Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4432/2025 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X8 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11569/2025 nömrəli 20 avqust 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 16 may 2025-ci il tarixli 3-36-3/2- S-6039- 48/2025/6232 nömrəli imtinasının əsassız sayılması, ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 01 may 1970-ci ildə Ağdam rayonunda anadan olmuş və 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Atası anası - Qanuni nümayəndə ilə 1996-cı ildə ailə qurmuş və birgə nikahdan İddiaçı anadan olmuşdur. 2025-ci ilin may ayında məcburi köçkün statusunun verilməsi üçün Komitəyə müraciət etmişdir. Komitənin 16 may 2025-ci il tarixli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi Qaydaları”nın 4.1.6-cı bəndinə istinad edilərək, ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Halbuki 1993- cü ildə X3 rayonundan məcburi köçkün düşmüş və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən rəsmi sənədə əsasən məcburi köçkün olduğu qeyd olunur. Həmçinin iddiaçının atasına xx.xx.2005-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11569/2025 nömrəli 20 avqust 2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-ci yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan səxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. O, ayrıca yaşayış evi əldə etməmişdir. Atası qeydiyyata düşməmişdən əvvəl o doğulmuşdur. Atasının məcburi köçkün statusuna xitam verilməmişdir. Atasının sonradan qeydiyyata düşməsi onu bu hüququndan məhrum edə bilməz. Atasının məcburi köçkün statusu hələ qaldığından ona da məcburi köçkün statusu verilməlidir. Nəzərə almaq lazımdır ki, atası hələ məcburi köçkün rayonunda qeydiyyatda olduğu vaxtda o doğulmuşdur. Həmin vaxtı atası məcburi köçkün idi və hazırda da məcburi köçkündür. Məhkəmənin qərarı tamamilə əsassızdır. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Aparatının 789 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, atası X12 1993-cü ilin iyul ayında Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kəngərli kəndindən məcburi köçkün düşmüşdür. Bu o deməkdir ki, atası hazırda da məcburi köçkündür. Atasının qeydiyyatını dəyişməsi onun məcburi köçkün statusuna xitam vermir. Eyni zamanda müavinətin alınmaması da onun məcburi köçkün statusuna mane olan hal deyildir. Məhkəmə işi düzgün araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmənin qərarı tam əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: İş materiallarında olan: - xx.xx.1996-cı il tarixli, Vİİ-ЖГ 283408 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X7 xx.xx.1996-cı il tarixdə birgə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Səmədova soyadı verilmişdir. - xx.xx.2001-ci il tarixli, AZ-İ 033384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixində Bakı şəhərində doğulmuşdur, atası X12, anası Qanuni nümayəndədır. - AA seriyalı 100999 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2005-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. - Ağdam rayon İcra Hakimiyyəti Başçısının Aparatının 789 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X12 1993-cü ilin iyul ayında Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kəngərli kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, qeydiyyatdan çıxdığına görə müavinəti dayandırılmışdır. - Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyətinin 5-31/2-506/2025 nömrəli, 27 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 iyun 2025-ci il tarixli, 5-31-28/25 nömrəli arayışına əsasən X12 1993-cü il tarixdə Ağdam rayon Kəngərli kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, 1996-cı il tarixdə Kəngərli kəndindən qeydiyyatdan çıxdığı üçün ona verilən vahid aylıq müavinəti dayandırılmışdır. Qanuni nümayəndə və İddiaçı Ağdam rayon İcra Hakimiyyətinin Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda yoxdur və vahid aylıq müavinət almırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsi, 240 saylı mənzil xx.xx.2016-cı il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 16 saylı DNK-nın xx.xx.2023cü il tarixli 4Ə/7776 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X6 adına ümumbirgə payda olan ünvan 1 ünvanında yerləşən 0.045 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid JN-4130D nömrəli xx.xx.2002-ci il tarixli torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin Bakı şəhəri 16 saylı DNK-nın 4Ə/1/112 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.015 ha torpaq sahəsini, Bakı şəhəri 16 saylı DNK-nın 4Ə-1/113 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsini özgəninkiləşdirilmişdir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-17484/2025 nömrəli məktubundan görünür ki: - xx.xx.2000-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən hazıradək; - xx.xx.1970-ci il təvəllüdlü X12 xx.xx.1997-ci il tarixdən hazıradək; - xx.xx.1970-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.2006-cı il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı atasının məcburi köçkün statusuna malik olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı atası qeydiyyata düşməmişdən əvvəl doğulmuş, atasının məcburi köçkün statusuna xitam verilməmiş, atasının sonradan qeydiyyata düşməsi onu bu hüququndan məhrum etməməlidir. Kollegiya cavabdehin imtinasının əsaslı və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Hazırkı inzibati işin materiallarından görünür ki, iddiaçının məcburi köçkün statusu olan valideyni Arif Səmədovun mülkiyyətində yaşayış sahəsi olmuş, o və hazırkı iddiaçı işğal olunmamış rayonda daimi qeydiyyata düşməklə yaşamışdır. Eyni zamanda məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Göründüyü kimi, uşaqlara o halda məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, hazırkı işdə işin faktiki hallarından da aydındır ki, iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-17484/2025 nömrəli məktubundan da müəyyən edilir ki, iddiaçı və onun valideynlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyil, ünvan 2 ünvanıdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən bildirilmişdir ki, qardaşı xx.xx.1997-ci il təvəllüdlü X2 məcburi köçkün vəsiqəsi verilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.1997-ci il təvəllüdlü X2 məcburi köçkün vəsiqəsi verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərarın və həmin qərarın verilməsinə əsas olan bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi barədə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən 3- 36-3/2-854/2026 nömrəli 19 fevral 2026-cı il tarixli sorğuya cavab məktubu ilə X2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının qardaşı xx.xx.1997-ci il təvəllüdlü X2 məcburi köçkün statusu və vəsiqəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11576/2025 nömrəli 28 avqust 2025-ci il tarixli qərarının icrası nəticəsində verilmişdir. Göründüyü kimi, iddiaçının qardaşına həmin statusun verilməsi inzibati orqanın praktikası əsasında deyil, məhkəmə qərarının icrası əsasında mümkün olmuşdur. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçının qardaşına məcburi köçkün vəsiqəsinin verilməsi inzibati orqanın inzibati praktikasına əsaslanmamış, yəni inzibati orqan inzibati icraat zamanı eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etməmişdir. Həmçinin, bildirilir ki, digər eyni faktiki hallara malik şəxslərə münasibətdə inzibati orqan sözügedən məhkəmə qərarındakı mövqeyi öz inzibati praktikasına çevirmədiyindən, hazırkı halda mövcud olmayan inzibati praktikaya etimad və ya bərabər yanaşılma prinsipi qorunmur və tətbiq edilmir. Beləliklə, işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan iddiaçının ona məcburi köçkün vəsiqəsi verilməsi barədə müraciətini təmin etməməkdə haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11569/2025 nömrəli 20 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4432/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4432/2025
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver