z49.0- Z49.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»nın 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar). “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin (Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri) 57-ci bəndinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci ildə 0108003AAC1L saylı göndəriş (Forma 88) əsasında təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – başın travmalarının nəticələri, qapalı kəllə-beyin travması. İddiaçı minik avtomobilinə tibbi göstərişin verilməsi üçün cavabdehə müraciət etmiş, dövlət tibb müəssisəsinin 0108003AAC1L nömrəli göndərişində qeyd edilən əsas diaqnozun minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, iddiaçıya əlilliyin təyini üçün göndərilmiş tibbi müəssisəsinin göndərişində qeyd edilən əsas diaqnoz minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İddiaçının diaqnozu minik avtomobilinin təyin edilməsi üçün tibbi göstərişlər sırasında nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin edilməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3220/2021 nömrəli 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar