Məhkəmə qərarları › İş №2-1(103)-4428/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4428/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4428/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12344/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 1977-ci ildən 2007-ci ilə kimi - müxtəlif peşə və vəzifələrdə işləmişdir. Qeyd edilən dövrdə həm də xx.xx.1978 - xx.xx.1986-cı illərdə Karaqanda Dövlət Universitetində ali təhsil almış və həmin müddətdə Sovet Ordusu sıralarında müddətli hərbi xidmətdə olmuşdur ki, bu da ümumilikdə 7 il 9 ay təşkil edir. Daha sonra, xx.xx.2007 - xx.xx.2010-cu illərdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, xx.xx.2010-xx.xx.2025-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi seçkili vəzifələrdə çalışmışdır (17 il 9 ay 17 gün). Əmək stajının xx.xx.2006-cı il tarixədək olan hissəsi, təhsil və hərbi xidmət dövrü nərərə alınmaqla, 29 il 4 ay 12 gün təşkil edir (xx.xx.1977-xx.xx.1978 (1 il 17 gün); xx.xx.1978-xx.xx.1979 (6 ay 5 gün); xx.xx.1979-xx.xx.1979 (13 gün); xx.xx.1979xx.xx.1981 (1 il 11 ay 22 gün); xx.xx.1982-xx.xx.1985 (3 il 5 gün); xx.xx.1985-xx.xx.1986 (1 il 6 ay 23 gün); xx.xx.1987-xx.xx.1988 (l il 2 ay 23 gün); xx.xx.1988-xx.xx.1989 (10 ay 8 gün); xx.xx.1989-xx.xx.1992 (2 il 9 ay 23 gün); xx.xx.1992-xx.xx.1993 (1 il 6 ay 28 gün); xx.xx.1993-xx.xx.1998 (4 il 10 ay 15 gün); xx.xx.1998-xx.xx.2007 (8 il 8 ay 23 gün). "Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixədək 29 il 4 ay 12 gün iş stajına görə sığorta kapitalı 8986,2 manat məbləğində müəyyən edilir (29x306)+(306:12)x4)+(306:12):30x12). Həmin məbləğ (8986,2 manat) 2006-2024-cü illər üzrə istehlak qiymətlərinin illik səviyyəsinə görə indeksləşdirilir. xx.xx.2006-cı il tarixinə mövcud olan 29 il 4 ay 12 gün iş stajına görə müəyyən edilən 8986,2 manat pensiya kapitalının (2025-ci ilin əvvəlinə) indeksləşdirilmiş miqdarı 32082,23 manatdır. Həmin məbləğə “fərdi şəxsi hesab haqqında” arayışa əsasən 2006-cı ilin yanvar ayından 2025-ci ilin mart ayına kimi fərdi hesabının sığorta hissəsindəki 247804 manat vəsait əlavə edildikdə 279886,23 manat təşkil edir ki, həmin məbləğdən “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə uyğun hesablanan aylıq pensiya məbləği isə 1943,65 (279886,23:144) manat müəyyən edilir (2025-ci ilin aprel-may aylarının sığorta haqları fərdi hesabına mədaxil edilməmişdir). Bununla yanaşı, iddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hakim vəzifəsinə təyin edilərkən, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.1; 20.1.4-cü və 20.7; 20.7.3-cü maddələrinə müvafiq olaraq 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə qulluq stajına görə əlavə almaq hüququ nəzərdə tutulurdu. Belə olan halda, 15 il hakim vəzifəsində işləmiş şəxslər həmin hüquqa malik olurdu. Bu baxımdan, iddiaçının 17 il 9 ay 17 gün hakim kimi qulluq stajına görə istənilən 5 il hakim stajının orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavə almaq hüququ vardır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli Qərarında təsbit olunur ki, “...hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. May 2020 - aprel 2025-ci illəri əhatə edən 5 illik (yəni, ardıcıl gələn 60 ay) hakimlik dövründə aldığı əmək haqqı 414995,39 manat təşkil edir. Həmin əmək haqqı 60 aya bölündükdə orta aylıq əmək haqqı 6916,58 manat, həmin məbləğin 80 faizindən hesablanan pensiya məbləği 5533,27 manat və bu məbləğə də qeyd edilən 1943,65 manat pensiya kapitalı əlavə olunduqda pensiyanın ümumi məbləği 7476,92 manat təşkil edir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq İcra hakimiyyəti orqanının müəyyən eldiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən hakimlərə aylıq pensiya məbləğinin 10 faizi miqdarında əlavə ödənilir. Qanun və Prezidentin sərəncamı nəzərə alınmaqla, sözügedən 7476,92 manat pensiya məbləğinin 10 faizi miqdarında 747,69 manat maddi yardım həmin pensiya məbləğinə əlavə edildikdə, iddiaçıya hesablanacaq pensiyanın ümumi məbləği 8224,61 manat (7476,92+747,69) təşkil edir (analoji işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur). Lakin cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar ilə əsassız olaraq qanunvericiliyin qeyd olunan tələblərinə zidd şəkildə, “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş, iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran 20.7-ci maddəsinin yeni redaksiyasının müddəaları tətbiq olunaraq 60 aylıq orta aylıq əmək haqqının 58,2 faizi ilə sabiq hakim kimi cəmi 4704,83 manat məbləğində əmək pensiyası təyin edilmişdir (Pensiya təyinatı barədə məlumat “sms” vasitəsilə göndərilsə də, qərar qəbul olunması barədə məlumat və qərarın surəti iddiaçıya təqdim olunmamışdır). İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-12344/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı C.X7 ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-11632/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı 17 il 9 ay 16 gün hakim stajına uyğun olaraq orta aylıq əməkhaqqının 58,25%-i həddində hesablanmaqla 4704,83 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Birincisi, İddiaçı iddia ərizəsində əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiya təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, beləliklə də xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçıya 65 yaşının tamam olduğu tarixdən 1780,63 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra sabiq hakim kimi pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixdən 4704,83 manat məbləğində müəyyən edilmişdir. İddiaçı pensiyasının yenidən hesablanmasının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7-ci maddələri təşkil etmişdir. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş redaksiyası isə aşağıdakı kimi ifadə olunmuşdur: “Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.” “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168- İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyası tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur. İstinad olunan normaların müddəaları baxımından İddiaçı sabiq hakim kimi pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Qeyd edilən qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, İddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, həmin dövrdə qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı, qanunsuz hesab edilməlidir. İkincisi, eyni zamanda iddiaçı iddia ərizəsində aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardımın nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Bununla bağlı, “Əmək pensiyaları haqqında” Qanunun Vİİ fəslin (Əmək pensiyasının yenidən hesablanması) 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda adıçəkilən fəslinin və maddənin adından göründüyü kimi maddi yardım yalnız əmək pensiyasının yenidən hesablanması zamanı tətbiq edilə bilər. İddiaçı sabiq hakim kimi əmək pensiyası xx.xx.2025-ci il tarixdən təyin edildiyini nəzərə alsaq, ona hazırki il üzrə maddi yardımın ödənilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-12344/2025 nömrəli qərarı ilə iddia tələbi əsassız olaraq təmin edilmişdir. Məhkəmənin qənaətinə görə şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Yuxarıda qeyd edilən hallar cavabdeh tərəfindən təqdim edilmiş etirazda da öz əksini tapmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara münasibət bildirilməmiş, yalnız hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalı olduğu qənaətinə gələrək, əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq iddia tələbi təmin edilmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, pensiya qanunvericiliyinin iddia ərizəsində göstərilən tələbləri və analoji iş üzrə məhkəmə praktikası nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur: Sizə xx.xx.2025-ci il tarixindən 1780,63 manat məbləğində proaktiv qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filiala daxil olmuş müraciətinizə əsasən ümumi əsaslarla əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən 1877,41 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2025-ci il tarixində hakimlik səlahiyyətlərinizə xitam verilməsi ilə əlaqədar Sizə xx.xx.2025-ci il tarixindən 4704,83 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1150,20 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 25%-i miqdarında əlavəniz 639 manat, vəzifə maaşı həcmində əlavəniz 2556,00 manat, digər növ əlavələriniz 1175,76 manat olmaqla orta aylıq əmək haqqınız 8076,96 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 17 il 9 ay 16 gün hakim stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (8076,96 manat) 58,25 faizi - 4704,83 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə Sizə ödənilməli olan ümumilikdə 4958,62 manat fərq məbləği (ümumi əsaslarla əmək pensiyanızın yenidən hesablanması da nəzərə alınmaqla) hesablanıb. Həmin 4958,62 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə əmək pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2007-ci ildən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, xx.xx.2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2025-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar xx.xx.2025-ci il tarixdən hakimlik səlahiyyətlərinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur və həmin tarixdən 1780,63 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının cavabdehə müraciəti əsasında ümumi əsaslarla əmək pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən 1877,41 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2007-ci ildən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, xx.xx.2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2025-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar xx.xx.2025-ci il tarixdən hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Hakimlik səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar iddiaçıya xx.xx.2025-ci il tarixindən 4704,83 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir və iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 17 il 9 ay 16 gün hakim stajına uyğun olaraq orta aylıq əmək haqqının (8076,96 manat) 58,25 faizi - 4704,83 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin mövqeyinə görə isə “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən iddiaçının pensiya hüququ yaranmadığından, ona keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması mümkün deyildir, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən maddi yardım yalnız əmək pensiyasının yenidən hesablanması zamanı tətbiq edilə bilər, iddiaçının sabiq hakim kimi əmək pensiyası xx.xx.2025-ci il tarixdən təyin edildiyi üçün ona hazırki il üzrə maddi yardımın ödənilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hakim işləmişdir və hakim kimi iş stajı 17 il 09 ay 16 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanununun 20.7 və 20.7.3-cü maddələrinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2845/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Odur ki, iddiaçı təyin edilmiş əmək pensiyasının qulluq illərinə görə əmək pensiyasına əlavənin təqdim edilmiş arayışa əsasən “hakim vəzifəsindəki fəaliyyətin ardıcıl gələn 60 ayı (xx.xx.2019xx.xx.2024) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında” təyin edilməsi üçün əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Bundan başqa, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında (2-1(102)-1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2494/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-820/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) qeyd edilir ki, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarda (xx.xx.2022ci il tarixli, 2-1(102)-48/2022 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)-1881/2022 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1728/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1927/2023 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-1087/2024 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-1279/2024 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)- 820/2024 nömrəli 18 iyul 2024-cü il tarixli 2-1(102)-2194/2024 qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hakimlərin pensiya təminatına münasibətdə onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Belə ki, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin - ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta xüsusi statusa malik digər şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12344/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar