Məhkəmə qərarları › İş №2-1(103)-443/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-443/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-443/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X4 və X8 cəlb olunmaqla “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 may - 03 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0,12 hektar ölçüdə 260v nömrəli bağ sahəsinin plan və ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994cü il tarixli, 1085 nömrəli sərərəncamına əsasən X5 Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsi nəzdində olan, ümumilikdə 0,12 ha ölçüdə 260V (260v) nömrəli bağ sahəsi ayrılmış və 23 nömrəli order verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi qaydasına əsasən fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bağ sahəsinin planı və ölçüsü tələb olunur. Bununla əlaqədar iddiaçının anası X10 cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İmtina tamamilə absurd bir şəkildə əsaslandırılmış, təqdim edilən sənədlərin surət olduğu, bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olduğu, həmin sahəyə 257G saylı bağ nömrəsi guya digər vətəndaşın da iddia etdiyi göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X10 xx.xx.2017-ci ildə vəfat etdiyi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-103/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı onun hüquqi varisi kimi qəbul edilərək iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı X6 idarəyə ilkin müraciəti zamanı iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və iddia olunan əraziyə 257g nömrəsi ilə digər fiziki şəxsin müraciəti də daxil olmuşdur. Lakin, məhkəmə mübahisəsi davam etdiyi müddətdə İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 ha ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə-İddiaçı anası X9 məxsus olmasına dair arayışın, öz adına isə çıxarış və plan və ölçünün verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi bağların yerləşməsinə dair sxematik xəritəyə uyğun gəlmir. Həmçinin iddia olunan sahəyə dair digər fiziki şəxsin adına X2 adına ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verildiyi aşkar edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada məktub ünvanlanmışdır. İddiaçı hər dəfə müraciətində fərqli yerləri göstərmiş və idarə tərəfindən verilmiş sonuncu imtina məktubuna məhkəmə qərar verərkən münasibət bildirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, digər fiziki şəxs X8 üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə 3-cü şəxslər X4 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının varisi olduğu X10 vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X9 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin imtina məktubunda bağ sahəsinin torpağın bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etdiyi barədə göstərilənlərə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla cavabdeh imtina məktubunda qeyd etdiyi uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə isə iddiaçının anasına ayrılmış 260v nömrəli bağ sahəsi ilə 257g nömrəli bağ sahəsinin eyni bağ sahələri olmaması, iddiaçının torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsassız olmasını o da təsdiq edir ki, məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda mübahisəli sahə kimi göstərdiyi bağın qonşu bağ nömrələrinin 269R, 259J, 254Ə qeyd edilmişdir, halbuki elə cavabdehin özünün məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 89 BTK nəzdində olan 260v nömrəli bağ sahəsinə dair cizgiyə və sxematik xəritədən çıxarışa əsasən 260 v nömrəli bağ sahəsinin qonşuları bir tərəfdən 260q, digər tərəfdən isə 260e nömrəli bağ sahələridir. Yəni göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdiyi bağ sahəsi ilə cavabdehin mübahisəli kimi göstərdiyi bağ sahələri eyni bağ sahələri deyillər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsindəki 89 nömrəli kooperativin verdiyi 23 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən X9 Görədil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 260v nömrəli bağ ayrılmışdır. İş materiallarında olan “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən iddiaçı xx.xx.2017-ci ildə ölmüş vətəndaş X6 vərəsəsidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ünvanında yerləşən 260v nömrəli bağ sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etdiyi göstərilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsindəki 102 nömrəli kooperativin verdiyi nömrəsiz orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən X11 Görədil bağlar sahəsində 102 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 257g nömrəli bağ ayrılmışdır, həmin şəxs xx.xx.2007-ci il tarixdə ərizə ilə müraciət edərək həmin bağın X1 istifadəsinə verilməsinə etiraz etmədiyini bildirmiş, sonuncu isə həmin bağ sahəsinin ona ayrılması barədə ərizə vermişdir, 40207 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, Görədil bağ massivində 0,12 ha torpaq sahəsi olan 257g nömrəli torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən X1 istifadəsinə ayrılmışdır. İş materialında olan Bakı şəhəri 13 nömrəli Dövlət Notariat kontorunun cavabdehə ünvanlanmış 323 nömrəli, xx.xx.2017-ci il tarixli məktubuna əsasən X6 xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X6 vərəsəsi – oğlu İddiaçı müəyyən olunmuşdur, bu hallar nəzərə alınaraq Görədil bağlarında 260v nömrəli bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair mərhum X6 adına çıxarış verilməsi cavabdehdən həmin məktubla xahiş edilmişdir. İş materialında olan cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir, göstərilən mübahisəli sahə (həmin sahəyə digər vətəndaş 257G nömrəli bağ sahəsi kimi iddia edir) hasar daxilindədir, qonşu bağ nömrələri 269R, 259J, 254Ə-dir. İş materialında olan cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 89 BTK nəzdində olan 260v nömrəli bağ sahəsinə dair cizgiyə və sxematik xəritədən çıxarışa əsasən 260 v nömrəli bağ sahəsinin qonşuları bir tərəfdən 260q, digər tərəfdən isə 260e nömrəli bağ sahələridir. İş materialında olan “X3” MMC-nin xx.xx.2021-ci il tarixli, 407/443 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ sahəsində yerləşən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v nömrəli bağ torpaq sahəsi ilə 257g nömrəli bağ torpaq sahəsi üst-üstə düşmədiyi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v nömrəli bağ torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının anası X6 «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (bağ sahəsinə dair verilən icarə müqaviləsi) mövcud olmuş, lakin o, bu əmlak üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən vəfat etdiyi üçün və həmin sənədlər onun qanun üzrə vərəsəsi olan iddiaçı tərəfindən təqdim edildiyindən iddiaçıya həmin əmlak üzərində hüququn X6 adına qeydiyyata alınması barədə çıxarış verilməlidir. İşə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh orqanın imtinasının əsas dəlili sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etməsindən ibarət olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə isə iddiaçının anasına ayrılmış 260v nömrəli bağ sahəsi ilə 257g nömrəli bağ sahəsinin eyni bağ sahələri olmaması, iddiaçının torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Sonradan cavabdeh orqan apelyasiya şikayətində iddia olunan bağ sahəsinə dair digər fiziki şəxsin adına X2 adına ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verildiyi aşkar edildiyini qeyd etmişdir. Bununla bağlı X8 Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda məhkəmənin 2-1(103)-443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Torpağın mülkiyyətə verilməsinə dair KOD 00100003, JN-27589D nömrəli şəhadətnaməyə əsasən 0.12 hektar, Görədil bağ massivində yerləşən 259L bağ sahəsi X2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materialına əlavə edilmiş “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli ekspert rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair KOD 00100003, JN-27589D nömrəli şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmiş Görədil bağ massivində yerləşən 0.12 hektar olan 259L saylı bağ torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 saylı kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v saylı bağ torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin imtinasında qeyd olunan imtinasının əsas dəlili bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə digər vətəndaşın iddia etməsi iş materialları ilə təkzib olunur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində “iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil edir” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, Binəqədi rayonu Görədil bağlar sahəsinin yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Bundan başqa cavabdeh inzibati orqan imtinaya əsas kimi bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun olduğuna istinad etsə də, həmin sxematik xəritənin nədən ibarət olması, hansı səlahiyyətli dövlət orqanı və ya vəzifəli şəxsi tərəfindən tərtib və təsdiq edilməsi barədə məlumat verməmiş və buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin miras qoyanın qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluq olması və bağ sahəsinin nömrəsi ilə bağlı uyğunsuzluq kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bağ sahəsinə dair hüquqların iddiaçının anasına məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar