Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-443/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 1578 ş/h saylı əmri ilə xidmətə qəbul olunmuşdur. Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 349 saylı əmri ilə DİO sıralarından xaric olunmuşdur. Onun xidmət illəri yanlış hesablandığından 2018-ci ilin may ayına qədər o, təqaüddən məhrum olmuşdur. Lakin, 2017-ci ilin dekabr ayında onun xidmət illərinin düzgün hesablanmaması barəsində X7 cənab R.Usubova ərizə ilə müraciət etmişdir. Nəticədə xidmət illərinin düzgün sayılmaması öz təsdiqini tapmış və ona 01 may 2018-ci ildən 367.10 manat təqaüd təyin edilmişdir. Toplamda onun 12 fevral 2004-cü il tarixdən, yəni DİO sıralarından xaric olunduğu müddətdən 01 may 2018-ci ilədək, yəni, ona əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay təqaüd hesablanmalı olduğu halda ona cəmi 3 illik təqaüd hesablanmışdır. Ona ödənilməli olan 11 il 3 aylıq təqaüd saxlanılmış və ödənilməmişdir. Bununla da, onun konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur. Cavabdehə iddia ərizəsinə qarşı yazılı etirazı etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-in 793 saylı əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən göründüyü kimi, qeyd edilən məlumat vərəqəsi DİN-yi tərəfindən 17 aprel 2018-ci il tarixində tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat idarəsinə təqdim edilmiş və həmin məlumat vərəqəsinə əsasən ona hərbi qulluqçu kimi yaşa görə təminat xərcinin 50.16 faizi - 367.10 manat məbləğində 30 aprel 2018-ci il tarixində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu səbəbdən də, tərəflərindən İddiaçı son 3 il müddətinə hesablanmış 11185.91 manat məbləğində fərq 2018-ci ilin may ayından etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir, bu da hər ay üçün sığortaedənlər tərəfindənn ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən – “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2-ci – “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3-cü maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı pensiyasının yenidən hesablanması və 11 il 3 aylıq əmək pensiyasının birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-155/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2-1(102)-1195/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 155/2020 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı və R.Axundov ayrı-ayrılıqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 sentyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli və 14 oktyabr 2020-ci il tarixli qərarları Azərbaycan Respublikası Konstitusiyasının 38 və 60-cı maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işlərə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 aprel 2022-ci il tarixli, 13- 1(102)-2(k)/2022 saylı qərarı ilə İddiaçı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2-1(102)-1195/2020 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-1(103)-155/2020 nömrəli qərarı, X1 dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2-1(102)-2010/2020 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli, 2-1(103)-921/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Plenumu qərarında göstərmişdir ki, hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 23 sentyabr tarixli qərarında Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli qərardadının Konstitusiyaya və qanunlara uyğun olmadığı müəyyən edilməmişdir. İş materiallarında İddiaçı və X3 pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara obyektiv və üzürlü səbəblərdən müraciət etməmələrini əks etdirən hər hansı sübut, izahat mövcud deyildir. Odur ki, işlərə baxan məhkəmələr tərəfindən belə halların mövcudluğu ilə bağlı hər hamsı araşdırma aparılmaması məhz bu amillə izah olunmalıdır. Bununla yanaşı, yeni apellyasiya baxışı zamanı işlərə baxan məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun qərarında və Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli qərardadında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq iddiaçılar tərəfindən inzibati orqana 2017-ci ilin 1 iyul tarixinədək müraciət etməmələrinin səbəblərini aydınlaşdırmalı, iş üzrə nəticəyə gələrkən həmin səbəblərin obyektiv xarakter daşıyıb-daşımamasına (üzrlü olub-olmamasına) qiymət verməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 1578 ş/h saylı əmri ilə xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli, 349 saylı əmri ilə DİO sıralarından xaric olunmuşdur. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində sonuncu tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan” 793 saylı məlumat vərəqəsi tərtib olunmuş, bundan sonra, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən 20 il, 1 ay, 2 gün xidmət illərinə görə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş pensiya hesablanmışdır. İddiaçı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə hər hansı bir cavab verilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Məcəllənin 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 3/2020 nömrəli Qərardadında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı İddiaçı və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməsinin səbəblərini (belə müraciətlərin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uğun olaraq qərar qəbul etməlidirlər. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə xx.xx.2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfində iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2018-ci il tarixdən pensiya təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş pensiya hesablanmışdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı 27 iyun 2018-ci il tarixdə qarşı qanunsuz olaraq hesablanmamış 11 illik təqaüdünün hesablanıb verilməsini xahiş etmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı 27 iyun 2018-ci il tarixdə müraciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixdə cavab məktubu verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya müraciət edilən tarixdən yalnız əvvəlki 3 il üçün hesablana bilər. İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etsə də, belə xahişlə 2018-ci ildə, yəni qərardadda nəzərdə tutulan tarixdən sonra inzibati orqana müraciət etmişdir. Bununla yanaşı, iddiaçı pensiyanın yenidən hesablanması üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-443/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-443/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver