Məhkəmə qərarları › İş №2-1(103)-442/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-442/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-442/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və X4 xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa (X3 verdiyi) əsasən, X4 XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) üzrə Simptomatik lokal epilepsiya (G40.2) və Baş beyin zədələnməsi (G93.1) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti cədvəlində) G40 kodu üzrə “Epilepsiya” xəstəliyi əlilliyin meyarı kimi təsbit olunmuşdur. Lakin buna baxmayaraq, TSEK-in xx.xx.2022-ci il tarixli qərarı ilə X4 əlilliyin verilməsindən əsassız imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli imtinası qanunsuz hesab edilmiş və X4 qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi müəyyən edilməklə) təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7834/2024 saylı, xx.xx.2023-cü il qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki: X5 xx.xx.2018-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası X1r. F.İbayev: - xx.xx.2018-ci il tarixdə Bakı Respublika Diaqnostika Mərkəzində 4 gün müddətində müayinədə olmuş, ona beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi diaqnozu (D32.6) qouyulmuşdur; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2) qoyulmuşdur; - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə olunmuş, Hemipelgiya (G81) diaqnozu qoyulmuşdur; - xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Bakı Uşaq Bərpa Mərkəzində müayinədə olmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2) qoyulmuşdur; - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı Uşaq Nevroloji xəstəxanasında müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2), həmçinin baş beynin digər rubrikalarında təsnif olunmayan anoksik zədələnməsi (G93.1) qoyulmuşdur; - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı Uşaq Bərpa Mərkəzində müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2), həmçinin baş beynin digər rubrikalarında təsnif olunmayan anoksik zədələnməsi (G93.1) qoyulmuşdur; - xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müayinə zamanı ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu qoyulmuşdur; X2 əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsi xx.xx.2022-ci il tarixli, S00032456EKR nörməli göndərişi ilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Göndərişdə əsas diaqnoz: kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar (G40.2), baş-beyin zədələnməsi (kistik törəmənin sonrakı vəziyyəti: əməliyyatdan sonrakı vəziyyət) – (G93.1) diaqnozu, ağırlaşma kimi Hemiplegiya (G81) diaqnozu qoyulmuşdur. Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi əlavə müalicəyə ehtiyacının olması, müayinələrin göstərilən ağırlaşmaları təsdiq etməməsi göstərilmiş, ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülmüşdür. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən : 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının oğlu Fateh İbayev xx.xx.2018-ci il tarixdə (9 aylıq uşaq olarkən) Bakı Respublika Diaqnostika Mərkəzində 4 gün müddətində müayinədə olmuş, ona beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi diaqnozu (D32.6) qoyulmuşdur; Bundan sonra o mütəmadi olaraq müxtəlif tibb müəssisələrində müayinələrdə olmuş, ona “Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Hemiplegiya” diaqnozu qoyulmuşdur. F.İbayevin barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş göndərişdə də həmin diaqnozlar öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə F.İbayevə əlilliyin təyin edilməsindən imtina edilərkən əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. Cavabdehin imtinası əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, X2 tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş S00032456EKR №-li Forma № 088 saylı göndərişində qeyd edilən “Diaqnozun mətni: Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Hemiplegiya” diaqnoz onda hazırda da müşahidə olunur. F.İbayevin xəstəlikləri tam reabilitasiya olunmur, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilər. Təqdim edilmiş ekspert rəyindən göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal, yəni iddiaçının əlavə müayinəyə ehtiyacının olması ilə bağlı verilmiş rəy aradan qalxmış olur. Çünki təqdim edilmiş rəydə F.İbayevdə olan xəstəliklərin tam reabilitasiya olunmaması göstərilmişdir. Tam reabilitasiyası mümkün olmayan və diaqnozu əlilliyə əsas verən xəstəliyin əlavə müayinəyə ehtiyacının olması barədə cavabdehin imtinası əsassızdır. Cavabdehin imtinasının digər dəlili olan müayinənin göstərilən ağırlaşmalarının təsdiq edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən tibb müəssisələrində müayinələr barədə məlumatdan görünür ki, F.İbayevdə göstərilən xəstəliklər doğuş zamanı keçirilən əməliyyatdan sonra yaranmış və xx.xx.2018- ci il tarixdə müayinə edilərkən onda həmin diaqnoz təsbit edilmiş və müayinə olunduğu müxtəlif dövlət tibb müəissələrində həmin diaqnozlar əksini tapmışdır. Həmçinin keçirilmiş ekspert rəyi ilə də, F.İbayevdə göstərilən diaqnozda olan xəstəliklərin hazırda da müşahidə olunması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdehin imtinasının və etirazının əsası kimi istinad edilən hal, yəni iddiaçının əlavə müalicəyə ehtiyacının olması halı tədqiq olunmuş sübutlara əsasən öz təsdini tapmır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Əsas diaqnoz - 6.7. Epilepsiya G40 Ağırlaşma - 6.5.3. Hemiplegiya G81 Göründüyü kimi iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7834/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar