Məhkəmə qərarları › İş №2-1(103)-4420/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4420/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4420/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə (Açar sözlər: subsidiyanın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(112)-11370/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2024-2025-ci əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərə görə subsidiyanın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu İİ Nügədi kəndi ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Bu illər ərzində müxtəlif vətəndaşlardan onlara məxsus torpaq sahələrini alqı-satqı vasitəsi ilə alaraq 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirərək “Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları almışdır”. Həmin torpaq sahələrində müxtəlif meyvə ağacları əkmişdir. 2006-cı ildən həmin torpaq sahələrinə görə dövlət tərəfindən verilən subsidiyalara görə Quba rayonu İİ Nügədi Bələdiyyəsinə müraciət edərək, subsidiya almışdır. 2018-ci ildən təsdiq edilmiş yeni subsidiya qaydalarına əsasən sistem tərəfindən təsdiq edilərək X1 İnformasiya Sistemində qeydiyyatdan keçirilərək, monitorinq aparılaraq 2018-2021-ciəkin illəri üçün subsidiya almışdır. Həmin illər ərzində həmin torpaq sahələrinə subsidiyaların verilməsini təsdiq edən X1 İnformasiya Sistemindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir. 2024-2025-ci əkin illəri üçün subsidiya almaq üçün müraciət etdikdə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23 may 2025-ci il tarixli 3-3-22-2/2-Z-2008-16-677/2025 nömrəli məktubu ilə iddiaçıya mülkiyyətində olan JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİŞ-ə daxil etmək tövsiyyə olunmaqla imtina edilmişdir. Lakin Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Sərəncamının 2.1-ci bəndində qeyd edilmişdir ki, 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanlarında dəyişiklik edilməsi barədə 28 fevral 2025-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild İ); 2024, № 6 (İ kitab), maddə 654, № 12 (İİ kitab), maddə 1356) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci yarımbəndində “2025-ci” sözləri “2027-ci” sözləri ilə əvəzedilmişdir. 2022-2023-cü və 2023-2024-cü əkin illəri üçün subsidiya almaq üçün müraciət etdikdə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 2023-cü il tarixli 3-22/2-Z-4670-16- 4779/2023 nömrəli məktubu ilə iddiaçıya mülkiyyətində olan JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİŞ-ə daxil etmək tövsiyyə olunmaqla imtina edilmişdir. İddiaçı həmin vaxt da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-1(112)-5598/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, 2022- 2023, 2023- 2024-cü əkin ili üçün JN2715(18.87 ha) və JN-2717 (23.16 ha) nömrəli dövlət aktlarına əsasən mülkiyyətimdə olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərin monitorinqi aparılaraq, həmin əkin illəri üçün subsidiyanın verilməsinin AKİA-nə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(103)-2611/2024-cü il tarxli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-1(112)- 5598/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2-1(102)-2595/2024-cü il tarxli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(103)-2611/2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarlarında mübahisəli torpaq sahələrinin iddiaçının mülkiyyətində olması bir daha öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarının 40-cı bəndində qeyd edilmişdir ki, iddiaçı (İddiaçı) torpaq sahələrini alqı-satqı ilə əldə edərək, 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində dövlət qeydiyyatından keçirərək, Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları almışdır. Hansı ki, həmin akt hüquqmüəyyənedici sənəd kimi EKTİSə əlavə edilmişdir. X2 torpaq sahəsindən istifadə (mülkiyyət) hüququnun olduğunu təsdiq edən sənəd olmaqla yanaşı, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununun 4.1-ci maddəsinə əsasən mülkiyyət hüququnun qeydə alınması əsası kimi çıxış edir. Həmin qərarın 41-ci bəndində göstərilmişdir ki, “Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ” Göründüyü kimi Kənd Təsərrüfatı Nazirliyi əsassız yerə subsidiyanın verilməsindən imtina etmiş, məktubda mülkiyyətində olan torpaq sahələrini istifadəsində olan kimi qeyd etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cаvаbdеh iddia tələbinə qarşı məhkəməyə etirazını təqdim etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(112)-11370/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 2024-2025-ci əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərə görə subsidiyanın verilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin üzərinə qoyulması qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 23 may 2025-ci il tarixli 3-22-2/2-Z- 2008-16- 677/2025 nömrəli məktubu və “Torpağa mülkiyyət hüququna dair” JN 2715 kod 30320018 nömrəli Dövlət aktı və “Torpağa mülkiyyət hüququna dair” JN 2717 kod 30320018 nömrəli Dövlət aktı təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

11. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

12. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

13. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X1” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİSdə qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

14. İşin hallarına görə, Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq səhələri iddiaçının sahiblik və istifadəsində olmaqla, iddiaçı həmin torpaq sahələrində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur.

15. İddiaçı həmin torpaq sahələrinə görə subsidiyanın verilməsi ilə bağlı EKTİS vasitəsi ilə müraciət etmiş, ona subsidiyanın verilməsindən imtina edilmişdir.

16. İmtinaya əsas kimi cavabdeh o hala istinad edir ki, iddiaçı torpaq sahələrinə mülkiyyət və istifadə hüququna dair Əmlak Məsələləri Dövlət Xidmətində qeydə alınmış çıxarışı EKTİS-ə əlavə etməmişdir.

17. 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir.

18. Cavabdeh “Qayda”nın 3.8. və 3.8.2-ci bəndinin tələblərinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir.

19. Belə ki, həmin normaya görə, Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) SİS-ə daxil edirlər.

20. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin normanı səhv tətbiq edir.

21. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, işin mübahisələndirilməyən halıdır ki, həmin torpaq sahələri iddiaçının sahiblik və istifadəsindədir.

22. Digər tərəfdən hər iki torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin sənəd isə, həmin dövrdə səlahiyyətli qurum tərəfindən verilmiş mülkiyyət hüququna dair sənəddir.

23. Qeyd edilən sənədlərin hazırda ƏMDX-nin Ərazi İdarəsi tərəfindən yeni çıxarışla əvəz edilməməsi, torpaq sahələrinin iddiaçının mülkiyyətində olmaması anlamına gəlmir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

25. Digər tərəfdən istinad edilən normadan (3.8.2) göründüyü kimi, iddiaçı SİS-ə torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və istifadə hüququnu təsdiq edən sənədi əlavə etmək vəzifəsi daşıyır.

26. İddiaçı isə qeyd edilən məlumatları özündə ehtiva edən torpağa mülkiyyət hüququna dair sənədi sistemə daxil etmişdir.

27. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sistemə əlavə edilməsi tələbi isə Qaydaların tələbinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən qüvvədədir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda belə bir tələb, yəni dövlət reyestrindən çıxarışın SİS-də daxil edilməsi tələbi yoxdur.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

25. Beləliklə, Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(112)-11370/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar