Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-443/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi ona xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmışdır. Fərdi yaşayış evinin 23 yanvar 1981-ci il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, fərdi yaşayış evi 3 hissədən ibarətdir: yaşayış evi - 38.4 kv.metr, sanitar qovşaq - 3 kv.metr, anbar - 1368.0 kv.metr, həyətyanı sahəsi 655.6 kv.metr. Beləliklə, fərdi yaşayış evinin ümumi sahəsi 2065.0 kv.metr təşkil etmişdir. Fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2065 kv.metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023- cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə torpaq sahəsi ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşir. Həmçinin bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” tikilisinin daxilində yenidənqurma işlərinin aparılaraq arakəsmələrin götürüldüyü, təmir işlərinin davam etdiyi, həmçinin “B” tikilisinin söküldüyü məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa xx.xx.2023-cü il tarixli, **********66 nömrəli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2065 kv.metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən Kirov (Binəqədi) rayonu, Kirov (Binəqədi) qəsəbəsi, Xarici dairəvi küçəsində 5 №-li ev X5 adına qeydə alınmışdır. - AZ-İİ № 229851 “Ölüm haqqında şəhadətnamə”yə əsasən X7 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 966 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış 29 dekabr 2022-ci il tarixli 765 №-li məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə, xx.xx.2021-ci ildə vəfat etmiş X3 (xx.xx.1956-cı il təvəllüdlü) irs qalmış Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan oğlu İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdırlar. - İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciətinə cavab olaraq verilmiş imtina məktubunda qeyd edilmişdir ki, “… tərəfinizdən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə torpaq sahəsi ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşir. Həmçinin bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” tikilisinin daxilində yenidənqurma işlərinin aparılaraq arakəsmələrin götürüldüyü, təmir işlərinin davam etdiyi, həmçinin “B” tikilisinin söküldüyü məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Hazırkı işin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən aşağıdakı əsaslarla imtina etmişdir: - Təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır; - Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur; - Torpaq sahəsi ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşir. - İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman texniki pasportda göstərilən “A” tikilisinin daxilində yenidənqurma işlərinin aparılaraq arakəsmələrin götürüldüyü, təmir işlərinin davam etdiyi, həmçinin “B” tikilisinin söküldüyü məlum olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, texniki pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən həmin sənədin mötəbərliliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. xx.xx.1981-ci il tarixdə tərtib edilmiş və əsli məhkəməyə təqdim edilmiş SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun İdarənin arxivində aşkar edilməməsi isə iddiaçının (və ya mərhum atasının) təqsirindən baş verən hal deyildir. İmtinanın ikinci əsası ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Torpaq sahəsi ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə mübahisəli torpaq sahəsinin və üzərində yerləşən tikililərin yerində müayinəsi aparılmış və həmin torpaq sahəsinin hasara alındığı, torpaq sahəsinin hasarının həmin ərazidə yerləşən digər torpaq sahələri ilə eyni cərgədə yerləşdiyi, hasarın yol üzərində deyil, yol kənarında yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin həyətində 13 ədəd şam ağacının və 11 ədəd söyüd ağacının olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsinin həyətində ağacların olması, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından (mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən) imtina edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının ikinci bəndində qeyd edilmişdir ki, “..bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsində ağacların olması mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas sayıla bilməz. Həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci bəndinə görə, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə “Yaşıllıqların götürülməsi” Qaydalarının 1.2-ci bəndinə görə, yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə. 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. Yuxarıda sadalanan normalardan müəyyən edilir ki, fiziki şəxslər istifadələrində olan torpaq sahələrində yaşıllıqların götürülməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməli, müraciət edərkən isə götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədi təqdim etməlidir. Göründüyü kimi, fiziki şəxsin onun yalnız mülkiyyətində deyil, həmçinin istifadəsində və icarəsində olan torpaq sahəsində yaşıllığın götürülməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Yəni iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüqunun dövlət reyestrində qeydə alınaraq mülkiyyət hüququna dair sənədin verilməsi ona mülkiyyətində olan torpaq sahəsinin həyətində yerləşən yaşıllıqların götürülməsi ilə bağlı əlavə bir imtiyaz vermir. Qeyd olunan qaydalar torpaq sahəsi ilə bağlı fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olması ilə bağlı fərqli prosedur təsbit etməmişdir. Yəni iddiaçı hazırkı halda da həmin yaşıllıqların götürülməsi ilə bağlı müvafiq prosedurlara tabedir. İmtinanın əsası kimi qeyd edilmiş dördüncü əsasla bağlı isə qeyd edilməlidir ki, imtina əsasları torpaq sahəsində yerləşən tikililərlə bağlıdır. İddiaçı isə iddia tələbinin həcmini azaldaraq fərdi yaşayış evinə deyil, yalnız torpaq sahəsinə dair tələb irəli sürmüşdür. Belə olan halda qeyd edilən imtina əsaslarının araşdırılmasına zərurət qalmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-443/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-443/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver